442
gördülər. Onu bu vəziyyətdə buraxıb getməyə vicdanımız yol
vermədi. Sanki, dərddən qaçdıqca dərd özü axtarıb bizi tapırdı.
Füzuli demişkən: – “Çün istər bəla məni...”. Aşralı kişini yola
gətirənədək “bizimki bizə dəydi”. Bircə gün qalmaq adıyla onu
zorla maşına mindirə bildik. Yolda Afətə zəng vurub dedim ki
– “Qonağımız var”. Həyətə girəndə Aşralının çox çəkindiyini
hiss etdim. Ancaq, Ünzilənin – “Baba!” – deyib onun üstünə
cumması onu əməlli‐başlı kövrəltdi. Evdəkilər də onu mehri‐
banlıqla qarşıladılar. Aşralı həyətə, ağaclara baxmaq istədi.
“Ağacları iç‐içə bu qədər sıx çitəməzlər”– Ağacların düzgün
budanmadığını, budama qaydalarını, suvarmanın vaxtı və s.
barədə geniş izahat verdi. Bağda namaz qılan cavan oğlanın isə
mənim oğlum olduğunu biləndə xeyli sevindi – “Demək əbəs
yerə narahatmışam, bəs sən nə vaxt başlayırsan?” – soruşdu.
“Çoxdan başlamışam, əmican!” – sevincək dedim. Alnımdan
öpdü – “Bax indi gözümdə daha da böyüdün, gedək içəri, de‐
yəsən yenə titrətməyə başlayıram. Bu dənizin havası mənə heç
düşmədi” – dedi. Uşaqların dərs hazırladığı otaqda Aşralı kişi
üçün yer saldılar. Axşamadək dərdləşdik və namazımızı birlik‐
də qıldıq. Axşam Aşralı kişinin başına gələnləri, həyat tarix‐
çəsini Afətə danışdıqca onun halına acıyır, əvvəlcə tam sağala‐
nadək, sonra da evimizə baxması üçün həmişəlik qalmağını
yalvarırdı. Zarafatla, – “Xəbərin varmı ki, evimiz yavaş‐yavaş
kimsəsizlər evinə dönür?” – dedim. “Elə demə, Allaha ağır ge‐
dər. Elə bilirsən Allah bu mehribanlığı, ruzini bizə elə‐belə göyə
sovurmaq üçün verib? Bərəkətimiz artdıqca, ruzini və xoşbəxt‐
liyimizi ehtiyacı olanlarla bölüşmək Allaha da xoş gedər” – de‐
di. Kim nə deyir desin, Afəti özümdən daha mətin və güclü
hesab etmişəm və indi buna bir daha əmin oldum. Durna nə‐
nəm bu halımı görsəydi, – “Mənim balam qızbibidir, qızbibi” –
deyib məni lağa qoyardı...
443
Ağlımıza gözəl bir fikir gəldi – “Gəlsənə, Aşralı kişini öz
ailəsiylə qovuşduraq? Başqa gözətçi axtaraq. Axı biz Oğuza kö‐
çürüksə, onun da yanımıza gəlib‐getməsinə bəhanə tapmağa nə
var ki? Sonra da ailəsinə doğru yaxınlaşdırarıq...”. Razılaşdıq.
Aşralı kişinin tam sağalması və onu evimizin qayğısına
qalmağa razı salmağımız bir həftəmizi aldı...
444
Epiloq:
Oğuz rayonu. Demək olar ki, rayon mərkəzində hamı mal‐
heyvan saxlayır. Adı rayon mərkəzi olsa da, kənddən yalnız
xüsusi abadlığı ilə fərqlənir, qalan şeylərdə elə kənd kimi bir
yerdir. Adamları olduqca mehriban, qonaqpərvər və açıq‐
ürəklidirlər, hamı bir‐birini yaxından tanıyır. Qoyun sürüsü
rayon mərkəzinə düz İcra Hakimiyyəti binasının qarşısından
keçir. Çoban, binanın qarşısında toplaşıb söhbətləşən adamlarla
salamlaşdıqdan sonra, – “Başçı yerindədirmi?” – soruşur. “Hə”,
– deyirlər. “Gedim kişiylə görüşüb gəlim” – deyir və elə çomağı
əlindəcə arın‐arxayın İcra Hakimiyyəti binasının ikinci mərtə‐
bəsinə qalxır. Onun qarşısını nə polis, nə də digər bir işçi kəsir,
çünki onu hamı tanıyır – başçının yaxın dostlarından biridir.
Dilqəm yığıb gətirdiyi tər kəkotu və faraş mərəvzə zoğlarını
qəbul otağında ciblərini çevirib katibənin stolunun üstünə
boşaldır, – “Bunu evlərinə gedəndə məllimə verərsiniz. İçəridə
qonaq var?” Qız, – “Yox”, – deyir. Qapını ehmalca tıqqıldadıb
başını içəri salır – “Olarmı?”.
– Ay səni xoş gəldin, necəsən, qardaş. Dağda‐daşda nə var,
nə yox? Vallah girmişik bu otağa, heç yanına qalxa da bilmirəm
– yaxınlaşıb çobanı bağrına basdı – Hə, de görüm quzuqulağı,
yemlik çıxıb, ya yox? Amma çirişin əsl vaxtıdır...
Dilqəm:
– Sənə bu gün mərəvzə yığmışam, verdim qəbul otağına,
gedəndə evə apararsan. İşlərin necədir?
– Şükür Allaha, qaydasındadır. “Heydər parkı” xoşuna
gəldimi, respublikada ən iri və gözəl park olacaqdır, inşallah.
Hər dəfə adamları orada sakit və gülərüz dincələn görəndə
fikirləşirəm ki, bu parkın ən birinci səbəbkarı sənsən. Gözəl yer
445
təklif etmisən, – Qəbələnin, Şəkinin kəndləri əl içi kimi görünür.
De görüm camaatın elə bir böyük şikayəti, dərdi varmı ki, onu
unutmuşuq?
– Allah səndən razı olsun, nə qalıbsa, o da ölkənin ümumi
dərdidir. Sən bacardığını eləyirsən. Hamı səndən razılıq edir.
Allah səni zavalda qoymasın. Hətta, deyirlər ki, müxalifət
qəzetlərinin haqqında yaxşı yazdığı yeganə başçısan.
– Hə belə deyirlər, mən də eşitmişəm. Amma evdə
qoyun‐keçi sağdığımı da yazırlar.
– Üzüyünün qaşı düşməyib ki, qoy yazsınlar, başqaları
kimi oğurluq eləmirsən, nə də rüşvət almırsan. Amma düzünü
de, doğrudan qoyun sağırmışsan?
– Hə. Aşralı kişiylə birlikdə Ünziləyə qoyun sağmağı
öyrədirdik. Elə bu vaxt qonşunun arvadı həyətə girdi, gizlənə
bilmədim. Elnən bir oldu bizim qoyun sağmağımız. Uşaq vaxtı
keçiləri elə mən sağırdım. Yadımdadır, bir dəfə birinci doğuş
keçimiz vardı. Dilbərlə nə qədər çalışırdıqsa dinc durmurdu ki,
sağıb qurtaraq. Gah qazana qığlayır, gah da ayağı ilə südü
aşırıb tökürdü. Məcbur qalıb ayaqlarından tutdum, beliüstə
yerə çırpdım. Mən altdan yuxarı sağır, Dilbər isə qazanla südü
göydə tuturdu. Sabah atamın söyüşünə yuxudan durdum,
keçimiz gecəykən murdar olmuşdu. Axşam gələrsən bizə, evdə
döşəməli balıq aşı bişirirlər, gör Oğuzun aşı dadlıdır, yoxsa
Qubadlının?
– İnşallah, mütləq gələrəm. Elə Nazlı da nə vaxtdandır
başımın ətini yeyir ki, – “Afət və Dilbər bacıdan ötrü darıx‐
mışam, bir aralıq edib dəyərdik”. Bir şey gətirim, ya yox?
– Təkcə ağ xiyar və sarımsaq tutması gətirərsən, Nazlı
bacının tutmasının dadı tam başqadır – bizimkilər o cür şoraba
tuta bilmirlər. Danışdıq, axşam bizdəyik.
* * *
446
...Axşam namazının əzanı verilirdi. Nazlı və Dilqəm həyət
darvazasını açıb içəri keçdilər. Aşralı və Fərhad yamyaşıl otlu‐
ğun üstünə canamaz salıb namaza durmuşdular – Fərhadın
səccadəsi Durna nənəsindən qalma yadigar idi. Balaca Ünzilə
isə onları yamsılayaraq, üzüstə uzanıb başını gah yuxarı
qaldırır, gah da torpağa vuraraq “namaz qılırdı”. Darıxanda isə
səcdəyə əyilmiş Aşralının belinə tullanıb şitənirdi.
Qonaqları Afət qarşıladı, elə tənək talvarının altındaca stol
arxasına dəvət etdi. Samovar pıqqıldayırdı. Dilqəm çaynikə
quru çay töküb dəmə qoydu.
Namazı bitirib onlar da Dilqəmgillə oturdular. Az sonra
süfrənin üstü doldu, təzə yuxanın qoxusu adamı bihuş edirdi.
Allah verəndən hər şey vardı. “Bismillah”, – deyib aşı yuxayla
burmələyib şirin‐şirin yeyirdilər. Fərhad kəsdiyi yuxa tikəsini
Dilqəmə göstərib:
– Hə dostum, bizdə buna loxma deyirlər. Hər adam, “yu‐
xanı loxmalama” sözünü deyə bilmir. Bir de görüm, – “yuxanı
loxmalama”.
Dilqəm bir neçə dəfə cəhd eləsə də, gah “loxlama”, gah da
“yoxlama” dedi. Hamı gülüşdü. Fərhadın eyni açılmışdı:
– Beş ədəd yuxa bir büküm adlanır. Bizdə bir adam bu aşla
bir büküm yuxa yeyirdi, həm də qaşıqsız‐zadsız. Bu aşa qaşıq
vurdunsa, demək ağzının dadını qaçırdın. Şəkidə pitinin, Qu‐
badlıda isə aşın yemək qaydaları var. İndi sən də qaşığı tulla və
aşı loxmalayıb ye, onda əsl dadını görərsən. Sənin gətirdiyin
mərəvzədən isə Dilbər bir kətə bişirib ki, barmaqlarını yalaya‐
caqsan. Al bu balığın qazmağını dad, gör necədir, – qızarmış
balıq qazmağını dostunun qabına qoydu.
Dilqəm, – “Bəh, bəh, bəh! Ləzzət! A Nazlı, səni dədənin
goru, Dilbər bacıya de, bu aşı bişirməyi sənə də öyrətsin, yaman
həzz elədim...”
Nazlı:
447
– Bəs Dilbər bacı hanı?
Afət:
– Ağəlini yatırır. Axşam sancıdan yatmayıb uşaq, nə də
yazıq qızı qoymayıb yatmağa.
Dilqəm qaşığı kənara qoyub Fərhad dediyi kimi aşı lox‐
malamağa keçdi. Ağzını marçıldadır, ləzzətlə gövşəyib başını
yellədi:
– Həqiqətən də başqa aləmiymiş. Mən də bayaqdan fikir‐
ləşirdim ki, ay Allah, bu zəhrimara qalmış qaşığı sağ əldə
tuturlar, ya sol əldə? Evdə Nazlı məni o qədər danlayır ki – “Ay
kişi, çoban adamsan, çay içəndə ağzını marçıldatma, bıçaq bu
əldə, nə bilim, qaşıq o biri əldə, ...adamın başı şişir. Heyif deyil,
bax beləcə – dədə‐baba qaydasıyla ürəyin istəyən kimi ye‐
yib‐içəsən?”. Deyirəm ki, – “Ağız, vallah elə çoban olduğum
üçün Fərhad qardaşla dil tapa bilirəm, yoxsa gərək boynuma
inək çatısı kimi qalstuk bağlayıb gözlərimi qoyun kimi döyüb
oturum”. Vallah, camaat bu mədəniyyətin qorxusundan lap
ağızlarının dadını, başlarını itiriblər ey... Niyə insanlar olduğu
kimi görünməyə çalışmırlar, sanki hamısı qrimlənib aktyorluq
edirlər. Mələk sandığın birisi, bir də gördün üç gündən sonra
iblis kimi hüzuruna çıxır. Namuslu saydığın biri, bir də gördün
kiminsə qarşısında quyruq bulayıb şərəfsizin dal ayağı olur.
Salam üçün əl uzadırsan, əlinə əjdaha quyruğu keçir. Fərhad,
üzünə görə demirəm, vallah, bilirsən ki, səndən beşdə
alacağım‐üçdə verəcəyim yoxdur, amma sənə halal olsun, ürə‐
yin necədirsə, əməlin də elədir. Hamı sənin halal adam olma‐
ğından danışır. Bir bilsən, onda necə qürur duyuram səninlə...
Kaş sənin kimi 10‐15 icra başçısı olaydı bu Azərbaycanda.
Vallah, dirəyimiz də qızıldan olardı. Biri desə ki, sən də yalan
danışmağı bacarırsan, göründüyün kimi deyilsən, inan, onu
çomağımla öldürərəm.
448
Fərhad ürəyində, – “Yox, qardaşım, mən də aydan arı, su‐
dan duru deyiləm. Bax sənin, “Afətin qardaşı oğlu” bildiyin
Ağəli, əslində, mənim dost‐doğmaca öz oğlumdur, Dilbərdən
olan doğmaca oğlum... Yalan, insanın xislətində gizlənmiş iblis
dilidir! Hər şirin şeyin də öz acılığı olur, hər pisin də astar
üzündə bir yaxşı gizlənir. Dilbərlə olan oğrun sevgimizin şirin
dadıydı Ağəli...” – fikirləşirdi.
Fərhadı fikirdən Dilqəm ayırdı:
– Sabah əmisi Ağəli balasına dağlarımızın ən şəfalı otla‐
rından bir dəmləmə düzəltsin ki, ta bir də sancı‐mancı nə oldu‐
ğunu bilməsin.
Fərhad telefon zənginə diksindi.
– Hə, oğul... İnşallah, mənim balam. Sabir əmigil də sabah
gəlirlər... Əli, Elza və uşaqları, Baysal, Durna, Zəhra xalangil,
Yaşar əmigil, Nailə bibingil, Mətləb babangil.., bir sözlə tanı‐
dığın bütün yaxınlar və qohumların hamısı. Üzük‐zad seçib ala
bildinizmi?.. Hə, hamımız yenidən bir yerdəyik. Gözləyəcəyik,
oğul, Allah amanında, yolda ehtiyatlı olun. Tükəz balama sa‐
lam de.
Afət:
– Kənan idi?
– Hə, Tükəz qızımla gəlirlər, yoldadırlar.
– Aşralı əmi, toya sizinkilər də gəlirmi? – Afət soruşdu.
Aşralı:
– Əlbəttə, qızım, hamı gələcək. Qızım, kürəkənim, nəvə‐
lərim.., hamımız birlikdə gələcəyik. Allah sizə, doğmalarınıza
peşmanlıq göstərməsin.
Dilqəm:
– Amin. Toy ayın neçəsidir?
– Gələn həftənin bazar günü.
Dilqəm:
– Qonaqlar bir həftə burda qalacaqlar?
449
Fərhad:
– Onlar qonaq deyil, ürəyimin parçalarıdırlar.
Dilqəm:
– Bizdə də gen‐bolluqdur ha... Qonaqlardan 3‐5 ailəni bizə,
3‐4‐nü Aşralı kişigilə ayırarsınız...
Fərhad:
– “Bənduvan” 10 gün onların sərəncamındadır, narahat
olmayın.
Məclis gecə yarısınadək davam elədi. Məclisin gözəlliyi
onda idi ki, burada söhbət gündəlik iş, siyasət, şikayətlərdən
deyil, dağlardan, otlardan, çoban həyatının acılı‐şirinli çətinlik‐
lərindən, təmiz insanlardan və savab işlərdən gedirdi. “Şeyta‐
nın və siyasətin şərindən sənə sığınıram, Allahım. Sən peşiman‐
çılıq vermə” – bu, Fərhadın son vaxtlar ən çox sevdiyi kəlam‐
lardan biriydi...
* * *
– Nağı!?
– Hə, mənəm, qorxdun? Nə şirin yatmısan, qardaş?
– Səni gördüyümə sevindim, oğrəş! Necəsən?
– Lap əla...
– Toy xəbərini eşidib gəlmisən?
– Hə. Həm də sizin hamınızı birlikdə gördüm xayınlığım
tutdu. Bir günlük “ezamiyyət” almışam. Cənnət sizsiz çox da‐
rıxdırıcıdır.., özünü qoymusan həyasızlığa, nə ölmürsən canın
qurtarsın, nə də bu dünyada adam balası kimi dinc yaşaya bil‐
mirsən.
– Doğrudanmı, ölməyimi istəyirsən?
– Hə. Cənnət siz dostlarsız çox darıxdırıcıdır. Amma, həm
də yox. Sən olmasaydın kim bilir bu qədər insanın taleyi indi
necə olardı?
450
– Yəqin ki tanrı onları qoruyardı, onların hər biri saf və
təmiz insanlardır.
– Doğrudan a! O qədər “oğrəş, oğrəş” dedik ki, deyəsən
oğrəşliyi boynuna aldın, – Durna nənən sənə nəvəsini etibar
eləmişdi, sən də əmanətə göz dikdin. Oğlun eynən sənə bən‐
zəyir, adıyla böyüsün, şirin baladır, səni təbrik edirəm, qoca
kürd!
– Sağ ol.
– Hm... “Sağ ol...”. Kaş ki, sağ ola biləydim... Xoş günlə‐
rinizin qədrini bilin. Mən də sizinlə olacağam, – düz yanındakı
stulda... Allah mübarək eləsin, yarıyanlardan olsun. Yadında‐
dır, tələbə vaxtı həmişə bu şeiri deyərdin:
Qızıl demə parıldayan hər daşa,
Milyon tanış dönməz dosta, qardaşa.
Otağında dövlət daşa, var daşa,
Dostun yoxsa, kasıblardan kasıbsan...
– Gözəl günlər keçirdik, yaxşı yaşadıq, qardaş. Çoxusu da
sənin sayəndə oldu. Dur, artıq səhərdir, axı bu gün hamımızın
sevinən günüdür, belə günün hər saniyəsini yaşamaq lazımdır.
Fərhad gözlərini ovuşdurub yuxudan ayıldı, yerində gər‐
nəşdi. Üzü gülürdü, özünü quş kimi yüngül hiss edirdi. Gün
gözəl başlayırdı...
* * *
...Günortaüstündən bəriydi ki, hamı “Bənduvan” istirahət
zonasının açıq meydançasında qurulmuş toy ziyafətinin dadını
çıxarırdı. Hər ehtimala qarşı musiqiçilər üçün çadır qurulmuş,
ehtiyat generator qoyulmuşdu. Hava “doluxsunmuşdu” – ara‐
451
da‐bərədə damcı da atırdı. Göyrüş və palıd ağaclarının hələ çıl‐
paq çətiri stolları yağışdan, günəşdən qoruya bilməyəcəkdi. Bu
dəfəki mart yaman gücənə‐gücənə çıxırdı. İlk bahar olsa da
“Bənduvan”da hava soyuq sayılırdı. Afət hələ səhər yuxudan
qalxanda deyinirdi, – “Mart çıxdı, dərd çıxdı” deyiblər, bircə bu
dəli mart işləri korlamasaydı, hava günəşli olub yeri əməllicə
isitsəydi”... Amma yuva quran quşların səs‐küylü uçuşu yaxın‐
laşan yağışdan xəbər verirdi. Bəkarəti indicə çırtlayıb “qana‐
mış” zanbağın ətri gəlirdi. Fərhad meşənin zanbaq qarışıq qo‐
xusunu sinəsinə çəkdi, yanındakı stula dirsəkləndi, illərdir
dostluq himni kimi qəbul etdikləri şeiri deyirdi:
...Ağac deyil kölgəsində yatasan,
Çırpı deyil yığıb ocaq çatasan,
Paltar deyil köhnələndə atasan,
İldən‐ilə bahalaşan zərdi dost...
Onun sol tərəfindəki stul, məclis başlayandan bəri boş idi,
bu Nağının stulu idi. Fərhadın telefonu zəng çaldı. Telefona
baxıb əlinin işarəsilə hamının susmasını işarə etdi, ayağa qalxdı,
hamıdan üzr istəyib telefonu açdı. Sifətindəki bayaqkı sevinc
yerini indi ciddi rəsmiyyət almışdı:
– Buyurun, Ramiz müəllim... – deyib ağacların sıx yerinə
çəkildi. Telefon söhbəti 4‐5 dəqiqə çəkdi. Hamı narahatlıqla
onun üzünə baxırdı. Öz yerinə qayıdanda Sabir soruşdu:
– Kim idi, xeyirdimi?
– “Birinci”nin təbrikini çatdırırdılar. Bəylə gəlini təbrik
edir, hamınıza gözaydınlığı verir. Məclis sanki indi başlayırdı,
Bəkir kababçıya göstəriş verdi – “Ədə, Mahmud, o erkəkdən
ikisini də kəs, kababı bol elə, səhərədək burdayıq!” – musiqi ye‐
nidən nəm meşənin xoş qoxusuna qarışdı.
452
Bir azdan qəfil şıdırğı yağış başladı. Hamı kotejlərə doluş‐
du. Leysan yağışın altında üç nəfər əl‐ələ tutuşub musiqinin
müşayiətiylə süzməkdə davam edirdi – Aşralı, onun nəvəsi
Ceyhun və Bahar... Aşralının gözlərindən bıldır‐bıldır axan
sevinc yaşlarını yağış damcılarında necə gizlətdiyini heç kim
görə bilmədi. İndi Aşralının balaca uşaqlardan heç bir fərqi yox
idi – o da onlar kimi şən, qayğısız və həyat doluydu. Baharın
biləyindəki islanıb düyünü açılmış ipini bağlayır (Bu ip Durna
nənədən qalan yadigar idi, gecələr yuxuda qorxduğu üçün
anası bağlamışdı), için‐için hıçqıraraq dilinin altında lalıyır,
Allaha yalvarırdı, – “Dünyamızı salamat elə, qara buludları
üstümüzdən çək, xoş günlərimizi bədnəzərdən qoru, dərd‐bəla‐
larımızı Qaf dağlarının dalına apar. Günahlarımızı yağışınla yu,
savablarımızla yıxa və öz nurunla qurut, ya Rəbbəna”...
Hamı səbirsizliklə yağışın kəsməyini gözləyirdi. Bilirdilər
ki, leysan tez kəsəcək. Hətta, bir azdan göy qurşağı aydın sə‐
manı bəzəyəcək. Çünki, bu yağış adından bəlli idi, – bu yağışa,
“Tülkü oğlunu evləndirir” deyirdilər. Yağışda islanmaqdan
qorxmazlar, yağış suyu günahlarımızı qüsl edən aydınlıqdır...
26 fevral – 07 may 2010 (Metanol zavodu)
Dostları ilə paylaş: |