8
Məgər qan içmək ilə əsrümüş nərgislərin, vər nə,
Burada məna aydındır. İstanbul nüsxəsində qədim Azərbaycan sözü olan “əsrük”
kəlməsi “məst” ilə əvəz olunduğu üçün beyt əsl mənasını itirmişdir.
İstanbul nüsxəsindəki təhriflərin müəyyən hissəsi mətnə şairin dilinə yabançı olan
bəzi kəlmələrin artırılmasından ibarətdir. Bu təhriflər mənaya təsir etdiyi kimi, şairin
dil xüsusiyyətlərini də pozmuşdur. Məsələn, İstanbul nüsxəsində oxuyuruq:
Rəhm et iştə dili-dərviş çəkən ahlərə
Ki, gəda ahi əsər eylər olur şahlərə.
Bizim nüsxədə belədir:
Rəhm et, ey şəh, məni-dərviş çəkən ahlərə
Ki, gəda ahi əsər eylər olur şahlərə.
Yenə də Füzulinin İstanbul çapında belə bir beyt vardır:
Demə Fərhad qanın tökmüş ancaq eşq şəmşiri,
Bənim gör qanlu yaşım həm ki, həp ol macəradəndir.
Burada “həp” kəlməsi nəzəri cəlb edir. Füzuli, “iştə” kimi, bu kəlmənidə heç bir
yerdə işlətməmişdir. Həm də bu söz fikri yaxşı ifadə etmir. “Həm ki, həp” ifadəsi
qulağa yaxşı gəlmədiyi kimi, tarixi həqiqəti də pozmuş olur. Bizim nüsxədə isə beyt
belədir:
Demə Fərhad qanın tökmüş ancaq eşq şəmşiri,
Mənim gör qanlu yaşım kim, bu həm ol macəradəndir.
Yaxud İstanbul nüsxəsində çox yerdə şairin “bilmən”, “gəlmən”, “görmən”,
“alman”, “demən” və s. ifadələri “bilməm”, “gəlməm”, “görməm”, “almam”, “deməm”
və s. şəklində yazılmışdır (məs.: 142-6; 145-13; 151-10; 154-13 və s.)
Çap nüsxələrindəki təhriflərin çoxu Füzuli şerinin bədii məntiqinin mənasını
pozur, onu anlaşılmaz bir şəklə salır.
Məsələn, İstanbul nüsxəsində oxuyuruq:
Dili-zarimdə dərdi-eşq gün-gündən füzun olmaq
Yetən bidərdə tədbir ilə dərman etdigimdəndir.
Deməli, şairin ürəyində eşq dərdi onun üçün gün-gündən artır ki, o hər yetən
dərdsizə dərman edir. Aydındır ki, burada məntiqi əlaqə pozulmuşdur. Əvvəla,
dərdsizin dərmana ehtiyacı olmaz, həm də özgəsinə dərman etmək adamın öz dərdini
artırmaz.
9
Bizim nüsxədə isə beyt belədir:
Təni-zarimdə dərdi-eşq gün-gündən füzun olmaq
Yetən bidərd tədbirilə dərman etdigimdəndir.
Burada məna aydındır. Dərdsiz adamların tədbirilə dərman etdiyindən şairin dərdi
daha da artır.
Yenə də İstanbul nüsxəsində oxuyuruq:
Fəqihi-mədrəsə mə’zur tut anınla eşq etsə,
Yox özgə elminə inkarımız, bu elmə cahildir.
Aydındır ki, birinci misra məntiqsizdir, ikinci misra ilə də heç bir əlaqəsi yoxdur.
Bizim nüsxədə beytin ilk misrası belədir:
Fəqihi-mədrəsə mə’zurdur inkari-eşq etsə…
Bu zaman beytin mənası aydın olur. Fəqih eşqi inkar etsə üzürlüdür, çünki o, eşqdə
cahildir.
İstanbul nüsxəsində oxuyuruq:
Hər tərəf əşklərimdir görünən, ya yığılıb
Gəldi su xəlqi sirişkim suyu nəzzarəsinə.
Burada göz yaşları ilə “su xəlqi” arasında münasibətin nədən irəli gəldiyi
aydın deyildir. Lakin Füzuli belə yazmamışdır.
Bizim nüsxədə beyt belədir:
Hər tərəf əkslərimdir görünən, ya yığılıb
Gəldi su xəlqi sirişkim suyu nəzzarəsinə.
Indi məna aydındır. Şair burada bədii bir lövhə yaradır; o, o qədər göz yaşı
tökmüşdür ki, ətrafını su almışdır, odur ki, hər yana baxanda öz əksini görür, onun
şəkli suya düşür. O soruşur: ətrafımda görünən mənim əkslərimdir, ya göz
yaşımın tamaşasına yığılmış su adamlarıdır?
İstanbul nüsxələrində yazılır:
Zahida, gör sinə çakin şö’ləsin, bizdən saqın,
Bir ocağız biz ki, sudandır dərü divarımız.
Burada sinə çakinin şöləsilə dərü divarın su olması arasında heç bir münasibət
yoxdur, çünki beyt təhrif olunmuşdur. Bizim nüsxədə isə belədir:
Bir ocağız biz ki, suzandır dərü divarımız…
10
İstanbul nüsxəsində yazılır:
Saxlamazdım navəkin gözdən, bəlasın çəkmişəm,
Bəsləməzdim su verib ol nəxli-kami barsız.
Beytdə məna yoxdur. Bizim nüsxədə isə belədir:
Saxlamazdım navəkin gözdə, bəlasın çəkməsəm,
Su verib ol nəxli bəslərdimmi olsa barsız?
Beytin əsl poetik mənası da budur.
İstanbul nüsxəsində oxuyuruq:
Bilirmi dövləti-vəslin bulan məğrur olan aşiq,
Vəfa rəsmin sanır düşvar, asan olduğun bilməz.
Beytdən məna çıxmır, çünki ilk misra bundan sonra gələn beytin ilk
misrası ilə qarışmışdır. Bizim nüsxədə isə belədir:
Qılır təqsir, edüb bir lütf hər dəm könlüm almaqdan,
Vəfa rəsmin sanır düşvar, asan olduğun bilməz.
Burada hər şey aydındır.
Biz belə misraların sayını xeyli artıra bilərdik. Lakin göstərdiklərimiz də
kifayətdir.
Beləliklə, Füzuli “Divan”ının 1924-cü il nəşrinin nə qədər nöqsanlı olduğu
aydınlaşır. Bu nöqsanlar Daşkənd çapında da vardır. Daşkənd naşirləri Füzulinin
əsərlərini dəyişib Nəvai dilinə yaxın bir şəkildə çap etmişlər. Təbriz çaplarında isə
qələt daha çoxdur. Azərbaycan sözləri düz olsa da, son əsrin dil xüsusiyyətlərinə
uyğunlaşdırıldığından, ifadələrin bir çoxu dəyişdirilmişdir.
Sankt-Peterburq nüsxəsində də səhv çoxdur. Burada ən adi ifadələr
belə təhrif edilmişdir ki, bu da katibin Azərbaycan dilini bilməməsindən irəli
gəlir.
Bütün bunlar Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Institutundakı
Füzuli “Divan”ının elmi əhəmiyyətini aydınlaşdırır. Odur ki, Füzuli
əsərlərinin elmi nəşrində və birinci cildin tərtibində, əsas nüsxə olaraq, həmin
əlyazmasından istifadə edilmişdir.
Həmid Araslı
Dostları ilə paylaş: |