13
Sənin sənətin musiqi çalmaqdırsa,
Mən zil və bəm səsləri dinləmək istəyirəm.
Sürməli kirpiklərini yana dartma
Bir ox at, gözləyirəm.
Bilirsən ki, sənsiz yaşamağa qüdrətim çatmır,
Əgər həyatımı istəyirsənsə, al, sənə verirəm.
Görürəm, əbəs yerə uğura ümid bağlamışam,
Mən son nəfəsimlə səni çağırıram.
Nizami öz canını sənə bağışlayır-
Qəbul et, necə ki, mən iztirabları qabul edirəm.
Və şübhə yox ki, onun yaratdığı söz dünyası hələ neçə nəsil oxucuların könlünə
məhrəm kəsiləcək, neçə nəsil araşdırıcını öz dolayısınca düşünməyə çağıracaq.
Məhsəti Gəncəvi söz tariximizin ilk böyük şairəsidir. Şairənin tarixi şəxsiyyət
olduğunu Fəridəddin Əttar, Şəmsəddin Məhəmməd Ben Qeys Razi, Həmdullah
Qəzvini, Dövlətşah Səmərqəndi, Əmin Əhməd Razi, Qiyasəddin Xondəmir və
başqa şairlər təsdiq edirlər. Haqqında yazılanlar onun bir sənətkar kimi Yaxın Şərq
İntibah mədəniyyətinin Xəyyam, Nizami, Hafiz, Xaqani kimi şairləri ilə bir sırada
durduğunu göstərir. Bunu bir çox mənbələrdə verilmiş rübailər də sübut edir.
Həmin mənbələrdən ən əhəmiyyətlisi Cəmaləddin Xəlil Şirvaninin tərtib etdiyi
“Nizhətül – məcalis” adlı məcmuədir. Bu məcmuə hal-hazırda İstanbulun Carullah
kitabxanasında saxlanılır. Çoxu azərbaycanlı olan 380 nəfər şairin əsərlərindən
ibarət olan məcmuənin əsas əhəmiyyəti ondadır ki, burada hamıdan çox
Məhsətinin rübailərinə yer verilmiş və 75 nümunə göstərmişdir.
Məhsəti Gəncəvi ilə bugünün oxucusu arasında doqquz əsrlik zaman ayrılığı
durur. Lakin bu zaman sərhədinin uzaqlığı, adi məntiqlərin əksinə olaraq,
Məhsətinin böyüklüyünü daha aydın görməyə imkan yaradır. Məhsəti Gəncəvinin
irsi dünya, həyat, bəşər, insan münasibətləri haqqında poetik hekayələrdir. Bu
şeirlər XII yüzildə yaransa da, fars orijinallarından belə bu gün asanlıqla başa
düşülür, tərcümədə də ifadə etdikləri fikirlərə görə dünyanın ən müxtəlif xalqlarına
doğma görünür. Adına küçə, məktəb, pedoqoji texnikum və s. var. Gəncədə
muzeyi yaradılmış, heykəli qoyulmuşdur.(1980). Rafael Hüseynovun “Məhsəti,
necə varsa” poetik tədqiqatı, M.H.Təhmasibin “Rübailər aləmində”, Kəmalə
Ağayevanın “Məhsəti” pyesləri ona həsr edilmişdir. “Rübailər” kitabı bir neçə dəfə
buraxılmışdır. Biz Məhsətini daha inadla öyrəndikcə, onun dərin mənalı, zərif
rübailərinin təkinə endikcə, ədəbi irsinin yeni-yeni nümunələrini üzə çıxardıqca,
şeirimizin sonrakı inkişafına, təsirinə aid daha tutarlı yeni dəlillər tapdıqca onun
istedadının, zəkasının böyüklüyünə heyranlığımız daha da artacaq. Və hər dəfə
ədəbiyyat tariximizin bu bənzərsiz, mübariz elçisindəki şeir vergisinin yeni
üfüqlərini kəşf etdikcə, onun ədəbi irsinə heyran olmamaq olmur. Ölməz sənəti ilə
Məhsəti bütöv Azərbaycanda özünə yaşar abidə ucaltdı. Rübailərindən başlayıb
oxucularının ürəklərindən keçən bütün yollar Məhsətinin adını daşıyır. Şeirlərini
oxuduqca Məhsətinin yaratdığı qəhrəmanlar gözlərimiz önünüdə canlanır. Məhsəti
Gəncəvi doqquz yüz il bundan öncə yanar düşüncəsi və mübariz qələmi ilə öz
sözünü deyən sənətkardır.
14
Yubiley tədbirlərinin keçirilməsi
Kamil insan günəşdən, aydan, ulduzlardan da əzəmətlidir. Məhsəti Gəncəvi
də bu insanlardandır. Bəli hər insan sirli-sehrli bir aləm, yazılmamış bir kitabdır.
Azərbaycan ədəbiyyatı tarixinin ən cazibəli ustalarından biri Məhsəti
Gəncəvi XII yüzildə qələm çaldı. Gəncənin intibah havalı münbit ədəbi mühitində
solmaz rübailər yaradan Məhsəti həm də mahir musiqiçi və usta şahmatçı idi.
“Musiqi zərifliyi Məhsətinin rübailərinə çökübsə, şahmat mürəkkəbliyi onun
taleyindən keçib. Vaxtın sərt küləkləri Məhsətinin şeirlərini və ömür yolu haqqında
bilgiləri ən müxtəlif əlyazmalarının səhifələrində ölkə-ölkə, şəhər-şəhər yayıb.
Məhsəti Gəncəvinin rübailərindəki məzmun zənginliyi, ifadə əlvanlığı, deyiliş
gözəlliyi həmişə oxucusunu məftun edib.” (M.Dilbazi) Yaradıcı insan Məhsəti
Gəncəvinin könül dünyası daha cazibədardır, təlatümlü, coşqun
,
üfüqləri isə daha
geniş, zəngin və əlçatmazdır.
Bu il gözəl şairəmiz Məhsəti Gəncəvinin 900 ili tamam olur. Bu münasibətlə
respublikanın bütün mədəniyyət müəssisələrində, eyni zamanda kitabxanalarda
yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulmuşdur. Kitabxanalarda bununla
əlaqədar maraqlı tədbirlər keçirmək olar. Tədbiri keçirmək üçün kitabxana
məktəblərlə, ali təhsil ocaqları ilə əməkdaşlıq etməlidir. Bu tədbirlər arasında
sərgilər mühüm yer tutur. Sərgidə şairənin kitabları, müxtəlif mətbuat səhifələrində
onun haqqında nəşr olunmuş məqalələr, onun fotoları nümayiş olunur. Sərgiyə
kitablarla yanaşı şairə haqqında dövri mətbuatda çap olunan məqalələrin
kartotekasını, şairə haqqında çəkilmiş sənədli və bədii filmlərin video-yazılarını,
kaset və disklərini də əlavə etmək olar. Təşkil edilmiş yubiley sərgisinin qarşısında
silsilə tədbirlər – söhbətlər, biblioqrafik icmallar keçirmək planlaşdırılmalıdır.
Sərgi müxtəlif başlıqlar altında keçirilə bilər. Məsələn: “Məhsəti Gəncəvi - 900”,
“Ədəbiyyatımızda yaşayan həyat”, “İradə və ifadə azadlığı olan yaradıcı Şərq
qadını Məhsəti Gəncəvi” , “Qüdrətli şairəmiz Məhsəti Gəncəvi”, “Xanımlar xanımı
Məhsti Gəncəvi”, “Məhəbbət şairəsi ”, “Dünyəviliyi, humanizmi, nikbinliyi ilə
seçilən şairə Məhsəti Gəncəvi ”, “Şərq ədəbiyyatının incisi”, “Şəxsiyyətinin
ucalığında dayanan sənətkar”, “Məhsəti necə varsa” , “Müəmmalar arxasından
boylanan sənətkar”, “Azərbaycan poeziyasının inkişafına töhfələr vermiş şairə
Məhsəti Gəncəvi”, “Rübai ustadı Məhsəti Gəncəvi”, “Məhsəti Gəncəvi
Azərbaycan intibahının hadisəsi kimi”, “Yaradıcı Şərq qadınının iradə və ifadə
azadlığının klassik modeli – Məhsəti Gəncəvi”, “XII əsr Azərbaycan poeziya
məktəbinin görkəmli nümayəndəsi Məhsəti Gəncəvi” və s.
İndi isə sərginin nümunəsini veririk.
1.
Başlıq. “Dünyəviliyi, humanizmi, nikbinliyi ilə seçilən şairə Məhsəti
Gəncəvi”.
2.
Məhsəti Gəncəvinin portreti.
3. Görkəmli insanların Məhsəti Gəncəvi haqqında söylədikləri sitatlar.
4. Dövrü mətbuatda çap olunan məqalələrin kartotekası.
5. Məhsəti Gəncəvidən bəhs edən kitablarının nümayişi.
6. Şeir parçası.