möhkəmləndirilməsinə söykənən düzgün strateji seçim və müasir inkişaf, əslində, bu gün ona gətirib
çıxarmışdır ki, Azərbaycan artıq dünyada daha dinamik inkişaf edən ölkə kimi qəbul edilir. Növbəti 20 il
üçün qarşıda duran vəzifələr bundan ibarət olacaqdır ki, dediyim kimi, bu müsbət təcrübəyə əsaslanan
inkişaf etmiş dövlət yaradaq. Demokratikləşmə, şəffaflıq, qanunun aliliyi olmadan inkişaf etmiş ölkə
yaratmaq qeyri-mümkün olacaqdır. Əlbəttə, Azərbaycanın iqtisadi potensialı, təbii ehtiyatları, insan
potensialı və coğrafi vəziyyəti elədir ki, siyasi yolun seçimindən asılı olmayaraq, Azərbaycan həmişə
inkişaf edəcəkdir. Buna heç bir şübhəm yoxdur. Lakin məsələ bundadır ki, necə? Hansı sürətlə? Biz bu
inkişafın nəticəsində nə əldə edəcəyik? Mən ölkəmizi qanunun aliliyinin bərqərar olduğu, çox güclü
sosial siyasəti, inkişaf etmiş iqtisadiyyatı və regionda möhkəm mövqeləri olan müasir və demokratik bir
ölkə kimi görürəm. Dediklərimin böyük hissəsi artıq əldə edilmişdir. Lakin, necə deyərlər, təkmilləşmə
sərhəd tanımır. Gözümüzün qarşısında inkişaf etmiş ölkələrin müsbət təcrübəsi vardır və əlbəttə, biz bu
təcrübəni öyrənirik, lazım gəldikdə tətbiq edirik. Açığını deyim ki, kor-koranə istifadə etmirik, məhz bizə
uyğun gələni və doğru saydığımızı tətbiq edirik. Buna görə də əminəm ki, yaxın perspektivdə qarşıya
qoyduğumuz məqsəd və vəzifələr həyata keçiriləcəkdir. Əgər 8 ildə ümumi daxili məhsulun üç dəfə
artırılmasına nail olmuşuqsa, indi artıq üçqat artırılmış ÜDM-i 2013-2023-cü illərdə iki dəfə artırmaq
vəzifəsini qarşımıza qoyur və ona hazırlaşırıq. Yəni, bu vəzifə artıq qarşıya qoyulmuşdur. Hazırda
hökumətdə həmin vəzifənin konsepsiyasının hazırlanması və həyata keçirilməsi istiqamətində iş gedir.
Əgər üçqat artırılmış ÜDM-i iki dəfə artırmaq kimi iddialı bir vəzifə qarşıya qoyulursa, onda həm
ehtiyatlar, həm vasitələr, həm elmi fikir, həm də intellektual potensial – hər şey bu vəzifəyə uyğun
səfərbərliyə alınır. Odur ki, belə gözəl iqtisadi göstəricilərə malik olduğumuz halda, biz siyasi sistemin
transformasiya edilməməsini özümüzə rəva görə bilmərik və biz bunu edirik. Axı, Azərbaycan 10 il əvvəl
Avropa Şurasına təsadüfən daxil olmamışdır. Axı, həmin quruma daxil olanda başa düşürdük ki, bu,
üzərimizə böyük məsuliyyət qoyur və biz sərt tənqid atəşinə məruz qalacağıq.
- Avropa baxışı altında...
- Bəli, monitorinq ilə və bu tənqid heç də həmişə xoş, heç də həmişə ədalətli deyildir. Biz buna
şüurlu surətdə getdik. Bu təşkilatın üzvü olmayan çox ölkələr vardır, lakin bu, onların seçimidir. Biz
ölkəmizi transformasiya etmək istəyirik. İstəyirik ki, həm ictimai şüurun səviyyəsi, həm də mövcud tarixi
təcrübə siyasi sistemin bizim düşündüyümüz meyarlarına cavab versin. Çünki Azərbaycan müsəlman
Şərqində demokratik respublika qurmuş, demokratik parlament yaratmış, bir çox Avropa ölkələrindən
xeyli əvvəl qadınlara seçmək hüququ vermiş ilk ölkədir. Yəni ölkəmizdə müasirlik və maarifçilik
ənənələrinin dərin kökləri vardır. Biz müasir dövlətimizi bu baza üzərində qururuq və onu mütləq
quracağıq.
-Azərbaycan müstəqilliyinin 20 illiyini “Eurovision”da qazandığı böyük uğurla bayram etdi.
Bu, həqiqətən böyük qələbə idi. Həmin gecə, demək olar, bütün gənclərin küçəyə axışdığını
müşahidə etmək olardı. Yeri gəlmişkən, elə Moskvada da gənclər - Azərbaycandan olan tələbələr
bayram edirdilər. Əlbəttə, belə hadisələr cəmiyyəti çox birləşdirir. Onlar ölkəyə bayram gətirir və
bir növ əhval-ruhiyyəni daha da yaxşılaşdırır. Belə hadisələr nə dərəcədə vacibdir. Axı, prinsipcə,
heç nə göydən düşmür, bu, böyük zəhmətin nəticəsidir. İnsanları birləşdirən belə bayramları,
hadisələri yaratmaq üçün hazırda hansı istiqamətlərdə işlər aparılır?
- Bilirsiniz ki, bu, həqiqətən də böyük qələbədir. Bu, ilk növbədə Azərbaycanın tanınmasıdır. Mənə
çox xoşdur ki, ictimai səsvermənin nəticələri bizim üçün daha əlverişli olmuşdur. Çünki bildiyiniz kimi,
“Eurovision”da qələbə iki komponentdən – münsiflər heyətinin səs verməsindən və ...
- Demək olar, bütün tamaşaçıların səs verməsindən asılıdır.
- Bəli. Yəni, bütün Avropa bizə səs vermişdir. Demək olar, bütün Avropa. Biz böyük fərqlə qalib
gəldik. Bu, olduqca vacib məqamdır. Əlbəttə, bu, bizim ifaçıların qələbəsidir. Gözəl mahnı, gözəl ifa və
ifaçılarımızın obrazı – məhz gənc, müasir dövlətimiz kimi müasir, gənc obraz. Lakin eyni zamanda,
həmin qələbə burada, əlbəttə, daha geniş mənada qələbə kimi qəbul edilir. Heç şübhəsiz, belə qələbələr
birləşdirir.
Deməliyəm ki, biz, əslində, hər ay qələbələr əldə edirik. Lakin bəzən onlar görünmür, çünki cüzi və
ya quru, cansıxıcı statistik məlumatların arxasında gündəlik həyatımızda ölkənin inkişafında nail
olduğumuz böyük qələbələr dayanır. Lakin elə qələbələr də var ki, onları hamı görür. İndiki halda musiqi
müsabiqələrində qələbələrin, əlbəttə, xüsusi əhəmiyyəti vardır. Mən, həmçinin idmandakı qələbələri qeyd
edərdim. Burada idmançılarımızın hər bir qələbəsi böyük milli bayrama çevrilir. Bizim Olimpiya
çempionlarımız, dünya çempionlarımız vardır. Bizdə hər bir idman qələbəsi cəmiyyətdə müsbət
emosional təkan yaradır. Həmçinin BMT-nin Təhlükəsizlik Şurasına seçilməyi qeyd edərdim. Çünki
iqrisadiyyatdakı qələbələri də təbii ki, idmandakı kimi olmasa da, amma hər halda həm görmək və
toxunmaq, həm də ailə büdcəsində hiss etmək olar. Lakin xarici siyasətdə bu, gözdən sanki daha uzaqdır.