KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə42/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   38   39   40   41   42   43   44   45   ...   56

Salatın Əhmədli                    
 
 
243 
–  Ana,  bilirsən…  sabah  9  May  günüdür… 
Müharibə  iştirakçılarını  təbrik  etməliyik…  –  Nəzakət 
anasının  dinmədiyini  görüb  ürəkləndi.  –  Uşaqlar  gül 
alacaqlar. Biz qırmızı qərənfil almalıyıq. Sən də mənə 
gül alarsan? 
Anasının  susmağı  ona  çox  uzun  gəldi.  Eşidəcəyi 
«yox» sözünə cavab axtarırdı.  Anasını  inandırmalı  idi 
ki, gülü olmasa məktəbə gedə bilməz. 
Ana əlini cibinə atdı. Cibində həmişə xırda pullar 
olurdu.  «Nəzakət,  al  bu  pulu,  tez  qaç,  çörək  al». 
«Nəzakət, al bu xırdanı, get duz al gətir, ağ duz olsun 
ha…» Nəzakət elə bildi ki, anası  indi də onu   dükana 
göndərəcək.  Ana  əlini  xeyli  cibində  saxladı.  O  isə 
gözlərini  anasının  cibindən  çəkmirdi.  Ana  cibindən 
çıxartdığı  xırda  pulları  ovcunda  bərk-bərk  sıxmışdı. 
Qızının  yalvarıcı  baxışlarını  görüb  ovcunu  açdı. 
Nəzakətin üstündən sanki dağ götürüldü. Tez anasının 
əlindəki qəpikləri götürüb baxdı: bir dənə on qəpiklik, 
iki  dənə  iyirmi  qəpiklik.  Ana  qızının  ürəyindən 
keçənləri oxuyurmuş kimi dilləndi: 
– Biz qərənfil ala bilmərik, qızım… Get qonşuya, 
Səttar müəllimin yaxşı qızılgülləri var. Ona de ki, sənə 
gül lazımdır. Pulunu ver, güllərini götür gəl. 
Salatın Əhmədli                    
 
 
244 
Nəzakət yerində donmuşdu. Axı, bu qəpiklərə gül 
düşmürdü.  Bunu  Səttar  müəllimə  necə  deyəcəkdi? 
Gülsüz məktəbə gedə bilməzdi axı... 
Nəzakət  qəpikləri  bərk-bərk  ovcuna  sıxmışdı. 
Səttar  müəllimgilə  nə  vaxt  çatdığını  hiss  etmədi. 
Alaqapını  döydü.  Ürəyi  şiddətlə  vururdu.  «Birdən 
Səttar  müəllim  evdə  olmaz,  onda  mən  neyləyərəm?» 
Qapını  ikinci  dəfə  döydü.  Həyətin  o  başından  zəhmli 
səs eşidildi: 
–  A bala,  kimsən orda, qapını  nöşün sındırırsan? 
Gəlirəm, bir səbrin olsun!  
Bu  acıqlı  səsdən  vahiməyə  düşdü.  «Yəqin  mənə 
acığı  tutdu,  o,  mənə  gül  verməyəcək…»  Yaxınlaşan 
ayaq  səsindən  hiss  etdi  ki,  gələn  ev  sahibi  Səttar 
müəllimdir. 
Səttar  müəllim  təqaüdə  çıxandan  sonra  balaca 
həyətində cənnət yaratmışdı. Sıra ilə əkdiyi gül kolları 
göz  oxşayırdı.  Quşlar  da  bu  cənnət  məkanda  yuva 
qurmuşdu. 
Səttar  müəllim  qapını  açanda  balaca  bir  qızın 
boynunu  büküb  durduğunu  gördü.  Kişinin  cingiltili 
səsini eşidəndə Nəzakət daha da büzüşdü. 


Salatın Əhmədli                    
 
 
245 
–  Ay  qız,  dillən  görüm  niyə  gəlmisən?  Nə 
istəyirsən günün bu qızmar çağında? 
Nəzakətin yol boyu əzbərlədiyi söz bir anlıq yad-
ından çıxdı. Kəkələyə-kəkələyə dilləndi: 
–  Bilirsiz…  anam  dedi  ki,  mənə  gül  verəsiniz, 
sabah  şənliyə  getməliyəm…  Özümün  də  50  qəpiyim 
var… 
Səttar müəllim qızın sözünü yarımçıq kəsdi: 
– Neçə qəpiyin var dedin? – deyə gülümsədi. 
– 50 qəpiyim… 
– Aç göstər görüm! 
Ovcunda tutduğu qəpikləri göstərdi. 
– Ay qız, niyə yalan danışırsan?! Müəllimə yalan 
danışmaq hardan ağlına gəldi? 
–  Mənim  üç  dənə  qəpiyim  var  idi…  20  qəpiyim 
yox olub. Yəqin itirmişəm… 
– Bu necə olur, pulunu itirirsən? 
– Anam mənə 50 qəpik vermişdi… İndi 20 qəpiyi 
yoxdur. Düz deyirəm, inanın... 
Nəzakətin  gözündə  yaş  gilələnmişdi.  Səttar 
müəllim  başı  ilə  gəl  işarəsi  verib,  gül  kollarına  sarı 
getdi.  Nə  fikirləşdisə  dünəndən  açılmış  qızılgül  kol-
larına  yaxınlaşdı.  Böyürdəki  ağacdan  asılmış  qayçını 
Salatın Əhmədli                    
 
 
246 
götürdü.  İri  ləçəkli  qızılgüllərdən  dəstə  bağladı. 
Qəzetə  bükülmüş  buketi  qıza  uzatdı.  Nəzakət  utana-
utana  qəpikləri  Səttar  müəllimin  ovcuna  qoydu.  Kişi 
eynəyinin altından qəpiklərə baxa-baxa: 
–  Bu  nədir,  ay  qız?!  –  dedi.  –  Bəs  deyirdin  20 
qəpiyin itib? Burda isə cəmi 20 qəpik var. 
Nəzakətin  dili  tutulmuşdu.  Gözlərindən  damla-
damla  yaş  axırdı.  Donub  yerində  qalmışdı.  Səttar 
müəllimin səsi qulaqlarında cingildədi: 
– Ay qız, nə quruyub qalmısan, gülünü də götür, 
çıx get!  
Nəzakət  yerindən  tərpəndi,  qapıya  sarı  getdi. 
Əlini  qapıya  uzadanda  Səttar  müəllimin  zəhmli  səsini 
yenidən eşitdi: 
– Ancaq yaman diribaş qızsan ha! Özünə yol aça-
caqsan. 
Nəzakət  ötüb  keçənlərdən  utanmasaydı,  bərkdən 
hönkürüb  ağlayardı.  Haray  salıb  hamıya  bildirərdi  ki, 
yalançı  deyil,  o,  heç  kimi  aldatmayıb.  Anası  ona  üç 
dənə qəpik vermişdi, ikisi iyirmi, biri on qəpiklik. Bəs 
onlar  necə oldu?  Axı,  mən ovcumu  bərk-bərk sıxmış-
dım. Yəqin barmağımın arasından sürüşüb düşüb yerə, 
hiss etməmişəm. 


Salatın Əhmədli                    
 
 
247 
Nəzakət  yolu  bir  də  qayıtdı.  Gözləri  itirdiyi 
qəpikləri axtarırdı.  
Onun  gec  qayıtması  ananı  narahat  etməyə  ba-
şladı.  Qızcığaz  əlini  itirdiyi  qəpiklərdən  üzüb  kor-
peşman  evlərinə  sarı  döndü.  O,  sinəsinə  sıxdığı  qızıl-
gül  dəstəsinə  baxırdı.  Güllər  isə  qızmar  günün 
istisindən  solurdu.  Nəzakət  indi  də  solmuş  ləçəklərin 
dərdini  çəkməyə  başladı:  «Belə  getsə  səhərəcən  bu 
güllər qalmaz ki, solub saralar». 
Nəzakət  istəmirdi  ki,  anası  onun  ağlamağını  bil-
sin.  Ona  görə  də  qonşuları  Məsmə  xalagilə  getdi,    əl-
üzünü  yudu,    bir  az  toxtayandan  sonra  həyətlərinə 
keçdi. Ana qızını görüb acıqlı səslə soruşdu: 
– Demədimmi tez qayıt. Bəs güllərin hanı? 
Nəzakət dalğın-dalğın: 
–  Ana,  bayaqdan  gəlmişəm,  –  dedi.  –  İncigildə 
məşq  edirdik.  Gülləri  də  İnci  qoydu  suya,  dedi  ki, 
bizdə  qalsın,  anam  yaxşı  buket  bağlayır,  sənin  də 
güllərini bağlayar. 
Ana daha heç nə demədi. Nəzakət gecəni çox na-
rahat  yatdı.  Səhər  lap  tezdən  durub  deyəcəyi  şeiri  bir 
də  təkrarladı.  Səhər  yeməyindən  sonra  İncigilə  keçdi. 
Vazada gülləri görməyəndə ürəyi qopdu. 
Salatın Əhmədli                    
 
 
248 
– İnci, hanı mənim güllərim? 
–  Qorxma,  Nəzakət,  anam  sənə  heç  kəsdə  olma-
yan  gözəl  bir  buket  düzəldib.  Elə  gözəldir  ki… 
Özünün də xoşuna gələcək. 
İnci  anasının  düzəltdiyi  buketləri  gətirdi.  Birini 
Nəzakətə verdi, o birini özü  götürdü. Buketə baxanda 
gözlərinə inanmadı. Nəzakət ağlamsınaraq dedi: 
–  Məsmə  xala,  bu  nə    güllərdi?  Bəs  hanı  mənim 
güllərim? 
Məsmə xala: 
– Qızım, narahat olma, – dedi. – Sənin güllərinin 
ləçəkləri  çox  tez  töküldü.  Deyim,  bil:  bu  heyva 
çiçəyidir.  Bundan  heç  kimdə  olmayacaq.  Bu,  ruzi, 
bərəkət rəmzidir. Sən məktəbə ruzi aparırsan… 
Məsmə  xala  onun  saçlarını  iki  yerə  ayırdı,  yux-
arıdan  yığaraq  İncinin  bantları  ilə  bağladı,  sığalladı. 
Hər ikisinin üzündən öpüb məktəbə yola saldı. 
Nəzakət  başqaları  kimi  qərənfil  dəstəsi  gətirmə-
diyindən  sıxılırdı,  ona  görə  də  arxa  cərgəyə  çəkildi. 
Sinif rəhbəri Əsmər müəllim əlaçı şagirdinin gözlərini 
yerə dikərək dayandığını görəndə yaxınlaşıb soruşdu: 
–  Nəzakət,  sənin  yerin  birinci  sıradır,  bəs  niyə 
arxaya çəkilmisən? 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə