280
Xalqımızın xoşbəxtliyi onunla ölrülür ki, onun M.F.Axundov, H.B.Zərdabi,
N.B.Vəzirov, C.Məmmədquluzadə, F.Köçərli kimi ziyalıları bu təhlükəni vaxtında
hiss etmiş, doğma dilimizi yad təsirlərdən qorumaq üçün var qüvvə ilə mübarizə
meydanına atılmış, onun saflığı uğrunda sözün əsil mənasında fədakarlıq
göstərmişlər.
Dil ətrafında gedən mübahisə dövri mətbuat səhifələrində daha ciddi şəkil
almışdı. Mütərəqqi və irticaçı qüvvələr bir-birinə zidd cəbhələrə ayrılmışdı. Bir
tərəfdə “Əkinçi” qəzetinin ənənələrini davam etdirən molla nəsrəddinçilər və
onlara kömək edən mütərəqqi ziyalılar, digər tərəfdə isə “Füyuzat”, “Şəlalə”,
“Həyat” və başqa bu kimi mətbuat orqanlarına rəhbərlik edən Ə.Hüseynzadə,
Ə.Ağayev, X.Səbrizadə kimi mühərirlər dururdu.
Adi Azərbaycan sözlərinin yerinə ərəb, fars, Osmanlı
sözləri işlətməyin dəb
düşdüyü bir zamanda Y.V.Çəmənzəminli haqlı olaraq bir çox qəzet və
məcmuələrin xalq arasında nüfuzunu itirməsinin, bəzilərinin bağlanmasının əsas
səbəblərindən birini də onların dilinin təmizliyində görür. “Füyuzat”, “Şəlalə”
məcmuələrinin, “Həyat” qəzetinin aqibətini misal gətirirdi.
Firidun bəy Köçərli dostu Abdulla Şaiqə göndərdiyi məktubların birində
ərəb, fars tərkiblərinin süni olaraq silimizə doldurulmasından, mətbuat dilinin
bərbadlığından bəhs edərək yazırdı: “Fars və ərəbə meyl və rəğbətimiz o dərəcə
cox olubdur ki, öz dilimizdə olan sözləri atıb əvəzinə əcnəbi dillərin qəliz
ibarələrini və sözlərini götürmüşük. ... ərəbin cəm siğəsi dilimizin evini yıxıbdır.
Bizim qəzetlərdə çap olunan məqalələrdə, teleqram tərcümələri, hətta elanlar o
qədər dolaşıq və çətin dildə yazılır ki, oxuyanlar başa düşmürlər” (7).
Həmin illərdə bunun əksinə olaraq xalq, həyatını əks etdirən, xalqa yaxın
olan “Molla Nəsrəddin”, “Bəhlul”, “Tuti” jurnalları öz müəlliflərini geniş oxucu
kütləsinin başa düşəcəyi sadə dildə yazmağa çağırırdı.
Bu məsələdə böyük demokrat yazıçı, jurnalist C.Məmmədquluzadə və onun
“Molla Nəsrəddin” jurnalı düzgün mövqedə durmuş, doğma dilimizi yad
təsirlərdən qorumağa çalışmış, onu türkləşdirmək, farslaşdırmaq istəyən burjua
ziyalılarına qarşı ardıcıl və kəskin mübarizə aparmışdır. Təsadüfi deyil ki,
C.Məmmədquluzadənin hekayə, felyeton və məqalələrindən bir çoxu bu mövzuya
həsr olunmuşdur.
“Bəhlul”jurnalının birinci nömrəsində belə bir xəbərdarlıq var idi: “Açıq
türk (Azərbaycan) dilində olmayan məqalələr dərc olunmayacaqdır”.
Azərbaycan dilinin saflığı uğrunda ardıcıl mübarizə aparan ziyalılarımız
arasında Seyid Hüseynin xidmətləri böyükdür. Onun dil haqında fikirləri bu vaxta
qədər tədqiq edilib öyrənilməmişdir.
Seyid Hüseyn dil haqqında müxtəlif qəzet və jurnallarda “Türk sözləri”,
“Fəqərələr”, “Bir mütaliə”, “İmla və imlaçılarımız”, “Dil ətrafında mütaliələr”,
“Ədəbiyyatımıza bir nəzər” və bir sıra başqa məqalələrinin çap etdirmişdir. Bu
məqalələrdə müəllif dilimizin lüğət tərkibinin zənginləşməsi, əcnəbi söz və
ifadələrin təmizlənməsi, ədəbi dil, tərcümə dili, imla, əlifba kimi mühüm məsələlə-