GüLÜMSƏr qadin



Yüklə 18,86 Kb.
tarix09.10.2018
ölçüsü18,86 Kb.

GÜLÜMSƏR QADIN
Yarımca saatın ərzində Fəxrəndə aləmi bir-birinə qarışdırdı. Telefonla zəng vurub anasını, qayınatasını, baldızını, qayınanasını təcili evlərinə çağırdı. Heç kimə də bu həyəcanın sirrini açmadı: “Gələrsiz, bilərsiz” – dedi.

Bir azdan qapı dalbadal döyülməyə başladı. Əvvəlcə anası özünü yetirdi. Astanada ürəyini tutub nəfəsini dərdikdən sonra zarıltı ilə soruşdu:

- Ay qız, nə bədbəxt hadisə üz verib?!

Onun dalınca qaça-qaça baldızı gəldi. Rəngi qaçmış halda xəbər aldi:

- Sən allah, məndən gizlətmə, qardaşıma nə olub?

Üçüncü qayınatası çəliyini yerə döyəcləyə-döyəcləyə içəri girdi:

- Desənə, nə məsələdir, Fəxrəndə?

Axırda qayınanası qapıdaca yaxasını cırıb, ikiəlli sinəsini şappıldatdı:

- Tez danış görüm, oğlumun başında nə qəzavü-qədər var? Bizi niyə çağırmısan?

Fəxrəndənin hamıya cavabı bir oldu:

- Hər halda xeyir deyil!..

Əri Zahidin evin ortasında döşəməyə atılmış pencək-şalvarını, köynəyini, qalstukunu görəndə birə-beş təşvişə düşdülər.

Qayınata dözmədi:

- Tez ol, ay qız başa sal bizi nə faciə baş verib? Bu pal-paltar nədir?!

Ev sahibəsi stol arxasında onlara yer göstərdi:

- Əyləşin, hamısını danışacağam.

Anası, qayınatası, baldızı, qayınanası oturdu. Fəxrəndə özü ayaq üstə durdu. Vahiməli baxışlar onun sifətinə dikildi. Qadın dil –dodağı əsə-əsə iclasın sədri kimi sözə başladı:

- Səhər Zahid evdən çıxanda tapşırdı ki, kostyumu ütüləyib hazırlayım axşam gedəsi yeri var. Mən hardan biləydim o hansı cəhənnəmə, kimin görüşünə can atır?! Bayaq elə pencəyi götürüb çırpanda ... cibindən bir fotoşəkil düşdü. Baxam, adama oxşamaz bir arvad! O dəqiqə başım gicəlləndi... özümdən getdim...mətbəxdə tir-tap yerə sərələndim...- Fəxrəndə stolun süfrəsinin altından çıxartdığı rəngli fotoşəkli ortaya atdı. - Buyurun, tamaşa eləyin, görün Zahid gözəl- göyçək, namuslu cavan arvadını evdə qoyub, kiminlə gəzir!.. yenə bir vid-fasonu ola, dərd yarıdır. Əntər ondan yaxşıdır!.. indi deyin, mən neyləməliyəm?! Başıma haranın daşını tökməliyəm?!

Fotoşəkli ötürə-ötürə bir-bir baxdılar.

Anası dodaq büzdü:

- Bu külbaşın heç qaşları da yoxdur ki!..

- Elə onu de!

Qayınata eynəyini taxıb fotoya çox zəndlə diqqət yetirdi:

- Milləti nədir bu cavanəzənin?

- Nə bilim! Moltanı!

Baldız boynunu yana əyib qaşlarını oynatdı:

- Ancaq yaxşı gülüşü var, əndamı yanmışın...

- Sənə xoş gələr də... Qardaşınınkıdır axı!

Qaynana qanrılıb şəkli üzü aşağı tutdu:

- Zahiddən çıxmayan iş! Bunun nəyinə aşiq olub?

Fəxrəndə yanıb-yaxıldı:

- Bir mənə də baxın, onun mürdəşir yumuş sir-sifətinə də diqqət yetirin. Görün, hansımız gözəlik! Eləsini mən evimdə qulluqçu da saxlamaram!

Anası qızına tahmar çıxdı:

- Aaa, nə danışırsan! Sən onun yanında malaikəsən!

Fəxrəndə yenə yana-yana donquldandı:

- Heç insafdır? Sən ərinin kostyumunu, köynəyini ütüləyəsən, o da geyinib-kecinib başqa arvadın görüşünə gedə? Yox, mən buna dözmərəm. Günü sabah məhkəməyə ərizə verib ayrılacağam. Arada sədaqət pozulandan sonra cəhənnəm olsun hər şey!..

Otağa qəmgin bir sükut çökdü. Anası köksünü ötürdü. Qayınatası fikirli-fikirli bığlarını sığalladı. Baldızı barmaqlarını şaqqıldatdı. Qayınanası buxağının tərini sildi. Sonra Fəxrəndənin çağırdığı referendumda növbə ilə hərə öz münasibətini söylədi:

- Ayrılacağam, demək asandır... Bəs ev-eşik... uşaqlar...

- Qoy gəlsin, görün mən o qırışmalın dərsini necə verəcəyəm.

- Aralarında məhəbbət varsa, onların işinə qarışmaq çətindir!..

- İnana bilmirəm! Zahid dünyasında öz ailəsinə xəyanət edə bilməz!..

Fəxrəndə qayınanasının sözlərindən cin atına mindi:

- Ay arvad tərəfkeşlik eləmə” Bəs o şəkil nədir? Kişi də cibində başqasının arvadını gəzdirər?! Elə onun üçün də axır vaxtlar özünə bəzək-düzək verir. Axşamlar evə gec gəlir...

Gündəlikdə qoyulan məsələ ətrafında referendum çox uzun çəkdi. Adı, kimliyi naməlum gülümsər xanımın fotoşəkli xeyli müddət stolun üstdə əldən - ələ gəzdi. Baxdılar... düşündülər... Biri Zahidi məzəmmət etdi, digəri onun məşuqəsinin ünvanına söyləndi...

Zahidin işdən gələn vaxtı idi. Qapı qəflətən açıldı. Pərtlikdən heç kəs yerindən tərpənmədi. Haçandan-haçana Fəxrəndənin qayınatası şəkli götürüb cəld yerindən qalxdı pencəyin sağ qolunu azacıq yuxarı çəkərək dəhlizə keçdi.

- Ata, salam! – deyə onu görən oğlu şən və gümrah səslə dilləndi. Cavabında kişi Zahidin qulağının dibinə bir şapalaq ilişdirdi:

- Köpəyoğlu! Evdə arvad-uşağın ola-ola cibində gəzdirdiyin bu qadın şəkli kiminkidir?

Zahid atasının əlində fotonu görüncə ağzını göyə açaraq ucadan, lap ucadan şaqqanaq çəkdi:

- Bu yaxınlarda Fəxrəndəni boşayıb onu alacağam! – dedi.

Sonra halını dəyişmədən içəri keçdi

Anası da onu qınadı:

- Oğul, atanın sözünü qəribliyə salma. Cavab ver, bizi nigarançılıqdan qurtar. Kimdir o şəkildəki qadın?..

Zahid evdəkiləri istehza ilə süzüb qımışdı:

- O dünya gözəlini kim tanımır ki! On beşinci əsr böyük İtaliya rəssamı Lionardo Da Vinçinin məşhur “Cokonda”sı! Keçən ay rəsm qalereyasında olanda onun rəngli fotosunu orijinalından özüm çəkib çıxartdırmışam...






Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə