38
İqtisadi və Siyasi Elmlər Jurnalı.
№ 4 (9) 2017
qərarlarının və qanunvericinin rəyinin ümumiləşmiş şəkildə qabaqcadan
xəbər verilməsidir. Eləcə də hüquq normaları ilə onların real həyata
keçirilməsi arasında uyğunsuzluğun mövcudluğu iddia edilir. Hüquq
sosiologiyası hüququn sosial sistemlə əlaqəsinin müxtəlif aspektlərinin
təhlilinə (R.Unqer), hüququn sosial sanksiyalara, cəzalara və qorxutmağa
təsirini öyrənməyə (C.Qubs, Ç.Titl) diqqət yetirmişdir.
Hüquq xeyli bilik sahələri tərəfindən öyrənilir, məhz buna görə belə
qənaətə gəlmək düzgün deyildir ki, o, yalnız hüquq elminin obyektidir.
Hüquq ictimai həyatın çox mühüm hissəsidir. Bu mənada o, kompleks
şəkildə, müxtəlif sosial və humanitar elmlər tərəfindən öyrənilməyə
bilməz.
Sosioloji biliklərin strukturunda (sosiologiyanın predmetində)
hüquq sosiologiyasının təzahürü heç də təsadüfi deyildir, məhz hüquq elmi
ilə sosiologiyanın əlaqəsinin qanunauyğun nəticəsidir. Hüquqa sosioloji
yanaşma dövlətin, hüququn sosial təbiətinin açıqlanmasına, dövlətin qəbul
etdiyi qərarların sosial istiqamətinin müəyyənləşdirilməsinə imkan yaradır.
Cəmiyyət haqqında sosioloji biliklər özündə sosial sistemin obyektiv
inkişaf qanunlarını başa düşməyi, ictimai həyatın müxtəlif sferaları barədə
təsəvvürləri, sosial hadisə və proseslər arasındakı zəruri əlaqələri özündə
təcəssüm etdirir. Bu baxımdan hüquq sosiologiyası hüquqi aktların və
müxtəlif normaların real fəaliyyətini adətlər, əxlaq, elmi nüfuz, ənənələr,
ictimai rəy və s. daxil olmaqla, bütövlükdə sosial tənzimləmə zəminində
tədqiq və təhlil edir [1, s.21-22].
Hüquq sosiologiyasının metodoloji məsələləri çoxdur. Lakin onun
metodoloji əsasını təşkil edən iki meyarı nəzərə çatdırmaq daha
məqsədəuyğundur. Onlardan biri hüquqi və faktiki ictimai münasibətlər
arasındakı fərqdir. Digər metodoloji zəminə isə hüququn cəmiyyətin sosial
təsisatı kimi öyrənilməsini aid etmək olar. Belə halda hüquq sosial
bütövlük kəsb edənin bir hissəsi kimi başa düşülür, çünki o, sosial
tələbatdan doğur, cəmiyyət üçün faydalı olan bir sıra zəruri funksiyalar
yerinə yetirir, digər sosial təsisatlarla (siyasi, iqtisadi, dini və s.) qarşılıqlı
fəaliyyətdə ictimai sabitliyi təmin edir.
Məlum olduğu kimi, hər bir elmin obyektini onun tədqiq etdiyi
müxtəlif məsələlər təşkil edir. Reallığın
bir hissəsi, sferası: hər hansı
hadisə
və proses bu və ya digər elmin obyekti kimi səciyyələnir.
Hüquq sosiologiyasının
obyekti sferasına sosial fenomen olmaq
etibarilə, hüquqla cəmiyyət arasındakı əlaqə, eləcə də onun sosial
funksiyaları, hüquq normalarının bütün sosial təşkilatların sosial
davranışına transformasiya prosesi və s. daxildir. Həmin təşkilatlar
bütövlükdə cəmiyyət və sosial qruplar, müəssisələr, eləcə də şəxsiyyət