Günah lüğət elmində


-“SABİQUN” (ÖNDƏ OLANLAR) AYƏSİ



Yüklə 3,25 Mb.
səhifə46/61
tarix14.06.2018
ölçüsü3,25 Mb.
#49036
1   ...   42   43   44   45   46   47   48   49   ...   61

18-“SABİQUN” (ÖNDƏ OLANLAR) AYƏSİ


“Vaqiə” surəsinin 10-14-cü ayələrində buyurulur:

وَالسَّابِقُونَ السَّابِقُونَ أُوْلَئِكَ الْمُقَرَّبُونَ فِي جَنَّاتِ النَّعِيمِ ثُلَّةٌ مِّنَ الْأَوَّلِينَ وَقَلِيلٌ مِّنَ الْآخِرِينَ

Öndə olanlar, öndə olanlar! Onlar yaxın olanlardır. Onlar behiştin nemətlə dolu bağlarında olacaqlar. Bir qrupu əvvəlki ümmətlərdən, az bir qismi də sonrakılardandır!”

Hakim Həskani “Şəvahidut-tənzil” kitabında İbn Abbasdan belə nəql edir: “(İmanda) Öndə olanlar üç nəfərdir: Musaya iman gətirən Yuşə ibn Nun, İsaya iman gətirən Sahibi-Yasin (Həbib Nəccar) və Peyğəmbəri-əkrəmə (s) ilk iman gətirən Əli!”1

Yenə həmin kitabda İbn Abbasın belə dediyi nəql olunur: “Peyğəmbəri-əkrəmdən (s) bu ayənin təfsirini soruşdum. Həzrət buyurdu:



حَدَّثَنِى جَبْرَئِيلُ بِتَفْسِيرِها، قالَ ذاكَ عَلِىٌّ وَشِيعَتُهُ اِلَى الْجَنَّةِ:

Mən onun təfsirini Cəbraildən soruşdum. O dedi: “Ayə Əli və onun şiələrinə aiddir, onlar hamıdan öncə behiştə girəcəklər!”2

Bu iki hədis və təfsir bir-birilə ziddiyyət təşkil etmir; çünki Əli (ə) həm Peyğəmbərə (s) iman gətirməkdə, həm də behiştə daxil olmaqda hamıdan öndədir. Həqiqətdə, bu iki təfsirin bir-birilə sıx rabitəsi var. (Yəni hamıdan əvvəl Peyğəmbərə (s) iman gətirən şəxs hamıdan əvvəl də behiştə daxil olacaqdır!)

Həmin kitabda bu barədə əlavə olaraq bir neçə hədis də nəql olunmuşdur.

“Əd-durrul-mənsur” kitabında da İbn Əbi Hatəm və İbn Mərdəveyh həmin ayənin təfsiri ilə bağlı İbn Abbasdan iki rəvayət nəql edirlər. Hədislərin birində belə deyilir: “Musaya (ə) iman gətirən birinci şəxs Yuşə ibn Nun, İsaya (ə) iman gətirən birinci şəxs Həbib Nəccar və İslam peyğəmbərinə (s) iman gətirən birinci şəxs isə Əli ibn Əbi Talibdir (ə)!”3

Həmin kitabda bu məzmunda daha bir neçə hədis də nəql olunmuşdur.4 Bu hədisi nəql edən alimlər aşağıdakılardır:

–İbn Məğazili, “Əl-ümdə” kitabı (İbn Bitriqdən nəqlən);

–Sibt ibn Cövzi, “Təzkirə” kitabı;

–İbn Kəsir, “Təfsir” kitabı;

–İbn Həcər, “Əs-səvaiq” kitabı;

–Əllamə Şövkani, “Fəthul-qədir” kitabı;

–Şeyx Süleyman Qunduzi, “Yənabiul-məvəddət” kitabı.

Diqqəti cəlb edən məsələ budur ki, imamət və xilafətə münasibətdə təəssübkeş Qazi Ruzbehan “İbtalu-nəhcil-həqq” kitabında qeyd etdiyimiz ayələrin təfsiri ilə bağlı sünni mənbələrində İbn Abbasdan nəql olunan “İmanda bu ümmətin qabaqcılı (bu ümmətin birinci iman gətirəni) Əli ibn Əbi Talibdir (ə)” hədisinə istinad edən Əllamə Hillinin cavabında yazır: “Bu hədisin əhli-sünnə mənbələrindəki mətni belədir: “Ümmətin önündə gedənlər üç nəfərdir: Ali-Fironun mömini (Asiya), Həbib Nəccar və Əli ibn Əbi Talib.” Sonra əlavə edərək yazır: “Şübhəsiz, Əli (ə) İslamda hamıdan öndə idi və onun saysız fəzilətləri var. Lakin bu onun imamətinə dəlil deyil!”1

Hələ ki, bu hədisləri Əli ibn Əbi Talibin (ə) imamətinə dəlil göstərmək fikrində deyilik. Lakin ayə və rəvayətləri ardıcıl nəzərdən keçirdikdə Əlinin (ə) İslam ümmətinin ən fəzilətli və bu məqama daha layiq şəxs olduğunu görürük. Görəsən, bu qədər inkaredilməz fəzilətləri olduğu halda, başqalarını o həzrətdən üstün tutmağımız düzgün işdirmi?! Əlbəttə, yox!

***

Burada bir neçə mühüm məsələni qeyd etməklə bəhsimizi tamamlayırıq:



1) Ayədə qeyd olunan “qəlilun minəl-axirin” (az bir qismi də sonrakılardır) ifadəsindən məqsəd kimlərdir?

Ötən ayələrdə öndə gedənlərin yüksək məqamından, Allah dərgahına yaxın olmalarından və onların behiştin nemətlə dolu bağlarında yaşayacaqlarından söz açıldı. Həmin ayələrin davamında belə buyurulur:



ثُلَّةٌ مِّنَ الْأَوَّلِينَ وَقَلِيلٌ مِّنَ الْآخِرِينَ

Bir qismi əvvəlki ümmətlərdən, az bir qismi də sonrakılardandır!”2

Hakim Həskani “Şəvahidut-tənzil” kitabında Məhəmməd ibn Fərat, Məhəmməd ibn Səhl və Əli ibn Abbasdan bir neçə rəvayət nəql etmişdir ki, Cəfər ibn Məhəmməd (s) “az bir qismi də sonrakılardır” ayəsinin təfsirində buyurmuşdur: “O, Əli ibn Əbi Talibdir!”1

Məlum olduğu kimi, ayənin mənası bu deyil ki, İslam ümməti içərisində behiştə yalnız Əli (ə) gedəcək; əksinə imanda hamıdan öndə olmaq behiştdə yüksək məqam tələb edir. Bu da Peyğəmbəri-əkrəmdən (s) sonra imam Əli ibn Əbi Talibə (ə) məxsusdur. Buna görə də behiştə öndə gedənlərin (“Əshabul-Yəmin”in, sağ tərəf sahiblərinin) məqamlarından söz açan “Vaqiə” surəsinin sonrakı ayələrində buyurulur ki, bir qrup əvvəlki ümmətlərdən, bir qrup da sonrakı ümmətdən, yəni Məhəmmədin (s) ümmətindən behiştə daxil olacaq. Aydındır ki, əməl dəftəri sağ əlinə verilən kəslər behişt əhlidirlər, lakin onların məqamı öndə gedən və Allah dərgahına yaxın olanların məqamına çata bilməz.

***
2) Birinci müsəlman kimdir?

Bu məsələ ilə əlaqədar ən mühüm bəhslərdən biri də İslam peyğəmbərinə (s) iman gətirən və beyət edən birinci şəxsin kim olmasıdır. Bütün İslam ümmətinin yekdil fikrinə əsasən, qadınlar içərisində Peyğəmbərə (s) iman gətirən birinci şəxs Xədicə (ə.s), kişilər içərisində isə Əlidir (ə). O, Peyğəmbərə (s) iman gətirən, onunla beyət edib namaz qılan, rüku və səcdə edən birinci şəxsdir. Bu, bütün İslam mənbələrində açıq-aydın göstərilmişdir. Biz burada həmin mənbələrin bir qisminə işarə edirik:

Səhabələrdən on səkkiz nəfəri müxtəlif silsilə sənədlərlə Peyğəmbəri-əkrəmdən (s) nəql etmişlər ki, İslamı qəbul edən və Peyğəmbəri-əkrəmlə (s) namaz qılan birinci kişi imam Əli (ə) olmuşdur:

1. Əbu Səid Xidri deyir: Peyğəmbəri-əkrəm (s) əlini Əlinin (ə) kürəyinə vurub buyurdu:

يا عَلِىّ لَكَ سَبْعَ خِصالٍ لا يُحاجُّوكَ فِهِينَّ اَحَدٌ يَوْمَ الْقِيامَةِ اَنْتَ اَوَّلُ الْمُؤمِنِينَ اِيماناً بِاللهِ...

Ya Əli! Sən yeddi xislətə maliksən ki, qiyamət günü heç kəs sənə tay ola bilməz (səninlə mübahisə edə bilməz): “Birincisi budur ki, Allaha iman gətirən (və İslamı qəbul edən) ilk şəxs sənsən...”1



2. Ayişə deyir: Məhəmmədin (s) qızı Fatimə mənə o həzrətin belə buyurduğunu dedi: “Səni elmi bütün möminlərin elmindən çox, İslamı hamıdan əvvəl qəbul edən və helmi hamının helmindən çox olan bir nəfərlə evləndirəcəyəm!”2

3. İbn Abbas deyir ki, Ömər ibn Xəttabın belə dediyini eşitdim: “Əlini pis adla çağırmayın. Mən onun haqqında Peyğəmbərdən bəzi fəzilətlər eşitmişəm ki, əgər onların biri Xəttab övladlarında olsaydı, mənim üçün günəşin saçdığı hər bir şeydən sevimli olardı. Əbu Bəkr, Əbu Übeydə və bir qrup səhabə ilə Ümmü Sələmənin evinə getdik. Əlini onun evinin kandarında görüb dedik: “Peyğəmbəri (s) görmək istəyirik!” Əli buyurdu: “İndi gələcək.” Peyğəmbər gələrkən, biz də həzrətə tərəf getdik. Həzrət, Əliyə söykəndi və əli ilə onun çiyininə vurub buyurdu:

اِنَّكَ مُخاصِمٌ، اَنْتَ اَوَّلُ الْمُؤمِنِينَ اِيماناً وَ اَعْلَمُهُمْ بِاَيّامِ اللهِ وَ اَوْفاهُمْ بِعَهْدِهِ وَاَقْسَمُهُمْ بِالسَّوِيَّةِ وَاَرْاَفَهُمْ بالرَّعِيَّةِ وَ اَعْظَمُهُمْ الرَّزِيَّةَ:

Səninlə müxalifətə qalxacaqlar, halbuki sən iman gətirən ilk möminsən, ruzigardan hamıdan çox xəbərdarsan, ilahi əhd-peymana ən vəfalısan, ədalətlə bölgüdə hamıdan dəqiqsən, rəiyyətə qarşı hamıdan mehribansan və sənin müsibətin də hamının müsibətindən böyükdür!”3

4. Məaz ibn Cəbəl Peyğəmbəri-əkrəmin (s) imam Əliyə (ə) belə buyurduğunu nəql edir: “Səni camaatdan ayıran yeddi xislətin var ki, Qüreyş tayfasından heç kim səninlə həmin yeddi məsələdə mübahisə (və bərabərlik iddiası) edə bilməz; sən Allaha iman gətirən birinci şəxssən...”4

5. Cəfər ibn Əbi Talibin zövcəsi Əsma binti Ümeys nəql edir ki, Peyğəmbəri-əkrəm (s) qızı Fatimeyi-Zəhraya (ə.s) buyurdu: “Səni İslamda hamıdan öndə, helmi hamının helmindən böyük, elmi hamının elmindən çox olan bir şəxslə evləndirəcəyəm!”5

6. Salman Farsi Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu deyir: “Kövsər hovuzunda mənə qovuşan birinci şəxs İslam dinini qəbul edən birinci şəxsdir: O, Əli ibn Əbi Talibdir!”1

7. Əbu Süxeylə deyir: “Mən və Salman həcc əməllərini yerinə yetirdikdən sonra Əbuzərin yanına getdik və bir az onun yanında oturduq. Ayağa qalxıb qayıtmaq istədikdə, dedim: “Ey Əbuzər! Mən bir sıra işlərin baş verdiyini görür və camaatın arasında ixtilaf düşəcəyindən qorxuram. Əgər belə bir hadisə baş versə, mənə nə göstəriş verəcəksən?” Əbuzər dedi: “Allah-taalanın kitabı və Əli ibn Əbi Talibdən ayrılma! Şəhadət verirəm ki, Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu özüm eşitmişəm: “Əli mənə iman gətirən və qiyamət günü mənimlə görüşəcək birinci şəxsdir. O, “böyük siddiq” (sözündə və əməlində doğru) və “faruq”dur, yəni haqqı batildən ayırandır!”2

8. Əbdür-Rəhman ibn Ovf bir hədisdə “əs-sabiqunəl-əvvəlun” (öndə gedən birincilər) ayəsinin təfsirində deyir: “Onlar Qüreyşdən olan on nəfərdir. Onların da içərisində birinci şəxs İslamı ilk qəbul edən Əli ibn Əbi Talibdir (ə).”3

9. Cəmaləddin Əbül-Həccac “Təhzibul-kəmal” kitabında Peyğəmbəri-əkrəmin (s) səhabəsi Əbu Rafedən belə nəql etmişdir:

اَوَّلُ مَنْ اَسْلَمَ مِنَ الرِّجالِ عَلِىٌّ:

“Kişilərdən İslamı qəbul edən birinci şəxs Əli (ə) idi!”4



10. Peyğəmbəri-əkrəmin (s) xidmətçisi Ənəs ibn Malik o həzrətin belə buyurduğunu nəql edir:

اَوَّلُ هذِهِ الْاُمَّةِ وُرُوداً عَلَىَّ الْحَوْضَ اَوَّلُها اِسْلاماً عَلِىُّ بْنُ اَبِى طالِبٍ (ع):

Bu ümmətdən Kövsər hovuzunda mənə qovuşan ilk şəxs İslam dinini qəbul edən ilk şəxsdir. O, Əli ibn Əbi Talibdir!” 5



11. İbn Abbas deyir: “Əli (ə) heç kimdə olmayan dörd xislətə malik idi. “...O, ərəb-əcəm içərisində Peyğəmbəri-əkrəmlə (s) namaz qılan birinci şəxsdir!”1

Başqa bir hədisdə isə belə deyir: “Xədicədən sonra iman gətirən birinci şəxs Əli ibn Əbi Talibdir.”2



12. Məşhur hədis alimi Nisai “Sünən” kitabında Zeyd ibn Ərqəmdən belə nəql edir: “Peyğəmbərə (s) iman gətirən birinci şəxs Əli ibn Əbi Talibdir (ə)!”3

13. Əbu Əhməd Cürcani Şafei “Əl-kamilu fir-rical” kitabında Malik ibn Hurisdən belə nəql edir: “Kişilərdən İslam dinini qəbul edən birinci şəxs Əli, qadınlardan isə Xədicə olmuşdur!”4

14. Peyğəmbəri-əkrəmin (s) dövründə müharibədə yaralananlara yardım edən Leyla Qifariyyə adlı bir qadın deyir: “Mən Əlinin (ə) qoşununda müharibə məqsədilə Bəsrəyə getdim. Ayişənin o həzrətə qarşı çıxdığını görüb, şübhəyə düşdüm. Onun yanına gedib soruşdum: “Peyğəmbəri-əkrəmdən (s) Əli (ə) haqqında bir fəzilət eşitmisənmi?” Dedi: “Bəli!” Sonra bir əhvalat danışdı və nəhayət, Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu dedi: “Əli mənə iman gətirən birinci şəxsdir!”5

15. Əhməd ibn Hənbəl “Müsnəd” kitabında məşhur səhabə Məqil ibn Yəsardan belə nəql edir: “Bir gün Peyğəmbərin (s) hüzuruna getmişdim. Peyğəmbər (s) mənə buyurdu: “Fatimə xəstədir, onu görməyə gedirəm!” Biz Fatimənin (ə.s) evinə getdik. Peyğəmbər (s) onun vəziyyətini soruşduqda, Fatimə (ə.s) dedi: “Qəm-qüssəm çox, yoxsulluğum şiddətli, xəstəliyim uzundur...” Peyğəmbər (s) (bu çətinliklərin müqabilində ona təsəlli verərək) buyurdu: “Məgər İslam ümməti arasında hamıdan öndə olan, elmi hamının elmindən çox, helmi hamının helmindən böyük bir şəxslə ailə qurmağından razı deyilsən?”6

Diqqət yetirmək lazımdır ki, bu hədis İbn Əbil-Hədidin “Nəhcül-bəlağə”nin şərhi (3-cü cild, səh. 257), İbn Əsakirin “Dəməşqin tarixi” (1-ci cild, səh. 232), Əl-Heysəminin “Məcməüz-zəvaid” (9-cu cild, səh. 101), Müttəqi Hindinin “Kənzül-ümmal” (12-ci cild, səh. 205) və digər əhli-sünnə alimlərinin kitablarında da nəql olunmuşdur.



16. Peyğəmbəri-əkrəmin (s) səhabəsi Abdullah ibn Sabit deyir: “Bir gün Peyğəmbəri-əkrəmin (s) hüzuruna gedib dedim: “Ya Peyğəmbər! Sənin elə bir sevimli səhabən varmı ki, bir hadisə baş verdikdə, ona qoşulaq və bir təhlükə zamanı onun yolunda fədakarlıq göstərək?”

Peyğəmbər (s) buyurdu: “O, hamıdan əvvəl müsəlman olan və İslamı qəbul edən Əlidir!”1

Bu hədisdə açıq-aydın göstərilir ki, Abdullah ibn Sabit kimiləri Peyğəmbəri-əkrəmdən (s) sonra imamət və vilayət məqamına kimin hamıdan layiqli olduğunu bilmək istədikdə, Peyğəmbər (s) imam Əlini (ə) göstərmişdir.

17. Peyğəmbəri-əkrəmin (s) Büreydə adlı başqa bir səhabəsi də Məqil ibn Yəsarın nəql etdiyi hədisə bənzər bir hədis nəql etmişdir ki, onun sonunda belə deyilir: “Peyğəmbəri-əkrəm (s) Fatimeyi-Zəhraya (ə.s) təsəlli verərək buyurdu: “Allah-taala sənə İslamı hamıdan öncə qəbul edən, elmi hamının elmindən çox, helmi hamının helmindən böyük olan bir ər vermişdir.” Sonra Peyğəmbər (s) buyurdu: “Allaha and olsun! Sənin iki övladın (Həsən və Hüseyn) behişt cavanlarının sərvəridir!” 2

18. Məhəmməd ibn Əbi Bəkr Ənsarinin “Əl-cövhərə” kitabında nəql etdiyi hədisdə deyilir ki, Əli (ə) Bəsrənin minbərində buyurdu: “Böyük siddiq mənəm. Mən Əbu Bəkrdən qabaq iman gətirdim və İslamı qəbul etdim.”3

Şeyx Məhəmməd ibn Mükərrəm Ənsari “Təlxisu tarixid-Dəməşq” adlı kitabında imam Əlinin (ə) belə buyurduğunu nəql edir: “İslamı qəbul edən birinci şəxs mənəm!”4

“Nəhcül-bəlağə”də də dəfələrlə bu məsələ qeydə alınmış və imam Əli (ə) 131-ci xütbədə belə buyurmuşdur:

اَللّهُمَّ اِنِّى اَوَّلُ مَنْ اَنابَ وَ سَمِعَ وَ اَجابَ لَمْ يَسْبِقْنِى اِلاّ رَسُولُ اللهِ (ص) بالصَّلاةِ:

İlahi! Sənə üz tutub, əmrini eşidən və qəbul edən birinci şəxs mənəm. Peyğəmbəri-əkrəmdən (s) başqa heç kim məndən öncə namaz qılmamışdır!”1

Burada söhbəti nəzərə çarpacaq dərəcədə uzatdıq və təfsir üslubundan xaric olduq. Lakin məsələ bundan da artıq müzakirə tələb edir.

Bu məsələni də İbn Hişamın “Əs-sirətun-nəbəviyyə” adlı məşhur kitabında nəql etdiyi bir rəvayətlə sona çatdırırıq. Əlbəttə, etiraf etməliyik ki, bu haqda nəql olunan rəvayətlər olduqca çoxdur. O yazır: “İslamın ilk çağlarında Peyğəmbəri-əkrəm (s) namazı məxfi şəkildə, Məkkənin dərələrində qılardı. Onunla bu yolda bir addım atan və namaz qılan şəxs yalnız Əli ibn Əbi Talib (ə) idi... Günlərin birində atası Əbu Talib ondan “Oğlum! Sənin qəbul etdiyin bu din nədir” deyə soruşduqda, Əli (ə) buyurdu: “Atacan! Mən Allaha, Peyğəmbərinə (s) və Allah tərəfindən göndərilənə iman gətirmişəm və onunla birgə namaz qılıram...” Əbu Talib dedi: “Agah ol ki, o, səni yalnız xeyir və yaxşılığa dəvət edir. Ondan heç vaxt ayrılma!”2

***

İmam Əlinin (ə) ilk müsəlman olaraq iman gətirməsi o qədər aydın bir məsələdir ki, məşhur şairlər də şerlərində bunu həzrətin iftixar və fəziləti kimi qeyd etmişlər. Şairlərdən biri demişdir:


“Ələysə əvvələ mən səlla li-qiblətikum,

Vəələmənnasə bil-Qurani vəs-sunəni?”


“Məgər o, sizin qiblənizə tərəf namaz qılan, Quranı və sünnəni hamıdan yaxşı bilən birinci şəxs deyilmi?!”

Başqa bir şair isə belə demişdir:


“Fə-haza və fil-İslami əvvəlu muslimin,

Və əvvəlu mən səlla və samə və həllən.”


“O, İslam aləmində ilk müsəlman, namaz qılan, oruc tutan və “La ilahə illəllah” deyən şəxsdir!”

Mərhum Əllamə Əmini “Əl-qədir” kimi dəyərli əsərində buna toxunan on nəfərdən çox şairin adını və şerlərini qeyd etmişdir.1 O, həmin kitabda Peyğəmbəri-əkrəm (s), Əmirəl-möminin Əli (ə), səhabə və tabeindən (tarix və hədis alimlərinin kitablarından) yüzdən artıq hədis nəql etmişdir. Onların hamısında imam Əlinin (ə) kişilər içərisində İslam peyğəmbərinə (s) iman gətirən ilk şəxs olduğu göstərilir.

***

Sual: Burada İslamın əvvəllərindən bəzi bəhanə axtaranlar tərəfindən belə bir məşhur sual irəli sürülmüşdür: “Düzdür, Əli (ə) İslamı qəbul edən birinci şəxsdir, lakin yetkinlik həddinə çatmayan 10 yaşlı bir uşağın İslamı qəbul etməsi nə qədər mühüm ola bilər?! Halbuki onun yetkinlik dövrünü meyar və əsas götürsək, başqaları ondan qabaq İslamı qəbul etmişlər.”

Cavab: Burada xəlifə Məmunla onun müasiri İshaq adlı məşhur əhli-sünnə alimi arasında baş verən danışıqları qeyd etməyi münasib görürük (bu əhvalatı İbn Əbdu Rəbbih “İqdul-fərid” kitabında qeyd etmişdir):

“Məmun, İshaqa deyir: “İslam peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gün ən fəzilətli əməl nə ola bilərdi?

İshaq: “Allahın yeganəliyinə və Peyğəmbərin (s) risalətinə səmimi qəlbdən şəhadət vermək.”

Məmun: “Əlidən öncə İslamı qəbul edən bir şəxsi tanıyırsanmı?”

İshaq: “Əli İslamı qəbul edəndə, yaşı çox az idi və ilahi hökmlər ona aid deyildi.”

Məmun: “Məgər Əlinin İslam dinini qəbul etməsi Peyğəmbəri-əkrəmin (s) dəvəti ilə olmayıbmı? Məgər Peyğəmbər (s) onun İslama gəlişini qəbul etmədimi? Belə isə, necə ola bilər ki, Peyğəmbər (s) bir kəsi İslama dəvət etsin, amma onun İslama gəlişi qəbul olunmasın?”

İshaq, Məmunun bu sualına cavab verə bilməyib susdu.2

Mərhum Əllamə Əmini bu əhvalatı “İqdül-fərid” kitabından nəql etdikdən sonra yazır: “Əbu Cəfər İskafi Mötəzili (vəfatı: 240-cı h.q ili) öz risaləsində yazmışdır ki, hamının bildiyi kimi, imam Əli (ə) çərşənbə axşamı Peyğəmbərə (s) iman gətirmiş və özü buyurmuşdur ki, mən başqalarından yeddi il qabaq namaz qılmağa başlamışam! O, həmişə deyərdi: “Mən İslamı qəbul edən ilk şəxsəm.” Bu isə hər məşhur məsələdən məşhurdur. Biz keçmişdəkilər arasında elə bir şəxs tapa bilmədik ki, Əlinin (ə) İslamı qəbul etməsini yüngül saysın, yaxud “İslamı uşaq ikən qəbul etdi” desin. Maraqlıdır ki, Abbas və Həmzə kimi şəxsiyyətlər İslamı qəbul etmək üçün Əbu Talibin rəftarını gözləyirdilər. Lakin Əbu Talibin oğlu heç vaxt atasını gözləməyərək, Peyğəmbərə (s) iman gətirdi.”2

Bir sözlə, İslam peyğəmbəri (s) imam Əlinin (ə) imanını qəbul etdiyi halda, bunu mötəbər saymayanlar həqiqətdə Peyğəmbəri-əkrəmə (s) irad tuturlar. Bir də “Yovmud-dar” hədisində dedik ki, Peyğəmbər (s) Qüreyşin mühüm adamlarını bir yerə yığıb, onları İslam dininə dəvət edərkən belə buyurmuşdur: “İslamın müdafiəsinə qalxaraq dəvətimi qəbul edən şəxs mənim qardaşım, (məndən sonra) vəsim və xəlifəm olacaqdır.” O zaman Əli ibn Əbi Talibdən (ə) başqa heç kim bu işi qəbul etmədi və Peyğəmbərə (s) cavab olaraq dedi: “Mən sənə beyət edirəm və sənin köməkçinəm.” Peyğəmbər (s) də buyurdu: “Sən mənim qardaşım, (məndən sonra) vəsim və xəlifəmsən!”3

Beləliklə, Peyğəmbəri-əkrəm (s) o gün yetkinlik həddinə çatmayan, bəhanə axtaranların dediyi kimi, imanı etibarsız olan bir kəsi öz qardaşı, vəsisi və canişini kimi tanıtdırıb, başqalarına da ona tabe olmağı əmr etmədimi? Hətta müşriklərin böyükləri istehza ilə Əbu Talibə dedilər ki, get, oğluna tabe ol!

Şübhəsiz, büluğ həddi İslamın qəbul şərtlərindən deyil. Kifayət qədər ağlı kəsən, yaxşı-pisi ayırd edən hər bir yeniyetmə uşaq İslamı qəbul etsə, atası müsəlman olmasa belə, müsəlmanların zümrəsinə daxil olur. Qurani-kərimin ayələrindən də başa düşülür ki, yetkinlik həddi hətta nübüvvət və peyğəmbərliyin şərtlərindən də sayılmır. Peyğəmbərlərdən bəzisi elə uşaq ikən bu məqama çatmışlar. Belə ki, Qurani-kərimdə Yəhya (ə) haqqında buyurulur: “Biz ona uşaq ikən peyğəmbərlik verdik!”1 Həzrət İsanın (ə) əhvalatında onun uşaq ikən “Mənə kitab verən, peyğəmbərliyə seçən Allahın bəndəsiyəm”2 dedikləri qeyd olunmuşdur.

Qeyd olunanlar arasında ən aydın dəlil Peyğəmbərin (s) imam Əlinin (ə) imanını qəbul etməsi, dəvətinin ilkin çağlarında Qüreyş böyüklərinin qarşısında onu öz qardaşı, (özündən sonra) vəsi və xəlifəsi elan etmişdir. Beləliklə, “Əli (ə) Peyğəmbərin (ə) dəvətini qəbul edən ilk şəxsdir” deyən rəvayətlər imam Əlinin (ə) misilsiz fəzilətini açıqlayır. Heç kim bu işdə onunla qarşı-qarşıya dura bilməz və o, İslam ümməti içərisində Peyğəmbərin (s) canişinliyinə hamıdan layiqdir.





Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə