16
Respublikada arxeoloji tədqiqatların genişləndirilməsi ilə əlaqədar 50-ci illərin
əvvəllərində görkəmli rus alimləri A.A.İessen, S.N.Zamyatnin, V.V.Bunak və b.
Bakıya dəvət olunurlar. Onlar yerli kadrlar sırasından mütəxəssislər hazırlanması
işinin təşkilində səmərəli fəaliyyət göstərdilər. Respublikanın arxeoloji cəhətdən
öyrənilməsi işində SSRİ EA Arxeologiya İnstitutu və Azərbaycan EA Tarix
İnstitutunun 1953-cü ildə A.A.İessenin rəhbərliyi altında təşkil edilmiş birgə
ekspedisiyası mühüm əhəmiyyətə malik olmuşdur.
İngilis alimi T.Berton Braunun 1948-ci ildə Göytəpədə (Urmiya gölündən
qərbdə) apardığı qazıntılar çox qiymətli material verdi. Aşkara çıxarılmış
təbəqələrdən ən qədimləri, görünür, e.ə. IV minilliyə aiddir. Bu təbəqələrdə gil evlərin
qalıqları, çoxlu alət və keramika, müəyyən qədər silah və i.a. tapılmışdır. E.ə. III
minilliyə aid olan "K" təbəqəsində çoxlu keramika olmuş, mis məmulatlar geniş
yayılmışdır. Kutilərə mənsub olması şübhə doğurmayan Göytəpə mədəniyyəti İran
yaylasının digər mədəniyyətlərindən fərqlənir və Zaqafqaziyanın eneolit və ilk tunc
dövrü abidələrinə yaxındır.
40-cı illərin sonunda Mannanın ərazisində aşkara çıxarılan, elmdə "Saqqız" və
ya "Zivyə" dəfinəsi kimi məşhur olan, şərhinə R.Qirşman, A.Qodar, R.Barnet,
B.B.Piotrovski, S.İ.Rudenko, V.Q.Lukonin və b. əsərləri həsr edilmiş zəngin xəzinə
xüsusi maraq doğurur. E.ə. IX-VII əsrlərə aid olunan bu dəfinə, görünür, "qarışıq
dövrü" - bir tərəfdən Mannanın köhnə düşmənlərinin müdaxiləsinin gücləndiyi, digər
tərəfdən isə buraya köçəri qrupların soxulmağa başladığı dövrü əks etdirir. Bəzi
müəlliflərin fikrincə, dəfinənin materialları məşhur skif "vəhşi" üslubunun, dəst-
xəttinin məhz Manna ərazisində meydana çıxdığını, sonradan Ön Asiya və Cənubi
Rusiyaya yayıldığını güman etməyə imkan verir.
50-ci illərin əvvəllərində S.M.Zamyatninin rəhbərliyi altında respublika
ərazisində daş dövrünün öyrənilməsinə başlanmış, bu iş M. M.Hüseynov tərəfindən
müvəffəqiyyətlə davam etdirilmişdir. Aveydağdakı mağaranın, qaya sığınacağının
tədqiqi ilk inandırıcı paleolit materiallarını - Mustye dövrü və son paleolitə aid olan
məlumatları aşkara çıxardı. Daşsalahlı və Tağlar mağaralarında da paleolit
materialları aşkar edildi. M.M.Hüseynov tərəfindən kəşf edilmiş paleolit abidələri
içərisində öyrənilməsinə 1960-cı ildə başlanmış Azıx mağarası xüsusi yer tutur.
Mağaralarla yanaşı, bir sıra məntəqələrdə açıqtipli düşərgə yerləri tapıldı.
Tədqiqatlar nəticəsində mühüm paleolit abidələri - Kiçik Qafqazın, demək olar
ki, bütün şərq dağətəyi rayonunda, Kür vadisində yayılmış mağara düşərgələri
müəyyənləşdirildi.
Son otuz ildə aşkara çıxarılmış paleolit materiallarının öyrənilməsi belə bir
iddiaya imkan verir ki, Azərbaycan ərazisində hələ ən azı 1,5 mln il, bəlkə ondan da
əvvəl insan yaşamışdır. Bu materiallar bir sıra digər məlumatlarla birlikdə belə güman
17
etməyə əsas verir ki, Azərbaycan, ola bilsin ki, bəşəriyyətin ən qədim, ilk vətəninin
hüdudları daxilində olmuşdur.
Bir sıra səmərəli materiallar seriyası ilə zəngin olan Tağlar kompleksi
arxeoloqlarımıza yerli Mustye mədəniyyəti (Orta Paleolit) inkişafının lokal
xüsusiyyətlərini aşkara çıxarmaq və uzun bir dövr ərzində bu mədəniyyətin təkamül
mərhələlərini izləmək imkanı vermişdir. Bu kompleks ilk dəfə olaraq Qafqazın Ön
Asiya vilayətləri ilə qədim mədəni əlaqələrini müəyyənləşdirmək üçün etibarlı faktik
material vermişdir. Qeyd edək ki, Orta Paleolit dövrü Ə.Cəfərov tərəfindən
müvəffəqiyyətlə tədqiq edilir.
Azərbaycan ərazisində Üst Paleolit xeyli zəif öyrənilmişdir. Bu dövrə aid olan
materiallar Damcılı və Tağlar mağarasında, habelə Qazax rayonundakı açıqtipli
Yataqyeri düşərgəsində tapılmışdır.
Azərbaycan arxeoloqları mezolit və neolit dövrünün bəzi abidələrini Qazax
rayonunda, Qobustan zonasında, Gəncə yaxınlığında (ancaq neolit) aşkara çıxarmağa
nail olmuşlar. Mezolit ve neolit bəşər tarixinin mühüm mərhələləridir. Bu
mərhələlərin abidələrinin tədqiqi Azərbaycanda və bütövlükdə Zaqafqaziyada istehsal
xarakterli təsərrüfatın - əkinçilik və maldarlığın başlanğıc mənbəyini əsil mənada
öyrənməyə imkan verəcəkdir.
Bizim arxeoloqlarımız tərəfindən eneolit dövrünün qədim əkinçi-maldar
tayfalarına aid olan bir sıra abidələri aşkara çıxarılmışdır. Bu işin ilkin mərhələsi
O.A.Həbibullayevin adı ilə bağlıdır. Naxçıvan şəhəri yaxınlığındakı I Kültəpə
məskəninin aşağı təbəqəsindəki qazıntı Qafqaz arxeologiyasında yeni səhifə açmış,
Zaqafqaziya eneoliti və ilkin əkinçilik mədəniyyətinin öyrənilməsinin əsasını
qoymuşdur.
Kültəpə qazıntıları, habelə Azərbaycanın digər rayonlarında, Gürcüstan,
Ermənistan və Dağıstanda aşkara çıxarılan bir sıra ən qədim oturaq əkinçiliyə aid
abidələr e.ə. VI-III minilliklərdə Zaqafqaziyada mədəni-tarixi proses barəsində bizim
təsəvvürlərimizi xeyli dəyişir. Bu qazıntılar nəticəsində keçmiş SSRİ-nin cənubunda
Orta Asiya və Şimali Qara dəniz sahili mərkəzləri ilə yanaşı, daha bir qədim ilkin
əkinçilik mədəniyyəti mərkəzini - Qafqaz mərkəzini müəyyənləşdirmək mümkün
oldu.
Hazırda Azərbaycan Respublikası ərazisində yüzdən çox ilkin əkinçilik
abidələri aşkara çıxarılmışdır. Onlar Kür hövzəsi, Mil-Qarabağ düzü, Muğan və Araz
zonasında qeydə alınmış və xeyli dərəcədə öyrənilmişdir. Onların tədqiqində başlıca
rol İ.H.Nərimanova məxsusdur. Cənubi Azərbaycanda da çox maraqlı ilkin əkinçilik
kompleksləri qrupu məlumdur.
Naxçıvan MR və Kiçik Qafqazın cənub-şərq ətəklərində -Qaraköpəktəpə,
Günəştəpə, Leylatəpəsi, Ovçulartəpəsi və b. yerlərdəki qazıntılar tuncdan istifadənin
başlanğıcında Azərbaycan ərazisindəki qədim tayfaların mədəni-tarixi inkişafının