48
özləri içəridə ola-ola evlərini yandırdılar. Digərləri isə əllərində silah düşmənin
üstünə atılıb son nəfəslərinə qədər vuruşdu.
Karfagendən qayıdan səfirlər onların düşmən əhval-ruhiyyəsini xəbər
verdikdə, Romaya Saquntun darmadağın edilməsi məlumatı da gəldi. Senatorlar
bundan elə hiddətə gəldilər ki, elə bil düşmən Roma divarları qarşısında dayanmışdı.
Ona görə də xalq yığıncağına karfagenlilərə müharibə elan etmək təklifi verildi. Ordu
döyüş hazırlığına gətirildi. Lakin müharibəni başlamaq, bütün adətlərə əməl etmək
üçün yenidən Afrikaya beş nəfərdən ibarət səfirlər göndərildi, onların içərisində
Kvint Fabi də var idi. Onlar karfagenlilərdən soruşmalıydılar ki, Hannibala Saquntu
mühasirə etmək tapşırığını dövlətmi vermişdir? Səfirlər Karfagen senatına daxil
olanda Kvint Fabi məhz bu sualı onlara verdi. Bu vaxt bir karfagenli cavab verdi ki,
romalılar bizə ilk səfirləri göndərəndə də və onlara Hannibalı öz şəxsi məsuliyyəti
hesabına Saquntu mühasirəyə almış adam kimi verilməsini tapşıranda da tələsik və
təhqiramiz hərəkət etmişdilər. İndiki səfirliyin tələbi ondan daha sərtdir. O vaxt siz
təkcə Hannibalı ittiham edirdiniz və yalnız onun verilməsini tələb edirdiniz, indi isə
siz gəlmisiniz ki, bizim hamımızı günah işlətdiyimizi etiraf etməyə məcbur edəsiniz
və bizim öz etirafımızla üzərimizə cərimə qoyasınız.
Belə ittihamları sadaladıqdan sonra o, romalı səfirlərə bildirdi ki, Saquntu və
Giber çayını keçməyi bəhanə gətirməyi qurtarın, nəhayət uzun müddət ürəyinizdə
gəzdirdiyiniz məsələləri açıb tökün, onların yükündən azad olun. Bu vaxt romalı
toqasının ətəyini elə tutdu ki, onda oyuq əmələ gəldi və dedi: "Bax burda mən sizə
müharibə və sülh gətirmişəm; hansını istəyirsiniz, seçin!" Bu sözlərinə o, daha
məğrur cavab aldı: "Özün seç!" Romalı toqasını aşağı saldıqda, ucadan dedi: "Mən
sizə müharibə verirəm" və iştirak edənlər yekdilliklə cavab verdilər ki, onlar
müharibəni qəbul edirlər və qəbul etdikləri qətiyyətlə də onu aparacaqlar.
Səfirlər oradan İspaniyaya keçdilər ki, ayrı-ayrı icmalarla ittifaq bağlasınlar.
Lakin voltsiyalılarla görüşdükdə, onlardan sərt cavab aldılar: "Romalılar, sizin
vicdanınız necə yol verir ki, sizin məsləhətinizə qulaq asan saquntlular öz
düşmənləri, puniyalıların qəddarlığından daha çox öz müttəfiqləri romalıların
xəyanətindən ziyan gördükdən sonra bizdən tələb edəsiniz ki, karfagenlərin
dostluğundan sizinkini üstün tutaq. Sizə məsləhət görürük ki, Saquntun bədbəxtliyi
bilinməyən yerlərdə özünüzə müttəfiq axtarasınız, ispan xalqları üçün Saquntun
xarabaları qəmgin, həm də təsirli dərs olacaqdır ki, heç kəs Roma sədaqətinə və
Roma dostluğuna bel bağlamasın". Səfirlər belə sərt cavabdan sonra Qalliyaya
keçdilər. Qallar isə onlara belə cavab verdilər: "Romalılar bizə heç bir xidmət
göstərməmişlər, karfagenlilər isə bizi incitməmişlər; ona görə də romalıların xeyrinə,
puniyalıların əleyhinə silah qaldırmağa ehtiyac duymuruq". Beləliklə qall tayfaları da
romalıların müraciətinə dostluq mövqeyindən cavab vermədilər.
Hannibal 218-ci ildə Giber (indiki Ebro) çayını keçib, qallara xəbər göndərdi
ki, onların torpaqlarından keçəcəkdir. Həm də o, Alp aşırımları, dağ keçidləri
haqqında məlumat almaq istəyirdi. Tit Livinin yazdığına görə, Giber çayından
Hannibal 90 min piyada və 18 min süvari keçirmişdi. O, İspaniyada xeyli qüvvə və
21 fil qoyub getdi. Çoxları qarşıdakı müharibədən yox, insan qüvvəsindən yüksəkdə
duran Alp dağlarını aşmaqdan qorxurdu. Hannibal Qalliyaya düşmən kimi deyil, dost
kimi gəlmişdi və söz vermişdi ki, qallar onu məcbur etməsələr, İtaliyaya çatana qədər
49
qılıncları qınından çıxmayacaqdır. O, bəzi tayfalara qorxu ilə, digərlərinə hədiyyə
verməklə təsir edirdi. Hannibal əsgərlərin Alpdan aşmağın çətinliyindən qorxduğunu
bilib,
onların arasında narazılıq yaranmaması üçün İtaliyaya yürüşünü
sürətləndirməyi qət etdi və əsgərləri yığıb onlara müraciət etdi ki, sizə görə məgər
Alp uca dağlar deyilmi? Axı elə bir yer yoxdur ki, o, göyə dirənsin və insan üçün
keçilməz olsun. Əgər bu dağlarda adamlar yaşayırsa, onların öhdəsindən gələ bilirsə,
deməli döyüşçülər də bu dağlarla bacararlar. Silahdan başqa heç nəyi olmayan əsgər
üçün bu dağlar keçilməz, əlçatmaz ola bilməz. Bu mümkündürmü ki, bizim yürüşün
məqsədi olan Roma, dünyanın paytaxtıdırsa, bu yerlər nə qədər yabanı və sərt
qayalar olsa da, dayanmağımıza imkan versin?
Onun sözlərindən döyüşçülər həvəsə gəldilər və yollarına davam etdilər. Lakin
dağlar doğrudan da keçilməz idi. Bütün təbiət elə bil ki, şaxtadan donmuşdu. Bu
səhnə döyüşçülərə çox qorxulu görünürdü. Uca dağlar, buzluqlar, şiş qayalar, tük
basmış və cır-cındır geymiş adamlar onları dəhşətə gətirirdi. Çox sayda əsgər aşırımı
keçəndə sürüşüb aşağıdakı dərin uçurumlara düşürdü. Yük heyvanları xüsusən çox
əziyyət çəkirdi, qar topası kimi aşağı yuvarlanırdı. Doqquzuncu günü onlar aşırıma
çatdılar. Hannibal uzaq məsafəni seyr etməyə imkan verən dağ çıxıntısında əsgərlərə
İtaliyanı və Pad (indiki Po) çayının ovalığını göstərdi və dedi ki, bundan sonra hər
şey yaxşı gedəcəkdir, bir və ya iki döyüş İtaliya paytaxtı üzərində hakimiyyəti bizə
verəcəkdir. Əsgərlər İspaniyadakı Yeni Karfagendən Alpın ətəklərinə qədər beş ay
yarımadək vaxt sərf etmişdilər. Hannibalın yanında əsirlikdə olan Alimet məlumat
verir ki, Hannibal İtaliyaya 80 min döyüşçü və 10 min süvari gətirmişdi və guya
yolda Hannibal 36 min adam və böyük miqdarda at və yük heyvanı itirmişdi. Bundan
başqa o, Alp dağlarından 37 fil keçirə bilmişdi.
O, Pad çayı ətrafındakı qalları öz tərəfənə çəkdi. Bu vaxt Roma ordusuna
Korneli Stsipion komandanlıq edirdi və Hannibala qarşı o, göndərilmişdi. O, öz
döyüşçüləri qarşısında çıxış edərək dedi: "Siz qaliblərə məxsus ruhla vuruşacaqsınız,
onlar isə məğlublara məxsus utancaqlıqla döyüşəcəklər". Sərkərdə öz əsgərlərinə
karfagenlilərin I Puniya müharibəsində məğlub olmasını yada salırdı. O, davam
edərək dedi ki, indi də onlar bizimlə vuruşmağı igidliyin aşıb-daşmasından qət
etməmişlər. Onlar kabuslardır, onların əlləri, ayaqları donmuş, ancaq bir qədər xarici
görkəmdən insana oxşarlıqları qalmışdır. Onlar düşmənin yazıq qalıqlarıdır, düşmən
deyildir. Məni bircə şey düşündürür ki, siz döyüşəcəksiniz, adamlar isə güman
edəcəklər ki, guya Hannibala Alp qalib gəldi. Elə güman edin ki, sizə qarşı silah
qaldırmış qullarınızı görürsünüz. Onlar elə təsirli məğlubiyyətdən 20 il sonra dəlisov
oğlanın arxasına düşüb sizin doğma şəhərinizi mühasirəyə almağa gəlirlər. İndi siz
əvvəlki kimi Siciliyaya və Sardiniyaya sahib olmaq uğrunda deyil, İtaliya uğrunda
vuruşacaqsınız. Burada biz elə mərdliklə vuruşmalıyıq ki, elə bil ki, Romanın
divarları önündə vuruşuruq. Qoy sizin hər biriniz özünə yəqin etsin ki, o, təkcə özünü
deyil, həm də arvadını və kiçik yaşlı uşaqlarını qoruyur, sizin gücünüzdən və
igidliyinizdən Romanın və Roma dövlətinin taleyi asılı olacaqdır. Belə sözlər
döyüşçülərə təsir etməyə bilməzdi.
Hannibal isə öz döyüşçüləri qarşısında nitq söyləməkdənsə, ibrətamiz misal
göstərməyi üstün tutdu. O, səhnə kimi bir yerə, dağlılardan götürdüyü əsirləri çıxardı,
onların qabağına qalların silahını tökdü və dedi ki, onlardan kim qandaldan
Dostları ilə paylaş: |