202
meydana çıxdı. İncəsənət ideyalara münasibətdə ikinci və hətta
üçüncü yeri tutur – o, surətin surətini çıxarır! Buna görə də, incəsənət
həqiqətin aşkar edilməsi nöqteyi-nəzərindən bir o qədər də yüksək
qiymətləndirilə bilməz.
Surət,
kopiya,
imitasiya
ideyası Platonun incəsənəti
anlamasında başlıca amildir. Hissi şeylər ideyaların surətləridir, sənət
əsərləri isə hissi şeylərin surətləridir. Amma ideyalar həmçinin hissi
şeylər və sonradan bu hissi şeylərin surətlərini çıxaran sənət əsərləri
üçün həm də ideallardır. Deməli, incəsənət xadimləri ideyaların
surətlərini təqdim etməyə çalışmalıdırlar. Platon fəlsəfəsinə görə,
həqiqi kopiya tələbi qaçılmazdır.
Beləliklə, incəsənətin imitasiya kimi, mimezis (mimesis) kimi
nəzəriyyəsi yenidən yaratmanın həqiqiliyi tələbi ilə bağlıdır: öncə
hissi reallığın və sonra ideal reallığın (əsl reallıq Platon üçün məhz
ideal reallıq idi). Amma insanlar özlərinin bütün həyatları boyu davam
edən təhsil prosesində, daimi olaraq hissi dünya ilə ideyaların dərki
arasında qalırlar. Bu, incəsənət nümayəndələrinə də aiddir. Platona
görə, elə bu səbəbdən də, incəsənət xadimləri yalnız hissi şeylərdən
deyil, həm bilavasitə olaraq ideyalardan da ilhamlana bilərlər. Belə
halda incəsənət ideyaların özünəməxsus bir ötürülmə mühiti olmuş
olur. Lakin bu, Platona görə, kifayət qədər şübhə doğurandır, çünki
incəsənət nümayəndələri filosofların intellektual hazırlığına malik
deyillər. Bunun təsiri ilə də, hətta ideyalarla ilhamlanan sənətkarlar
belə özlərinin dərk etdikləri ideyaları olduğu kimi ifadə edə bilmirlər.
Onlar daha çox ideyaları təhrif edə bilərlər. Elə buna görə də, ideyalar
dünyasının idrakı üçün məhz filosoflar cavab verməlidirlər, hətta
söhbət bilavasitə olaraq ideyalarla ilhamlanmadan getdikdə belə.
Dövlət dialoqunda incəsənətin müxtəlif nümayəndələrinin
özlərini necə aparmasının müfəssəl təsviri verilir. Məsələn, şairlər nə
qədər füsunkar olsalar da, həqiqətdən uzaqdırlar, buna görə də,
ideyaların biliciləri tərəfindən nəzarət altında saxlanılmalıdırlar:
«bizim dövlətdə poeziya yalnız o ölçüdə qəbul olunur ki, onun
məzmunu tanrılara yönələn himnlərdən və fəzilətli insanlara
müraciətlə deyilən alqışlardan ibarət olmuş olur" (Dövlət 607a).
"Keyfiyyət üzərində belə bir nəzarət" yalnız söz sənəti ilə bağlı olan
incəsənət növlərinə aid edilmir. O, həmçinin Platona görə, ruha
birbaşa təsir göstərən incəsənət növlərinə - musiqiyə və nəğməyə də
tətbiq oluna bilər. Platon elə buna görə də, musiqini də qadağan edir.
Bu, həm nəzarətsiz ehtirasları coşduran musiqiyə, həm də ruhu
sakitləşdirən və zərifləşdirən musiqiyə aiddir. Amma musiqi də digər
incəsənət növləri kimi ruhun tərbiyəsi prosesinin bir hissəsi və əxlaqın
möhkəmləndirilmə vasitəsi olmalıdır. O da, poeziya kimi ideyaların və
203
ədalətin bizim fikirlərimizlə və emosiyalarımızla vulqarlaşdırılmasına
və təhrif edilməsinə deyil, onların dərk olunmasına yardım etməlidir.
Platon bölünmənin və differensiasiyanın deyil, bütövlüyün və
dialektik inteqrasiyanın xüsusi istedadına malik olan filosof idi.
Vəhdət və razılıq ayrılmadan daha üstündür. Bu mənada o, "holist"
idi, bütövlüyün tərəfdarı idi. O, müxtəlif sahələri və vəzifələri
fərqləndirmədiyindən bu sahələrin təklif edə biləcəyi yaradıcılıq
azadlığı üçün də yer tapmaq iqtidarında deyildi.
204
DÖRDÜNCÜ FƏSİL
ARİSTOTEL:
POLİTİYA - SİYASƏT İCMADA
AĞILLI HƏYAT KİMİ
Həyatı. Aristotel (Aristotle, b.e.ə. 384-322) İoniyanın
Makedoniya sahillərində yerləşən Stagir adlı bir polisində anadan
olmuşdur. Onun atası Makedoniya hökmdarının sarayında həkim idi.
Mümkündür ki, atasının sənəti Aristotelin biologiyaya maraq
göstərməsində müəyyən rol oynamışdır. İstənilən halda, o, Aristotelin
təfəkkür tərzinə güclü təsir göstərmişdir, (Platonun təfəkkür tərzinə
riyaziyyatın göstərdiyi təsirə oxşar olaraq) və onun bütün empirik
müxtəlifliyi təsnif etmək meylini şərtləndirmişdir.
Aristotel
17-18
yaşlarında ikən Afinaya gəlmiş və
Akademiyanın tələbəsi olmuşdur. O, ömrünün 20 ilini, 347-ci ildən
Platonun ölümünə qədərki dövrü burada keçirmişdir. Aristotel bir
filosof olaraq Platonun ciddi təsirinə məruz qalmışdır, baxmayaraq ki,
o, tədricən Platon fəlsəfəsindən uzaqlaşmış və öz fəlsəfəsini inkişaf
etdirmişdir, o fəlsəfəni ki, bir çox aspektləri nöqteyi-nəzərindən
Platonun baxışlarına zidd idi. Bu, Platonun həm ideyalar haqqında
təliminə, həm də onun siyasi nəzəriyyəsinə aiddir. Əgər Platon
müəyyən mənada "yuxarıya" - ideal ideyalara baxırdısa, Aristotel
"ətrafındakı" çoxsaylı xüsusi hadisələrə diqqət yetirirdi. Əgər Platon
əbədi və mükəmməl ideal dövlət haqqında təlimi inkişaf etdirməyə
çalışırdısa, Aristotel, öz işini dövlətin mövcud formalarının
öyrənilməsindən başlayaraq, onlar arasında reallaşdırılması mümkün
olan ən yaxşı dövlətin tapılmasına çalışırdı. Amma Platonun və
Aristotelin təlimləri arasında bu fərqlər onlarda ümumi olanın üzərinə
kölgə salmamalıdır.
Platonun ölümündən sonra Aristotel bir neçə səyahəti həyata
keçirmişdir. Bu zaman, o, həmçinin sualtı dünyanın belə həyatını
öyrənmişdir (Lesbos adası ətrafında). Təsviri biologiyanın
nümayəndəsi olaraq, o, eksperiment aparmağı deyil, müşahidə etməyi
və təsnif etməyi öyrəndi. Eksperiment isə öz çiçəklənməsinin
başlanğıcını məlum olduğu kimi Renessans dövründən götürür.
Aristotel üç ildən daha artıq bir müddət ərzində Makedoniya
taxt-tacının varisi olan, sonradan Makedoniyalı İsgəndər kimi tanınan
Aleksandrın müəllimi oldu. Lakin onların bir-birinə dərin təsir
göstərmələri kifayət qədər şübhəlidir. Aristotelin siyasi maraqlarının
mərkəzində həmişə polis dururdu və o, İsgəndərin yunanları və farsları
birləşdirə biləcək imperiya yaratmaq barədə ideyasını bölüşmürdü.