31
xas olan dağıdıcı və neqativ prosesləri də özündə dialektik
şəkildə əks etdirən tarixi sosial-mədəni birlik anlamında
işlənir. Bu mənada kulturoloq F.Məmmədov sivilizasiyaların
dövrləşdirilməsinə yanaşmada müxtəlif mövqe nümayiş
etdirən alimlərdən – Q.B.F.Hegeli, S.Solovyovu, K.Marksı,
K.Yaspersi, M.Veberi, P.Çaadayevi, N.Berdyayevi, R.He-
nonu, M.Petrovu, xüsusilə qeyd edərək yazır ki, “Bunların
arasında ən geniş yayılmışı K.Yaspersin “məhvər sivilizasi-
yaları” konsepsiyasıdır ki, burada, o, arxaik dövrün mifoloji
təsəvvürünü əvəz edib, fəlsəfənin üstünlüyünə əsaslanan
yüksək ruhi mədəniyyətli “məhvər” sivilizasiyaların yaran-
ma tarixini b.e.ə. I minilliyin ortasından hesablanmasını
təklif edir” (51, s. 89).
Bəzi filosofların fikrincə, mədəniyyət hər şeyi: iqtisa-
diyyat, siyasət, hüquq, məişət, adət-ənənələr və incəsənətin
qarşılıqlı təsirdə olduğu sistem hesab edilməlidir. Mədəniy-
yətə verilən yüzlərlə tərifin içərisində marksizmin də maraqlı
şərhi vardır. “Mədəniyyətin marksist konsepsiyası onu bəşə-
riyyətin varlığın və şüurun bütün sahələrində gerçəkliyin
dəyişdirilməsinə, bəşər tarixinin sərvətlərinin şəxsiyyətin
daxili sərvətinə çevrilməsinə, insanın gücünün mahiyyətinin
hərtərəfli aşkar edilməsinə və inkişaf etdirilməsinə yönəlmiş
yaradıcı fəaliyyəti kimi izah edir” (48, s. 260).
Marksizmin
daha populyar olan tərifinə görə mədəniyyət – bəşəriyyətin
ictimai, siyasi, tarixi proseslərdə topladığı maddi və mənəvi
dəyərlərin məcmusu, onların yaradılması, çoxaldılması və
gələcək nəsillərə çatdırılması üsullarıdır. Lakin bir çox fikir
sahibləri kimi türkçülük nəzəriyyəsinin tərəfdarı olan
ziyalıların əksəriyyətini belə bir mədəniyyət konsepsiyasında
razı salmayan bir cəhət vardır. Bu, marksizmin mədəniyyəti
üstqurum hadisəsi saymasıdır ki, Azərbaycan ziyalıları
içərisində bu yanaşmaya ən məntiqli cavab verən fikir adamı
Ə.Ağaoğlu olmuşdur. O, “İxtilalmı, inqilabmı” əsərində (82)