101
Azərbaycanda ər ilə arvad arasında yaş fərqi məsələsinə münasibət müxtəlif olmuşdur. Qızların özündən
böyük oğlana ərə getməsi ailənin möhkəmliyinin qarantı kimi qiymətləndirilirdi. Keçmişdə Azərbaycanda ər
arvaddan əksər hallarda 10-15 yaş böyük olurdu. İslam ailə hüququnda ərin arvaddan 10-12 yaş böyük olması
məqsədəuyğun sayılır. Müasir dövrdə isə Azərbaycanda ərin arvaddan 3-7 yaş böyük olması ən yaxşı seçim
hesab edilir.
Azərbaycanda toy-düyün adlanan evlənmək prosesi hər şeydən öncə qız bəyənməkdən başlayır. Qız
seçərkən bir sıra şərtlər nəzərə alınırdı. Qız gərək əsil-
nəcabətli, "halal süd əmmiş" olaydı. Qız seçərkən anasının
kimliyinə fikir verilirdi. Qızın özünün gözəlliyi, qədd-qaməti,
sadəliyi, evdarlığı, işgüzarlığı, ağlı, mərifəti və başqa müsbət
keyfiyyətləri də nəzərə alınırdı.
Qız bəyənmək üçün oğlanın və onun ailə üzvlərinin də
qızı görüb bəyənməsi vacib idi. Keçmişdə 10-12 yaşına çatan
qızlar küçəyə çıxanda başına çadra örtər, üzünə rübənd
tutardılar. Çox vaxt oğlanın anası, yaxud bacısı qızı toyda,
yasda, bulaq başında, bayram və el şənliklərində, şəhər
yerlərində isə həm də hamamda, şəhər kənarına seyrə çıxan
zaman görüb bəyənərdilər. Bundan sonra qızın ailəsi barədə
qonum-qonşudan məlumat toplanar, xəbər yaxşı olarsa, oğlanın anası və bacısı qız evinə ilkin danışığa gedər,
razılıq əldə olunarsa kişilərin elçi gəlmə vaxtını müəyyənləşdirərdilər.
Azərbaycanda keçmişdə "qızbəyənmə" adəti ilə yanaşı qız tərəfindən "oğlangörmə" adəti də var idi.
"Qızbəyənmə" adəti möhkəmləndiyi halda, tarixi inkişafın müxtəlif mərhələsində, xüsusilə şəriət qanunları ilə
bağlı olaraq, "oğlangörmə" adətinin unudulması meyili olmuşdur. Belə ki, çox
zaman qız ərə verilərkən, onun rəyi soruşulmurdu. Kübar ailələrində isə qızın
rəyi mütləq öyrənilirdi və ona görə də "oğlangörmə" adəti saxlanılmışdı.
Azərbaycanda bəzən "qızbəyənmə" və "oğlangörmə" adətlərinə ehtiyac
olmurdu. Bu, xalq arasında "beşikkərtmə", "beşikkəsmə" və ya "göbəkkəsmə"
adlanan adətlə bağlı olurdu.
"Beşikkəsmə" adətinə görə oğlan və qız uşaqları hələ
qundaqda, yəni beşikdə olarkən, onların valideynləri söz kəsib uşaqlarını bir-
birinə "deyikli" edirdilər. Bir çox hallarda bu "nişanlanma" zamanı qızın
beşiyinə kərt (nişan) qoyulduğundan o, "beşikkərtmə" də adlanırdı. Bəzən
qabaqcadan sövdələşən valideynlərin birinin qız uşağı o birinin oğlundan sonra
dünyaya gəldikdə, mamaça körpənin göbəyini kəsdiyi zaman "göbəyini
filankəsin oğluna kəsdim" sözlərini dediyindən, bu adət "göbəkkəsmə" də
adlanırdı.
"Qızbəyənmə" mərhələsindən sonra gələn elçilik Azərbaycan xalqının ailə
məişətində xüsusi önəm daşıyırdı. Elçilik həmişə böyük ehtiramla və şövqlə
həyata keçirilirdi. Elçiliyə nəslin ağsaqqalları, el-obada hörmət qazanmış,
sözükeçən adamlar göndərilərdi.
Elçiliyə, adətən, üç-dörd kişi və bir-iki qadın gedərdi. Xalq adətinə görə elçilər qızın ailəsi tərəfindən
hörmət və izzətlə qarşılanardı. Elçilər çox zaman qonaq kimi qəbul edilər, qarşılarına süfrə salınardı. Elçilər
"hə" cavabını almayınca, süfrəyə əl uzatmazdılar. Qızın razılığı, el arasında deyildiyi kimi, "hə"si verildikdən
sonra "Allah mübarək eləsin" deyib, süfrəyə gətirilmiş çaya qənd salar, "ağızlarını şirin edərdilər". Sonra
oğlanın və qızın analarını qonaq otağına çağırıb bu sevindirici xəbəri onlara bildirərdilər. Oğlanın anası təzə
gəlinini çağırıb barmağına nişan üzüyü taxar, başına ipək örpək örtərdi. Bu mərhələ bəzi bölgələrdə
"xatircəmlik", digərlərində isə "bəlgə" adlanırdı. Qızın "hə"si verildiyi gündən oğlan və qız bir-birinə "deyikli"
hesab edilirdilər.
Elçilikdən bir neçə gün sonra qız üçün "nişan" aparılardı. Azərbaycanın əksər bölgələrində "nişan" ilə
"şirni" bir yerdə olurdu. Bəzi bölgələrdə bu mərasimə "ağsaqqal plov" da deyilirdi. Nişanda qız üçün
üzük və şal
örpək də aparıldığından, bu mərasimə Bakı, Təbriz, Lənkəran və başqa bölgələrdə "şal-üzük aparma" da
deyilirdi. "Dədə Qorqud" dastanında nişan və "şirni" mərasimi "kiçik düyün" adlandırılırdı. Nişan təyin
olunduğu gün oğlan evindən qız evinə nişan xonçası aparılırdı. Nişan xonçasının qablarını boş qaytarmazdılar.
Həmin qablarda qız evindən oğlan evinə "qəndbaşı" xonçası göndərilirdi. Bu xonçaya oğlan evindən aparılan
kəllə qəndin baş hissəsini sındırıb qoyardılar. Xonçada şirniyyat və qənnadı məmulatı ilə birlikdə oğlan evinə
pay göndərilərdi. "Deyikli" qız və oğlan nişandan sonra artıq rəsmi olaraq "nişanlı", yaxud "adaxlı" hesab
edilirdilər.
Elçilərə rədd cavabı verildikdə də bu, yüksək mədəniyyətlə edilməli idi.