202
Calaqların düzgün əkilməsi və xüsusilə də təpəciklərin düzgün yığılması
calaq tinglərin müvəffəqiyyətli becərilməsinin rəhnidir. Əgər calaqların üstü pis
örtülürsə (təpəciklər ensiz olduqda və onların torpağı uçub tökülərsə) və yaxud
calaq yeri quru torpaqla örtülübsə calaqlar quruyub məhv olar. Təpəcik normadan
artıq qalın olarsa onda calağın zoğu qalın torpaq qatını yarıb üzə çıxmaqda
maniəyə rast gəlir və yaxud torpaq qatını heç yarıb keçə bilmir.
Calaq tinglikdə becərmə işləri suvarılmadan, kübrələmədən, əlavə
yemləmədən, xəstəlik vəzərərvericilərə qarşı mübarizədən, alaq otlarına qarşı
mübarizədən ibarətdir və öz kökü üstündə olan tinglikdən fərqlənmir. Fərq
ləndirici cəhət calaqüstünün köklərinin, calaqaltının isə zoğlarının vurulmasından
ibarətdir.
Calaq ilk vaxtlar kökün verdiyi qidanı az tələb edir və calaqaltı çalışır ki, özü
kök əmələ gətirsin. Bu köklər vaxtında vurulmadıqda yarpaqların verdiyi qida
calaqaltına gəlməyəcək və calaq məhv olacaq. Vegetasiya dövründə, xüsusilə
onun ilk vaxtlarında calaqüstündə köklərin əmələ gəlməsinə nəzarəti artırmaq
lazımdır. Köklər əmələ gəldikcə vurulmalıdır. Bu məqsədlə kallyusdan bir qədər
aşağı açılır və iti bıçaqla köklər kəsilir. Yay ərzində bu iş 2-3 dəfə təkrar
olunmalıdır və hər dəfə suvarmadan sonra bu iş aparılmalıdır. Katarovka
dumanlı-çiskinli havalarda və yaxud axşam üstü aparılmalıdır. Hər katarovkadan
sonra kallyus və zoğun aşağı ağ rəngli hissəsi torpaqla örtülməlidir. Axırıncı
katarovka vaxtı, yəni iyul ayının ortalarında və axırlarında təpəcik tədricən
dağıdılmalıdır ki, qaynaq yeri yaxşı oduncaqlaşsın.
Calağın üstünün torpaqla örtülməsi- təpəciklərin yaradılmasının müsbət
tərəfləri ilə yanaşı mənfi tərəfləri də vardır. Torpağın altında yuxarı köklərin
əmələ gəlməsi üçün şərait yaranır. Əmələ gəlmiş köklər həm calağı zəiflədir, həm
də onların vurulmasına müəyyən miqdar vəsait tələb olunur. Bundan başqa,
həmin torpaq təpəcikləri tingin bir sıra zərərvericilərinin (məftil qurdu, sovka)
məskəninə çevrilir. Onların tingə vurduğu zərərdən başqa onlara qarşı aparılan
mübarizə də əlavə vəsait tələb edir. Yağış və suvarmalardan sonra həmin
təpəciklərdə qaysaq sındırılmalıdır. Bundan başqa təpəciklər yayın ortalarında
dayandırılmalıdır. Calaqların üstünə təpəciklərin yığılması və onların dağıdılması
da vəsait tələb edir. Calaqların üstünə torpaq yığılması onların əkilmə dərinliyinin
müəyyən edilməsinə maneçilik törədir və cərgə aralarını bir qədər genişləndirmək
lazım gəlir. Cərgə aralarının genişləndirilməsi də iqtisadi cəhətdən faydalı
deyildir.
Göstərilən bu çətinliklər bir sıra tədqiqatçıları ( karlon, Bik, Eufert) başqa yol
axtarmağa vadar etmişdir. Onlar əkindən qabaq calaqların calaqüstü tərəfinin
parafinlənməsini təklif etmişlər. 1960-cı ildə bu məsələ L.M.Maltabar tərəfindən
Moldova şəraitində, sonralar A.Q.Mişurenko və N.İ.Naqornı (1962), N.D.Yanev,
203
V.İ.Şiqlovskaya (1964) və s. tədqiqatçılar tərəfindən müvəffəqiyyətlə sınaqdan
keçirilmişdir.
Müəyyən edilmişdir ki, parafinin temperaturundan asılı olaraq calaqla
müxtəlif qalınlıqlı qat-pərdə əmələ gəlir. Aşağı temperaturda calağın hissələri
yaxşı örtülmür, yuxarı temperaturda isə yaxşı örtülür, çökək hissələr parafinlə
dolur və pərdənin möhkəmliyi artır. Qalın pərdə tez töküldüyündən bu əməliyya
tın əhəmiyyəti azalır. Müəyyən edilmişdir ki, 75-85ºS optimal temperatur hesab
olunur. 90-100ºS temperaturlu parafindən də istifadə etmək olar. Bu şərtlə ki,
calaqların parafində saniyədən az vaxt olsun. Buradan heç də o nəticə çıxmasın
ki, 90-100ºS temperaturda calağın yeni əmələ gəlmiş incə hissələri yana bilər.
Burada yalnız böyüməkdə olan zoğun təpə tumurcuğu məhv olur. Parafin örtükdə
qışlayan gözcüyün və yaxud yeni əmələ gəlmiş zoğun böyüməsi 3-5 gün ləngiyir.
Belə ləngimə calağın bir qədər torpaqda ləngiməsinə xeyirdir.
Parafinləmənin səmərəsi onun markasından da asılıdır. Parafinin markası isə
müxtəlif dərəcədə onun əriməsi, tərkibindəki yağın miqdarı, yapışqanlığı,
elastikliyi ilə müəyyən edilir. Ən yaxşı calaq ting çıxımı göstərilən markalı
parafinləri işləndikdə alınır. 42ºS-də əriyən texniki təmizlənməmiş kibrit parafini
(bunun tərkibində 5% yağ vardır). 50ºS-də əriyən «D» markalı texniki
təmizlənmiş parafin (tərkibində 2,3 % yağ vardır). Ən aşağı ting çıxımı «A» və
«B» markalı parafinləri işlətdikdə alınır (bunların tərkibində 0,6-0,9% yağ
vardır).
Parafinlənmiş calaqlar üzərində aparılan müşahidələr göstərmişdir ki, zoğların
40-45%-i gözcüyün əvəzedici tumurcuğundan çıxanlardır.
Parafinləmə işini aparmaq üçün bilavasitə sahədə parafin qazana tökülür və
müxtəlif isidici materialla əridilir. Termometrlə onun istiliyi ölçülür, lazımi
dərəcədə qazanın altı söndürülür. 7-10 ədəd calaq calaqaltı tərəfdən əldə yelpik
şəklində tutulur və calaqüstü tərəfdən 16-18 sm uzunluğunda hissə saniyənin 1/2-
1/3 hissəsi qədər vaxtda saxlanır. Parafindən başqa calağın üstünü polietilen
pərdə ilə də sarımaq olar. Pərdə ilə sarıdıqda kallyus kənarlara doğru yox, zoğun
içərilərinə doğru hərəkət edir və qaynama işinin möhkəmliyini artırır.
Keçmiş Ümumittifaq Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu
«Maqaraç»ın təklifi ilə calaq tingdə polietilen pərdələrdən istifadə edilir. Burada
calaqüstünün gözcüyündən calaqaltının daban buğumuna qədər pərdə ilə örtülür.
Bu üzümçülükdə müvəqqəti üsul hesab edilir. Burada pərdə tingdə cavan
köklərin fillokseradan zədələnməsinin qarşısını alır və pərdə olan hissədə kök
əmələ gəlmədiyindən tinglikdə və cavan üzümlükdə katarovkanı ixtisara salır.
Tinglikdə yaşıl əməliyyat haqqında heç bir ədəbiyyatda məlumat yoxdur.
Respublikamızda ilk olaraq tingdə biz yaşıl əməliyyat apararaq onu elmi cəhətdən
əsaslandırmışıq.