Hophop bənzərəm bir qocaman dağa ki, dəryada durar Sabir



Yüklə 97,97 Kb.

tarix28.06.2018
ölçüsü97,97 Kb.


MEHDİ HÜSEYN (1909-1965)  

 

HOPHOP 

Bənzərəm bir qocaman dağa ki, dəryada durar  

Sabir  

Qəzet satan uşaq baqqal dükanlarınm qabağına yetişəndə, armud saplağı kimi nazik boğazını 

dimdik tutaraq, var gücü ilə çığırdı:  

- "Molla Nəsrəddin", "Molla Nəsrəddin!"  

Dükanın qapısı ağzındakı kürsüdə oturub mürgüləyən qırmızı saqqallı Kərbəlayı, elə bil, 

böyrünə dəyən dürtmədən səksənib, hövlnak gözlərini açdı, lap qulağının dibində cin səsilə qışqıran 

bu uşağa tərs- tərs baxdı. Onun yalnız indicə gördüyü röya, dünyanın bütün nemətlərindən şirin idi: 

Kərbəlayı yuxuda hurilərlə mazaqlaşırdı. Bu dəqiqəgözləriuşağazillənsədə,xəyalı o dünyada idi. 

Uşaq, sanki qəsdən, məhz Kərbəlayının izzəti-nəfsinə toxunmaq üçün, yenə də səsinə güc 

verir, dükanlarda inadla hökm sürən ətalətli və durğun həyatın ölüm sükutunu pozurdu:  

- "Molla Nəsrəddin", "Molla Nəsrəddin!" Kərbəlayı şirin yuxudan tamam ayılıb yan-yörəsinə 

göz gəzdirdi; hər gün, özü də bu vaxtlar canını boğazına yığan bu sırtıq uşağa ibrət dərsi vermək 

istədi. Axtardığı daşı-kəsəyi tapa bilməyib, tiryəkdən müqəvvaya dönmüş eybəcər bədənini güclə 

sürüyərək hıqqana-hıqqana ayağa durdu:  

- Adə, nə tuqi-lənət olub keçmisən mənim xirtdəyimə? - deyə az qala dərin quyu dibindən 

gələn bir səslə uşağın üstünə bağırdı.  

- "Molla Nəsrəddin!" - deyə uşaq daha da ötgün bir səslə cavab verərək, Kərbəlayını cin atına 

mindirdi.  

- Zəhrimar "Molla Nəsrəddin", çor "Molla Nəsrəddin!  

- Adə, ikidən-birdən qəzet alanam?  

Uşaq bir yanını qaçaraq qoyub, Kərbəlayının danışığını və hərəkətlərini yamsılayaraq, 

boynunu daha da nazildib gözlərini bərəltdi və lap onun kimi quyu dibindən gələn bir səslə dedi:  

- Zəhrimar da varsan, çor da varsan, heç o saqqalından utanmırsan?  

Kərbəlayı bütün qüvvətini toplayıb ona sarı yönəldi, bir neçə addım aşağıya tərəf qovduqdan 

sonra ərinib dayandı. Uşaq da bunu gözləyirmiş kimi divara söykənib uğundu.  

Tamaşaya çıxmış dükançılar Kərbəlayının gülünc vəziyyətinə baxıb qəh-qəh çəkirdilər. O 

hər gün belə tamaşalar verib, xalqı öz üstünə güldürürdü. Lap hörmətdən düşmüşdü. Bəzən 

müştərilər də ondan mal almaq əvəzinə əllərindəki dolu sobətləri yerə qoyub doyunca gülürdülər. 

Düz bir ay olardı ki, hər gün bu vaxtlar qəzetsatan uşaq Kərbəlayının dükanına yaxınlaşıb, "Səda", 

"Həqiqət" deyə bağırırdı. Həftədə bir dəfə "Molla Nəsrəddin" gətirəndə, onun bayramı idi. 

"Kərbəlayı, Molla əmi sənin şəklini çəkib, al bax", "Kərbəlayı, budur atan" - dedikcə, o özündən 

çıxır, uşağı qovurdu. Bir də görürdün ki, yüyürəndə "başmağının bir tayını bəridə, bir tayını o yanda 

qoyub ayaqyalın yüyürür; onu tuta bilməyib, daha da pərt halda geri qayıdır. Bu vaxt qarnını tutub 

gülənlərin sayı daha da artırdı. Kərbəlayı uşaqdan heyif almağa fürsət axtarırdı. Hər gün bir fırıldaq 

düzəldir, uşağı tora salmaq istəyir, amma axırda yenə özü gülünc vəziyyətə düşürdü. Kərbəlayının 

bazarı hər gün kasadlaşırdı. O, hər şeyə dözə bilərdi, ancaq bu dərdə dözmürdü. Uşaqdan canını 

qurtarmaq üçün bir çarə fikirləşirdi. Odur, uşaq yenə də Kərbəlayıdan əl çəkmir, onu lağa qoyub 

yoruluncaya qədər gülürdü.  

- Adə, qoduq, əl çək məndən!  

- Səndən incimirəm, Kərbəlayı, atamsan.  

- Yaxşı, düşərsən əlimə...  

- Başmağmı itirərsən, Kərbəlayı, ehtiyatlı ol. Ha... ha... ha!..  

Uşaq satdığı qəzet və jurnallara etinasız baxanlarm hamısı ilə belə rəftar edirdi. O, hayıf 

alırdı, Kərbəlayı da lap təngə gəlib hirsindən partlayırdı.  




Bu anda uşağın çiyninə bir əl toxundu. Onun gülüşləri birdən kəsildi. Elə bil boğazında nə 

isə ilişib qaldı. O, səksənib irəli sıçradı. Kərbəlayının yaxın adamlarmdan zənn elədiyi bu əl sahibini 

yalnız onun iki addım yana sarı yüyürüb geriyə boylanandan sonra tanıdı. O, Məşədibəy idi, 

Kərbəlayı ilə uşağın arasında baş verən səhnəni, lap əvvəlindən müşahidə edirdi. O, tində durub 

sözləri aydın eşidir, gülməli hərəkətləri aydın görürdü.  

Uşaq, ürəyi bərk döyünə-döyünə, qorxudan böyümüş gözlərini Kərbəlayının dükanı tərəfdən 

çəkməyərək, yenə həmin yerdə durub gülümsəyən Məşədibəyə yaxınlaşdı. Nəvaziş və mərhəmət 

əvəzinə söyüş və təhqirlə onu qarşılayan bu insanlar içərisində yalnız bircə dostu olduğunu 

düşünərkən uşaq sevindi, qoltuğundakı jurnalın birini dartıb cəld irəli uzatdı:  

- Müştəri, buyur, təzə nömrədir. Molla əmi Nikolayı yaman səriyib.  

Məşədibəy əlini cibinə atıb pul çıxartdı, jurnalı aldı.  

- Qəzet də var, müştəri... "Həqiqət", "Səda", "Kaspi..." İstəmirsən? Canın sağ olsun, elə 

jurnal da bəsdir, - deyə gümüş pulu aldı və Kərbəlayını göstərib əlavə etdi: - O imansızın "Molla 

Nəsrəddin"i görən gözü yoxdur. Molla əmi yaxşı kişidir. Bunlardan mənim hayıfımı alır.  

Məşədibəy yalnız ilk baxışda dəcəl görünən bu zirək uşağın səmimiyyətlə parıldayan mavi 

gözlərinə, köhnə, yamaqlı pencəyinin açıq döşündən görünən arıq bədəninə, qansız, göyümtül 

dodaqlarına baxırdı, onun sadə mühakimələrini dinləyir, nə barədə isə düşünürdü, deməyə söz 

tapmırmış kimi dinmir, yenə gülümsünürdü. 

Uşaq dostunun sakit və mənalı baxışlarından yalnız məhəbbət oxuyur, onun hər dəqiqə, hər 

saat rast gəldiyi insanlara bənzəmədiyini görürdü. O, Məşədibəyi çoxdan tanıyırdı. Amma hələ də 

kim olduğunu bilmir, onun qəzetsatan yetim bir uşaqla nə üçün başqaları kimi insafsız rəftar 

etmədiyini, çox mehriban və mülayim dolandığını görərkən, dünyada özünün heç olmazsa bircə 

dostu olduğuna uşaqlara məxsus bir sadəliklə ürəkdən sevinirdi.  

O birdən ovcundakı gümüş pula baxdı. Məşədibəy adəti üzrə indi də jurnalın qiymətini ikiqat 

vermişdi.  

- Müştəri, xırdanı al!  

Onun barəsində düşünən Məşədibəy bəzən dəqiqələrlə təsəvvürünü çulğayan bu gülümsər 

uşağın məsum təbəssümləri altında gizlənmiş dərin və anlaşılmaz kədəri bütün varlığı ilə hiss edirdi: 

onun mavi gözləri gülsə də, kirpiklərinin çevrəsini almış kölgələr silinib getmirdi; bütün bunlar 

işgəncə və əziyyətdən qalmış izlərdi. 

- Müştəri, xırdanı al!  

Bu səs azacıq titrəyirdi. Məşədibəy uşağın nə demək istədiyini bilirdi:  

- O da sənindir... Atan-anan haradadır?  

- Mən onları görməmişəm. Məni xalam saxlayıb, indi də öz qazancımla dolanıram.  

- Oxuyursan?  

- Bəli, üçüncüdəyəm. Müştəri, qoy mən gedim, qəzetlər satılmamış qalar.  

- Get, sabah dərsdən çıxanda bu adresə gəl. Məşədibəy evinin adresini yazıb ona verdi və on-

on beş addım kənarda dayanmış faytona minib, fəhlə qəsəbəsinə tərəf sürdürdü.  

O, "Molla Nəsrəddin"i vərəqləyib əvvəlcə şəkillərinə baxdı, sonra bəzi felyetonları oxudu. 

Hava yavaş-yavaş qaranlıqlaşdığı üçün, jurnalı qatlayıb cibinə qoydu. Amma yenə də onun 

haqqında düşünürdü. "Molla Nəsrəddin"in gülməli və sadə dilinə çoxdan aşiq idi. O, zamanın acı 

göz yaşı tökən şairlərini də oxuyurdu. Ancaq ona elə 

gəlirdi ki, "Molla Nəsrəddin" həyatı və xalqı daha çox sevdirir, insanlann əziyyətini və 

sevincini daha qabarıq göstərməyi bacarır. Məşədibəy şəxsən belə düşünürdü: "Ağlayanda insanın 

qüvvəsi azalır, mübarizə üçün həvəsi qalmır. Əsl ədəbiyyat oxucunun ümidini artırmalı, həyatın 

acılarını hiss etdirməklə bərabər mübarizəyə həvəsləndirməlidir. O birdən qəzetsatan uşağı xatırladı 

və onun "Molla Nəsrəddin" haqqındakı sözlərinə haqq verdi: "Düz deyir, "Molla Nəsrəddin" heyif 

alır".  



Fayton bir binanın qabağında dayandı. Burada gündüzlər ibtidai məktəb uşaqları, axşamlar 

isə fəhlələr oxuyurdu. Məşədibəy faytondan düşüb, sürücünün pulunu verdi və siniflərdən birinin 

qapısına yanaşdı. Dərs başlanmışdı. Məşədibəy qapını açdı, müəllimdən üzr istəyib, içəri girdi, 

papağını çıxartdı. Burada on ikiyə qədər fəhlə oturmuşdu. Onlar Məşədibəyi çoxdan tanıyırdılar. 

Müəllim isə gözlərini ondan çəkmir,nədeyəcəyini gözləyirdi. 

- Siz buyurun, mən elə-belə dərsinizə qulaq asmaq istəyirəm, - deyə Məşədibəy fəhlələrdən 

birinin yanında oturdu.  

Bu qəribə gəlişdən bir məna çıxara bilməyən müəllim sinfə göz gəzdirərək, bir neçə an 

duruxdu, sonra üzünü qoca bir fəhləyə tutub dedi:  

- Oxu, görüm.  

Qoca fəhlə hecalamağa başladı. O, çətin sözləri dürüst deyənə qədər möhkəm tərlədi, 

müəllimdən və yoldaşlanndan çox, qonaqdan utandı.  

Məşədibəy müəllimdən üzr istəyib dedi:  

- O, oxuduğunu başa düşmür. Əsərin dili çətindir. "Ağlar güləyən"dən, "Hophop"dan 

oxutdurun.  

Bu sözləri eşidərkən müəllim səksənən kimi oldu, təəccüblə Məşədibəyin üzünə baxdı. Onun 

kitab tutan əlləri titrədi. Heç gözlənilmədən dərsinə gələn, hər dəqiqə üzr istəyən və az qala özü dərs 

deməyə başlayan bu qəribə adamın hərəkətlərinə, əvvəlcədən düşünülmüş bir kələyin başlanğıcı 

kimi baxdı: "Bu kimdir? Nəçidir? Nə ixtiyarla mənim işimə qarışır?" - deyə öz-özündən xəbər alıb 

göz- lərini yerə dikdi.  

- Qorxmayın, qorxmayın, "Hophop"dan oxutdurun! - deyə Məşədibəy müəllimi daha da 

utandırdı.  

- Axı bu dərs kitabında onun əsəri yoxdur, - deyə müəllim sonradan-sonraya cavab verdi.  

Məşədibəy cibindən "Molla Nəsrəddin"i çıxartdı:  

- Burada var, buyurun.  

Müəllimin Məşədibəyə zillənən qara gözləri şübhəli bir ziya ilə parıldadı. Sinifdə oturanlar 

bunu duymadılar. Yalnız Məşədibəyə elə gəldi ki, o, "Hophop"un şerini oxutmaqdan ehtiyat edir.  

- Bağışlayın... Birdən... Axı bu yaxşı deyil, - deyə müəllim etiraz etmək istədi.  

Məşədibəy onun işinə qarışdığı üçün yenə üzr istəyib dedi:  

- Mən dərsinizi asanlaşdırıram. Bu şerin dilini fəhlə daha tez başa düşür. Həm onun, həm də 

sizin əməyiniz hədər getməz.  

Müəllim lap qızarmışdı. Onun parıldayan dərin və nüfuzedici qara gözlərindən az qala bu 

dəqiqə yaş töküləcəkdi. O, "Hophop"un şerini oxutdurmaqdan qorxmurdu. Məşədibəydən utanmırdı, 

tələbələrindən də heç biri gedib onu şeytanlamazdı; amma yenə də oradakı şeri oxutdurmaq 

istəmirdi. Çünki fəhlə kursunun on iki nəfərlik bir sinfinə belə utana-utana dərs deyən, "Ağlar 

güləyən"in, "Hophop"un adı gələndə qızaran müəllim, tələbələrin də, Məşədibəyin də şəxsən 

tanımadığı böyük Sabir özü idi!  

O, ürəyində Məşədibəyin təklifinə razı deyildi, amma utandığından etiraz etməyib jurnalı 

aldı və diqqətlə baxdı. Bu nömrəni ilk dəfə gördüyündən, Məşədibəyin dediyi şeri tapmaq üçün 

səhifələrə göz gəzdirdi. Birdən əlinə fürsət düşmüş kimi:  

- Əfv edərsiniz, - dedi. - Burada nə "Ağlar güləyən"in, nə də "Hophop"un əsəri var.  

- Bəs bu kimindir? - deyə Əzizbəyov jurnalda, "Oxutmuram, əl çəkin!" adı ilə imzasız çap 

olunmuş  

şeri göstərdi. - Bəs sizcə bu kimin əsəridir? Az-çox savadı olan hər bir kəs, o dəqiqə bilər ki, 

bunun müəllifı Hophopdur. Deyilmi?  

 

Sabir Məşədibəydən indi tamam qorxmağa başlamışdı: "Təxəllüslə yazdım, bildilər. Ləqəblə 



yazdım, bildilər. İmzasız yazdım, yenə bildilər. Bəs mən nə edim? Necə yazım ki, bilən olmasın?" 

Yenə ehtiyatını əldən verməyib dedi:  




- Cənab, mən bu mənzuməni oxuda bilərəm, amma deyin görüm, siz nəyə əsasən bu əsəri 

"Ağlar güləyən"ə və ya "Hophop"a isnad verirsiniz?  

- Ona əsasən ki, hər gün imzasını dəyişməyə məcbur olan bu böyük şair, özündən başqa heç 

kimə bənzəmir. Siz şəxsən onunla tanış deyilsiniz ki?  

 

Sabir pul kimi qızardı:  



- Xeyr, xeyr, - deyə tələsik cavab verdi.  

- Mən də, təəssüf ki, onu hələ tanımıram. O, təkcə məndən yox, hamıdan gizlənir. Görünür 

belə lazımdır. Xülasə, qoyun sizin şagirdləriniz onun şirin kəlamını oxusunlar.  

Sabir jurnalı fəhləiərdən birinə verdi:  

- Buyurun, oxuyun, - dedi.  

Fəhlə yavaş-yavaş hecaladı, bir dəfə oxuyandan sonra ilk beyti əzbərlədi:  

Oğul mənimdir əgər, oxutmuram, əl çəkin! Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!  

- Bax, görürsünüzmü? - deyə Məşədibəy xəfıfcə gülümsünərək müəllimi sevindirməyə 

çalışdı, ancaq onun daha da kədərləndiyini görüb təəccüb elədi. - Siz nədən çəkinirsiniz?  

Bu sözlər elə bil Sabiri daha da həvəsdən saldı. Bir azdan sonra bütün sinif ağız-ağıza verib 

şeri oxuyanda, o özü dərsin əvvəllərə nisbətən qat-qat yaxşı keçdiyini görüb ruhlandı, o biri 

fəhlələrə də oxutdurdu. Bir neçə dəqiqə içərisində Məşədibəylə müəlimin arasındakı sədd uçub 

töküldü. İndi nə Məşədibəy üzr istəyirdi, nə də müəllim onun hərəkətlərinə təəccüb edirdi. 

- Görürsünüzmü, cənab müəllim, siz həmişə belə şeirlər oxutdursanız, həm özünüz şad 

olarsınız, həm fəhlələr, həm də ki, biz...  

Sabir yenə Məşədibəyin üzünə baxdı, "biz" sözü ona birtəhər gəldi, bu "biz"in məhz kim 

olduğunu düşünərək alnındakı soyuq təri sildi. "Bəlkə mənim "Hophop" olmağımı bilir? Haradan, 

kimdən öyrənib?"  

Məşədibəy ayağa qalxdı, papağını götürdü, səmimiyyətlə müəllimin əlini sıxıb dedi:  

- Sağ olun, dərsinizdən çox razı qaldım. Amma "Hophop"un şeirlərini tez-tez oxutdurun.  

Sabir onu qapıya qədər ötürdü, onun dalınca baxa-baxa qaldı, bir neçə dəqiqə özünə gələ 

bilmədi: "Bu nə iş idi mən düşdüm? Şamaxılılarm əlindən canım yenicə qurtarmışdı, buradadamı 

məni rahat qoymayacaqlar? - deyə düşünüb, ümidsiz halda yenə tərini sildi, sonra qoca fəhləyə 

üzünü tutub soruşdu:  

- Bu kimdir?  

- Tanımırsınız? Məşədibəydir də. Qiyamət oğlandır müəllim!  

Sabir dərsinə davam etdisə də, fıkri yenə də Məşədibəyin yanında idi: onun bu gözlənilməz, 

qəribə gəlişini və təəccüblü dərs üsulunu düşünərək, fəhlələrin üzünə baxırdı.  

İndi sinifdəkilərin də hamısına aydın idi ki, müəllimin fıkri dərsdə deyil, Məşədibəyin 

yanındadır.  

Sabir onu üç-dörd gün səbirsizliklə gözlədi. Məşədibəy bir daha axşam kursuna gəlmədi. 

Fəhlələrdən soruşmaq istədi, amma nə üçünsə soruşmadı. Dərsdən çıxıb evə qayıdarkən də yalnız 

onun barəsində fıkirləşirdi. Gözlənilmədən sinfə girən bu məchul adamın sifəti hər dəqiqə gəlib 

onun gözləri önündə dururdu. Bir az da özünün günə bənzəyən qara saqqalı, təmiz kraxmallı geyimi, 

ən çox da sakit-sakit baxan gözləri, elə bil onu mütəmadiyən təqib edirdi. O niyə gəlmişdi, nə üçün 

məhz "Hophop"un şeirlərini oxutdurmağı məsləhət görürdü? Sabir bu sirri çox düşündü, amma yenə 

də bir nəticə çıxara bilmədi. O indi Məşədibəyin nə məqsədlə gəldiyini o gün soruşmadığına çox 

peşman idi. Dərsə gələndə, dərsdən qayıdanda, Sabirin gözləri küçədəki adamlar arasında yalnız onu 

axtarırdı. Birdən təsadüfən onunla qarşılaşsa idi, dörd-beş gündən bəri ürəyini narahat edən sualların 

cavabını almamış, bu sirri öyrənməmiş onun yaxasından əl çəkməyəcəkdi. Amma nə eləsin, 

bəxtindən heç yerdə ona rast gəlmirdi. Sabir bir neçə dəfə gedib onunla evində görüşmək üçün 

fəhlələrdən ünvanını öyrənmək istədi, amma "birdən düşər-düşməzi olar" deyə düşünüb fıkrindən əl 

çəkdi. Sabiri dərs verdiyi məktəbdən yaxşı tanıyan qəzetçi uşaq axşamüstü "Səda", "Həqiqət", 



"Kaspi" deyə bağıraraq onun yaşadığı mənzilin qabağından sürətlə keçərkən, Sabir adəti üzrə 

pəncərədən onu səsləyib çağırdı, yeni yazıb qurtardığı məktubu ona verdi və dönə- dönə tapşırdı: 

- Heç kimə göstərmə ha, düz apar vağzalda həmin adama ver. Bildinmi?  

- Baş üstə, müəllim, arxayın ol, - deyə uşaq paketi aldı, yenə qəzetlərin adını ucadan təkrar 

edərək yüyürdü; yolda bir neçə nüsxə "Həqiqət" satıb pullarını aldı. "Molla Nəsrəddin"in təzə 

nömrəsi gəlmədiyi üçün, Kərbəlayını görərkən, onun böyründən səssizcə ötüb keçdi, birdən 

Məşədibəyi xatırladı, o gündən bəri üç dəfə getdiyi evi yaxşı tanıdığından, ünvan-fılan axtarmayıb 

düz küçə qapısına yanaşdı, zəngi basdı. Qapını açan Püstəxanımdan Məşədibəyi soruşdu. Onu çox 

gözlətmədilər. Bircə dəqiqə sonra ərindən izn alıb qayıdan Püstəxanım, uşağı içəri apardı. Yenicə 

işdən qayıtmış Məşədibəy, stolun baş tərəfındə oturub xörək yeyirdi. O, dostunu da yeməyə dəvət 

elədi.  

Süfrədə buğlanan bozbaşın iyi burnuna dəyəndə, uşağın ağzı sulandı. Amma yenə də 

oturmadı:  

- Çox sağ ol, - deyə utana-utana başını sinəsinə endirdi.  

Məşədibəy bir də təkid elədi, uşaq razı oldu. Qoltuğundakı qəzetləri səliqə ilə pəncərənin 

qabağına qoyub Püstəxanımm göstərdiyi yerdə oturdu. Ömründə onun dilinə belə dadlı xörək 

dəyməmişdi. Ağ çörəyi bozbaşın zəfəranlı suyuna batırıb yedikcə, gözlərinə işıq gəlirdi. O indi 

köhnə dostunun adını da öyrənmişdi. Sadəcə, "müştəri" sözünü daha bəyənmirdi, onu "Məşədi dayı" 

deyə çağırırdı. Məşədibəy də onun adını bilirdi. Xörəyini yeyə-yeyə:  

- Polad, - deyirdi, - bu gün xəbər bildim, səninlə yolladığım kağızları yerinə çatdırıbsan. Çox 

gözəl... Püstəxanım, Poladın boşqabını doldur!  

- Yox, Məşədi dayı, çox sağ ol. Mən doydum. Tez-tez yeməyimə baxma, belə yeməyi 

qəzetlər mənə öyrədib...  

Məşədibəy onun üzünə baxdı, gülümsədi:  

- Möhkəm ye, Polad, bu axşam səni çox işlədəcəyəm.  

Püstəxanım danlayıcı bir nəzərlə ərini süzdü, "yeməyi işlətdiyinə görə vermirsən ki?" demək 

istədi, ancaq Məşədibəylə Polad arasında gedən söhbətin yalnız onların özlərinə məxsus çox intim 

bir söhbət olduğunu düşünüb dinmədi.  

Polad ayağa qalxdı. Qəzetləri qoltuğuna vurdu, dostları ilə vidalaşıb getməyə hazırlaşdı.  

- Dayan, sözüm var, Polad... - deyərək o biri otağa yönələn Məşədibəy, yenicə aldığı məktəb 

çantasını karton qutudan çıxarıb Polada uzatdı. - Al, dünən səhər işə gedəndə öz gözümlə gördüm, 

çantan yoxdur.  

Püstəxanım Məşədibəyin alicənablığına lap uşaqlıqdan bələd olsa da, bu çantaya öz doğma 

balasına alınmış qiymətli bir hədiyyəyə baxan kimi, qeyri-adi bir ürək çırpıntısı ilə baxırdı: onun 

gözləri incə bir təbəssümlə parıldayır, əlləri həyəcandan titrəyirdi.  

Sevincdən Poladın gözləri doldu. Iki aylıq qazancından belə bahalı olan bu çanta ona bütün 

kədərlərini unutdurdu. Küçədə hamının sırtıq və həyasız adlandırdığı bu zəkalı uşaq, çantanı 

birdən qapmadı, bütün dünyada ən çox "sevdiyi bir insanın hədiyyəsini elə o dəqiqə qapıb almaq, 

Polada xeyli çətin gəldi.  

Məşədibəy:  

- Götür, Polad, utanma! - dedi.  

Çanta Poladı elə bil hipnoz eləmişdi; onun yaşaranda daha da gözəlləşən mavi gözləri, bir an 

belə qırpılmadan inadla çantaya zillənmişdi. O, hədiyyəyə diqqətlə baxa-baxa, bəlkə də onu 

yoxlamaq üçün çantanı zarafatla ona verdiklərini düşünə-düşünə irəlilədi; ani bir baxışla, özünə sarı 

zillənən gözlərdəki ciddiyyəti görərkən, bunun zarafat olmadığına inandı, əllərini uzadıb çantanı 

aldı. Bu dəqiqə dünyada hər şeyi unutduğu üçün qoltuğundakı qəzetlər də yerə dağıldı. Sabirin 

paketi düşdü. Məşədibəy aşağı əyilib qəzetləri yığmağa kömək edəndə, birdən paket onun gözünə 

sataşdı. Götürüb üstündəki yazını oxudu. 

- Polad, bu nədir? - deyə soruşdu.  



Polad vədini xatırladı; cəld paketi dartıb aldı və dərhal da Məşədibəylə qaba rəftar etdiyinə 

peşman olub dedi:  

- Məni bağışlayın, Məşədi dayı, sirr saxlamağa söz vermişəm. Bu sözləri demək Polad üçün 

nə qədər çətin idisə, bir o qədər Məşədibəyi sevindirdi: "Polad sirr saxlamağı bacaran uşaqmış".  

- Bax, bu olmadı. Bəs biz necə dostuq? - deyə onu imtahan eləmək istədi.  

- Yox, o mənə inanıb. Mən də söz vermişəm.  

 

Poladın üz-gözünii kəskin bir ifadə aldı. Nazik qaşlarınm arası düyümləndi. Onun necə ağır 



iztirab çəkdiyini həm Məşədibəy, həm də Püstəxanım çox aydın hiss edirdi. Polad əziz dostunun 

üzünə baxmağa utanırdı. Məşədibəy ondan heç bir sirr öyrənə bilməyəcəyinə inandıqdan sonra 

gülümsünüb dedi:  

- Çox gözəl, Polad, demə. Lazım deyil.  

Uşaq getmək istərkən Püstəxanım o biri otağa keçdi, qapını öıtdü. Polad bir dəqiqə 

Məşədibəyə imtahanedici gözlərlə baxdı, sonra ətrafına boylanaraq, otaqda özlərindən başqa heç 

kim olmadığını görüb dedi:  

- Məşədi dayı, əgər sən də sirr saxlamağa mənə söz versən, deyərəm. Mən sənə inanıram, 

Məşədi dayı. Sənə də inanmasam, kimə inanacağam? - Polad doluxsundu. Ağlamamaq üçün bir an 

duruxdu və burnunu çəkdi. - Bunu göndərən Hophopdur. Bakıda məndən başqa onu tanıyan adam 

yoxdur. Bu kağızı Molla əmiyə göndərir.  

- Hophop özü haradadır?  

- Özü "Təbriz"də olur. Beşinci otaqda...  

Gözəl şeirlərini qeyri-adi bir məhəbbətlə sevdiyi hophop, məchul bir imzadan dönüb məlum 

bir insan oldu. Məşədibəy sevincindən az qala başıaçıq, qalstuksuz buradan birbaş "Təbriz" 

mehmanxanäsına yüyürmək istədi. 

- Sağ ol, Polad, söz verirəm ki, bu sirr ikimizin aramızda qalacaq.  

Yarım saatdan sonra "Təbriz" mehmanxanasında beşinci otağın qapısı döyüldü. Sabir evdə 

oturub nə isə yazırdı. O, qapını açanda donub qaldı.  

Onlar balaca nömrədəki dəyirmi stoİun ətrafında qabaq-qabağa oturmuşdular. Məşədibəy az 

danışırdı. Onun bu təsadüifi gəlişi Sabiri xeyli həyəcanlandırmışdı. O gün fəhlələrin Məşədibəydən 

dərin bir ürək çırpıntısı ilə danışdıqlarını xatırlayaraq, onun qorxulu adam olmadığına ürəkdən 

inanmışdı. Amma yenə də söhbət, qısaca suallarla, daha da qısa cavablardan o yana getmirdi. 

Birdən-birə doğruldu, bədənində şiddətli bir ağrı hiss edərək gözünü turşutdu. Bunu o dəqiqə görən 

Məşədibəy, səbəbiııi xəbər aldıqda, Sabir xcyli kədərləndi, yerində qıvrıla-qıvrıla məchul bir 

nöqtəyə baxıb fikrə getdi və sonra dərin qara gözlərini yenə müsahibınə zilləyərək dedi: 

- Mən çoxdan xəstəyəm. Yel azarına tutulmuşam. Qara ciyərim xarabdır... Düz bir il olar ki, 

hər dəqiqə bu xəstəlikdən öləcəyimi hiss edirəm. Bizim dildə buna "hissiqəbləlvüqu" deyilir.  

- Siz nə danışırsınız? - deyə Məşədibəy onun sözünü kəsdi. -Ölmək nədir? Siz hələ 

cavansınız. Istedadınız hələ yeni-yeni parlamağa başlayır. Bir də... - Məşədibəy duruxdu, 

gülümsünərək, daha ifadəli bir söz tapdı: - Bir də çətin vəzifələrdən ölümlə yaxa qurtarmaq sizə 

yaraşmaz. Doğrusu, indiki ziyalıların görmədiyi işi siz və biz görməliyik. Onları "naz ilə gəzən 

inteligentlər" adlandırarkən, siz tamamən haqlısınız.  

Sabir bu sözlərdən ruhlanan kimi oldu. İndiyə qədər əsərlərinə dair heç kimdən belə aydın bir 

mülahizə eşitməmişdi. O, Məşədibəyin mükəmməl ədəbiyyat təhsili aldığını düşündüsə də, yenə 

soruşdu:  

- Səhərdən bəri dediyiniz sözlərdən belə anladım ki, siz ədəbiyyat mütəxəssisisiniz. Elə 

deyilmi?  

Məşədibəy bir şeyi özündən rədd edən adamlar kimi əllərini havada oynatdı:  

- Xeyr, xeyr, - dedi. - Mən mühəndisəm. Ancaq özünü ziyalı sayan hər bir adam, nəfis 

ədəbiyyatı bilməlidir. Bunsuz insan xeyrə- şərə yaramaz. Mən bədii əsərləri müəyyən dərəcədə 



sevməyən mədəni bir adam təsəvvür edə bilmirəm. Mənim birinci anam Səlminazdırsa, ikinci anam 

Çernışevskinin "Nə etməli?" romanıdır. Bunların hər ikisi mənə tərbiyə verib böyütmüşdür. 

Rusiyada olduğum zaman, öz yazıçılarımızı oxuya bilmirdim. Bilirsinizmi, bu nə qədər böyük 

qüsurdur. İnsan, xalqının dərdini bədii əsərlərdən də öyrənə bilər. Çünki əsl şair bu dərdi duymaya 

bilməz. Bakıya gələli bu nöqsanımı qismən düzəltmişəm.  

 

Sabir hələ Şamaxıda ikən ən yaxın dostu şair Səhhətlə tez-tez görüşər, bilmədiyi şeyləri 



ondan həvəslə öyrənərdi. O, indi də Məşədibəyi tapdığına sevinir, sual verməyə fürsət axtarırdı. 

Birdən eşikdə konkanın gurultusu eşidildi, küçədə bərk qalmaqal qopdu. Sabir cəld pəncərəyə 

yanaşdı, bir neçə dəqiqə aşağıya boylandı və gördüklərini Məşədibəyə söylədi:  

- Konka yoldan çıxıb. Ölən yoxdur. Yəqin atları xamdır, yaxud sürən adam naşıdır. Bu 

küçədə hər gün bir bədbəxtlik olur. Dünən konka bir uşağı basdı, çox kədərləndim. Eh... Şəhər 

təhlükəlidir. Bizim tərəflərdə də qorxu var, amma başqa cəhətdən. Məni öz vətənimdən didərgin 

salıblar. Onların fıkrincə, insan üçün şair olmaqdan böyük ayıb yoxdur.  

Sabirin alnını, yanaqlarını acı bir kədər çulğaladı, o bir anlıq dərin sükuta getdi, köksünü 

ötürdü.  

- Görəsən rus şairlərini də belə təqib edirlərmi? - deyə Məşədibəydən soruşdu.  

- Rus şairlərini? Bəs necə? Maksim Qorkinin Rusiyadan xaricə qaçmağa məcbur olduğunu 

bilmirsinizmi? Bu cəhətdən rus yazıçıları dünyanın ən bədbəxt adamlarıdır. Həbs, sürgün, dar ağacı,  

ölüm... Ancaq onlar qorxmayıblar, axır nəfəsədək vuruşublar.  

Sabir dostu Səhhətdən bunları eşitməmişdi. Səhhət, böyük rus şairlərinin yalnız əsərlərindən 

bəhs edərdi. Bəzən saatlarla yorulmadan oxuduğu şeirlərin incəliklərini, adi oxucunun duya 

bilmədiyi gözəl xüsusiyyətlərini aydınlaşdırardı.  

Sabir Məşədibəydən eşitdiyi yeni sözləri həm diqqətlə, həm də həyəcanla beyninə nəqş 

edirdi. O, bütün ağrılarını unudaraq müsahibinin sözünü kəsdi:  

- Mən rus dilini mütləq öyrənəcəyəm! - dedi. - İki ildir çalışıram, lakin həm xəstəliyim, həm 

də qulluğum imkan vermir. Rus dilini bilməyən adam, böyük və zəngin bir xəzinənin açarını itirmiş 

kimidir.  

Məşədibəy onun fıkrini təsdiq elədi:  

- Düzdür. Gərək ki, Abbas Səhhət rus dilini çox gözəl bilir. Puşkindən, Lermontovdan 

elədiyi tərcümələr mənim çox xoşuma gəlir. Xüsusən  

"Mtsıri" gözəldir. Onun neçə yaşı var? Siz böyüksünüz, yoxsa:  

- Başda o böyükdür, yaşda mən... deyə Sabir bu gün ilk dəfə gülümsündü.  

- - Onun savadı necədir?  

- Mən onun şagirdiyəm, o mənim üçün canlı bir kitabdır. Mən fars şairlərini, bir də 

osmanlıları pis tanımıram, amma o dəryadır.  

Məşədibəy Azərbaycan jurnallarında tez-tez gördüyü şeirləri oxuyarkən, osmanlı ədəbiyyatı 

haqqında çox mənfı bir rəyə gəlmişdi. Hər an səmimiləşən bir söhbətdə özünü yoxlamaq üçün, 

Sabirin də fıkrini öyrənəcəyinə sevindi:  

- Sizcə onların şerində qiymətli bir cəhət varmı? - deyə soruşdu.  

Sabir fıkrə getdi. O, rəy söyləməyi o qədər də sevmirdi. Lakin Məşədibəy ona necə diqqətlə 

baxdısa, o, heç olmasa bir neçə kəlmə deməyi qərara aldı: 

- Məncə onların ən böyük fəlakəti ana torpaqdan, xalqdan ayrı düşmələridir. Təqlid yolu 

tutmaqla böyük sənət əsəri yaratmaq mümkün deyil. Tofiq Fikrət kimi qüdrətli şair də o qədər qəliz 

yazır ki, onun mənzumələrini yenidən ana dilinə tərcümə etməyə ehtiyac görünür. Bir də bizimkilər 

nahaq yerə osmanlı şairlərini eynən çap edirlər, gərək onları bizim dilə çevirəsən. Əslinə baxsan 

bunu Məhəmməd Hadi Əfəndi yaxşı bilər, çünki osmanlılarla arası çox kökdür...  

Sabir yenə qımışdı. O, belə eyhamlar vurduqca, Məşədibəyin xoşuna gəldiyini başa düşürdü. 

Hər ikisi bir fıkirdə idi: "şair gərək dildə də öz milli zəmanəsindən ayrılmasın".  




- Mənə elə gəlir ki, bizim ədəbiyyatımızda osmanlı təsirinin güclənməsi çox ziyanhdır. Bu 

təsir şairi həyatdan ayırdığı kimi, xalqdan da uzaqlaşdırır... Elə deyilmi?  

- Siz tamamilə haqlısınız, - deyə Sabir ucadan təsdiqlədi, - bu cəhətdən rus şairlərini mən çox  

bəyənirəm. Xalq səadətini düşünməyən şairin nə xeyri ola bilər?  

Məşədibəy Sabirin mühakiməsinə dərindən diqqət yetirir, fəhlədən, kəndlidən yazdığı şeirləri 

xatırlayırdı.  

- Qulağıma bəzi sözlər dəyir. Guya mən şerin ilahiliyinə xələl gətirirəm, - deyə Sabir 

kimdənsə incimiş kimi köksünü ötürdü.  

- Belə sözü deyənlər əsrdən geri qalmış adamlardır. Bu güıı bizə məhz bu cür ədəbiyyat 

lazımdır!  

 

Amma mənim bədxahlarım belə düşünmürlər. Guya mənim yazdıqlarım elə bu gün ölüb 



gedir.  

Çatski demişkən, sizi mühakimə edən özü kimdir? - deyə Məşədibəy nifrətlə üz-gözünü 

yığışdırdı. - Tarix göstərir ki, öz zamanında tərəqqiyə xidmət edən əsərlərin ömrü daha uzun olur.  

Sabirin gözlərində sevinc ifadəsi canlandı. Məşədibəy nə üçünsə birdən soruşdu: 

 

- "Molla Nəsrəddin"in on səkkizinci nömrəsindəki "Gözəlim" şeri sizindirmi? Yox, yox, niyə 



danırsınız!" Başqası o cür yaza bilməz. Diqqətli oxuyan adam birinci sətirdən bilər ki, o, Sabirindir.  

- Mənimdir... - deyə Sabir etiraf etməyə məcbur oldu.  

- Onun üçüncü və beşinci bəndləri ayrı bəhrdədir. Bunun səbəbi nədir? Təəccüb niyə 

edirsiniz? Mən şeir vəznini yaxşı bilirəm; özünü tərif olmasın, vəzn qırıqlığını, qafıyə nöqsanını o 

saat görürəm.  

Sabir qızardı. O, şeri haradansa tapıb çıxartdı, diqqətlə oxuyandan sonra, Məşədibəyə haqq 

verdi:  

- Düz tapmısınız, - dedi. - Səbəbinə gəldikdə, bu saat deyim. Birinci və başlıca səbəbi 

mürgüləməkdir.  

Mən gecələr "Səda" qəzetinin düzəlişinə baxıram. Bizim idarə xüsusi teleqramlar almır. O 

qədər gözləyir ki, "Kaspi" çap olunub çıxır. İdarə onun teleqramlarını tərcümə edir. Mən o şeri 

Haşımbəyin mətbəəsində gecəyarısı yazmışam. 

Birinci hissəsini yazanda mürgüləyib yatmışam. Ayılandan sonra da mabədini yazmışam.  

Məşədibəy onun çox incə bir yerinə toxunduğu üçün üzr istədiyi zaman, Sabir yenə utana-

utana dedi:  

- Yox, yox, mən tənqidi sevirəm. Özü də çox şadam ki, bizi oxuyanların içində belə incə 

nöqtələri başa düşən adamlar var.  

Məşədibəy sorğu-sualına davam etdi:  

- Çap olunmuş şeirlərinizdən ən çox hansını bəyənirsiniz?  

- Heç birini... Bəyəniləsi şeirləri sonra yazacağam.  

- Sonra, yəni nə vaxt?  

- Mürgüləməyəndə...  

Məşədibəy güldü. O, şairin zarafatını çox bəyəndi, amma birdən üzünü ciddiləşdirdi:  

- Yanılırsınız, - dcdi. - İndiyə qədər yazdığınız əsərlərlə də siz xalqımızın qəlbində öz 

heykəlinizi qurmusunuz. Gülməyin. Mən doğru deyirəm.  

Təqiblərdən şikayət edərkən haqlısınız. Amma sizi kimlər təqib edir? Alverçilər, məşədilər, 

kərbəlayılar. Ən çox da mollalar. Fəhlələrin arasına getsəniz, yalnız onların qərəzsiz, düzgün 

qiymətini alarsınız. Onların içində "Hophop"u tanımayan, sevməyən çox az adam tapılar. Əsl xalq 

da onlardır. Mən dərsinizdə "Hophop"dan oxutdurun deyəndə də bunu nəzərdə tuturdum.  

Məşədibəy ayağa qalxıb balaca otaqda gəzinə-gəzinə Puşkinin "Heykəl"ini oxudu. Ən axırda 

üzünü Sabirə tutaraq dedi:  



- Siz də bu cür bir şeir yazın!  

Sabir onunla razılaşmadı, "o haqlıdır, mən isə hələ buna layiq deyiləm" dedi.  

Amma bu gündən sonra onlar möhkəm dostlaşdılar. Sabir ikinci görüşlərini səbirsizliklə 

gözləməyə başladı.  

Aradan keçən iki gün iki il qədər uzun sürdü.  

Polad bu gün aldığı "Molla Nəsrəddin"i çox tez satdı. Onun əlində yalnız ikicə nüsxə 

qalmışdı. O,küçə aşağı yüyürür, müştəri axtarırdı. Bakının məşhur milyonerlərindən birinin jurnalda 

çap olunmuş karikaturası bütün şəhəri tərpətmişdi. Savadlılar da, savadsızlar da jurnalın təzə 

nömrəsini göydə qapırdılar.  

Polad qoltuğundakı çantasını həmişəki kimi möhkəm tutub yüyürə-yüyürə Kərbəlayının 

dükanına yetişdi, yenə, "Molla Nəsrəddin!" deyə qəsdən ucadan qışqırdı. Kərbəlayı onu çoxdan 

gözləyirmiş kimi "adə gətir alıram" deyə Poladı gülərüzlə qarşıladı.  

Polad bunu görəndə sevincindən az qala atılıb-düşmək istədi.  

- Bu gün molla əminin işi xoddur, al! - deyə jurnalın bir nüsxəsini irəli uzatdı: - Ay can, ay 

can!.. Bircəciyi qaldı. Bu da Məşədi dayının!  

Kərbəlayı cibindən bir beşlik çıxardıb verdi, xırdasını almadı:  

- Bala, gəl otur, - dedi, - piti gətirdim, yeginən, oğlum. Sən yazıq yetimsənmiş, vallah heç 

xəbərim olmayıb. Yoxsa müsəlman deyiləmmi, köməklik elərdim. Gəl, gəl, bu saat gətirdim pitini. 

Yəqin acsan...  

Polad bir çantasına baxdı, bir də şübhəli-şübhəli Kərbəlayının üzünə baxdı: "Yox, aşna, 

deyəsən bu gün çantamda gözü var. Ay-hay, bütün dükanını versə də vermərəm" - deyə düşünüb 

tez-tələsik Kərbəlayıdan aralandı.  

- Gəl, bala, nədən qorxursan?  

- İstəmirəm.  

- Bıy, niyə ki? Piti yemək istəmirsən?  

- Yox, istəmirəm. Ala xırdanı! Bu gün qazancım çoxdur.  

- Nə olar ki, onu da sabah xərclərsən.  

- Lazım deyil.  

- Gəl, bala, yetimə əl tutmaq borcumuzdur.  

Polad daha da şübhələnib xırdaları lap uzaqdan Kərbəlayınm üstünə atmaq istədi:  

- Ala xırdanı! - deyə onu hirsli-hirsli təpədən-dırnağa qədər süzdü, - çantamı heç atam 

qəbirdən dirilib gəlsə də vermərəm.  

- Yox, bala, mən onu neyləyirəm?  

- Ala xırdanı, deyirəm!  

- Heç alarammı? Kafır deyiləm ki? Yetimin payını kəsim? Piti yeməsən, əl çəkmərəm, - deyə 

Kərbəlayı ona sarı addımladı. - Gərək bu gün barışaq. Özü də hər gün qəzet, jurnalını gərək hamıdan 

qabaq mənə gətirəsən. Yaxşımı? O daha da nəvazişkar bir tövrlə gülümsünərək Poladm biləyindən 

yapışdı. Uşaq bir neçə dəfə dartınıb onun əlindən qopmaq istədisə də, Kərbəlayı onu buraxmadı, 

çəkə-çəkə dükanına apardı, dibdəki kürsüdə oturtdu:  

- Çantadan qorxub eləmə, - dedi, - onda gözü olanın gözü çıxsın.  

Polad bu sözlərin çox ürəkdən və səmimi deyildiyini yəqin edib, bir daha dartınmadı, 

dinməz-söyləməzoturubKərbəlayınınbirdən-birə nə üçün belə dəyişildiyini fıkirləşdi. Doğrudan da 

o, çantaya baxmırdı, görünür bir başqa məqsədi vardı. Kərbəlayı yenə qapıya yanaşaraq, qabaq 

cərgədəki çayçı dükanma bağırdı:  

- Səftər!.. Bir piti, iki stəkan da əmiri çay!  

Birdən nə isə Poladın ürəyinə damdı. Bu qonaqlığın sonrasından qorxmağa başladı. Amma 

artıq gec idi. Poladın bədənində üşütməyə bənzər nə isə bir şey vardı. Bir dəqiqə belə keçmədi ki, 

Məşədibəyin evindən dadı damağında qalmış bozbaş kimi, zəfəranlı piti qabağında hazır oldu. Polad 

bir az duruxdu:  



- Ye, bala, ye! - deyə Kərbəlayı özü də böyründən naxünək vurmağa başladı.İndi Polad 

iştaha ilə yeyirdi.Bir neçə dəqiqədən sonra iki stəkan xoruzquyruğu çay gəldi. Kərbəlayı yeməyə ara 

verib, stəkanlara qənd saldı. Poladın başı pitiyə qarışdığından, dükan sahibinin nə iş 

gördüyünəfıkirvermədi... 

Sabirlə Məşədibəy söhbət edə-edə gəlib sahilə çıxdılar. Dənizdən əsən xəfıf külək 

Məşədibəyin saçlarını oxşayırdı. Bu gün, nədənsə, bulvarda gəzən çox az idi. Dənizdə də tüstülənə-

tüstülənə uzaqlaşan ticarət gəmisindən başqa heç nə görünmürdü.  

Sabir sözünə davam edərək deyirdi:  

- Aclıq, susuzluq nəticəsində ciyəri də zəifləmişdir, ürəyi də. Mən onu altı aydır tanıyıram. 

Bütün məktəbdə ən yaxşı oxuyan şagirdlərdən biridir. Özü də ağıllı, düşüncəli uşaqdır. Çox təəccüb 

edirəm, nə təhər olub ki, o sirri deyib?  

Məşədibəy dinmədi: "hər halda zərəri olmayıb" deyə fıkrindən keçirtdi.  

- Mənim imkanım olsaydı, onu axıra kimi oxutdurardım. Gözlərinə baxanda bilirsən ki, 

böyük adam olacaq.  

- Elədir, - deyə Məşədibəy addımlarını daha da yavaşıtdı, - yoxsulluq nəticəsində belə 

uşaqların çoxu məhv olub gedir, xalqımız gənc nəsildən məhrum olur. Zarafatdırmı, uşaqlarımızın 

doxsan faizi məktəbdən kənardadır. Hamı qəzet satıb oxuya bilməz ki? Sabir köksünü ötürdü. 

Əsərlərində bu qədər gülməyi bacaran bu insan, şəxsi həyatında yalnız kədərlə nəfəs alırdı, onun 

gözlərində çox az-az sevinc ifadəsi parıldayırdı.  

- Məni yaşadan yalnız gələcəkdir!.. - derkən o, gözlərini dənizlə üfüqün birləşdiyi yerə 

zilləyərək elə bil gələcəklə özü arasındakı uzun məsafəni gözəyarı ölçdü.  

- Düzdür, düzdür. Bədbin olmaq lazım deyil, - deyə Məşədibəy ona ürək-dirək verdi, - 

xüsusən siz bədbin olmağa qətiyyən haqlı deyilsiniz. Siz bu dövranı məğlub etmisiniz. Siz təlatümə 

gəlmiş bir dənizin yıxa bilmədiyi böyük bir dağa bənzəyirsiniz. Sabirin gözləri yenə dənizdə idi. O, 

birdən qeyri-şüuri olaraq dodaqaltı dedi: Bənzərəm bir qocaman dağa ki, dəryada durar!  

 - Bax, belə! - deyə Əzizbəyov başını ağır-ağır tərpədərək, bir xeyli Sabirə baxıb,dinməz-

söyləməz irəlilədi. Onlar bulvarın başına çatdıqları zaman, birdən müdhiş bir mənzərə qarşısında 

donub qaldılar; ağacın kölgəsində, ağzı üstə döşənmiş bir uşaq görünürdü. Məşədibəy cəld ona 

yanaşdı. Əvvəlcə tanımadı. Yana sarı əyilərkən uşağın iki əli ilə bərk-bərk tutduğu əzilmiş, boz 

torpağa bulaşmış çantanı tanıdı, dizi üstə çökdü. Onun bütün vücudu titrədi. Başı üstündə durmuş 

Sabirə dönərkən, onun gözləri doldu:  

- Yəqin acındandır, - dedi.  

- Bir də yüyürməkdən, - deyə Sabir kövrəlmiş halda əlavə edib yaylığmı çıxartdı.  

Müayinəyə gəlmiş həkim Poladın cənazəsi qoyulmuş otaqdan çıxarkən, hamını 

təəccübləndirən bir soyuqqanlılıqla dedi:  

- Zəhərləyiblər.  

Sabir göz yaşları içində ikən hələ iki il əvvəl yazdığı bir şerin ilk beytini xatırladı:  

Ey dərbədər gəzib ürəyi qan olan, çocuq! 

Bir loğma nan üçün gözü giryan olan, çocuq!  

Bu vaxta qədər yorulmadan gülən "Hophop" indi ağı deyən ana kimi əli dəsmallı, gözü yaşlı 



idi.  

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə