65
yoxlamamışdılar. Bəlkə onu camaata sevdirən də qadağan olunmuş mal kimi
gəzdirdiyi bu keyfiyyətlər idi!
Corcinin sadəliyi, özünü yüksək tutmamağı da vardı. İlk gəldiyində bu
yerlərin ən imkansız, xəstə sakini Abbasəlinin yeraltı damına baş çəkdi. Abbasəli il
on iki ay yastıqdan baş qaldırmazdı. Onu yalnız yardım verən maşınların yanında
görmək olurdu. Saralmış çöhrəsi, qırışmış üzü görünən kimi uşaqlar qaçıb dağılışır,
saatlarla növbəyə duran böyüklər kənara çəkilirdilər. Nə qədər yolunu saxlasalar da,
Abbasəli bəhanə tapıb kiminləsə savaşır, əvvəlcə «bu xarabaya daş qoyanı», sonra
hökuməti, axırda da Allahı söyür, aldığı ərzaq payını belinə aşırıb yeraltı damına
çəkilirdi.
Camaat buralara təzə-təzə gələndə ümid edirdi ki, bu gün-sabah geri
qayıdacaq. Heç kim ürək qızdırıb daxal-daxma tikmirdi. Vaxtı ilə burda heyvan
saxlayan adamlar üçün quraşdırılmış darısqal, uçuq-sökük olacaqlarda və yeraltı
damlarda daldalanırdılar. Sonralar gördülər yox, iş bir az qəlizdi, başladılar hərə bir
yanda koma qaraltmağa. Bircə il keçməmiş hamı yerin altından üstünə çıxdı. Bircə
Abbasəli ənənəsinə sadiq qaldı. «Nə qədər yaşayıram evim, ölən gündən qəbrim bu
yeraltı damdır» - dedi.
Anası ölsün Corcinin! Günlərin birində, bir yük maşını gəlib Abbasəlinin
damının qarşısında dayandı. Fəhlələr kuzadan taxta materialları, şifer, çərçivələr,
üstünə qırmızı hərflərlə «USAİD» yazılmış göy rəngli qapı düşürdülər. Sonra
ekskvator gəldi, su çəni gəldi, ekskvator çalovuşunu hərləyib yekə bir quyu qazdı,
saman-palçıq yoğurdu. Corci özü “Cip”ini kənarda saxlayıb qolunu çırmaladı,
Abbasəli üçün bir-iki qəlib kərpic kəsdi. Bəlkə də Abbasəlini bu dünyaya bağlayan
ən dəyərli xatirə elə bu idi. Zarafat deyildi ha, «yardım verənlərin böyüyü» palçığı
ovuclaya-ovuclaya onunla birlikdə kərpic kəsmişdi.
Xəstə olduğunu unutmuşdu Abbasəli. Fəhlələrə qoşulub işləyirdi. Sırıqlısını
çiyninə atıb təsbeh çevirən saqqalı kişilər axşamlar mal-heyvanı yerbəyer eləyəndən
sonra, özləri demiş «Abbasəlinin kalafası»nın başına toplaşırdılar. «Salam»dan,
«işiniz avand»dan sonra, onun həvəslə yer ölçməyinə, xəndək qazmağına, kərpic
daşımağına qaşları ilə zərif eyham vurub gülümsəyir, Abbasəli ilə kürd dilində
məzələnirdilər:
«Qə xö cəm qə, jniqi va hılqır, pərəfi mali va bn» (Özünü cəmlə, elə bu arvadı
al, təzə evə yığışın).
Qımışırdı Abbasəli, amma yerindəcə etiraz etməyi özünə müqəddəs borc
sayırdı:
«Wər məben, Corci insanəqi çəyə!» (Elə deməyin, Corci yaxşı insandır)
Mal-heyvanının otu-ələfi bol olan başqa bir saqqalı və təsbehli kişi
qayğısızcasına zarafatı uzatmaq istəyrdi:
«Düye mərəqi çəyə» (Sən də yaxşı kişisən).
Yerin altından üstünə çıxmağın sevinci Abbasəlinin vəzninə təsir eləmişdi.
Əvvəlki kimi, hər sözə alınıb, hər eyhama cırnamazdı.
***
Abbasəlinin evini hamı bir-birinə barmaqla göstərirdi. Əməlli-başlı pəncərə,
dəhliz, qapı, hətta pəncərədə şüşələr, pərdə… Bir sözlə bəy otağı! Qalın tuman
66
geyinən və ortasını şalla çəkən, qılçaları tüklü arvadlar danışırdılar ki, Abbasəli
evlənmək istəyir. Özü də dula-mula yiyə durmur, deyir mənə bakirə qız lazımdı,
çünki özüm də oğlan xeylağıyam. Hətta deyirlər arvadlardan biri məzə üçün
Abbasəlinin qabağını kəsib ki, gəl məni al.
Arvadlar onu da danışırdılar ki, kişilərdən biri – Abbasəlinin yaxın qonşusu
rayona gedirmiş, yolüstü qapıda çırpı yığan Abbasəliyə yanaşıb deyib ki, mən
gedirəm, arvadı sənə tapşırıram. Narahat olma, özünə demişəm, ürəyin istəyən vaxt
daxalın pəncərəsini taqqıldat, gələcək…
Corcinin tikdiyi otağın rahatlığını qonum-qonşu Abbasəlinin burnundan
tökməkdə idi. Bu azmış kimi Corci yatağın başqa bir yerində göy rəngli qapısına
«USAİD» yazılmış başqa bir otaq da tikdirdi. Evin təyinatı bəlli olmasa da, hamı
Abbasəlinin yeraltı damların arasında göydələn kimi görünən otağının əlli-əlliyə
dəbdən düşdüyünü anladı. Bəlkə də bu Abbasəlinin xeyrinə idi. Evlə bağlı dözülməz
zarafatlar səngiyəcəkdi bir az. Amma kim bilir, bəlkə elə Abbasəlinin ürəyindən idi
bu zarafatlar. Bəlkə elə doğrudan da onun könlündən keçirdi ki, kiminsə qılçası
tüklü, ortası şallı arvadını evinin yaxınlığındakı bu kalafaya sürükləsin.
Zarafatlar ara verdi. Hamının fikri-zikri yeni tikilən otaq və onun təyinatı idi.
Qapısına «USAİD» yazılmış ev barədə ilk açıqlama belə oldu: burda qaçqın qadınlar
üçün iş yeri açılacaq – paltar tikəcək, xalça-kilim toxuyacaq, əvəzində pul alacaqlar.
Nəyi pisdi ki?!
Az keçməmiş düzəngahın bütün gəlinləri bu evə gedib gəlməyə başladılar.
Evdə həqiqətən də nələrsə toxuyurdular, dəzgahlar-filan var idi. Ancaq deyildiyi
kimi, heç kəs əmək haqqı almırdı. Corci rayonda yaşadığı üçün ən tezi həftədə bir
dəfə baş çəkirdi bura. Gələndə qadınlar qarışqa mürəbbəyə daraşan kimi toplaşırdılar
başına. Corcinin tikdiyi evin təyinatı ağır-ağır qalxan dumandan sonra boy verən
qocaman Laçın dağlarının füsunkar görünüşü kimi aydınlaşırdı. Hamı bilirdi artıq.
Ən azı uşaqlardan gizli arvadlarını danışdırmışdılar. Heyvan saxlamaq və laqqırtı
vura-vura domino oynamaqdan başqa məşğuliyyəti olmayan, hava qaralar-qaralmaz
çırağını püfləyib arvadlarının yanına dürtülən bu üzü tüklü kişilər arzuolunmaz
hamiləliyin qayğısını çəkmirdilər artıq. Corcinin sehrli əlləri dünyaya gələcək
körpələrin yolunu analarının bətnindəcə bağlamışdı. Ən əsası, bu, pulsuz-parasız,
qoruyucu preparatlarsız başa gəlirdi. İldə bir uşaq doğan, yaxud iyirmi «şirvan»
verib rayon mərkəzindəki xəstəxananın abort masasına qalxan, əhval-ruhiyyəsindən,
səhhətindən asılı olmayaraq ərinin yataq təklifinə etiraz etməyi əxlaqsızlıq sayan,
qılçası tüklü, ortası şalla çəkilmiş qadınların birdən-birə qısırlaması həqiqəti ağappaq
ağardıb hamının gözünə soxmaqda idi. Bəli, hamı bilirdi, üstəlik hamı bilirdi ki,
hamı bilir, ancaq yenə danışan yox idi. O evə baxanda əli təsbehli kişilər söhbətin
mabədini unudurdular. Yolu Corcinin evinin yanından düşən adamlar yarımçevrə
cızmağa məcbur idilər. Ev boş olsa belə, həndəvərinə gedən heyvanı qaytarmağa hər
adam cürət eləmirdi. Bu zaman ağlı kəsməyən uşaqları buyururdular: «A bala, a
bala, o inəyi bəri qaytar».
Bir gün, axşam vaxtı yenə hamı bir yerə toplaşmışdı. Saqqallı, təsbehli
kişilərdən biri 7-8 yaşlı bir uşağı yanına çağırdı, əyilib üzündən öpdü. Dalınca da
yağlı bir zarafat: