«Region plus».-2015.-№5 (261).-S.58-61.
RƏHMƏT, ÖZBƏKİSTAN!
Bu ölkəyə səfər etdikdən sonra Səmərqənd möcüzələri və özbək
qonaqpərvərliyini unutmaq mümkün deyil
Ayaz Mirzəyev
"Rəhmət Əkə" ifadəsi özbəklərin ən çox istifadə olunan etiket sözüdür - "Sağ ol, qardaş" deməkdir.
"Rəhmət" sözü bizim dilə "sağ ol", "əkə" isə "böyük qardaş" anlamına gəlir. Bu, müraciət forması ilk dəfə özbək
dili eşidən adamın ən çox yadında qalan bir ifadədir.
Səmimi desəm, bu ölkəyə səfər etməmişdən əvvəl elə düşünürdüm ki, bu ölkədə həyat tərzi sovetlər
dövründən bəri çox da dəyişməyib. Amma paytaxt Daşkəndi görəndən sonra anladım ki, yanılmışam. Uzun və
işıqlı küçələr, yeni tikilmiş və tikilməkdə olan müasir binalar, gülərüz özbək gəncləri...
Axı, onların da kökü türkdür!
Daşkənd hava limanına ayaq basar-basmaz bizi müşayiət edəcək Özbəkistan mətbuatının təmsilçisi
mənə zarafatyana bir etirazını bildirdi: "Axı, siz niyə bir millət iki dövlət deyirsiniz ?!" Sözün doğrusu, əvvəl
onun nədən narazı olduğunu başa düşmədim. Lakin qısa arayışından sonra anladım ki, o, Azərbaycanla Türkiyə
münasibətləri haqqında deyilən bu fikrin niyə Özbəkistana da aid edilmədiyini soruşur. Şükrətcan ortaq türk
köklərimizdən danışır, dilimiz, adət-ənənələrimiz, xasiyyətimiz, musiqimiz, mətbəximiz və memarlığımızdakı
oxşarlıqları vurğulayırdı. Beləliklə, mən və Azərbaycandan gələn həmkarım İlqar Vəlizadə ilk dəfə səfər
etdiyimiz Özbəkistanı kəşf eləməyə başladıq. Başlanğıc nöqtəmiz isə, təbii ki, paytaxt Daşkənd oldu.
Abidələrə ehtiram
Özbəklərin bir xüsusiyyəti çox xoşuma gəldi. Bu xalq öz tarixi abidələrinə göstərdiyi münasibətə
görə, bəlkə də, dünyada ilk sıralarda yer almalıdır. Dostumuz Şükratcan deyir ki, Daşkənd nə qədər yenilənirsə
mədəni abidələrə olan qayğı da ikiqat artır. Orta əsrlərdən etibarən Özbəkistan həmişə bölgənin əsas beynəlxalq
nəqliyyat mərkəzi olub. Hələ nəzərə alaq ki, 1917-ci il inqilabı zamanı baş vermiş vandalizmdən və 1966-cı il
zəlzələsindən sonra şəhərdə mövcud olan bənzərsiz memarlıq abidələrinin çox hissəsi məhv olub, bununla belə,
Özbəkistanda hər addım başı tarixi abidə var.
Özbəkistan paytaxtının dini mərkəzi sayılan qərb hissəsinə, Qəst-İmam meydanına yola düşdük.
Burada islam mədəniyyətinə aid qədim bina və abidələrdən ibarət bir ansamblla tanış olmaq mümkündür.
Maraqlı binalardan biri XVI əsrdə inşa olunmuş Kukeldaş mədrəsəsidir. Bu tikili Əbu Bəkrin Kaffali Şaş
mavzoleyi kimi də tanınır və ondan muzey kimi istifadə olunur. Elə buradaca nadir Şərq əlyazmaları-
[səh.58-
59]
nın, o cümlədən xəlifə Osmana məxsus məşhur Quranının qorunduğu kitabxana yerləşir. Görünür, bu
tikililərdə qorunan maddi və mədəni irs bu qədər əhəmiyyətli olduğuna görə ziyarətçilər giriş üçün əvvəlcədən
icazə almalıdırlar. Hesab eləyək ki, bizim bəxtimiz gətirdi. Abidəyə baxmaq üçün heç kəsdən icazə almağa
ehtiyat olmadı.
Bu əsrarəngiz tarixi abidə kompleksini ziyarət etdikdən sonra yollandıq özbəklərin qürur mənbəyi
olan, deyilənə görə cəmi səkkiz aya tikilən Əmir Teymurun və ümumilikdə, Teymurilərin şəhərdəki ən böyük
muzey kompleksinə. Burada məşhur sərkərdənin həyat və fəaliyyəti, bütün hərbi səfərləri, geyimlə-
[səh.59-60]
rindən tutmuş oxuduğu kitablara qədər hər şey qorunub saxlanılır. Yalnız onun qəbrindən savayı. Bunun üçün
"Şərqin mirvarisi" kimi tanınan Səmərqənd şəhərinə səfər etmək lazımdır ki, biz düşünmədən yola düzəldik.
"Şərqin mirvarisi"
Onun yaşı Babil və Roma şəhərlərinin yaşı ilə müqayisə olunur və hətta bəzi mənbələr Səmərqəndin
yaşının 2500 il olduğunu göstərir. "İslam Şərqinin mirvarisi" sayılan Səmərqəndi müxtəlif tarixi mənbələrdə
həm də "Şərqin Roması", "Göylər altında olan ən gözəl şəhər" adlandırırlar. Şəhərin tarixi, gözəlliyi və
əhəmiyyətini nəzərə alsaq, şübhəsiz, onu, ümumiyyətlə, "Mərkəzi Asiyanın paytaxtı" da adlandırmaq olar. Bu
sirli-sehrli şəhər Özbəkistana gəlmiş hər bir turistin ən çox görmək istədiyi məkandır. Bunu nəzərə alan
özbəklər turistlərin işini asanlaşdırmaq üçün qət edəcəkləri yolu xeyli qısaldıblar.
Daşkənddən maşınla hərəkət etməli olsaq, 5- 6 saatlıq məsafədə yerləşən Səmərqəndə indi cəmi 2
saata çatmaq olur. Bu da regionda ilk dəfə istismara verilən sürət qatarı sayəsində mümkündür. Özbəklərin
"Afrasiyob" adlandırdıqları bu qatar, adətən, Avropa ölkələrində rast gəldiyimiz analoqlarından heç də geri
qalmır. Beləliklə, "Afrasiyob" bizi Özbəkistanın ən görməli yerinə çatdırdı.
Özbəkistan müstəqillik əldə etdikdən sonra 370 min əhalisi olan Səmərqənd ölkənin ən böyük
mədəni və iqtisadi mərkəzlərindən birinə çevrilib. Hətta Bakıda olarkən mənə məsləhət vermişdilər ki, əgər
yolun Səmərqənddən düşsə, şəhərin ən möhtəşəm memarlıq abidələri - Bibi Xanım Məscidi, Registan meydanı
və Qur-Əmir mavzoleyini mütləq ziyarət elə. İlk dayanacağımız Bibi Xanım məscidi oldu.
Səmərqənd möcüzələri
Deyilənə görə, bu məscid təkcə Səmərqəndin və Özbəkistanın deyil, bütün Türk dünyasının ən
tanınmış tarixi məscididir. Məscidin tikintisinə 1399-cu ildə, Əmir Teymur Hindistan yürüşündən qayıtdıqdan
sonra başlanılıb və o, 5 il ərzində inşa olunub. Məscid-sarayın həyətində mərmərdən hazırlanmış böyük "Quran"
yerləşir. Səmərqəndin digər möcüzəsi olan Registan kompleksi isə şəhərin ürəyi sayılır.
[səh.60-61]
Hələ orta
əsrlərdən etibarən islam dininə və elmə daha yaxşı yiyələnmək üçün alimlər və tələbələr məhz bu kompleksdə
yerləşən mədrəsələrə üz tuturdular. İyirminci əsrin bir çox məhşur din xadimləri, o cümlədən Bütün Qafqazın
Şeyxi Hacı Allahşükür Paşazadə də məhz Səmərqənddə dini təhsil alıb. Uluq Bəy, Şer-Dor Bəy və Tilya-Kori
Bəy mədrəsələri bu təhsil ocaqları arasında ən məhşurlarıdır.
Maraqlı ziyarətlərimizdən biri də Danyal peyğəmbərin uzunluğu 10 metr olan məzarının yerləşdiyi
sərdabəyə oldu. Bütün gördüklərimiz kifayət elədi ki, hər küçəsində tarixin bir izi olan Səmərqəndin UNESCO-
nun ümumdünya irsi siyahısına daxil edilməsinin təsadüfi olmadığına əmin olaq.
Sözsüz turistləri və xarici qonaqları Səmərqənddə ən çox cəzb edən Əmir Teymur və onun nəslinin
uyuduğu Qur-Əmir Mavzoleyidir. Bu həmin Mavzoleydir ki, xüsusilə İkinci Dünya müharibəsindən sonra onun
haqqında çoxlu müzakirələr və mübahisələr getdi. Hər şey 1941-ci ilin martında Stalinin şəxsi icazəsi ilə elmi
ekspedisiyanın təşkil olunması ilə başladı. Əsas məqsəd Əmir Teymurun qəbrini tapmaq idi. Əmir Teymur
Teymurilər dövlətinin banisi, türk dünyasının ən böyük sərkərdələrindən biridir. Düzdür, ona qarşı münasibət
heç də hər yerdə birmənalı deyil. Misal üçün, özbək xalqı üçün o qəhrəmandırsa, ordusunun işğal etdiyi İran,
Qafqaz, Hindistan, Kiçik Asiya və digər dövlətlərdə isə Əmir Teymuru istilaçı kimi qəbul edirlər. Əsas kimi isə
onu göstərirlər ki, onun səfərləri, adətən, bir çox şəhərlərin dağıdılması və Teymurilər dövlətinin sərhədlərinin
genişlənməsi ilə nəticələnib. Amma dünya alimlərinin yekdil rəyi belədir ki, hər şeyə rəğmən Əmir Teymur
tarixi şəxsiyyət və görkəmli dövlət xadimidir. Tarix isə heç vaxt mühakimə olunmur. Bu məhşur sərkərdənin
ətrafında sirr pərdəsinin yaranmasına səbəb isə onun 1405-ci ildə hərbi yürüş zamanı müəmmalı şəkildə
dünyasını dəyişməsi olub. Bütün tarixi dəlillər onun məzarının məhz Səmərqənddə olduğuna işarə edir.
Şəhərdəki sərdabələri qarış-qarış araşdıran sovet ekspedisiyasının üzvləri, nəhayət, Qur Əmir məqbərəsinə gəlib
çatırlar. Axtarışlardan sonra üzərinə qədim ərəb yazısı həkk edilmiş mərmər daşa rast gəlinir. Mərmər daşın
üzərində "Özünü digərlərindən üstün sayan və əcdadlarının ruhunu ləkələyənləri dəhşətli bəla gözləyir" ifadəsi
ilə bitən yazı ekspedisiyanın üzvlərini qorxuya salır. Bununla belə, onlar işləri dayandırmırlar və Əmir
Teymurun basdırıldığı güman edilən məzarı açırlar. Vaxt göstərir ki, bununla onlar həm də obrazlı desək,
"Pandoranın qutusu"nu açmış olurlar. Növbəti gün Hitler Almaniyasının SSRİ-yə qarşı müharibəyə başladığı
barədə məlumat radio vasitəsilə verilir. Böyük Vətən müharibəsi başlayır.
Etiraf etməliyəm ki, mətbuatda gedən məlumatlar və hekayələr bizim əhvalımıza da az-çox təsir
etmişdi. Sərdabəyə daxil olanda eynilə bizi də bir anda qəribə həyəcan hissi bürüdü. Görünür, məhz buna görə,
cəsarətimizi toplayıb böyük sərkərdənin qəbrinə yaxınlaşa bilmədik.
Artıq vaxt yetişmişdi. Biz geri dönməli idik. Daşkəndə yeni dostlaşdığım Şükratcan bizi gözləyirdi.
Evinə qonaq çağırmışdı. Özbək mətbəxi və qonaqpərvərliyi ilə əyani tanış olmaq üçün əlimizə düşən bu fürsəti
dəyərləndirməli idik. Həm də burada nahar və ya şam yeməyinə dəvətdən imtina etmək yaxşı hal sayılmır.
Bir sözlə, Özbəkistan tarixi ənənələrin, memarlıq abidələrinin toplandığı xəzinə, qədim şəhərlərin
yerləşdiyi məkan, əfsanəvi İpək Yolunun mərkəzlərindən biridir. Məhz burada əsl Qədim Şərqin nə olduğunu
canlı görmək, min ildən çox yaşı olan özbək plovunun dadına baxmaq, islam sivilizasiyasının tarixi irsi ilə tanış
olmaq olar. Bu
səbəbdən, əlinizə bu Şərq ölkəsinə səyahət etmək fürsəti düşsə, onu əldən verməyin.