www.achiq.info
1
Mir Rəhim Vilai
MİLLİ HÖKUMƏTİN SİYASİ, İQTİSADİ VƏ MƏDƏNİ
REFORMALARININ YERİNƏ YETİRİLMƏSİNDƏ DEMOKRATİK
MƏTBUATIN MÜBARİZƏSİ
Azərbaycan Demokrat Firqəsi hakim partiya olduğu birinci gündən etibarən doğma
Azərbaycan dilində mətbuatın çıxmasına artıq dərəcədə fikir vermiş və milli hökumətin bütün
siyasi və iqtisadi tədbirlərinin kütlələr üçün işıqlandırılmasında həmin mətbuat qarşısında
təxirəsalınmaz mühüm vəzifələr qoymuşdur.
Azərbaycanda milli hökumətin qurulması ilə Azərbaycan milli mətbuatının tərəqqi və inkişafı
üçün də yeni bir dövr açıldı.
Az bir zamanda Təbriz və Azərbaycanın vilayət mərkəzlərində ana dilində yeni qəzet və
məcmuələr nəşr olunmağa başladı.
Təbriz şəhərində Azərbaycan Milli Məclisinin orqanı «Azad millət», Azərbaycan həmkarlar
İttifaqının orqanı «Qələbə», Azərbaycan. Demokrat Cavanlar Təşkilatının orqanı «Cavanlar»,
«Yeni şərq», «Fəryad», erməni dilində «Haqa faşist» (antifaşist), Ərdəbil şəhərində «Cövdət»,
Urmiyə şəhərində «Urmiyə», Zəncan şəhərində «Azər» qəzetləri, Təbrizdə «Şəfəq»,
«Demokrat», Azərbaycan şairlər cəmiyyətinin orqanı «Günəş», «Azərbaycan»,
«Mədəniyyət», Miyanada «Vətən» və s. məcmuələri göstərmək olar.
Bu dövrdə doğma ana dilində nəşr edilmiş mətbuatımıza Azərbaycan Demokrat Firqəsinin
orqanı olan «Azərbaycan» qəzeti istiqamət verir və onların mübarizə yollarını işıqlandırırdı.
Bu haqda deyilir: «Azərbaycan» qəzeti artıq öz müqəddəratına yiyələnmiş qəhrəman bir
xalqın mübariz orqanı olmuşdur. Burada iştirak edən istedadlı mühərrirlər mürtəcelərin hər
növ fitnəkarlıqlarını vaxtlı vaxtında ifşa edirlər. Qəzet İran Azərbaycanında hər gün böyük
ictimai tədbirlər görən milli hökumətin hər addımını xalqa izah edir, xalqın cuşə gəlmiş kin və
qəzəbini daha da alovlandırır, onun milli şüur və iradəsini doğru bir istiqamətə yönəldərək hər
an sərvaxt və ayıq olmağa çağırır
1
.
Azərbaycan milli hökumətinin demokratik əsaslar üzərində hazırlanmış 20 maddədən ibarət
yeni proqramı Azərbaycanın geniş xalq kütlələri tərəfindən böyük sevinc və rəğbətlə
qarşılandı, çünki bunlar Azərbaycan xalqının siyasi, iqtisadi, mədəni maarif sahələrində
həyata keçiriləcək əsas məsələlər idi.
Milli hökumətin proqramında göstərilən maddələr istər milli hökumət tərəfindən və istərsə də
Azərbaycan milli məclisi tərəfindən qanunvericilik yolu ilə həyata keçirildikcə, bütün
demokratik reformalar öz əksini Azərbaycanda nəşr edilən demokratik mətbuatın
səhifələrində tapır və xalqa aydın surətdə izah olunurdu. Milli hökumətin yeni proqramının
demokratik bir proqram olması haqqında deyilir: «İran Azərbaycanında xalqın özündən nəşət
edərək əmələ gəlmiş və xalq kütlələrinin əsrlərdən bəri etdikləri arzuları yerinə yetirən
demokratik islahat bütün dünyada demokratiyanın sadiq dostları tərəfindən məmnuniyyətlə
qarşılanmışdır.
İran Azərbaycanının muxtar hökuməti tərəfindən nəşr olunmuş proqram nəzərdiqqəti özünə
www.achiq.info
2
xüsusilə cəlb etmişdir. Bu proqramda nəzərdə tutulmuş tədbirlər milli həyatın bütün sahələrini
sağlamlaşdırmağa doğru yönəldilmişdir»
2
.
Azərbaycan milli hökumətinin tədbirlərindən və qərarlarından biri Azərbaycan dili haqqında
və Təbriz şəhərində darülfünunun açılması haqqında çıxardığı qərardır. Azərbaycan milli
hökuməti Azərbaycan dilini rəsmi dövlət dili elan etdi. Qərarda deyilir: «Bu gündən etibarən
Azərbaycanda Azərbaycan dili rəsmi dövlət dili hesab olunur. Dövlətin qərarları və rəsmi
elanlar, həmçinin xalq qoşunları hissələrinə verilən fərmanlar və qanun layihələri mütləq
Azərbaycan dilində yazılmalıdır»
3
.
Bununla yanaşı olaraq, milli hökumət Azərbaycanda yaşayan millətlərə öz işlərini öz ana
dillərində aparmağa ixtiyarat verdi.
Bundan başqa, milli hökumətin qərarı ilə Azərbaycanda
yaşayan xırda millətlərin xüsusi milli məktəblərində təlimin öz ana dillərində aparılmasına da
icazə verildi.
Milli hökumətin milli universiteti və dil haqqındakı bu iki qərarı Azərbaycanın demokratik
mətbuatında geniş surətdə işıqlandırılıb xalq kütlələrinə çatdırıldı.
«Azərbaycan» qəzeti bu iki qərarı qiymətləndirərək «Milli dil — milli darülfünun» adlı
məqalədə belə yazmışdır:
«Bu qərar müasir dünyanın demokratik ölkələrinin qanunauyğun və əsri ehtiyaclara münasib
bir qərarıdır. Bu qərar ana dilində oxuyub yazmağı rəsmi hala gətirmək surəti ilə,
Azərbaycanda yaşayan bütün xalqlar üçün ümumi təhsilin yolunu açmışdır»
4
.
Doğrudan da milli hökumətin belə bir tədbiri Azərbaycan xalqının milli mədəniyyətinin
inkişafında böyük rol oynadı. Doğma ana dilində məktəblər açılması,
ibtidai və orta məktəblər
üçün Azərbaycan dilində dərs kitablarının çap edilməsi dediklərimizə parlaq sübutdur.
Azərbaycan milli hökumətinin maarif sahəsindəki bu ilk qədəmləri Azərbaycan xalqının milli
şüur və düşüncəsinin məhsuludur.
Azərbaycan xalqının milli azadlıq hərəkatı xalqı öz ölkəsinin, öz müqəddəratının həqiqi sahibi
etdiyi kimi, onun doğma dilini və milli mədəniyyətini də özünə qaytardı. O, beləliklə də
xalqın irəliyə doğru inkişaf və tərəqqi etməsinə geniş yol açdı.
Azərbaycanda universitetin təşkili də Azərbaycan xalqının mədəniyyət tarixi üçün böyük
hədiyyə oldu.
Seyid Cəfər Pişəvəri 1946 cı ilin iyun ayının 12 də Təbrizdə Azərbaycan universitetinin açılışı
münasibəti ilə söylədiyi nitqində demişdir: «Bizim bu darülfünunu təsis etdiyimiz ilə bütün
İranda mədəni və elmi inqilab olacaqdır. Bu darülfünun xalqımızın ehtiyacını gələcəkdə təmin
edib ona yardım edəcəkdir... Gələcəkdə darülfünunun hər ilki kimi açılışı mərasimində bu
günləri iftixarla yad edəcəyik. Bu darülfünun bizim üçün ən mühüm həyati və elmi müəssisə
olacaqdır. Biz kəndli balalarını kəndlərdən yığıb gətirib burada təlim tərbiyə edəcəyik...»
5
Biz Azərbaycanda demokratik hərəkatın qələbəsindən sonra Azərbaycan xalqının milli
mədəniyyətinin demokratik əsaslar üzərində artan həqiqi inkişafını görürük. Xalq kütlələri
böyük bir sevinclə, azad surətdə, keçmişdən miras qalmış xarabalar üzərində yüzlərlə ibtidai
və orta məktəblər, universitet və sair milli mədəniyyət ocaqları yaratmaqla. 5 milyondan artıq
bir xalqın milli mədəniyyətini inkişaf etdirmək uğrunda çalışırdılar.