Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə75/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
1   ...   71   72   73   74   75   76   77   78   ...   82

Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     172 
 
 
Əmirəlmömin  bu  ərizəni  oxuyan  kimi  deyib:  “Yəhudinin  yer  üzərində 
salamat yaşaması bəs deyil ki, hələ bir müsəlmanlar üzərində ağalıq edib, onlara 
əziyyət də verir”. Dərhal Sədi ibn Vəqqasa məktub yazdırır ki, o yəhudini işdən 
götürüb yerinə bir müsəlman təyin etsin. 
Sədi  ibn  Vəqqas  məktubu  alıb  oxuyan  kimi  dərhal  bir  atlı  göndərir  ki, 
yerin  deşiyində  də  olsa,  yəhudini  tapıb  Kufəyə  gətirsin.  Başqa  süvariləri  də 
göndərir  ki,  Əcəm  vilayətində  nə  qədər  müsəlman  alim  varsa,  Kufəyə  top-
lasınlar. Yəhudini və bütün müsəlman alimləri topladıqdan sonra məlum olur ki, 
heç  bir ərəb  bu  işi  bilmir. Ərəb olmayan  müsəlmanlar arasında da  yəhudi kimi 
bacarıqlı  və  qabiliyyətli  bir  alim  tapılmır.  Heç  kəs  maliyyə  işlərini  onun  kimi 
bilmir,  gümüş  hasil  etməyi,  adam  tanımağı,  mədaxili,  məxarici  hesablamağı 
bacarmır. Sədi  ibn Vəqqas nə edəcəyini  bilməyib, yəhudini öz vəzifəsində sax-
lamağa məcbur olur. Əmirəlmöminə belə bir məktub yazır: “Yəhudini gətirtdim, 
ərəblərdən  heç  kəs  maliyyə  və  təsərrüfat  işlərini  bu  yəhudi  qədər  bilmədi,  işin 
xətrinə onu vəzifəsində saxlamağa məcbur oldum”. 
Məktub  Əmirəlmöminə  çatdıqda  oxuyub  qəzəblənir  və  deyir:  “bu  çox 
qəribədir. İxtiyarıma qarşı məsləhət çıxarırlar”. 
 Özü qələmi götürüb məktubun üstünə ikicə söz yazır: “Yəhudi öldü”! 
Həmin məktubu yenidən Sədi ibn Vəqqasa göndərir. 
Sədi ibn Vəqqas məktubu alıb oxuyan kimi dərhal yəhudini işdən götürür, 
yerinə bir  müsəlman qoyur. Bir  il keçəndən sonra görürlər ki,  müsəlman  bu  işi 
daha  yaxşı  yerinə  yetirir,  həm  pul  var,  həm  camaat  razıdı,  həm  məhsul  boldu, 
həm də ölkə abaddı. 
İşi belə görən Sədi ibnm Vəqqas ərəb əmirlərini yığıb deyir: 
–  Əmirəlmömin  Ömər  böyük  şəxsiyyətdi,  biz  o  yəhudi  haqqında  uzun-
uzadı bir sicilləmə yazdıq, o isə iki kəlmə ilə cavab verdi. Həm də onun dediyi 
düz oldu. 
İşini yaxşı bilsə də, xalqı incidən, əliuzunluq edən, məsləkinə dönük çıxan, 
dövləti  bilə-bilə  zəiflədən,  xəzinəni  dağıdan,  öz  şəxsi  mənafeyini  Vətənin  də, 
millətin də, dövlətin də mənafeyindən üstün tutan bir adamı vəzifədən çıxarmaq 
istəyəndə onu tərifləyənlərə deyirlər: “Yəhudi öldü”! 
 
İKİ EŞŞƏYİN ARPASINI BÖLƏ BİLMİR 
 
Bu  məsələ  Azərbaycanın  hər  yerində  rast  gəlinir.  Daha  çox  bacarıqsız, 
əlindən  iş  gəlməyən,  savadsız,  heç  nəyi  yarıtmayan  adamlar  haqqında  işlədilir. 
Belə  adamlar  haqqında  deyirlər:  “Filankəs  iki  eşşəyin  arpasını  da  bölə  bilmir”. 
Ancaq  bunun əksi də olur. Bu  məsəllə kiməsə sataşmaq  istəyirlər. Gədəbəy ra-
yonunda biri digərinə sataşmaq üçün deyir: 
– Sən heç iki eşşəyin arpasını da bölə bilmirsən. 
O da cavabında deyir: 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     173 
 
 
– Sən arpanı bura qoy, tayını da tap gətir, gör necə bölürəm. 
 Bu məsəli bilən adamlar “Sən heç iki eşşəyin arpasını da bölə bilmirsən” 
deyənlərə indi belə cavab verirlər:  
– Sən arpanı bura qoy, tayını da tap gətir, gör necə bölürəm. 
 
SƏNİN ƏLİNDƏN NƏ DİRİMİZƏ GÜN VAR, NƏ ÖLÜMÜZƏ 
 
Bu  məsəl  də  “Dədə  Qorqud”  dastanından  gəlir.  Salur  Qazan  təkurun 
əlində dustaq olarkən onu bir quyuya salırlar. Təkurun arvadı bir dəfə onun ya-
nına gəlib halını soruşur. Qazan ona deyir ki, ölülərinizə verdiyiniz aşı yeyirəm, 
yorğalarını da minirəm. 
Təkurun arvadı deyir ki, yeddi yaşında bir qızım ölmüşdür, onu minmə. 
Qazan deyir: 
– Ölülərinizdə ondan yorğası yoxdur. 
Təkurun arvadı deyir: 
– Vay, sənin əlindən nə yer üstündə dirimizə və nə də yer altında ölümüzə 
gün yoxdur. 
Bunu  dastandan  götürüb  məsəl  kimi  işlədirlər.  Bir  adam  ipə-sapa  yatma-
yanda  deyirlər  ki,  “sənin  əlindən  nə  yer  üstündə  dirimizə  gün  var,  nə  də  yer 
altında ölümüzə”. 
 
ELƏ BİL XOTKAR OĞLUDU 
 
Bu  məsəl  “Koroğlu”  dastanından  gəlir.“Həmzənin  Qıratı  aparmağı”  qo-
lunda Keçəl Həmzə Qıratı oğurlayıb aparır, Hasan Paşa Dona xanımı ona verir. 
Həmzə bəzənib-düzənib Dona xanımın pəncərəsinin qabağına sarı gəlir.  “Dona 
xanımın  imarəti  meydanın  yanında  idi.  O,  pəncərədə  oturub  camaata  tamaşa 
eləyirdi. Bir də gördü ki, budu, Həmzə bir tozlana-tozlana gəlir ki, elə bil xotkar 
oğludu”. 
Bu məsəl Gəncəbasarda, Tovuzun Xınna dərəsində çox  yayılıb. Bir adam 
əslinə-kökünə  layiq  olmayan  ədayla  yeriyəndə,  yersiz  qürrələnəndə  deyirlər  ki, 
filankəs elə bil xotkar oğludu. 
Bu  məsəlin  “Elə  bil  Allahyar  bəyin  oğludu”  variantı  da  var.  Bu  variant 
daha çox Tovuz rayonunun Xınna dərəsində işlənir.  
 
KİRƏ ÇIXDI 
 
Bu məsəlin harda yarandığını deyə bilmərəm, ancaq onu Qubadlıdan olan 
bir dostum danışıb. 
İki dost hamama gedir. Çimən vaxtı birinin ayağı sürüşür və başı hamamın 
daşına dəyib ölür. Dostu bilmir neyləsin, çox fikirləşir, evlərinə deməyə də qor-


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     174 
 
 
xur ki, ondan görərlər. Baxır ki,  hamamın  içində yekə  bir  lük var. Dostunu ora 
atır və axıb gedir. İndi fikirləşir ki, evdə nə desin? Yol boyu bir bəhanə axtara-
axtara  gəlib  evə  çıxır,  soruşurlar  ki,  bəs  filankəs  hanı?  O  da  halını  pozmadan 
deyir: 
–  Bu  zalım  oğlu  bəlkə  anadan  olandan  heç  hamam  üzü  görməyibmiş, 
bədəninə  su  dəyməyibmiş.  Yaxşı-yaxşı  islatdım,  sürtdüm,  əl  qalında  kir  çıxdı. 
Bir  də  sürtdüm,  əl  qalında  kir  çıxdı.  Dörd-beş  dəfə  beləcə  kisələdim.  Axırda 
tamam kirə çıxdı. Bir də gördüm ki, o boyda adamdan heç nə qalmayıb. 
Bu  olay  olubmu-olmayıbmı,  fərqi  yoxdur,  artıq  bir  məsəl  kimi  işlənmək-
dədir.  Bir  şeyi  itirəndə,  yerini  yanılanda,  yaxud  onu  öz  yiyəsinə  qaytarmaq 
istəməyəndə deyirlər ki, “filan şey”, yaxud “filankəs kirə çıxdı”.  
 
AY URUS, BURAX, YOXSA BU CANI SƏNNƏN DƏ ELƏYƏJƏM, 
ÖZÜMNƏN DƏ 
 
Bu, doğrudan da olmuş işdir. Sovet hökumətinin təzə qurulduğu vaxtlarda 
adamları  tez-tez  tutub  güllələyirdilər.  Hamı  qorxu-hürkü,  səksəkə  içində  yaşa-
yırdı. 
Bir gün Becan qonşu kənddə işdən çıxıb öz kəndlərinə qayıdırmış. Yol da 
meşənin içindən keçirmiş. Gecənin qaranlığında Becanın sırıqlısı bir kola ilişir. 
Becan  nə  qədər  dartırsa,  sırıqlını  koldan  qopara  bilmir.  Elə  bilir  ki,  onu  kimsə 
tutub. Deyir ki, “ay urus, məni burax, yoxsa bu canı sənnən də eliyəjəm, özüm-
nən də”. Yenə sırıqlını koldan qoparda bilmir, onu soyunub qaçır. Özünü təng-
nəfəs kəndə çatdırır. Soruşurlar ki, ay Becan, nə olub, nə bərk töyşüyürsən? Be-
can da cavab verir ki, meşədə urus məni tutmuşdu, nə qədər elədim sırıqlını bu-
raxmadı. Axırda onu soyundum, sırıqlı urusun əlində qaldı, mən qaçdım. 
Sabah gedib görürlər ki, sırıqlı bir kola möhkəm-möhkəm ilişib, rus nədi, 
filan nədi. 
Bu əhvalat o vaxtdan Xınna dərəsində bir məsəl kimi işlənməkdədir. Buna 
oxşar  bir  iş  baş  verdikdə  deyirlər  ki,  “ay  urus,  burax,  yoxsa  bu  canı  sənnən  də 
eliyəjəm, özümnən də”.  
 
Söyləyicilər: 
1. İsayev Alqış Yasin oğlu. Təvəllüdü 1952-ci il. Gəncə şəhəri. Ali təhsilli 
mühəndis.  
2. Əliquliyeva Dilşad Zülfüqar qızı. Təvəllüdü 1911-ci il. Tovuz 
rayonunun Samanlıq kəndi. Evdar qadın.
 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə