196
Qapını o saat açdı zindanban,
Göstərdi o parlaq ayı uzaqdan.
Gördü səccadənin üstə oturur,
Onu günəş kimi çulğalamış nur.
Gah durur ayağa şam kimi yanır,
Məhbusların üzü nura boyanır;
Gah da hilal kimi qəddini əyir,
Üzündən ətrafa işıq çiləyir,
Gah düşür torpağa səcdə edərək,
Sanki, gül şaxını əymişdir külək.
Gah başı aşağı sakit oturur,
Sanki bənövşədir, taleyi budur!
Qaranlıq bir küncdə tək oturaraq,
Züleyxa Yusifi düşünür ancaq!
Ürəkdən inləyib, çəkirdi nalə,
Nərgisdən səmənə səpirdi lalə.
Dişiylə çeynəyib ləl dodağını,
Cırır dırnağıyla gül yanağını,
Şəhla gözlərindən tökdüyü qan-yaş,
Onun könlündəki sirri etdi faş.
Dedi: Ey gözəllər gözünün nuru,
Qəmli könüllərin kamı, süruru.
Eşqin vücuduma yanar od saldı,
Canım o atəşdə kül olub qaldı.
Səpmədin oduma vüsalınla su,
Vəslin söndürmədi qəlbimdə odu.
Vurdun, rəhm etmədən sinəmə yara,
Ey zalım, qılmadın dərdimə çara.
Məzlumun halına acımadın sən,
Öldüm dərd əlindən, hicran əlindən.
Düşüb qəm oduna, əridim birbaş,
Məni bədbəxt anam doğmayaydı, kaş!
Anam doğsa belə mehriban dayə,
Ey kaş, salmayaydı başıma sayə!
197
Şirin südlə məni az becərəydi,
Mənə süd yerinə zəhər verəydi.
Züleyxa danışır möhnət əlindən,
Yusif ayrılmayır öz aləmindən.
Onu xatirinə salmaz tük qədər,
Yadına düşsə də, dinməz, gizlədər.
Cecə belə keçdi, dan yeri sökdü,
Fələk züleyxası göz yaşı tökdü.
Şahlıq təbilindən yüksəldi səslər,
Əzançı səsləndi: Əllahü-əkbər!
Kəsildi hürüyən itlərin səsi,
Bitdi çaqqalların ahü-naləsi.
Xoruzlar oyandı şirin yuxudan,
Banlayıb, səs-səsə qatdı hər yandan!
Baş qoyub zindanın astanasına,
Zindandan mənzilə döndü Züleyxa.
Zindan xəlvətində olduqca yarı,
Hey gedib-gələrdi zindana sarı.
Canının qidası gəlib-getməkdi,
Bir küncdə oturub, fəğan etməkdi.
Onun meyl etdiyi qədər zindana,
Kimsə meyl etməzdi bir gülüstana,
Bir aşiq görərsə, zindandadır yar,
Zindandan kənarda tutarmı qərar?
198
ZÜLEYXA, HƏR GÜN QƏSRİN DAMINDAKI
QÜRFƏYƏ ÇIXIB, ZİNDANA TAMAŞA EDİR,
ONUNLA TƏSƏLLİ TAPIR
Gecədir aşiqlər sirrinə pərdə,
Gecə asan dözər dərdlilər dərdə.
Gündüz görülməyən bir çox işlər var
Ki, gecə görülsə, asan baş tutar.
Züleyxa gecəni yetirdi başa,
Nə gecə? Qəm ilə, möhnətlə qoşa.
Gəldi qarşısına bəlalı səhər,
Yaxdı ciyərini yüz qüssə, kədər,
Zindana getməyə üzü gəlmədi,
Ayağı bağlandı, dizi gəlmədi.
Yeməli, içməli yığdı bir qədər,
Seçdi kənizlərdən gözəl bir dilbər,
Tədbirlə göndərdi onu zindana
Ki, onun yerinə baxsın canana.
Dönüb geri gəldi kəniz zindandan,
Züleyxa qucudu onu mehriban.
Qoyub ayağına gül tək üzünü,
Öpdü gözü yaşlı iki gözünü.
Dedi: – Bu ayaqlar oraya getmiş,
Bu gözlər hüsnünün seyrini etmiş.
Əlim yetməz, öpüm gözünü yarın,
Ayağına qoyam üz o dildarın.
Qoy barı, öpüm o xoşbəxt gözlərdən,
Ki, görür o gözəl surəti hərdən.
Qoy sürtüm üzümü o ayaqlara,
Ki, gedir yar olan qəmli diyara.
Sonra soruşdu ki, necədir halı?
Ruhlara nur saçan günəş camalı?
Üzü dərd əlindən saralmamış ki?
Günü, ruzigarı qaralmamış ki?
199
Gülü solmamış ki, ağır havadan?
Zərər verməmiş ki, canına zindan?
Yemək aparmışdın, səndən aldımı?
Söylə mən yazığı yada saldımı?
Hey soraq tutardı öz dilbərindən,
Ağlaya-ağlaya qalxıb yerindən.
Yüyürərdi qəsrin damına hər an,
Görünürdü zindan damı oradan:
Qürfədən dalardı zindan seyrinə,
Sədəfə baxardı inci yerinə.
Deyərdi: görmürəm gülüzlü yarı,
Qoy baxım, damımdan damına sarı.
Mən ki, yar üzünü görməyə yadam,
O damı, divarı görməklə şadam!
Hər evdə ayüzlü yar etsə mənzil,
O ev bir cənnətdir mənim üçün, bil!
Elə bir günəşi boynuna alan,
Evin divarına, damına qurban!
Onun ayağından öpən astana,
Dönər səadətdən bir gülüstana,
Yar o qəm evində tutunca məskən,
Evimin divarı yıxıldı qəmdən.
Hər evə sərvimin dəysə ayağı,
Xoşbəxtlik o evin olar dayağı.
Məhəbbət qılıncı çəkiləydi, kaş!
Məni zərrələrə çevirəydi, kaş!
O parlaq günəşin qarşısında mən,
Düşəydim zindanın pəncərəsindən!
Qibtəyə layiqdir, məncə, o torpaq!
Ki, qoyur üstünə o dilbər ayaq.
Ətəyi tozundan ətrə qərq olur,
Tükünün feyzindən ənbərlə dolur.
Züleyxanın fikri-zikri, müxtəsər,
Ancaq bu sözlərdi axşama qədər.
200
Bir ləhzə bir yerdə tutmazdı aram,
Gündüzü qəm ilə olardı axşam.
Qaranlıq çöküncə o nazlı nigar,
Dünənki işini edərdi təkrar.
Nə qədər Yusifin yeri zindandı,
Gecəsi-gündüzü haman-hamandı.
Gündüzlər qürfədən edib tamaşa,
Gecəni verərdi zindanda başa.
Başqa cür keçməzdi günü-rüzgarı,
Gah divar görərdi, gah da dildarı.
Elə vurulmuşdu Yusifə, bilsən,
Can nədir, bilməzdi, o nazik bədən.
Elə çıxarmışdı özünü yaddan,
Ki, bilməzdi, nədir yaxşıyla yaman.
Kənizlər çağırıb edəndə xitab,
O, huşa gedərək, verməzdi cavab.
Söhbət açılanda deyərdi hərdən,
Heç zaman özümdə olmayıram mən.
Deyərdi: Mən keyəm, buna alışın,
Əvvəlcə tərpədin, sonra danışın.
Tərpədin, özümə gəlim bir qədər,
Yoxsa, nə desəniz, gedəcək hədər.
Könlüm zindandakı yar yanındadır,
Bu can o cananın zindanındadır.
O ay bir könüldə tutarsa məskən,
O könül tutarmı xəbər aləmdən?
Halı Züleyxanın pozuldu bir gün,
Ustanı çağırdı qan almaq üçün,
Elə ki, qoluna toxundu neştər,
Axdı qan, torpaqda yazdı hərflər.
Torpağa baxınca hər sahib-kamal,
Yusifin adını oxudu dərhal.
Elə yer tutmuşdu canında canan,
Adı axıb gəldi şah damarından.
201
Xoşbəxtdir özünü unudan kəslər,
Onlar canlarında cananı bəslər.
Ürəkdə dilbərə elə yer verər
Ki, sığmaz oraya başqa bir nəfər.
Can kimi cismində yer tapar canan,
Tapılmaz tük qədər xali yer ondan.
Nə qoxu, nə bir iz qalar özündən,
Nə dava, nə də sülh olmaz sözündən.
Nə taxta, nə taca meyl olar onda,
Arzular maneə olmaz yolunda.
Məşuqdan danışar, danışsa əgər,
Ondan murad istər, ondan kam istər.
Özünü gətirməz bir an da yada,
Diləyi eşq olar ancaq dünyada!
Bişər, arif olar, xamlığı atar,
Özünü unudar, cananı tutar.
Ey Cami, özünü sən də gəl, unut,
Səni yaradanın ətəyindən tut.
Səadət yolunu tanıyırsan sən,
Nə üçün qaçırsan belə nemətdən?
Hərislər torundan addımla, yan keç,
Get, ədəm mülkündə özünə yer seç!
Bir zaman yox idin, çəkmədin ziyan,
Zənn elə ki, sən heç yaranmamışsan!
Dostları ilə paylaş: |