10
"Yəhudi müharibəsi haqqında" və "Yəhudi asari-ətiqələri" əsərlərində öz əksini
tapmışdır. Təxminən 37-ci ildə doğulmuş və təxminən 95-ci ildə vəfat etmiş Flavi
məşhur kahin nəslinə mənsub olmuş, 63-cü ildən Romada yaşamışdır. Flavinin əsəri
orijinal deyildir, onun məlumatlarının çoxu Bibliya və yunan müəlliflərindən
götürülmüşdür.
Roma dövrü tarixçilərinin hamısından çox tanınanı və məşhuru yunanca yazan
Plutarx (46-127-ci illər) olmuşdur. O, çox səyahət etmiş, məhsuldar yazıçı olmuşdur.
Məşhur "Müqayisəli tərcümeyi-hallar" əsəri Plutarxa şöhrət gətirmişdir. Aleksandrın,
Sullanın, Lukullun, Antoninin və b. tərcümeyi-halları xüsusən qiymətlidir.
Plutarxın "İsida və Osiris haqqında" əsəri də bizim üçün mühüm əhəmiyyətə
malikdir. Müəllif bu əsərində e.ə. IV əsrdə yaşamış, Makedoniyalı Aleksandrın
tapşırığı ilə zərdüştiliyin müqəddəs kitablarını öyrənən Feopompun ardınca gedərək
maqların təlimi və i.a. haqqında maraqlı məlumatlar verir.
İçərisində "Annallar" ("Salnamələr") və "Tarixlər" kimi xüsusilə seçilən çoxlu
əsərin müəllifi, məşhur romalı tarixçi Korneli Tasit (təxminən 55-117-ci illər) də bizə
bir sıra qiymətli məlumat çatdırmışdır. Onun əsərlərinin Romanın Qafqaz ölkələri, o
cümlədən Albaniya, habelə Parfiya ilə münasibətlərindən bəhs edilən səhifələri
müstəsna dərəcədə mühüm qaynaqdır.
Eramızın II əsrində (95-175-ci illər) yaşamış, Vifiniyanın Nikomediya
şəhərində doğulmuş, parlaq təhsil almış Flavi Arrianın yunanca yazılmış "Anabazis"
("Aleksandrın yürüşü") əsərində albanlar və Atropatena tarixi barəsində nadir
məlumatlar qorunub saxlanılmışdır. Yeddi kitabdan ibarət olan "Anabazis"də xeyli
miqdarda müxtəlif növlü qaynaqlardan, o cümlədən rəsmi sənədlərdən (Makedoniyalı
Aleksandrın silahdaşı Nearxın məlumatlarından, "Saray jurnalı"ndan və s.) istifadə
edilmişdir.
"Anabazis"ə əsaslanaraq albanların e.ə. IV əsrin son otuzilliyində tarix
səhnəsinə çıxdıqlarını müəyyənləşdirmək və onlar haqqında məlumatı Əhəməni
dövləti və Makedoniyalı Aleksandr arasında müharibə ilə əlaqələndirmək mümkün
olur. Arrianda Atropatena tarixi üzrə də bir sıra maraqlı məlumatlar var.
Albanlar haqqında maraqlı məlumatlara II əsr müəllifi Appianın "Mitridatın
müharibələri" adlı məşhur əsərində də rast gəlmək mümkündür.
II əsr müəllifi Klavdi Ptolemeyin "Coğrafiya dərsliyi"ndə Azərbaycanın
coğrafiyası haqqında xeyli material var. Ptolemey bir çox vilayətlərin, dağların,
çayların, keçidlərin, şəhər, iri yaşayış məskənlərinin və xalqların adlarını çəkir. Lakin
onun xəritəsində xeyli miqdarda təhrif və uyğunsuzluqlar vardır.
Dion Kassi Kokkeianın (təxminən 150-235-ci illər) "Roma tarixi"ndə
Atropatena və Albaniya haqqında məlumatlar var. Yunan dilində yazılmış bu əsərin
səksən kitabından bütöv şəkildə ancaq iyirmi beşi (XXXVI-LX kitablar) və müəyyən
miqdarda fraqmentlər qorunub saxlanılmışdır. Dion Kassinin albanlar və
11
atropatenalıların Roma müdaxiləsinə qarşı mübarizəsini işıqlandıran məlumatları
bizim üçün xüsusilə maraqlıdır.
II-V əsrlər müəllifləri Eli Qordian, Flor, Dionisi Perieget, Yuli Solin, Elian,
Ammian Marsellin, Eli Spartian, Orozi, Bizanslı Stefan və b. əsərlərində Atropatena
və Albaniya haqqında bir sıra mühüm məlumatlar var.
Antik qaynaqların müstəsna əhəmiyyətinə baxmayaraq, onlara ehtiyatla
yanaşmaq lazımdır, çünki antik müəlliflərin məlumatları tez-tez təsadüfi, çox vaxt isə
ziddiyyətli xarakter daşımış və heç də həmişə dəqiqliyi ilə fərqlənməmişdir.
Qədim Suriya, erməni və gürcü qaynaqlarının da müəyyən əhəmiyyəti vardır.
Sovet hakimiyyətinin qurulmasından əvvəl Azərbaycanın qədim tarixi
məsələləri ilə tək-tək həvəskarlar məşğul olmuşdular. Rus elmində bu tarixə maraq
ancaq Şimali Azərbaycanın Rusiya tərəfindən işğal edilməsindən sonra meydana
çıxır.
XIX əsrin birinci yarısı Azərbaycan tarixşünaslığının ən parlaq siması və
əslində ilk Azərbaycan tarixçisi, "Gülüstani-İrəm"in müəllifi, antik, Şərq, Qərbi
Avropa və rus qaynaqları və ədəbiyyatı əsasında ən qədim dövrlərdən əsrin
əvvəllərinədək Azərbaycan tarixinin xülasəsini verməyə cəhd göstərmiş A.Bakıxanov
olmuşdur.
Qafqaz Albaniyasına həsr olunmuş ilk məqalələrdən biri Derpt Universitetinin
professoru F.Kruzenin 1835-ci ildə "Xalq Maarifi Nazirliyinin jurnalı"nda çap
olunmuşdur. Müəllif öyrənilən diyarın keçmişini dərk etmək üçün arxeoloji
tədqiqatların əhəmiyyətini qeyd edərək, ölkənin zənginliklərini canlı boyalarla
işıqlandırır, onun Rusiya üçün iqtisadi əhəmiyyətindən və s. danışır.
"Ensiklopediya leksikonu"nun (1835-ci il) birinci cildində "Qədim Asiya
Albaniyası" adlı qısa qeyd çap olunmuşdur.
Qədim Qafqaz Albaniyasına həsr edilən öz dövrü üçün ilk ciddi tədqiqat rus
alimi A.Yanovskinin 1846-cı ildə "Xalq Maarifi Nazirliyinin jurnalı"nda dərc edilmiş
"Qədim Qafqaz Albaniyası haqqında" əsəri olmuşdur. Burada antik və ilk orta əsrlər
müəlliflərinin Albaniya haqqında məlumatları toplanılmış və təhlil edilmiş, ölkənin
qədim toponimlərinin müəllif üçün müasir olan coğrafi adlarla tutuşdurulmasına və s.
cəhd göstərilmişdir. A.Yanovskidə xeyli maraqlı fikirlər var, lakin onun müddəa və
nəticələri heç də həmişə danışıqsız qəbul edilə bilməz.
Akademik B.A.Dornun 1875-ci ildə dərc edilmiş "Kaspi. Qədim rusların
Təbəristana yürüşləri haqqında" adlı sanballı əsərinə daxil edilmiş "Qədim Albaniya
Ptolemeyə görə" məqaləsi polemik ruhda yazılmışdır.
İ.Şopenin "Qafqazın qədim tarixlərinə dair yeni qeydlər" kitabındakı (SPb,
1866) "Aqvaniya, Albaniya və Çoğa" bölməsi buradakı baxışların səthiliyi üzündən
zəifdir. Müəllif öz mülahizələrində mövzuya əsil elmi yanaşmadan uzaqdır.