62
Qlobalaşmanın mahiyyəti özlüyündə transsərhəd xarakterli hərəkətlərin
səviyyəsinin yüksəlməsi prosesindən və ya sərhədlərin artan şəffaflığından
ibarətdir. Onun təzahürləri informasiyanın, pulun, maddi və qeyri-maddi
obyektlərin dövlət sərhədini keçən yerdəyişməsində özünü büruzə verir.
Qloballaşma pullar və mallar üçün sərhədsiz olan dünya birliyinin mövcudluğunu
nəzərdə tutur və bu nöqteyi-nəzərdən kommunistlərin «İnternasional»ındakı
«Köhnə dünyanı dağıdıb, öz yeni dünyamızı quracağıq» şüarından fərqli olaraq
hərfi mənadakı dağıntılara ehtiyac duymadan köhnə, arxaik stereotipləri,
dünyabaxışları aradan götürərək, yeni, öz tələblərinə uyğun gələn modellərin
tətbiqini zəruri sayır, lakin dünyanı dəyişmək, yeniləşdirmək məqsədini də
gizlətmir. Milli dövlətlərə bölünmüş dünya bu prosesdə öz konfiquryasiyasını
dəyişərək, sərhədlərin mövcudluğu şəraitində belə iqtisadi cəhətdən birləşməyə,
inkişaf etdirməyə, özünü insanlara ləyaqətli həyat bəxş edən məkana çevirməyə
cəhd edir. Buna doğru irəlilədikcə, qloballaşma bəşər övladının həyat şəraitini
yaxşılaşdırmaq imkanları yaradır. Bu nəcib işə isə başqa ad vermək mümkün
deyildir.
Qarşılıqlı iqtisadi münasibətlərdən, dünya ticarətindən dövlətlər, xalqlar
daim faydalanmışdır, bu həm də xalqların yaxınlaşmasına, ünsiyyət yaratmasına,
bir-birlərini yaxından tanımalarına yol açmışdır. Xalqlar arasında, Qərblə Şərq
arasındakı əlaqələri yaratmaq və gücləndirmək nöqteyi-nəzərindən Makedoniyalı
Aleksandrın və Çingizxanın islahatları və yaratdıqları imperiyalar öz ənənəvi
neqativ qiymətlərini dəyişərək, bir qədər cəzbedici çalarlar alır. Birincinin işğalları
Qərblə Şərqin vəhdətinə can atan ellin dünyasının yaranmasına, ikincinin
imperiyası isə Uzaq Şərqlə Avropanı ticarətə qovuşduran «İpək yolunun»
təhlükəsiz və daha səmərəli fəaliyyət göstərməsinə, həqiqi ticarət arteriyasına
çevrilməsinə şərait yaratmışdı. Asiyalılar dəniz ticarəti sahəsindəki geniş
fəaliyyətləri ilə yanaşı, naviqasiyanın və onda tətbiq ehtiyaclarından doğan dəqiq
elmlərin inkişafına samballı töhvə vermişlər. Kolumbun Yeni Dünyanı kəşf
etməsindən sonra zəngin bir sivilizasiyanın məhvinə səbəb olan istilalar baş versə
də, Atlantik okeanının hər iki sahilində yerləşən qitələrin bir-biri ilə ticarət
əlaqələri və təsərrüfat təcrübəsi mübadiləsi, Amerikadan Avropaya tanış olmayan
mühüm ərzaq bitkilərinin gətirilib, Köhnə Dünyada yayılması ümumən
bəşəriyyətin daha uğurlu inkişafı üçün şərait yaratdı. Ölkələr, xalqlar arasındakı
əlaqələr, ünsiyyət və əməkdaşlıq ümumən bəşəriyyətin hərtərəfli irəliləyişində
mühüm rol oynamışdır. Avropalılar və amerikalılar Yaponiyaya daxil olub, onu
dünyaya açdıqları kimi, daim izolyasiyada yaşamağa üstünlük verən və
feodalizmin sarsılmaz bastionuna çevrilən bu adalar ölkəsi də dünyanı özləri üçün
açmış, tarixən olduqca qısa müddətdə böyük elmi, texniki inkişaf, sənaye inqilabı
yolu keçmiş, qərbləşməyə yol açan Meyci inqilabından heç bir əsr belə keçməmiş,
başqa sözlə, XX əsrin ortalarında öz «iqtisadi möcüzəsi» ilə dünyanın təəccübünə
səbəb olmuşdu. Bu tarixi faktlar dünyanın birliyinə, birləşməsinə aparan
qloballaşmanın mahiyyətini daha yaxşı anlamağa kömək edir.
İndiki proseslər isə muasir dünyanı qarşılıqlı surətdə bir-birindən asılı
etmişdir. Ona görə də qloballaşma dünyanın sıxılmasına yol açması ilə yanaşı,
63
qlobal qarşılıqlı asıllığa bütöv bir şey kimi baxan dünya şüurunun intensifikasiyası
kimi düşünülür. «Qarşılıqlı asılılıq» çoxlu formalarda olmaqla, siyasi, diplomatiya,
sosial, iqtisadi və mədəniyyət sahələrini əhatə edir və dövlətləri məcbur edir ki,
bütün bu qarşılıqlı asılılıqlar kompleksini idarə etmək məqsədi ilə əməkdaşlıq
etsinlər. Bu konteksdə qloballaşma bütün dünyanın ən yeni kommunikasiya və
informasiya texnologiyaları əsasında maliyyə-iqtisadi, ictimai-siyasi və mədəni
əlaqələrə cəlb edilməsi deməkdir.
İqtisad elmində qloballaşmanın bir neçə istiqamətləri qeyd edilir. Bu hər
şeydən əvvəl maliyyə qloballaşmasıdır, qlobal müəssisələrin təşəkkül tapmasıdır,
iqtisadiyyatın
regionlaşması,
dünya
ticarətinin
intensifikasiyasıdır,
konvergensiyaya olan meyldir. Bu proses hər şeydən əvvəl iqtisadi məzmuna
malikdir, dünyanın regionlarının maliyyə, kommersiya və ticarət müstəvisində
bərabərləşdirilməsi, düzləndirilməsidir. Bu bərabərləşmə hər şeydən əvvəl rəqabət
imkanlarının bərabərliyini nəzərdə tutur.
Qloballaşma dünya ölkələrinin iqtisadi cəhətdən qarşılıqlı asılılığı ilə yanaşı
həm də kapitalın beynəlxalq axınına təkan verir, texnologiyaların yayılmasını
sürətləndirir və genişləndirir. Bu vaxt ölkələrin qarşılıqlı asılılığının güclənməsi ilə
müşayiət olunan transmilliləşmənin sürətlənməsi də vacib şərtə çevrilir. Bunlar ona
gətirib çıxarmışdır ki, artıq XX əsrin sonunda heç bir dövlət real suverenliyə və
müstəqilliyə malik deyildi. Sərhədlərin şəffaflığının və bir çox atributlardan
dövlətlərin özlərinin məhrum olmağının bariz nümunəsini biz Avropa İttifaqının
timsalında aydın görürük. Qurumun əhatə etdiyi 27 ölkə arasındakı münasibətlər
digər ölkələr arasında mövcud olan, əvvəllər isə öz aralarındakı münasibətlərdən
kəskin surətdə fərqlənir. İttifaqın köhnə üzvlərinin artıq hamısı, yeni üzvlər isə
tədricən vahid valyuta sisteminə keçərək, iqtisadi qaydaları nizamlayan geniş
qanunlar kompleksi yaradılmışdır. Ümumi miqrasiya sərbəstliyi beynəlxalq əmək
bölgüsünə də əsaslı təsir göstərmiş, işçi qüvvəsinin başqa ölkələrdə öz istifadə
imkanını tapmasına şərait yaratmışdır. Beləliklə, dünyanın inkişafında müşahidə
edilən iqtisadi dominanta qloballaşmanın həyata keçirilməsində mühüm faktora
çevrilmişdir.
Bu prosesin istehsal münasibətlərinə təsirini əks etdirən cəhətlərdən biri
istehsalın özünün təyinatının və məqsədinin klassik formulasının dəyişilməsidir.
Dəyər (əmtəə) istehsalı tədricən öz yerini istehlak dəyəri (məhsul) istehsalına verir.
Kapitalist münasibətlərinin iqtisadi mahiyyətini əks etdirən bu günki qloballaşma
özünü sosiallaşmanın ümumi mahiyyətini əks etdirən xüsusiyyət kimi də göstərir,
çünki qloballaşmanın həqiqi mahiyyəti həm də sosial münasibətlərin bütün
məzmununda, məhz insanın məqsəd və özlüyündə məqsəd olduğunu təsdiq
etməkdən ibarətdir.
Qloballaşma fenomeninin müsbət cəhətlərindən biri elmin və elmi
nailiyyətlərin inkişafına şərait yaratmasıdır. Doğrudan da bəşəriyyət özünün
mövcud olduğu minilliklər ərzində ilk dəfə faktiki olaraq bütövlüyə, qarşılıqlı
əlaqədə olan bir kompleksə çevrilir, beləliklə əsasən əvvəlki nominal birlik
durumunu arxada qoyur. Sivilizasiyalaşma prosesi qlobal miqyasda öz
universallığını nümayiş etdirir.
Dostları ilə paylaş: |