PREPARED REMARKS
Səfir Ceyms Uorlikin çıxışı
Dağlıq Qarabağ: Münaqişənin nizamlanma yolları
Beynəlxalq Sülh naminə Karnegi Fondu
Çərşənbə, 7 may, 9:00
Hörmətli qonaqlar, xanımlar və cənablar,
Bu səhər bizimlə olduğunuz üçün sizə təşəkkürümü bildirirəm. Sizlərdən bəziləri
ötən səkkiz ay ərzində məsləhətçi və ya məşvərət qrupu kimi mənə kömək edib və
mən sizə xüsusi təşəkkürlərimi bildirmək istəyirəm.
Öncədən bildirim ki, mən münaqişənin tarixinə yenidən nəzər salmaq istəmirəm.
Məqsədimiz uzunmüddətli nizamlanmaya nail olmaq üçün praqmatik həll
yollarının tapılması olmalıdır.
Bu gün sizinlə ATƏT-in Minsqk Qrupunun ABŞ-dan olan həmsədri kimi
danışmağıma baxmayaraq mən bütün həmsədrlərin adından danışmıram. Mənim
çıxışım ABŞ hökumətinin münaqişə tərəflərinə sülhə nail olmağa kömək etmək
fəaliyyətini rəhbər tutaraq həyata keçirdiyi rəsmi siyasətin bəyanatıdır.
Sülh yaxındır. Tərəflər elə bir məqama gəlib çatıb ki, onların gələcəyə yönəlik
mövqeləri çox fərqli deyil. Onlar bir neçə dəfə və ən son 2011-ci ildə, razılığa
gəlməyə çox yaxın olublar. Onlar hər bir uğursuz danışıqlar mərhələsindən sonra
labüd şəkildə danışıqlar masasına qayıdarkən növbəti “böyük ideya”nın struktur
elementləri ötən dəfəkinə bənzər olmuşdur.
Razılaşmanı planlaşdıran prinsiplər, anlaşmalar və sənədlər artıq danışıqlar masası
üzərindədir və bizim onlardan imtina etməyimizi heç kəs təklif etməyibdir. Çətin
məsələ hər iki xalqın layiq olduğu sülh və sabitliyi bərqərar etmək məqsədilə yerdə
qalan fikir ayrılıqlarını aradan qaldırmaq üçün son və cəsarətli addımı atmaqda
tərəflərə kömək etməyin yolunu tapmaqdır.
İyirmi il ərzində sülhə nail olmaq mümkün olmamışdır. Tərəflər bir-birilərinə
etimad etmir və Azərbaycan və Ermənistanda bir-birilərini tanımayan gənc nəsil
yetişmişdir. Çoxlarının qeyd etdiyi kimi azərbaycanlı və ermənilərin birgə yaşadığı
və fikir ayrılıqlarını silahsız həll etmələri yaşlı nəslin xatirindədir.
Çorçil vaxtilə demişdir: “Danışıqlar dostlarla deyil, düşmənlərlə aparılır.” İstənilən
uğurlu danışığın önəmli cəhəti bütün tərəflərin nəyə isə nail olmaları qənaətinə
gəlməsidir və azərbaycanlılarla ermənilər arasında razılaşmanın bölgədə inkişafın
yeni dövrünə səbəb olacağı şübhə doğurmur. Sülhün faydaları davam edən
çıxılmaz vəziyyətdən və hərbi əməliyyatların yenidən başlamasının fəsadlarından
çox üstündür.
Ermənistan sərhədlərin dərhal açılması, təhlükəsizliyin artması, ticarət, səyahət və
bütün qonşularla əməkdaşlıq etməkdən faydalancaqdır.
Azərbaycan dünya miqyasında oyunçu kimi inkişaf etməyə, regional ticarət
mərkəzi, güclü təhlükəsizlik tərəfdaşı olmağa başlıca maneəni aradan qaldıracaq,
eyni zamanda yüz minlərlə qaçqın və məcburi köçkünə barışıq və dogma yurd-
yuvalarına qayıtmaq imkanı verəcəkdir.
Dağlıq Qarabağda yaşayan minlərlə insan təcrid olunma və asılılıq məngənəsindən
azad olacaqdır.
Müvafiq şəkildə tərtib və icra olunmuş sülh sazişi sərhəd və təmas xətti boyunca
faciəvi və çoxsaylı hərbi və mülki insan itkilərinə son qoyacaqdır. Dəqiq rəqəmlər
söyləmək çətindir, lakin, təmas xəttində bu il indiyə kimi ən azı onlarla insan
öldürülmüş və yaralanmışdır. Bu qəbuledilməzdir.
Döyüş hazırlığı və artmaqda olan silah yarışının dövlət büdcələri üzərinə qoyduğu
ağır maliyyə yükü heç də az əhəmiyyət kəsb etmir və daha məhsuldar istifadə
olunarsa sülhün gətirəcəyi dividend, həm Azərbaycan, həm də Ermənistan üçün
dönüş nöqtəsi ola bilər.
Gələn həftə atəşkəs sazişinin imzalanmasından 20 il ötür. Genişmiqyaslı hərbi
əməliyyatların başlamasının qarşısı alınsa da, hazırkı vəziyyətin qəbuledilməz və
dayanıqsız olmasını dana bilmərik.
Daimi danışıqlar, atəşkəsin mütəmadi pozulması, Ermənistanın və Dağlıq
Qarabağda yaşayanların təcridi, Azərbaycandakı məyusluq və məcburi köçkünlər
arasında qəzəb – bütün bunlar sülh və sabitliyə səbəb olmur, eləcə də inkişafa
gətirib çıxarmır.
Bölgə əhalisi daha yaxşısına layiqdir.
----
Mən bu vəzifəyə keçən ilin sentyabr ayında prezidentlər və xarici işlər nazirləri ilə
görüşmək üçün Bakı və Yerevana səfərlərlə başlamışam. Mən Ağdam – Hindarx
yolu üzərində təmas xətti boyunca səfir Anjey Kasprşikin rəhbərlik etdiyi ATƏT
müşahidə missiyasına qoşulmaq üçün Dağlıq Qarabağa da səfər etdim.
Mən təmas xəttinin qərb hissəində müşahidə missiyasına qoşuldum və təmas
xəttini ilk dəfə ötəri gördüm. Mən təmas xəttinin hər iki tərəfində acı reallıqla
üzləşən, xəndək və torpaq səddlərin arxasında yaşayan və işləyən və aralarında
yalnız tikanlı məftil və minalanmış sahələr olan gənc əsgərləri gördüm.
Tərəflər snayper atəşləri və mina təhlükəsi altında yaşayırlar. Onlar mülki əhalinin
həyatı, əkin sahələrinə və məzarlıqlara gediş-gəliş və təmas xəttinə, eləcə də
Ermənistan-Azərbaycan sərhəddinə çox yaxın olan tikililərdən narahatdırlar.
ATƏT müşahidəçiləri bu kövrək sülhə nəzarət etmək üçün iyirmi ildir fəaliyyət
göstərirlər, lakin, onların tez-tez baş verən itkilərə son qoymaq, hətta bunun üçün
məsul olanları müəyyən etmək üçün nə mandatları, nə də resursları var.
Tərəflər hər il atəşkəsin pozulması barədə çoxsaylı xəbər verir, lakin, onların sayını
azaltmağın hər hansı bir yolu barədə razılığa gələ bilməyiblər.
Mən de-fakto rəhbərliyin fikirlərini öyrənmək üçün Dağlıq Qarabağın özünə də
səfər etmişəm. Mən gələn həftə digər həmsədrlərlə yenə ora səfər etməyi
planlaşdırıram. Möhkəm sülh sazişinin uğurlu olması üçün sazişin bütün əlaqədar
tərəflərin fikirlərini əks etdirməli olduğu şübhəsizdir.
Mən hər iki ölkənin paytaxtında daha güvənverici mesajlar eşidirəm. Hər iki
president irəliləyiş əldə etmək istəyir. Hər ikisi razılaşır ki, ötən illər ərzində
razılaşdırılmış sənədlər sazişin əsasını təşkil edir.
Keçən ilin noyabr ayında həmsədrlərin iştirakı ilə Vyanada prezidentlərin görüşü
keçirildi. Bu, prezidentlərin 2012-ci ilin yanvar ayından keçirdiyi və 2009-cü ildən
təkbətək keçirdikləri ilk görüş idi. Onların söhbəti və irəliləyiş əldə etməyə
sadiqlik mövqeləri bizi həvəsləndirdi. O vaxtdan etibarən biz müzakirələri davam
etdirmək üçün xarici işlər nazirlərindən biri və ya hər ikisi ilə on müxtəlif vaxtda
görüşmüşük.
Lakin, aydındır ki, yalnız prezidentlər ölkələri üçün bu cür transformativ nəticələrə
malik saziş bağlamağa qadirdirlər. Sülhə nail olmaq üçün məhz prezidentlər
cəsarətli addımlar atmalıdırlar. Birləşmiş Ştatlar prezidentləri yenidən görüşməyə
və sülhün mümkün olduğu bir vaxtda fürsət pəncərəsindən faydalanmağa
çağırmışdır.
----
Mən keçən ilin payızında Bakı və Yerevana ilk səfərimdə özümlə Prezident
Obamanın məktubunu aparmışdım. Məktubda Minsk Qrupunun həmsədri və hər
iki ölkənin yaxın tərəfdaşı kimi sülhün əldə olunması üçün işləməyə ABŞ-ın
sadiqliyi bir daha təsdiqlənirdi. O vaxta kimi güzəştlər artıq müəyyən olunmuşdu
və mənim mesajım bölgəyə sülh gətirmək üçün yenilənmiş səylərin vaxtının
çatmasından ibarət idi.
İcazə verin müəyyən olunmuş güzəştlərin əsas elementləri barədə danışım. Bu
güzəştlərin hamısı Prezidentlər Obama, Medvedyev və Sarkozinin 2009-cü ildə
Akvil və 2010-cü ildə Muskokda birgə bəyanatlarından bəri ictimaiyyətə açıq
olmuşdur. Bu prinsip və elementlər ABŞ-ın Minsk Qrupu və Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı siyasətini formalaşdırır.
BMT-nin Nizamnaməsi, müvafiq sənədlər və Helsinki Yekun Aktının əsas
prinsipləri sazişin əsasını təşkil edir. Həmin prinsiplər güc tətbiq etməmək və güc
tətbiq etməklə təhdid etməmək, ərazi bütövlüyü və xalqların bərabər hüququ və öz
müqəddəratını təyin etməsidir.
Sözügedən təməl prinsiplərə əsasən əldə olunacaq hər hansı sülh sazişinin tərkib
hissəsi olacaq altı element var. Həmin elementlərin ardıcıllığı və detalları
danışıqlar mövzusu olaraq qalsa da, onlar bir vahid kimi qəbul edilməlidir. Bəzi
elementləri digərlərindən üstün tutmaq üçün istənilən cəhd balanslaşdırılmış həllə
nail olmağı mümkünsüz edəcəkdir.
Hər hansı bir ardıcıllıq güdmədən həmin elementlər aşağıdakılardır:
Birincisi, Dağlıq Qarabağın mürəkkəb tarixini nəzərə alaraq tərəflər qarşılıqlı
razılıq və gələcəkdə hüquqi cəhətdən məcburi olan iradənin ifadəsi ilə yekun
statusu müəyyən etməlidirlər. Bu ixtiyari deyil. Müvəqqəti status müvəqqəti
olacaqdır.
İkincisi, rəsmi Bakının nəzarəti altında olmayan keçmiş Dağlıq Qarabağ Müxtar
Vilayəti sərhədləri daxilindəki əraziyə elə bir müvəqqəti status verilməlidir ki,
minimum, təhlükəsizlik və özünüidarəyə zəmanət versin.
Üçüncüsü, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilər Azərbaycanın
nəzarətinə qaytarılmalıdır. Azərbaycanın suverenliyinə hörmət olunmadan orada
heç bir məskunlaşma aparıla biləməz və həmin ərazilər üzərində nəzarət bərpa
olunmalıdır.
Dördüncüsü, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz olmalıdır. Dəhliz
təhlükəsiz keçidi təmin etmək üçün kifayət qədər geniş olmalıdır, lakin, dəhliz
Laçın rayonunu bütünlüklə əhatə edə bilməz.
Beşincisi, davamlı nizamlanma qaçqınların və məcburi köçkünlərin əvvəlki yaşayış
yerlərinə qayıtması hüquqlarını tanımalıdır.
Altıncı və sonuncusu, nizamlanma sülhyaratma əməliyyatının daxil olunduğu
beynəlxalq təhlükəsizlik təminatını əhatə etməlidir. Bütün tərəflərin etimad etdiyi
yaxşı düşünülmüş sülhyaratma əməliyyatı olmadan sülhün təmin edilə biləcəyi
variant yoxdur.
----
Tərəflərin bu vaxta kimi görülmüş işləri davam etdirərək sülh danışıqlarına sadiq
olmaları vaxtı gəlib çatmışdır. Arabir görüşlərin davamlı sülhə nail olmaq üçün
kifayət etdiyini hesab etmək qeyri-realdır.
Davamlı sülhə nail olmaq üçün danışıqlar başlayarkən tərəflər atəşkəsə
sadiqliklərini yenidən təsdiqləməklə yanaşı çox zəruri olan və çoxdan gözlənilən
etimadyaratma tədbirlərinin icrasını öz üzərlərinə götürməlidirlər.
Sülh danışqları başladıqdan sonra bizim bütün tərəflərin faydalanması üçün
danışıqlar masasına qoya biləcəyimiz daha geniş çeşidli praktik məsələlər var.
Təkmilləşdiriləcək iqtisadi və kommersiya stimulları var: enerji, nəqliyyat və
kommunikasiyaların bərpası və hazırda üstünlük təşkil edən təhlükəli birtərəfli
təbliğata qarşı səyahət və sadə insanlar arasında təmaslara yönəlik proqramlar.
Minsk Qrupunun həmsədrləri tərəflərə sülh yolu ilə nizamlanmaya nail olmaqda
kömək etmək kimi ortaq marağı bölüşürlər. Biz münaqişəni həll etmək üçün
Minsk Qrupu çərçivəsində işimizi davam etdirmək niyyətindəyik. Birləşmiş
Ştatlar, Fransa və Rusiya ilə birgə Dağlıq Qarabağda sülh və əminamanlığa ortaq
sadiqliyi bölüşürlər. Birləşmiş Ştatlar kömək üçün əlindən gələni etməyə hazırdır.
Mən Birləşmiş Ştatlar və dünyadakı diaspora icmalarını sülhü bərqərar etmək və
münqaişəyə son qoymaq üçün fəal olmağa çağırıram.
Əlbəttə, ilk addımı atmaq Ermənistan və Azərbaycan hökumətlərinin üzərinə
düşür. Onlar irəliləyiş əldə etmək, gərginliyi azaltmaq və danışıqlar mühitini
yaxşılaşdırmaq üçün bəyan etdikləri sadiqliyi nümayiş etdirmək məqsədilə, hətta
birtərəfli addımları nəzərdən keçirməlidirlər. Onlar qızışdırıcı ritorikanı azaltmalı
və xalqlarını müharibəyə deyil, sülhə hazırlamalıdırlar.
Sadə azərbaycanlılarla ermənilər arasında təmasların yaradılması davamlı
nizamlanmanın tərkib hissəsidir. Bu cür proqramlar hər iki ölkənin vətəndaşlarına
keçmiş ağrılarını unudub sülhə və barışığa hazırlaşmağa kömək edə bilər. Biz
tərəflərin sadə vətəndaşlar arasında təmasa sadiq olan şəxsləri və təşkilatları
dəstəkləmələrini gözləyirik.
Ümidvaram ki, siz davamlı sülhün alternativi olmadığını əsaslandırmaqda bizimlə
birgə işləyəcəksiniz. Həmsədrlər danışıqlara kömək etmək mandatına malikdir,
lakin, biz bütün iştirakçı vətəndaşları, dini liderləri, QHT-ləri, KİV-ləri və bu
məsqəd naminə işləyən digərlərini dəstəkləməliyik.
Gəlin sülhə tələbat yaratmaq üçün birgə işləyək. Gəlin sülh yolu ilə nizamlanmanın
bölgədəki insanlara gətirəcəyi faydaları tələb edək.
Təşəkkür edirəm.
###
Dostları ilə paylaş: |