27
Yenikənd və İlisu sahələrinə bölünürdü. Axırıncı sahə keçmiş İlisu sultanlığının
bütün torpaqlarını əhatə edirdi. Sultanın səlahiyyətləri isə sahə iclasçısının
səlahiyyətləri
ilə
məhdudlaşdırıldı.
Müstəqil
idarəçilik
hüquqlarının
məhdudlaşdırılması ilə barışmaq istəməyən Daniyal sultan, hərbi nazirə və
Qafqazdakı rus qoşunlarının baş komandanına göndərdiyi məktublarda kəskin
narazlığını bildirir, hüquqlarının tapdanmasını alçaldıcı iş hesab edirdi. 1842-ci il
iyulun 1-də hərbi nazirə göndərdiyi məktubda yazırdı: "Atam öldükdən sonra mən
1831-ci ildə irsi olaraq əlahəzrət tərəfindən sultan təyin edildim. Vəzifəyə
keçdikdən sonra daim xalqımın Rusiya imperiyasına sadiq qalmasına çalışmış və
özümü var qüvvə ilə bu işə həsr etmişəm. Bütün xidmətlərim əlahəzrət imperator
tərəfindən qiymətləndirilmişdi. Lakin 1840-cı ildə yenidən idarəetmə orqanları
təşkil olunarkən mənim mülklərim Gürcüstan-İmeretiya quberniyasının Balakən
qəzasının tərkibinə daxil edilmişdi. Daşıdığım titulun saxlanmasına baxmayaraq
mənə sahə iclasçısı hüququnda ümumi vətəndaş nizamnaməsinə əsaslanaraq
rəhbərlik etmək tapşırıldı. Əcdadlarımın əsrlərlə mövcud olan irsi hüquqlarının
pozulmasını, sizin iradənizdən asılı olmayaraq həyata keçirildiyini güman edirəm.
Lakin bu işi aydınlaşdırmaq üçün baş komandana müraciət etdim. Sizə müraciət
edərək aşağıdakıları nəzərdən keçirməyinizi xahiş edirəm! "Bu ərazilərin
(sultanlığın) əcdadlarımdan mənə miras qalmasını əsas götürərək hüquqlarımın
tapdanmasına yol verməyin. Məni yerli quberniya rəisinə tabeçilikdən və
Zaqafqaziya ölkəsində fəaliyyət göstərən vətəndaş idarəetməsi nizamnaməsinə
tabelikdən azad etməyinizi xahiş edirəm. 2) İlisu sultanlığının irsi olaraq mənə
keçməsi haqqında vəsadət qaldırılmağınızı sizdən xahiş edirəm. Bu məni və
övladlarımı gələcəkdə Rusiya hökumətinə daha sədaqətlə qulluq etməyə
ruhlandırar" (123, s. 49-50).
Daniyal sultan 1843-cü il yanvarın 12-də baş komandan general adyutant A.
İ. Neydqarta göndərdiyi raportda da hüquqlarının məhdudlaşdırılması ilə barışmaq
istəmir, sahə iclasçısı vəzifəsini alçaldıcı iş hesab edirdi (123, s. 51).
Yeni idarəçilik qaydalarının tətbiq edilməsi elə ilk vaxtlardan müəyyən
çətinlik yaratdı. Hərbi nazir knyaz Çernışevin fikrincə Car-Balakən qəzası mülki
idarəçiliyin əsaslarının mənimsənilməsinə hələlik hazır deyildi. Sərhədlərin
basqınlardan qorunması, əhalinin tabe olmayan dağlı xalqlarla yaxınlığı, müsəlman
ruhanilərinin fəaliyyətinə ehtiyatlı nəzarət mülki idarəçiliyin əsaslarına uyğun
gəlmirdi. Hərbi qaydaların saxlanması və mümkün qədər sadələşdirilməsi zəruri
idi.
1842-ci ildə Qafqazı yoxladıqdan sonra hərbi nazir knyaz Çernışev baş
komandan general-adyutant E. A. Qolovinə Balakən qəzasının dairə adlandırılması
və idarəçiliyi hərbi-ştab zabitinə tapşırmaq haqqında əmr verdi. Əmrdə göstərilirdi
ki, mülki təsisatlardan ərazidə yalnız xəzinə saxlanmalı, mülki işlər şəriət və
münsiflər məhkəməsi vasitəsilə həll edilməlidir. Rusiya qanunları vasitəsilə öz işini
yoluna qoymaq istəyənlər yaxınlıqdakı Şəki məhkəməsinə göndərilə bilərdi.
28
Hərbi nazirin yalnız Balakən qəzasının yenidən qurulması xarakteri daşıyan
bu tapşırığı dərhal yerinə yetirildi. Qəza dairə adlandırıldı. Dairə rəisinə əvvəllər
qəza rəisinə həvalə edilən təhqiqat, cinayət-iddia işlərinin qəti həll edilməsi
hüquqları tapşırıldı. Kənd idarəsi 1840-cı ilədək mövcud olan qaydalara görə xalq
tərəfindən seçilən yüzbaşılar, kovxalar, tabunbaşılar və çavuşlardan ibarət idi.
Qafqazdakı rus qoşunlarının baş komandanı general-adyutant A. İ. Neydqart
1843-cü ildə Car-Balakən dairəsini və İlisu sultanlığını Balakən dairəsinin hərbi-
dairə rəisi titulu almış general-mayor Şvartsa tabe etdi. Dairə rəisi əvvəlki kimi
qapdı, o hərbi məsələlərdə, general Şvarts isə mülki işlərdə quberniya rəhbərliyinə
tabe edildi. Təlimatda qərara alınmışdı ki, diyarda sakitliyi, qayda-qanunu və
təhlükəsizliyi qoruyub saxlamağa xidmət edən hərbi-dairə rəisinin bütün əmrlərini
mülki hakimlər danışıqsız və dərhal yerinə yetirməli idi. Bütün işlər haqqında hərbi
dairə rəisi baş komandana, dairə rəisi isə quberniya rəhbərliyinə raport verməli idi.
Hərbi dairə rəisinin səlahiyyətləri daha böyük idi. Təlimatın 15-ci paraqrafına görə
etibarsız hesab edilən məmuru o dərhal vəzifəsindən kənarlaşdıra bilərdi.
Tezliklə aydın oldu ki, hərbi fəaliyyət teatrına çevrilən Dağıstanla
həmsərhəd olan İlisu sultanlığı və Balakən dairəsinin əhalisi üzərində nəzarəti daha
da gücləndirmək lazımdır. Buna görə də general Neydqart dairəni və onun
tərkibinə daxil olan sultanlığı Gürcüstan-İmeretiya quberniyasının mülki
idarəçiliyindən tamamilə ayırmaq qərarına gəldi. Car-Balakən dairəsi bütünlüklə
hərbi-dairə rəisinə tabe edildi, ona inzibati, maliyyə, təsərrüfat və mülki məhkəmə
münasibətlərində mülki qubernatorun, cinayət işləri üzrə hökm verilməsi sahəsində
isə diviziya rəislərinin hüquqları verildi. İlisu sultanı 1840-cı il təsisatına qədər
Car-Balakən vilayətinin rəisinə tabe edilirdi. Öz əlində çox böyük səlahiyyətlər
toplayan general-mayor Şvarts bütün əmrlərinin sözsüz icra edilməsini tələb edirdi.
Özünü sultanlığın irsi hakimi sayan və bu vaxtadək heç kimə tabe olmayan Daniyal
sultan
isə
Şvartsın göstərişlərinə əməl etmirdi. Getdikcə imtiyazları
məhdudlaşdırılan Daniyal sultan Qafqaz canişininin Şamilə qarşı hərbi səfərdə
iştirak etmək təklifini rədd etdi. Məsciddə Rusiyanın müstəmləkə əsarətinə qarşı
mübarizə aparmağa and içən Daniyal sultan Şamilin tərəfinə keçdi. O İlisu ilə
qonşu olan ərazilərə Car-Balakənə, Şəki və Şirvan qəzalarına öz adamlarını
göndərərək onları bu mübarizəyə qoşulmağa çağırdı. Ailəsini Dağ Mahalına
göndərən sultan müdafiə sistemi yaratmaq üçün bir sıra tədbirlər həyata keçirdi
(72, s. 732).
1844-cü ildə Daniyal sultanın Şamilin tərəfinə keçməsindən sonra İlisu
sultanlığı ləğv edildi. O əvvəlcə Car-Balakən dairəsinin rəisinə tabe olmaqla xüsusi
İlisu dairəsinə (mahala) sonra isə Car-Balakən dairəsinə aid sahəyə çevrildi.
1859-cu ildə Qafqazın şərq hissəsi ruslar tərəfindən istila edildikdən sonra
Dağıstan vilayətinin yaradılması ilə əlaqədar vaxtilə İlisu sultanlığının ərazisi olan
torpaqlar yəni Dağ mahalı cənubi Dağıstana birləşdirildi (129, s. 32).