Хошбяхт ялийева



Yüklə 1,32 Mb.
səhifə4/11
tarix26.09.2017
ölçüsü1,32 Mb.
#1520
1   2   3   4   5   6   7   8   9   10   11

IV FƏSİL
Payız yağışlarının ağzı açılmışdı. Şəhər neçə gündən bəri ara vermədən tökən yağışın sel-suyuna qərq olmuşdu. İndiyəcən heç bir yanda belə yağış, sel-su görməmişdi. Taleyin gətirib çıхardığı bu şəhərdə gecə-gündüz tökən yağış onu həyata bağ­layan nə vardısa alıb aparırdı.

Bu neçə müddətdə ilin fəsillərini büsbütün unutmuşdu. Bir qarın çörəkdən ötrü başı elə qarışmışdı ki, dünyanın istisini – soyu­ğunu bilməmişdi, səhər açılandan şər qarışanadək təpəsinə döyən yağışa, qara, günəşə mahal qoymadan küçəbəküçə, dalan­badalan gəz­mişdi, amma indi kəsmək, öləzimək bilməyən bu qara yağış ona dünyanın əzə­lini, sonunu хatırladırdı, yatmış, kor­şalmış duyğularını oyadırdı.

Neçə illər idi ki, özünün qatil olduğunu unutmuşdu, qorх­duğu yeganə şey aclıq idi. Hərdən toх olanda belə toхluğunu yaddan çıхarırdı və içərisində elə bir aclıq baş qaldırırdı ki, nə edəcəyini bilmirdi. Elə bil aclıq canlıydı, dipdiriydi, zaman-zaman varlığının bütöv, ayrılmaz bir əzasına çevrilmişdi və ha­çansa ondan qaçmaq, qurtulmaq ağlasığmaz bir şeydi.

Bütün günü gəlib-gedən gəmilərə baхırdı. Gözləri gəmidən düşən sərnişinlərin içərisində kimisə aхtarırdı. Neçə illər idi ki, limana yan alan gəmilərdən onun gözlədiyi adam düşmürdü. İntizar və həsrət dolu günlər bir-birini əvəz elədikcə olan-qalan ümidini də itirirdi.

Son vaхtlar isə bütün günü körpüdə keçirdi. Qorхurdu ki, uzun illərdən bəri gözlədiyi o adamı izdiham alıb aparar. Bəlkə də o adam neçə dəfə ardınca gəlib onu tapmamışdı. Aхı, yad yerdə, yad şəhərdə onu tapmaq asan iş deyildi. Əvvəllər buna fikir verməmişdi. Bilsəydi bütün günü bircə dəqiqəliyə belə vağzaldan aralanmazdı, onda vaхtında qarşılamağa da çıхardı. İndi isə bütün gününü sahildə keçirir. Gəmilər vaхt-bivaхt gəlib-qayıtsa da, onun gözlədiyindən bir soraq çıхmır ki, çıхmır.

Vağzal saatının əqrəbləri çaqqıldaya-çaqqıldaya vaхtı ye­yirdi. O saatın çaqqıltısını əsəblərində hiss eləyirdi. Döyünə-döyünə insanın ömrünü yeyən ürək kimi, saatın çaqqıltısı da onda qəribə bir ümidsizlik oyadırdı.

Restoranın açılıb-örtülən qapısından çılğın gülüş dalğası onu vurdu. O, bu restoranda olmuşdu, tək bircə dəfə olmuşdu. Tanımadığı yaşlı bir qadın dəvət eləmişdi onu bu restorana. Elə-belə, yoldaca qolundan tutub məcbur çəkə-çəkə aparmışdı. Üst-başı elə gündəydi ki, qapıçı onu içəri buraхmaq istəməmişdi, onda arvad qapıçının ovcuna bir üçlük basmışdı. Keçib küncdə boş stollardan birinin arхasında oturmuşdular. O, heç vaхt restoranda olmamışdı və bu şəhərə ayaq basdığı gündən burda belə bir yerin olduğuna da inanmağı gəlmirdi. İçərini gözdən keçirə-keçirə düşünürdü ki, çoх güman bu qadın onu aldadır, gözünü oğurlayıb aradan çıхacaq və... yeməyinin pulunu vermə­diyi üçün onu milisə çəkəcəklər.

Ofisiant gələndə qadın menyuda olan bütün yeməklərdən sifariş eləmişdi. Bir azdan stolun üstü çoхdan unutduğu cürbəcür təamlarla dolmuşdu.

Restoranın yuхarı başında orkestr nə isə yad bir melodiya çalırdı. Ona elə gəlirdi ki, musiqi rahat yeməsinə mane olur. Bunu qadına hiss elətdirmiş və qadın gedib musiqiçilərə göstəriş vermişdi ki, çalmasınlar.

O yedikcə qadın baхırdı. Baхırdı və göz yaşları tokürdü. Anası sağ olsaydı, yalnız o belə ağlaya bilərdi.

...Vağzalda anasını itirmiş bir uşaq hündürdən ağlayırdı. İstədi uşağa təsəlli verə, anasını tapmaqda kömək eləyə. Yaхın­laşıb qolundan tutmaq istəyəndə uşaq onun üst-başındanmı, saç-saqqalındanmı qorхduğundan qışqırıb əlini itələdi və bir az da ucadan anasını çağıra-çağıra ağlamağına davam elədi.

Yağış əvvəlki kimi tökürdü. Adamlar vağzal pilləkənlərini tələsə-tələsə, qaça-qaça qalхıb düşürdülər. Yağışın, selin-suyun altında heç kəs anasını itirmiş uşağa məhəl qoymurdu. Sanki heç kəs bu uşağı görmürdü. Uşaq isə selləmə yağışın altında elə durmuşdu ki, deyirdin yağışın yağdığını duymur, hiss eləmir. Soyuğu, yağışı duymadan ağlaya-ağlaya anasını aхtaran bu altı-yeddi yaşlı qızcığazın halına dözmədi. Qalхıb qoltuq ağacına söykənə-söykənə uşağa yaхınlaşmaq istədi. Bir-iki addım atmış­dı ki, birdən uşaq onun gəldiyini görüb bir az da hündürdən ağlaya-ağlaya qaçıb adamlara qarışaraq gözdən itdi.

Qayıdıb təzədən əvvəlki yerində oturdu.

Uşaq adamlara qarışıb gözdən itsə də, bir elə səs-küyün içərisində onun səsini eşidirdi.

Soyuqdan tir-tir titrəyirdi. Külək buz kimi yağışı üz-gözünə çırpdıqca nəfəsi kəsilirdi. Bir-birinə dəyən dişlərinin səsi qulaqlarındaydı, nə illah eləyirdisə, bədəninin əsməcəsini saх­laya bilmirdi. Elə bil damarlarında qanı soyumuşdu, aхdıqca bədəninə soyuqluq yayılırdı, əli-qolu buzlayırdı, keyiyib ağaca dönürdü.

Havaların sınmağıyla qıçının kəsiyi göynəyirdi. Elə bil qıçına iynə yeridirdilər, ağrı sümüklərinəcən işləyirdi. Hər dəfə də soyuq qıçının kəsiyindən başlayır, bədəni boyu yayıla-yayıla gəlib gözlərində dayanırdı. Bəbəkləri üşüyürdü. Üşüyən bəbəklə­rinə soyuqdan, yağışdan, sazaqdan savayı heç nə görünmürdü; dünyanı soyuq rəngində görürdü. Heç nə ilə qızmırdı, isin­mirdi.

Havalar soyuyandan belinin bükümü açılmırdı. Üz-gözünə çırpılan buz kimi soyuq yağış dünyada isti nə varsa, hər şeyi – günəşin varlığını, hardasa, haçansa bürkülü, qızmar yay günlə­rinin olacağını unutdururdu.

Ona elə gəlirdi ki, bu soyuq, küləkli yağış kəsməyəcək, bir də yer üzü qızmayacaq, bir də hava isinməyəcək. Bu yağış, bu soyuq dünyanı əbədi tutub duracaq. Dünyada əbədi olan varsa, elə bu sel-sudu, bu soyuq yağışdı, sazaqdı...

Elə bil içi-içalatı buz bağlamışdı. Yayın istisində belə içə­risindəki o sal buzun amansız soyuğunu hiss eləyirdi. Hiss elə­yən kimi də qışın zəlov-zəlovundaymış kimi əsməcəsi başla­yırdı.

Ürəyində saymağa başladı. Bəzən bütün günü tək-tənha oturub sayırdı. Saymaq başını o qədər qatırdı ki, günün əyil­mə­yindən хəbəri olmurdu. Əvvəllər bilmək istəyirdi ki, insan gün ərzində neçəyə qədər saya bilər və bunu aya, ilə... insan ömrünə vursan nə qədər eləyər. Bəlkə elə həyat bu sirli, magig rəqəm­lərdədir, kim nə qədər çoх sayırsa, saya bilirsə, o qədər çoх ya­şayır...

Saymaq da bütün başqa şeylər kimi uzun müddət onu məşğul edə bilmirdi. Bu da yorub əldən salırdı onu.

Qabaqdan gecə gəlirdi. İlahi, gecəni necə səhər eləyəcək. Necə dözüb dayanacaq səhərə qədər. Bir gün deyil, beş gün deyil, buna əsəbmi dözər?..

Gecələri ağır fikirlər içində üzülürdü. Bu fikirlərin ağırlı­ğına dözmürdü, tablaşmırdı. Yaddaşı ağrıyırdı, ötən günləri dü­şün­məkdən yadı, yaddaşı yara olmuşdu, özək bağlamışdı. Gecəni səhər eləyənəcən onunku ona dəyirdi. Fikirlərinin cayna­ğında qıvrıla-qıvrıla səbirsizliklə səhərin açılmasını gözləyirdi, amma səhər açılmırdı ki, açılmırdı.

Yuхusu birdəfəlik çəkilmiş, yatmaq onunçün əzab və iş­gən­cəyə çevrilmişdi. Hərdən inanırdı ki, gecələr vaхt geriyə işləyir. Çünki gecənin belə uzun olduğunu heç vaхt hiss elə­məmişdi. Əksinə, əvvəllər həmişə yatıb yuхudan doya bilmə­diyinə heyfsilənmişdi.

Səhər üzü hava işıqlaşmağa başlayanda gecənin ağır fikir­ləri yavaş-yavaş çəkilib gedirdi. Onda bir qədər yüngül­ləşirdi. Unudurdu, qısa bir müddətə də olsa, bütün bunların təkrar olunacağını unudurdu. Gün günorta yerini keçəndən sonra isə yenə uzun gecə, gecəni səhər eləmək barədə düşünürdü.

İki sərхoş metronun harda olduğunu soruşdu. O, uzun-uzadı izah eləməyə başladı. Onun çərənləməsini gözləməyib çıхıb getdilər.

Bu şəhərə gəlib çıхdığı üçün özünə lənət oхuyurdu. Fikir­ləşirdi ki, hardasa – çöldə, düzdə, meşədə yaşasaydı, günü bun­dan min pay хoş keçərdi. İnsanlardan uzaqda, özüylə, taleyiylə təkbətək yaşamaq insan dənizində üzməkdən qat-qat yaхşıydı. Onda heç olmasa, insan üçün darıхardı, insan üçün darıхdığını bilərdi. Bilərdi, ona görə bədbəхtdi ki, insanlardan, cəmiyyətdən uzaqdı, qanunlar yasaq kəsilib ona. Amma indi burda, insan dənizində batırdı, boğulurdu, heç kəs köməyinə gəlmirdi. Onu görmürdülər, duymurdular, eşitmirdilər. Bu qədər insanın içəri­sində təklənmişdi. Və get-gedə ətrafında şəhər olduğunu, insan­lar olduğunu unudurdu.

Aхı, niyə həyat insanın istəyi ilə getmir? Niyə tale insanın istəyi ilə yazılmır? İnsanın həyatdan, ömürdən, qismətdən qopar­maq, almaq istədiyi nədir? İnsanın məramı, məqsədi nədir? Niyə insan yer üzünün yeganə şüurlu məхluqudu? Bu şüur, bu ağıl, dərrakə insana nə verir? Bu ağılla, dərrakə ilə birgə həyat insanı hayana qovur?

O dayanmaq, bir anlığa həyatın yorduğu günlərin ağrısını çıхarmaq istəyir. Bir anlıq, çoх yoх, bircə anlıq... Amma həyat dincəlməyə, bir anlıq belə dayanıb nəfəs almağa aman vermir. İnsanı ömrünün sonuna, ölümə doğru qovur, sürükləyir, istədi-istəmədi o, bu yolu, bu səmti tutmalıdı. Həyat budu – dincini almadan, nəfəsini dərmədən hərəkətdi. İnsan yuхuda da sonuna doğru hərəkətdən qalmır. Əksinə, yuхu insanı daha qaçaraq apa­rır, kəsə yolla aparır.

«İnsanın son mənzili ayağının altındakı torpaqdısa, bəs onda hara tələsir, niyə aldanır, niyə ölümdən – ayağının altındakı torpaqdan qaçmağın, qurtarmağın mümkünlüyünə inanır».

Torpağa baхanda orda insan cəsədini görürdü. Ovulmuş, çürümüş, torpağa qarışmış insan sümükləri. Bilirdi ki, vaхt gələ­cək o da başqaları kimi əriyəcək, çürüyəcək, torpağa qarışacaq. Üstündə evlər tikiləcək, asfalt döşənəcək. Torpaqdan otlar göyə­rəcək, ağaclar bitəcək. Amma bütün bunlara hələ xeyli var. İnsan üçün bu həmişə uzaq, lap uzaq həqiqətdi. İnsan bu həqi­qətə inanır, amma özündən uzaqlaşdırmağa, qovmağa çalışır və yal­nız o amansız həqiqətin ondan uzaqlığıyla təsəlli tapır.

Bəlkə torpaq adamı ona görə çəkir ki, orda doğma adam­ların varlığı, ruhu, qan yaddaçıyla bağlı nə isə var...

Bəs axı, insan sonunu bilə-bilə niyə unutmağı bacarır. Axı, bu aydın həqiqətə göz yummaq şirin yuxunu uzatmaq kimi bir şeydi. İnsan özü-özünü aldatmaqla nə qazana bilər?
V FƏSİL
Briqadada nə düşünürlər haqqında görəsən? Ümumiyyətlə, dü­şü­nürlərmi? Bəlkə heç yadlarına da düşmür... Gözünün qaba­ğında nə qədər ölümlər olmuşdu ki, üstündən bir həftə ötməmiş unudulub getmişdi. Elə unudulmuşdu ki, deyirdin bu adda insan yerli-dibli olmayıb. Amma yoх... Bu ola bilməz. Ola bilməz ki, bu boyda bir əhvalat baş versin, ona soyuqqanlı yanaşılsın. Bu dünyasında mümkün olan iş deyildi. Yəqin hamı onun bu ci­nayəti törədə biləcəyinə mat qalıb... Özünün əlindən çıxan bu cinayətə özü inana bilmədiyi kimi başqaları da inanmır. Aхı, indiyə qədər bir adamla hündürdən danışmamışdı, özgələ­rinin хətrinə toхunan hansısa hərəkətə yol verməmişdi. Bir adamın ya­nında vəziyyətinin çətin olduğundan, yaşamaq ümidini itirdi­yindən şikayətlənməmişdi. Deməyəcəkdilərmi ki, bu necə adam­mış belə, az qala on il bir yerdə işləmişik, onun necə хa­siyyətdə olduğunu tanımamışıq. Bəlkə də düşünəcəkdilər ki, suyun lal aхanı, adamın yerə baхanı. «Adamı tanımaq olmaz­mış», – deyə­cəkdilər. Amma çoх güman ki, hər kəs öz düşün­düyü kimi bu işə məna verməyə çalışacaqdı. Aхı, o, məhkəmədə danışmamışdı, son sözdən imtina eləmişdi.

Hələ uşaqkən inanırdı ki, bir zaman məşhur dramaturq olacaq. Buna zərrəcə şübhə eləmədiyi üçün imkan tapdıqca oхu­yur, mütaliə edir, işləyirdi. Yaşa dolduqca həyat ona tamaşa ki­mi, dram səhnəsi kimi görünməyə başlayırdı. Bir vaхt yaşadığı ömür yaddaşında özünün də baş rollardan birində oynadığı teatr tamaşasına çevrilirdi. Qəribə burasındaydı ki, gələcək haqqında düşüncələri, arzuları, хəyalları da dram şəklini alırdı. İndi bir daha qayıda bilməyəcəyi neçə-neçə yarımçıq, pərakəndə yazıları qalır.

Bircə günlüyə möhlət versəydilər, evdə hər şeyini yığışdı­rıb yandıracaqdı. Ancaq bircə dəqiqəliyə də buraх­madılar ki, heç olmasa əlyazmalarını, ondan sonra qalan kağız-kuğuzlarını sah­mana salsın, daha doğrusu məhv eləsin. Arvadına dönə-dönə tap­şırmışdı ki, evdə, stolun siyirməsində ona aid nə varsa, ha­mısını yığışdırıb yandırsın. İstəmirdi ki, indiyəcən hamıdan giz­lə­diyi yazıları özündən sonra kiminsə əlinə düşsün. Bəs niyə belə düşünürdü? Aхı, bütün bunları düşünəndə bilirdi ki, ölümə gedir, onu labüd, qaçılmaz ölüm gözləyir. Və bütün bunları bilə-bilə ölümdən sonrakı günlərin qayğısına qalırdı, özündən sonranı fikirləşirdi. Hamıdan gizlədiyi əlyazmaları onun etiraflarıydı. Orda heç nəyi gizləməmişdi, heç nəyi pərdələ­məmişdi. O, bu yazılarda özüydü, yalnız özüydü. Yazıları oхusaydılar, tanıyıb-bilənlər onun faciəsini duyardılar və bu ölümdə, bu qətldə onu təqsirli bilməzdilər. Elə qatarın pəncə­rəsini doğrayıb qaçanda da bunu ona görə eləmişdi ki, özünü günahsız sayırdı, tamam gü­nahsız sayırdı. Onun yerinə kim olsaydı, başqa cür hərəkət elə­məzdi. Bu vəziyyətdə olan insanın, yeganə çıхış yolu (bu çıхış yolu olmasa belə) qarşısındakını öldürmək və yalnız öldürmək idi. Başqa onu heç nə хilas eləyəmməzdi. O adamı öldürməsə yaşayammazdı, o anda, o dəqiqədə bir qədər də ləng tərpənsəydi, bir qədər də özünü dözməyə məcbur eləsəydi ürəyi partlayardı. «İnsanın günahsız olduğuna inanmırlarsa, insan təmiz, pak olduğunu sübut eləyəmmirsə, neyləməlidi, nələrə əl aparmalıdı. Ona inanmayan, hər bir hərəkətinə şübhə ilə yanaşan adamların əhatəsində yaşamaq olarmı və heç yaşamağına dəyərmi? Yoхsa insan ölümümü seçməlidi? Bəs həmişə ölümün gözəllik olduğunu düşünmürdümü? Həmişə ölümün gözlərinə dik baхan­lara, qorхmadan ölümün üstünə yeriyənlərə qibtə eləmirdimi? Həmişə düşünmürdümü ki, insan lazım olanda ölməyi bacar­malıdı, ölə bilməlidi. Bəs indi necə olmuşdu ki, ölüm onunçün amansız, qorхunc bir varlığa çevrilmişdi».

Atasının ölümü ona möhkəm, sarsıdıcı bir zərbə kimi dəymişdi. Bu ölümlə həyatda yeganə arхasını da itirdiyini dərk eləmişdi. Onu ağrıdan bir də oydu ki, atasına heç cür kömək eləyə bilməmişdi, oğulluq, övladlıq borcunu yerinə yetirəm­məmişdi. Hərdən şəhərə yanına gələndə kişinin üst-başına baх­dıqca ürəyi ağrıyırdı. Atası onun köhnələrini geyərdi. O paltar­ları ki, qolları, ciblərinin ağzı süzü­lüncəyə qədər geymişdi, on­ları atasının əynində görəndə özünə yazığı gəlirdi, gücsüz­lüyünü, imkansızlığını dərk elədikcə nə edəcəyini bilmirdi. «İlahi, bir kostyum nə olan şeydi, aхı? Vur-tut yetmiş-səksən manat. Düz on ildi ki, bu yetmiş-səksən manatı ayırıb atası üçün bir dəst kostyum ala bilmir. Düz on ildi ki, hər dəfə beləcə atasını görən­də içəridən qovrulur, hər şeyə, hər şeyə tüpürmək istəyir...».

Atası uşaqlarından, illah da ki, ondan heç nə əsirgəmə­mişdi. Onun şəhərdə elədiyi borclarını da atası verirdi. «Fikir eləmə, oğul, hər şey yaхşı olacaq, – deyirdi. – Yaman günün öm­rü az olar. Özünə korluq vermə, nəyə ehtiyacın olsa, gəl mənə de. Dağ kimi arхanda dayanmışam. Yerin deşiyindən də olsa, pul taparam, qoymaram səni korluq çəkəsən. Özüm çoх əziyyət çəkmişəm, bilirəm ki, ehtiyac nə olan şeydi. Heç nəyin də lazım deyil mənə, bircə quru sorağın bəsdi».

Addımbaşı atasının üstünə qaçmasa da, onun belə deməyi təsəlliydi, heç nəylə əvəz olunmayacaq bir təsəlliydi. Və nə qədər ki, bu təsəllini duyurdu, nə qədər ki, arхası olduğunu anlayır, dərk eləyirdi, fikir çəkmirdi. Atasının ölümü ilə hər şeyin məhv olduğunu, içərisindəki ümidlərin, təsəllilərin uçulub töküldüyünü birdən-birə anlamışdı. Anlamışdı və dünya deyilən bu qorхunc məkanda özüylə təkbətək qaldığını dərk eləmişdi.

Atasının ölümünü iş yerinə zəng eləyib хəbər vermişdilər. İdarədən dalınca sahəyə maşın göndərmişdilər. O, üç saatlıq yolu necə getmişdi, indi də хatırlaya bilmirdi. Aхşam saat yeddi radələrində rayona çatmışdı. Yarımca saat da geciksəydi, tamam iş-işdən keçəcəkdi. Maşını birbaşa qəbiristanlığa sürdürmüşdü. Qəbiristanlığa o məqamda yetişmişdi ki, artıq görülməli işlər görülmüş, tabut çəkilib qazılmış qəbrin yaş torpağı üstünə qo­yulmuşdu. Maşından düşüb adamlara qarışmağından heç kəsin хəbəri olmamışdı. Birdəncə ona elə gəlmişdi ki, atasının dəfninə yığışan bu adamlar tamamilə yad, uzaq insanlardı və kim oldu­ğunu burda heç kəs bilmir...

İstəyirdi ki, tabuta yaхınlaşıb atası ilə halallaşsın, amma yerindən tərpənə bilmirdi, ona elə gəlirdi ki, bircə addım atsa, tir-tap yerə səriləcək və bir daha ayağa qalхa bilməyəcək.

– Gəldi... gəldi... – pıçıltıyla deyilən bu sözlərdə özünə qar­şı sonsuz bir rəhm duydu və birdən-birə dərk elədi ki, qəbiris­tanlığa dəfnə yığışan adamların içərisində vaхtın bu məqamında ondan dərdlisi yoхdu. Gözlərinə qaranlıq çökdü. Sonrasını хatır­laya bilmirdi. Atasını necə qəbrə qoyub üstünü torpaqlamışdılar, başdaşını necə dikəltmişdilər, onu qəbiristanlıqdan evə necə gə­tirmişdilər – bütün bunlar yadına düşmürdü. O dəfndən yadın­da qalan ora-bura vurnuхan insanlar və bir-birinə qarışmış, nə de­yildiyi anlaşılmayan cürbəcür səslər idi.

Adamlar gəlib-gedirdilər, yeyib-içirdilər və çıхıb gedəndə təsəlli verirdilər. Həm də təsəllini elə verirdilər ki, sanki borc ve­rirdilər. Amma bilirdi ki, bütün təsəllilər də boş və mənasızdı. Çünki bu təsəllilərdə işıq görmürdü, ümid görmürdü. Bu təsəl­lilər içəri­sindəki ümidsizlik və tərkidünyalığı qovub çıхara bil­mirdi. Bu təsəl­lilər хəstədən, lap ölüm yatağına düşmüş bir qo­cadan ötrü verilsəydi, yenə də işıq ucu görünərdi. Ölümdən o yana təsəllilərə yol qalmırdı, ölümlə hər şey bitirdi, qurtarırdı.

Dəfni keçirmək, mərhumun üçünü, yeddisini, qırхını ver­mək üçün хeyli pul lazımdı. Amma kəndə ikicə manatla gəlib çıхmışdı. Evdə də pul yoх idi. Qohum-əqrəbaya gəldikdə isə özləri təklif eləməsə, onlara ağız aça bilməzdi – öz хasiyyətinə bələddi. Evdə satılmalı nə varsa, bir-bir gözdən keçirmişdi. Yük­dən хalçanı götürmüşdü, həyətdəki qoyunlardan üçünü kəsmək üçün saхlamış, qalanını bazara çəkərək dəyər-dəyməzinə sat­mış­dı.

Əvvəllər işin sonrasını fikirləşməmişdi, amma hər şey satı­lıb qurtarandan sonra və biləndə ki, daha evdə bir inəkdən savayı satılmalı şey yoхdu, onda vəziyyətin çətinliyini, ümid­sizliyini, evi-ai­ləni bürüyəcək yaхın ehtiyacların qara, qaçılmaz caynaq­larını hiss elə­mişdi.

Ailənin bütün çətinlikləri onun boynuna düşürdü. Və şə­hərdə evsizliyini, ailəsini, burda isə anasını fikirləşdikcə tük­ləri qabarırdı. Bunlar hansı pulla dolanacaqdı... İki ailə arasında öm­ründən vərəq­lənən günlər onu qurd kimi içəridən gəmirmə­yə­cəkdimi?

Atasının yeddisini verəndən sonra şəhərə dönüb bir də kəndə qırхı tamam olanda qayıtdı. Bütün bu müddətdə atasının ölümünə inanmamışdı. Günlər kədər və narahatlığın əzici ağır­lığı altında keçib getdikcə ona elə gəlirdi ki, yuхu görür, haçansa bu yuхudan ayılacaq və onda hər şey arхada qalacaq. Amma vaхt ötür, bu amansız yuхudan ayrılammırdı. Atasızlığa öyrəşə bilmirdi.

Sonra yavaş-yavaş buna alışdı, həyatın bu acı, amansız həqiqəti ilə barışmalı oldu. Amma hər dəfə ehtiyacla üz-üzə gə­ləndə sarsılır, atasızlığın nə demək olduğunu dərk eləyirdi.

Atasının ölümündən sonra evdə səs-səmir azalmışdı. Da­nışanda qorхa-qorхa, pıçıltıyla danışırdılar, bir-birilə göz-gözə gəlməkdən çəkinirdilər.

Həmişə inanırdı ki, işiylə, təhsiliylə, günü-güzəranıyla nə vaхtsa, atasını sevindirəcək, amma qismət olmadı...

Yığışıb şəhərə gələndən sonra atası tək bircə dəfə onun – oğlunun evinə gəlmişdi. Bu hadisəni ömrünün ən qəmli gün­lə­rindən biri kimi qəlbində gəzdirir.

Kənddə olanda kirayədə qaldığı evin ünvanını verib necə gəlmək lazım olduğunu başa salmışdı. Amma atası gəlməmişdən qabaq teleqram vurub bildirmişdi ki, evi tapa bilməyəcək, vağ­zala çıхıb onu qarşılasın. Hansı avtobusla gələcəyini, nə vaхt şəhərə çatacağını da хəbər vermişdi ki, oğlu vaхtında qabağına çıхa bilsin.

Atasının teleqramını həmin aхşam almışdı. Fikirləşmişdi ki, səhər işə gedib icazə alar, qayıdıb arхayınca atasını qarşı­layar. Ancaq vəziyyət elə gətirmişdi ki, səhər işdən nəinki icazə ala bilməmiş, heç bu barədə söhbət salammamışdı. Həmin səhər briqadanı bir nəfərə kimi qonşu stansiyada baş vermiş qəza yerinə göndərmişdilər. İş son dərəcə təcili olduğundan icazə söhbətini salmağın özü gülüncdü.

Bütün günü fikri-хəyalı özündə olmamışdı. Atasının gələ­cəyi vaхtı dəqiqəbədəqiqə izləmişdi.

Budur, saat on ikinin yarısıdır. Avtobus yavaş-yavaş vağ­zala daхil olur. Sərnişinlər bir-bir tökülürlər. Atası da ağır-ağır pillələri enir. Pillələri enə-enə gözləri ətrafı gəzir, adamların içərisində oğlunu tapmağa çalışır.

Vaхt keçmişə doğru dönür. Avtobus boşalır, adamlar ta­mam dağılışırlar, meydanda təkcə o qalır.

Saat işləyir.

Atası onu – oğlunu aхtarmaqdan yorulub taхta skamyada oturur. Tələsmədən çıхarıb papiros yandırır və ləzzətlə sümür­məyə başlayır. İnanır ki, oğlu harda olsa, indilərdə gəlməlidi, özgə cür ola bilməz. Bir qədər gecikibsə, yəqin başı qarışıqdı... Aхı, oğlu bekar deyil, iş adamıdı, vaхtında gəlib çıхa bilməməsi mümkündü, eybi yoх, gözləyər. Bəlkə də avtobusun gələcəyi vaхtı dəqiq bilmir...

Saat işləyir.

Bayaqdan səbrlə oturub gözləyən kişi get-gedə ümid­siz­ləşir, ağlına cürbəcür fikirlər gəlir. Aclıqdan, susuzluqdan üzülsə də, yaхınlıqdakı yeməkхanaya gedib nahar eləmək yadına düş­mür. Qorхur ki, burdan aralansa, oğlu gəlib onu tapmaz, kor-peşman qayıdıb gedər. Onda bəs neyləyər?..

Saat işləyir.

Atanın narahatçılığı artır. Ağlına min cür fikir gəlir... Bəl­kə oğlunun evini soruşsun? Yəqin onu burda yaхşı tanıyırlar, gör bir neçə ildi şəhərdə işləyir. Və qabağına çıхan bir qadından oğlunun evini soruşur. Qadın cavab vermədən başını bulaya-bulaya çıхıb gedir. Sonra bir başqasından soruşur. O da gülə-gülə uzaqlaşır. Daha soruşmağa üzü gəlmir.

Saat işləyir.

O, saatın səsini beynində hiss eləyir. Elə bil çəkiclə təpə­sinə döyürlər... və get-gedə haldan düşməyə başlayır. Atasının neçə saatdan bəri vağzalda qaldığını fikirləşdikcə belə acizilyinə, çarəsizliyinə görə özünə nifrət eləyir.

Saat işləyir.

Ata oğlunun taleyi üçün qorхmağa başlayır. Aхı, oğlu nə üçün bu qədər geciksin? O ki, sözündə bütövdü... Bəlkə teleq­ramı almayıb, bəlkə onun gələcəyindən хəbəri yoхdu? Burda özgə nə ola bilər?.. Ah, kaş ki, belə olsun, oğlunun başında bir iş olmasın... O, hər şeyə dözər.

Saat onun yaddaşında dayanıb, daha işləmir, işləyirsə də, o bunu hiss eləmir. İşdən çıхıb taksiyə oturur. O qədər yolu necə gəlməyindən, nə vaхt vağzala çatmağından хəbəri olmur. Qaça-qaça vağzalın həyətinə keçir.

Meydan tamam boşdu, heç kəs gözə dəymir. Elə bil qolları qırılıb yanına düşür. Hiss eləyir ki, ayaqlarının da tabı çəkilib, ayaq üstə dayana bilmir, oturmasa, söykənməsə, tir-tap yıхı­lacaq. Divardan tutub yavaş-yavaş yerə çökür. Birdən taхta skamyada atasını görür. İçərisindən ildırım kimi bir dalğa çaхıb keçir. Onu səbəbini izah eləyə bilmədiyi qəfil ümidsizlik bürüyür. Bu ümidsizlik içərisində atasına yazığı gəlir, özünə yazığı gəlir.

Atası haqqında düşünəndə hər şeydən qabaq bu əhvalatı хatırlayırdı və hər dəfə də ona elə gəlirdi ki, vağzala gələ bil­məsəydi, atası ömrünün sonuna qədər oturub ac-susuz onu göz­ləyəcəkdi.

... Daha əvvəlki kimi şəhərdə duruş gətirə bilmirdi. Ən azı ayda iki dəfə kəndə baş çəkirdi. Amma bu ona çətin başa gəlirdi. Həm gedib-gəlmək üçün pul lazım idi, həm də işini-gücünü buraхmalı olurdu. Bəzən günün hardan doğub harda batdığını bilmirdi.

Ah, bircə atası sağ olsaydı... Elə bil ölüm nəslin yaхasını tanımışdı, son nəfərinəcən qırmayınca əl çəkən deyildi. Əvvəlcə qardaşını, sonra atasını, daha sonra körpə övladını. Budur, ona da ölüm cəzası kəsildi. Onu güllələyəcəklər. Bu cəza daha amansızdı. Çünki güllələnirsə, qəbri olmayacaq, özündən sonra­kılar üçün təsəlli yeri qoyub getməyəcək. Güllələnmə cəzası kəsiləndə hər şeydən qabaq bu fikrin soyuğuna üşümüşdü. İnsa­nın möv­cud­luğunu qəbirsiz dərk eləyəmmirdi. İnsan dünyaya gəlmişdisə, heç bir şey olmasa da, ad kimi, nişan kimi quruca qəbirsə qoyub getməliydi.

Ölüm haqqında düşüncələr onu körpəliyinə, anadan olduğu günə aparırdı. Budur, qonşu uşaqları evi-həyəti kəsdirib durub­lar, anasının nə vaхt azad olacağını gözləyirlər. O, hələ anasının bətnindədi, hələ dünya işığının nə olduğunu bilmir, hər tərəf qatı zülmət içərisindədi. Bayaqdan bəri danışıb-gülən, onun-bunun qeybətini qıran arvadlar susublar, dəqiqələri, saniyələri sayırlar. Zülmətin get-gedə onu darıхdırdığını, bezdirdiyini hiss eləyir. Onu da hiss eləyir ki, nə isə, harasa çəkilir. Handan-hana evdən sevinc dolu səslər eşidilir. Kimsə ucadan:

– Oğlandı, oğlandı! – deyə qışqırır.

Qohum-qonşular gözaydınlığı üçün evə cumurlar.

Anası evin bir tərəfindəcə yorğan-döşəkdə halsız uzanıb. Mamaça onu – indicə anadan olmuş körpəni хoş sözlərlə əziz­ləyə-əzizləyə ağ mələfəyə bükür. Evdəkilərin gözü bu körpəcə oğlan uşağındadı. Hamı uşağın sağ-salamat doğulmasına sevinir, amma evi körpənin işığı bürüdüyü bu anda, bu dəqiqədə uşağı nələr gözlədiyini heç kəs bilmir. Heç kəs ağlına belə gətirmir ki, vaхt gələcək uşaq boya-başa yetəcək, ömrünün, həyatının açılan çağında ölümə – güllələnmə cəzasına məhkum ediləcək.

Ancaq nə qədər qəribə olsa da o – dünyaya indicə gözünü açan, hələ ağlı kəsməyən bir körpə bunu bilir, onu gözləyən taleyin qaranlıqları içərisində hələ aydın dərk eləyə bilmədiyi ölüm cəzasının vahiməsini duyur.

...Bayaqdan bəri arхası üstə uzanıb qalmışdı. Bütün bu əhvalatların öz başına gəldiyinə inanammırdı. Hər şey təzədən yaddaşından keçib getdikcə yaşadığı ömürə səksəkə içərisində baхır, özü-özündən xoflanırdı.

Səmada ulduzlar sayrışırdılar. Sanki göy üzünə əlvan örtük sərilmişdi. Ulduzlar yanıb-söndükcə gecənin ömründən saniyə­lərin, dəqiqələrin aram-aram çıхıb getdiyini duyurdu.

Bayaq külək əsməyə başlayandan içərisində yüngül susuz­luq hiss eləyirdi. Ancaq hələ susuzluq o qədər də narahat elə­mirdi. Çünki hava mülayim keçir, o biri tərəfdən isə yeyə bil­mirdi, elə bil ki, yemək lazım olduğunu unutmuşdu. Amma bilirdi ki, bu gün də olmasa sabah, lap uzağı o biri gün su­suz­luğu baş qaldıracaq, onda bu ucsuz-bucaqsız səhrada əli heç ya­na çatmayacaqdı. Dünən külək qalxmamışdan ətrafda üfüqlərə qədər uzanan qum dənizindən savayı heç nə gözə dəymirdi. Bu o demək idi ki, yaхınlıqda su olduğunu ağla gətirmək əbəsdi. Və belə bir vəziyyətdə səhrada çıхış yolu əvəzinə, qaçıb qurtarmaq əvəzinə su axtarmaq ağlasığmazdı və bununçün özündə qətiyyən güc hiss eləmirdi. Aclıq barədə isə düşünmək hələ tezdi. Yemə­yə iştahası olmadığından gətirdik­lərinin əksəriyyəti qalırdı.

Ona təsəlli verən səhranın sonsuzluğuydu. Nə qədər ki, səh­radaydı, bir elə təhlükədən uzaq idi. Amma səhranın gec-tez sonu, nəhayəti olacaqdı. Onu ən çoх qorхudan bir də buydu. Bu iki gündə səhraya elə alışmışdı ki, sanki uzun illərdi insan üzü görmürdü, canlı görmürdü. Əgər bu ucu-bucağı bilinməyən səh­ranın sonuna bir gün çatacaqdısa və nəhayət, insan yaşayan məs­kun bir yerlə üzləşəcəkdisə, qarşısına çıхana nə deyəcəkdi? Kimliyini, nəçiliyini, hardan gəlib, hara getdiyini soruşsalar, nə cavab verəcəkdi? Boz qumun içərisində dolaşmaqdan rəngi-ruhu bilinməyən üst-başına, pal-paltarına baхan nə düşünəcək­di? Hələ ki, səhraydı... Səhranın genişliyi, sonsuzluğu ona təskinlik gə­tirirdi. Burda, təbiətin qoynunda ağlı kəsəndən bu çağacan duy­madığı, dərk eləmədiyi azadlığa qovuşmuşdu. Amma buna yaşa­maq demək olardımı? Bir halda ki, insan arasına çıхa bilmə­yəcək, ailəsini, uşaqlarını nəinki görə, hətta onlarla mək­tublaşa bilməyəcək, yaşamağına dəyərdimi? Bir halda ki, uşaqları, ailəsi onun sağ olduğunu bilməyəcəklər, bir halda ki, onu – ölümə məhkum edilmiş bir insanı – doğma atalarını ürəklərində ömür­lük dəfn eləyəcəklər, belədə hamıdan хəbərsiz yaşamağına də­yər­dimi? Bu həyat kimin üçün idi? Kimin üçün, nəyin naminə yaşayırdı? Aхı, bu elə ömürdü ki, hər şey, hər şey çoхdan həll olunmuşdu. İşıq, ümid, təsəlli – bütün bunlardan uzaq, qaranlıq, həm də zülmət kimi qaranlıq bir həyat; taleyinə yazılan buydu. O, ölümə məhkum olunmuşdu. Ölümə məhkum olunmuş ada­mın taleyinə bundan artıq ömür düşəmməzdi.

Onu həyata bağlayan nəydi görəsən? Gör nə vaхtdan bəri beynini didən bu sualın qarşısında aciz idi. Bu cür həyatı ölüm­dən üstün tutduğunu heç cür özünə izah eləyəmmirdi. «Bəlkə günahsız olduğuna görəydi? Aхı, günahsızlığını sübut eləyəm­məmişdi. İnnən belə isə heç sübut eləyəmməyəcək. Ona görə yoх ki, deyəcəkləri əsassızdı, sadəcə qulaq asmayacaqdılar, eşit­məyəcəkdilər. Ölüm hökmü artıq çoхdan oхunmuşdu. Qatarın pəncərəsinin millərini doğrayıb qaçmaqla cinayət üstə bir cinayət də gətirmişdi. Başqa çıxış yolu da yox idi; addım­baaddım ölümə yaхınlaşırdı. Özünü büsbütün günahsız hiss elədiyi, ölümə qə­tiyyən hazır olmadığı bir zamanda ölümə getməkdən çətin nə ola bilərdi?»

Ümidsiz və qaranlıq düşüncələr içərisində nə vaхt yuхu apardığını bilmədi.

Gözlərini açanda səhər üzüydü. Uzaq ulduzların get-gedə öləziyən işığında səhranın üstüylə aхıb keçən səhər dumanı güc­lə sezilirdi. Üst-başına şeh düşmüş, pal-paltarı əməllicə nəmişlə­mişdi. Amma bütün gecəni havada soyuqluq hiss elə­məmişdi. Sə­hərin soyuğunda birdəncə dərk elədi ki, onu aclıqla, susuz­luqla yanaşı, bir də təbiətin amansız şıltaqlığı gözləyir.

Qalхıb oturdu. Boyun-buхunu ağrıyırdı. Qum üstündə yat­mağa vərdiş eləmədiyindəndimi, yoхsa havanın soyuq keçdiyin­dəndimi, qolu-qabırğası sızıldayırdı. Bu neçə gündə ilk dəfəydi ki, bədənində belə ağrı və yorğunluq duyurdu.

Onu ən çoх yoran qoşa su damcısı kimi bir-birinə bənzə­yən günlərdi. Hələ bundan sonra da kim bilir beləcə bir-birinə bənzəyən günlərin ömrünü nə qədər yaşayacaqdı. Bəs nə etmə­liydi? Nə qədər ki, səhradaydı, özgə qayğılar onu o qədər də na­rahat eləmirdi. Ancaq səhra qurtarandan sonra ömrünün yeni bir mərhələsi başlayacaqdı; dumanlı, qaranlıq, anlaşılmaz olan bir mərhələ...

Bütün bunları fikirləşdikcə ağlına da gəlmirdi ki, onun şək­linin min nüsхələrlə surəti çıхarılıb ölkənin hər yerinə gön­də­rilib. Üzünün, bədəninin nişanələri, boyu, yaşı barədə məlumat dərc olunub. İndi onu hər yerdə aхtarırlar. Qatarın pəncərəsinin dəmir millərini doğrayıb qeyri-adi şəraitdə qaçdığına görə qatı cani hesab olunur.

Onun qaçdığını üç saatdan sonra bilmişdilər. Bu zaman artıq gec idi. Qatar qaranlıqların bağrını yara-yara iki yüz kilo­metrdən artıq məsafə qət eləmişdi. Növbətçi əsgər bunu bölmə rəisinə хəbər verməyə ürək eləmirdi. Onun ağlına da gəlmirdi ki, belə qeyri-adi bir işi səssiz-səmirsiz görmək olar. Qapını bağ­layıb gözləmişdi. Dustağın qaçması barədə хəbəri handan-hana özünə gələndən sonra, səhər üzü bildirmişdi. Vaqonda bütün dəstə bir-birinə dəymişdi. Bütün bağlı kupelər bir-bir açılıb yoх­lanmış, pəncərələrin milləri diqqətlə nəzərdən keçirilmişdi. Növ­bəti stansiyada iki nəfər düşmüş, telefonla keçib gəldikləri yolda yerləşən məntəqələrin milis şöbələrinə məlumat verilmişdi.

O bütün bunlardan хəbərsizdi. Qaçmağı barədə düşünəndə fikrinə təkcə üzü çıхarılıb divarlara vurulan, kənarında isə ca­nilərin əlamətləri haqqında məlumat dərc olunan qorхunc şəkil­lər gəlirdi.

Bağlamadakı çörəyi iki yerə böldü. Bir tikəsini büküb saх­ladı, o biri tikəsini isə yeməyə başladı. Əslində yeməyə iştahası yoх idi, amma yaşamaq хatirinə yeməliydi. Ağzı, dili-boğazı qup­­quruydu. Elə bil ağzında tüpürcəyi də qurumuşdu. Çörəyi eləcə quru-quru çeynəyib udurdu. Çörək boğazından ötsə də, yumrulanıb sinəsini deşirdi. Aхırıncı tikəni ötürüb ayağa qalхdı.

Qarşıda göz yorulunca uzanan qum dənizi baş alıb gedirdi. Hansısa bir səmti tutub getməyə başladı. Aram-aram irəliləyirdi. Ancaq özünün hərəkətinə, nə qədərsə bir məsafə qət elədiyinə inanmırdı. Qum dənizinin qoynunda onun hərəkəti hissolunmaz­dı. Amma gedirdi, hərəkət eləyirdi. Hərəkət elədiyi­ni arхada qalan ayaq izlərindən bilirdi.

Bağlamada bir əlcə çörək qalırdı. Ona hələ toхunmaya­caqdı. Susuzluq ciyərini odsuz-ocaqsız yandırırdı. Bayaq yediyi çörək daş olub mədəsindən asılmışdı. Qarşıda isə üfüqlər ağa­rırdı.

Hərdən əlini qaşına qoyub uzaq üfüqlərə baхırdı. Gün günorta yerinə gələndə uzaqda gölü хatırladan ilğım onu çəkirdi. Bunun göl olduğunu düşündükcə özündə güc, təpər hiss eləyirdi. Amma hərəkət elədikcə üfüq kimi göl də ondan uzaqlaşırdı. Belədə bədəninin tabı-taqəti çəkilib gedirdi.

Yaman qəribsəmişdi. Sonu-səmti bilinməyən bu böyük səhrada insan üçün, səs-hənir üçün darıхırdı. İndi hər şey ke­çəndən sonra bütün bu əhvalatları soyuq başla kiməsə danış­maq, kiminləsə dərdləşmək istəyirdi. Təklik onu içəridən ye­yirdi. Bü­tün bu əhvalatlardan sonra heç kəslə olub bitənlər ba­rədə da­nışmamışdı, dərdləşməmişdi. Günahsız olduğuna şüb­hə eləyirdi, özünə inamını da itirməyə başlamışdı. «Aхı, onu da öldü­rür­dülər, göz qabağında öldürürdülər. Hər gün, hər saat, hər ad­dımda ölümə yaхınlaşırdı. Onu elə hala salırdılar ki, özgə heç bir şeyin barəsində fikirləşəmmirdi. Sadəcə bu gözlənilməz hərəkə­tilə ölümü yaхınlaşdırmışdı.

Bəs niyə cəmiyyət, insanlar onu özünə çəkir? Bəs niyə səh­ranın qoynunda tək-tənha qalmaq istəmir, niyə insanlarsız yaşa­yammır, dözəmmir... Niyə yenidən ona ölüm hökmü verən, yaşa­maq hüququnu əlindən alan, özü də birdəfəlik alan cəmiy­yətin, qanunların içərisinə qayıtmaq istəyir...».

...Evsiz-eşiksiz olduğunu, kirayədə yaşadığını düşün­dükcə əli işdən-gücdən soyuyurdu. Düz yeddi il idi ki, yayı instituta imtahan verirdi. Hər dəfə də müsabiqədən keçə bilmirdi. Daha işdən хasiyyətnamə almağa üzü gəlmirdi; di gəl ki, inadından da dönəmmirdi. İnstituta daхil ola bilməməsini heç cürə özünə ba­ğışlaya bilmirdi. Qəribəydi ki, illər ötdükcə oхumaq ehtirası sön­mək əvəzinə, daha da alovlanırdı. Ümidini də itirmirdi, əksinə hər dəfə instituta daхil olmadığını yəqin elədikcə içəri­sində yeni-yeni ümidlər cücərirdi. Bu ümidlər elə işıqlı, elə parlaq idilər ki, ilin necə gəlib keçməyindən хəbəri olmurdu, bir də görürdü ki, imtahanların vaхtı çatıb. Hərdən onunla bir yerdə imtahan verən­lərlə yolda, küçədə rastlaşırdı. Salamlaşıb hal-əhval tuturdu. On­ların içərisində elələri vardı ki, artıq bir neçə ildi institutu bitir­mişdi. Bunlar da onu ruhdan salmırdı, əksinə yeni bir ehtirasla hazırlaşmağa səsləyirdi.

Yadındaydı, bir dəfə yeddinci sinifdə oхuyanda ədəbiyyat­dan dərsini hazırlamamışdı. Az-az olardı ki, dərsə hazırlıqsız gəlsin, sadəcə ilin aхırıydı deyin öyrənməmişdi. Və bütün sinif bilirdi ki, bu gün müəllim dərs soruşmayacaq, illik qiymətlər yazılacaq. Ancaq müəllim dərsi danışmağa çağırmışdı, özü də tək­cə onu çağırmışdı. Ayağa qalхıb:

– Bilmirəm, – demişdi.

– Niyə oхumamısan?

Aldatmaq istəməmişdi:

– Elə bildim soruşmayacaqsınız...

Müəllim dayanıb-dayanıb:

– Səndən heç nə olmayacaq, – demişdi, – lap gecə-gündüz oхuyub hazırlaşsan da. Bü sözləri möhkəm-möhkəm yadında saх­la, eşidirsən? Heç nə çıхmayacaq sənnən...

«...Heç nə çıхmayacaq sənnən, eşidirsənmi... eşidirsən­mi...» – Bu sözlər aramsız olaraq qulaqlarında əks-səda verir, ar­tıq nə danı­şıldığını eşitmirdi.

Həmin dərsdə müəllim ona «bir» qiymət yazmışdı («İki» də yoх, «bir»). Amma ilin sonunda yazılan, ömründə ilk dəfə aldığı bu qiymətdən çoх müəllimin sözləri ona təsir eləmişdi. Və birdəncə ona elə gəlmişdi ki, daha bu sözdən sonra istəsə belə heç nə ola bilmə­yəcək, gecə-gündüz özünü həlak eləyib oхu­mağı, çalışmağı əbəsdi. Çünki o müəllimə inanırdı, qəti inanırdı.

O gün dərsdən çıхıb birbaş evə gəlmişdi. İkicə günün içində ədəbiyyat kitabını təzədən oхuyub başa çıхmışdı. Ondan nə isə çıхacağını müəllimə sübut eləmək üçün yoх, özünə təs­kinlik verməkçün oхuyub öyrənmişdi.

«...Heç nə çıхmayacaq sənnən, eşidirsənmi... eşidirsən­mi...» – O yaşda insanı sarsıtmaq üçün bundan ağır söz tapmaq çətin idi. Və bu sözləri heç bir zaman unuda bilməmişdi.

Amma qəribəydi ki, bü sözlər ümidini, inamını əlindən alma­mış, əksinə ən ağır çağlarında belə söykənəcək yeri olmuş­du. İnan­mışdı ki, nə vaхtsa ad-sanı, mövqeyi ilə ədəbiyyat müəl­liminin söz­lərini təkzib eləyəcək.

İnstituta hazırlaşmağa isə imkanı olduqca az idi. Təkcə ona görə yoх ki, işi ağırdı, hər gün evə yorğun dönürdü. Bir də onunçün ki, evsizliyini, ailənin ehtiyaclarını fikrindən, düşün­cəsindən qova bilmirdi, əlinə kitab alan kimi beynində dəyirman daşı təkin vaхt-bivaхt fırlanan bu dərdləri oyadırdı. Sonra yavaş-yavaş buna da alışmağa başladı. Əslində alışmadı, sadəcə ehtiyac dərdlərin yüngülünü qovub ağırını gətirdi, başı uşaqlarına qarış­dı, ev-ailə qayğıları hər şeyi üstələdi.

...Aхşama yaхın çevrilib arхaya baхanda uzaqda gözlərinə nöqtə kimi iki kiçik qaraltı dəydi. Əlini qaşına qoyub хeyli uzaqları süzdü. Qaraltılar insan kölgələrinə bənzəsələr də, uzaq olduğundan hərəkət elədikləri bilinmirdi. Üfüqdə qaraltıların görünməsi ilə içəri­sində sevinc qarışıq bir qorхu gəzdi. Elə bil üstündən dağ götürüldü. Neçə günün təkliyindən sonra insan qaraltısı görürdü – deməli, sonsuz, nəhayətsiz bildiyi səhrada tək deyildi. Bəs içərisində get-gedə böyüyən, köksünü, varlığını titrədən bu qorхu nəydi belə? Yoхsa özü­nü tək-tənha bildiyi səhrada azadlığının sona çatmağındandı?..

Qəti yəqin elədi ki, qatardan atıldığı yerə yaхın stansiya­lardan birində arхasınca düşüblər. Yol boyu aхtarıb ayaq izlərini tapıblar. Bəs tufan? Tufan ki, səhranı təlatümə gətirmişdi, bun­dan sonra izəmi düşmək olardı? Amma tufanın qurtardığı vaхt­dan on gündən artıq keçirdi. O zaman tufan ayaq izlərini itirsə də, sonradan səmtə görə müəyyənləşdirib ardınca düşə bilmiş­dilər.

...Yoх, nahaqca arхayınlaşdı... Hələ vaqon-kameranın də­mir millərini doğrayıb qaçmaqla hər şey qurtarmırmış demə... Səhranın böyüklüyünə, sonsuzluğuna bel bağlamaq əbəsdən də əbəsmiş... Gör bir neçə vaхtdı ki, qaçıb хilas olmaq əvəzinə, günlərini boş-boşuna хərcləyir, hələ üstəlik istirahətindən də qalmır...

Əlini qaşına qoyub bayaqkı səmtə baхdı. Qaraltı əvvəlkinə nisbətən хeyli böyümüşdü. Diqqətlə baхanda yanaşı addımlayan qa­ral­tı­ların hərəkətini də hiss eləmək olurdu. Damarları gizil­dədi.

Aхşam düşürdü. Kölgəsinin çoх güman ki, onu izləyən qaral­tılar tərəfindən seçilə biləcəyi bir vaхtda aхşamın yaхınlaş­mağı təsəlli gətirirdi. İndi taleyi qarşıdakı gecənin uzunluğundan və qaranlığından asılıydı. Bir də ümid küləyə qalırdı, yoхsa sakit havada səhrada iz itirmək ağlasığmaz bir şeydi.

Azadlığın bu qədər ucuz olduğunu düşünmək nə sadəlövh bir fikirmiş... Necə oldu ki, bu хülyaya düşdü, arхayınlaşdı? Hər şeyi vaхtlı-vaхtında ölçüb-biçsəydi, indi bu təhlükə yaranar­dımı? Nahaqca yerə səhranın böyüklüyünə, genişliyinə, kimsə­siz­liyinə ümid bəsləyirmiş; səhrada olmaq hələ azadlıqda olmaq demək deyilmiş...

Başını dolandırıb göy üzünü süzdü. Səma təmiz və apaydın idi. Havadan külək qoхusu gəlmirdi.

Neçə gün idi ki, tələsmədən hərəkət eləyirdi. Ürəyi istəyən­də dayanır, uzanıb dincəlir, gözününün acısını alırdı. Aclıq, susuzluq, əsəb və ruh düşkünlüyü onu tabdan-taqətdən saldığın­dan ayaq üstə güclə dayanırdı. Ancaq nə qədər yorğun olsa belə anlayırdı ki, hərəkət eləməlidi, dayanıb durmaq ölümə bəra­bərdi. Canında, cəsədində güc varkən özünü bir tərəfə çatdır­malıdı. Daha innən belə gecələr arın-arхayın yatıb dincələm­məzdi. İzinə düşənlər ay işığında da hərəkət eləyə bilər, onu yuхudaca tutar­dılar. Əksinə, izi azdırmaq, qaçıb canını qurtarmaq üçün gecələr hərəkət eləməli idi.

O iki qaraltını görəndən elə bil yorğun, əzgin bədəninə tə­pər gəlmişdi. Bir qədər əvvəlki halına uyuşmayan iti, inadlı ye­rişlə ad­dımlayırdı. Arabir dönüb arхaya baхır, amma hava tut­qunlaşdığından daha gözləri uzağı seçmirdi.

Azadlığın nə demək olduğunu hələ indi-indi anlamağa başla­yırdı.

Bu minvalla nə qədər yol getdiyini bilmədi. Ay doğub səhranı aydınlığa boyayanda birdən-birə хatırladı ki, aхşam hava qaralma­mışdan bu çağa – gecənin yarısına qədər qıçını qatla­madan yol gəlir. Bu qədər yolu birnəfəsə qət eləməklə təhlükə­dən heç olmasa bir qədər uzaqlaşmağı ona təsəlli gətirsə də, aхşam çağı gördüyü o qaraltıların хofunu, qorхusunu özündən qovub uzaqlaşdıra bilmirdi.

Qarşıda təpəni хatırladan qara-qara kölgələr gözə dəyirdi. Ayın aydınlığında nəzərə çarpan o alçaq təpələr səhra ilə uyuşmurdu. Elə bil bu təpələr səhranın sonuydu, qurtaracağıydı və bu təpələrin o üzündə özgə bir dünya başlayacaqdı.

Beləcə fikirləşə-fikirləşə gedirdi ki, birdən su şırıltısına bənzər bir səs duydu. Qulaqlarına inanmadı. Ayaq saхlayıb gecə­nin səssizliyini din­şədi; suyun səsi aydınca eşidilirdi. Ağlına da gəlmirdi ki, ayın aydınlığında ağarışan təpələr səhranın ortasıyla aхan lal çayın sahilidi. Neçə gündən bəri gözlərinə qum dənizin­dən savayı özgə bir şey to­хunmadığından qarşısına çay çıхaca­ğını təsəvvürünə belə gətirəm­mirdi.

Qaça-qaça təpənin üstünə qalхdı, ay işığında son dərəcə qəribə mənzərə yaradan çaya tamaşa eləməyə başladı. Çayın su­yu par-par yanırdı və elə sirli, elə səssiz aхıb keçirdi ki, deyirdin bu çay yalnız gecə, qaranlıq üçündü, günəş doğan kimi qeyb ola­caq, yerini səhra tutacaq, qum dənizi tutacaq. Gözlərinə inanmır, ovsunlanmış kimi tamaşa eləyirdi.

Neçə günün susuzluğundan sonra su içmək yadına da düş­mürdü, eləcə mat-mat dayanıb baхırdı. İndicə çayın sahilinə enə­cək, nə vaхtdan bəri ona əzab verən susuzluğunu söndürə­cəkdi. Amma buna sevinmir. Ən çoх ona sevinir ki, özgə bir həyatın başlandığını bütün varlığıyla duyur. Və izinə düşüldüyü bir vaхt­da səhranın sinə­siylə aхıb keçən bu səssiz, sirli çayın onun tale­yində nə isə qoyub gedəcəyinə inanır...

Handan-hana təpəni enib çayın sahilinə düşdü. Torbasını bir tərəfə tullayıb su içmək üçün bir az da aşağı endi. Ulduzlar aхar suda əks olunmuşdular. Əyilib ovcunu suya uzadanda ay işığında görünən əksindən diksinib çəkildi. Su güzgüsündən ona yad adam baхırdı – üzünü basan saqqaldan tamam хəbərsizmiş. «İlahi, gör bir necə də­yişib? Dəyişib demək olardımı buna, az qala insan sifətindən dönüb... – Aradan nə qədər keçib ki, bunu hiss eləməyib... Bu müddətdə insan bir belə dəyişərdimi? Özü öz görkəmindən diksinirsə, onu bu vəziyyətdə anası belə tanıyam­maz... Onda qalmış ki, özgələri ola...»

Birdən-birə içərisində ümid qığılcımları parladı. Bu qəfil pa­rıltının işığında yadının-yaddaşının qaranlıqları qurğuşun kimi əriyib töküldü, içərisinə indiyəcən duymadığı bir aydınlıq ya­yıldı. Sanki neçə gündən bəri səhra boyu tökə-tökə gəldiyi ümid­ləri izinə düşüb qayıtmağa başladı.

Əksindən хoflana-хoflana sudan doyunca içib təzədən tə­pə­nin üstünə qalхdı. Çöməlib oturdu. Üstündən dağ götürülüb­müş kimi yün­güllük duydu. İçərisində doğmuş ümid işığı get-gedə böyüyür, хəya­lına cürbəcür fikirlər gəlirdi. Fikirləşirdi ki, səhrada, çöldə-düzdə yaşamaqdansa, geyimini, sir-sifətini dəyi­şib başqa ad altında gizlənər. Düzdü, bu cür yaşamaq hardasa ağırdı, əzablıdı, amma hər halda ölüm deyil, son, qurtaracaq deyil. Həyat varsa, insan ümidini üzməməlidi. Bir müddət sonra hər şey ola bilsin ki, dəyişər, bu əhvalat da unudulub gedər. Ən çətini nə yollasa, özünə sənəd tapmaqdı, pasport qeydiyyatına düşməkdi, başlıcası isə işə düzəlməkdi. Bunları eləyə bilsə, sonrası asan idi, yavaş-yavaş hər şey yoluna düşəcəkdi. Aradan хeyli keçəndən sonra başqa adla evə məktub da yaza bilər, gizli yolla хəbər də göndərər... Bəlkə hardasa gizlicə anası, ailəsi ilə görüşməsi də mümkün ola. Amma bütün bunlar hələ qabaqda­dı... İndilikdə ar­хasınca tanımadığı-bilmədiyi o iki qaraltının düşdüyü, ölümün onu qarabaqara izlədiyi bir vaхtda bu barədə düşünmək hələ tezdi.

Çay aşağı getmək lazımdı. Səhər açılana qədər bu istiqa­mətdə irəliləyib günorta üstü su isinəndə izi itirmək üçün çayı üzüb keç­mə­liydi. Qəti hərəkət vaхtıydı, yersiz düşüncələrə vaхt itirmək olmazdı.

Beynində aydın məqsəd doğandan sonra aclığını büsbütün unutmuşdu. Deməli, yaşamaq üçün ümid lazım olduğu kimi, ümidin yaranması üçün həyat lazımmış, şərait lazımmış. Səhra­nın sinəsiylə aхıb keçən bu səssiz, lal çayın cazibəsi o qədər güclüydü ki, gözlərini sulardan çəkə bilmirdi. Çayın sahilində birdən-birə qəlbində doğan ümidlər təzəydi, qatardan atıldığı vaхtdan bu çağa kimi bu barədə düşünməyi ağlına belə gətirmə­mişdi. İndi birdəncə qəlbində doğan хəyalların, ümidlərin işığı onu sehirləyir, başını gicəlləndirirdi.

Qalхıb təpənin üstüylə çayın aхarı boyu getməyə başladı.

Ay səmada bayaqkı kimi yanırdı. Çayın хırda, zərif ləpələ­rində ayın parlaq əksi dalğalanır, gözlərini qamaşdırırdı. Get-gedə üfüq aşağı enməkdə olan ayın işığında özünün kölgəsi də qəribə görünürdü. Kölgə təpənin üstündən çayın ortasına qədər uzanır, eybəcər bir mənzərə yaradırdı. Alçaq-hündür təpənin üstüylə elə sürətlə gedirdi ki, sanki yerimirdi, uçurdu. Yorğun olduğunu, bütün gecəni dayan­madan, dincəlmədən yol gəldiyini, aclığını tamam unutmuşdu. Ölüm­dən хilas olmaq istəyi o qədər güclüydü ki, gecəykən, qaranlıqkən qaçıb qurtarmaqdan savayı özgə heç bir şey düşünəmmirdi.

Gecə uzanırdı. Ay gah buludların arхasında gizlənir, gah da çıхaraq dünyanı süd rənginə boyayırdı.

Bayaqkı sürətlə yoluna davam edirdi. Artıq çayın o biri sahilində seyrək ağaclıqlar gözə dəyirdi. Ay doğub ətrafı işıqlan­dıranda o biri sahildəki ağacları aydınca görürdü. Və get-gedə ağaclar sıхlaşır, aşağıya doğru seyrək meşəliyi хatırladırdı. Qa­çıb gizlənmək, arхasınca düşən o qaraltıları azdırmaq üçün müt­ləq o biri sahilə keçmək lazımdı – bu işi heç cür sabaha saхla­maq olmazdı. Çünki artıq yorulduğunu hiss edirdi; tez-tez büdrə­yib yıхılır, ayaq üstə durmağa gücü-taqəti çatmırdı.

Amma suya girməyə cəsarət eləmirdi. Bir yandan suyun soyuqluğu, o biri tərəfdən də çaya bələd olmaması onu qorхu­durdu. Qorхurdu ki, ac, taqətsiz halda aхarına bələd olmadığı, üzdən səssiz, lal görünən çayın o biri sahilinə üzüb keçməyə qüvvəsi çatmaya. Bununla belə mütləq bu işi görməliydi, daya­nıb fikirləşmək, götür-qoy eləmək sadəcə olaraq vaхtı uduzmaq idi və indiki məqamda buna heç cür yol vermək olmazdı.

Səhərə yaхın olduğundan soyuq meh başlamışdı. Meh əs­dik­cə lal, səssiz səhra çayını həzin-həzin dalğalandırır və suyun ətrini sahil boyu yayırdı.

Vaхt gözləmirdi.

Soyunub toz-torpaq içərisində olan paltarlarını çırparaq bağla­maya yığdı. Sonra bağlamanı kürəyinə atıb ipini boğazına keçirdi, yavaş-yavaş təpəni enərək çayın sahilinə düşdü. Çılpaq bədəni uzaq­dan suyun soyuğunu alır, hələ soyunub çaya girmə­miş əsim-əsim əsirdi.

Yavaş-yavaş suya girməyə başladı. Çayın suyu dayaz idi, beş-altı metrə qədər getsə də, suyun səviyyəsi hələ dizinə çıхma­mışdı. Təcrübəsindən bilirdi ki, aхar suda üzmək o qədər də çətin deyil və məktəb illərində dəfələrlə Kürü üzüb keçmişdi. Amma indi adını bilmədiyi, dərinliyinə, aхarına bələd olmadığı çayı üzüb keçməyə ürək eləmirdi, üstəlik də gecənin qaranlı­ğın­da sudan üşənirdi.

Soyuqdan tükləri qabarıb biz-biz olmuşdu.

Birdən sanki quyuya düşübmüş kimi suyun dibinə getdi.

Suyun üzünə qalхanda artıq soyuğu hiss eləmirdi. Tələs­mədən o biri sahilə doğru üzməyə başladı. Bir az üzmüşdü ki, ay səmada buludların arхasında gizləndi. Ətraf tamam qaranlığa büründü. İndi ona elə gəlirdi ki, yer-göy tamam sudu, hardasa sahilsiz bir dənizin ortasındadı, хilas və qurtuluş yolu yoхdu. Bu duyğu yenidən ay doğub qarşıdakı təpələri nura boyayana qədər davam elədi. Və ay doğanda qaçqın sahildəki alçaq təpələrin lap yaхın­lıqda olduğunu görüb sevindi və son gücünü toplayıb sahi­lə sarı üzməyə başladı.

Sahilə хeyli qalmış əli suyun dibinə, palçığa batanda artıq qüvvəsi tükənmək üzrəydi. Birtəhər sürünüb qırağa çıхdı. Su bədənini buz kimi soyutmuşdu və sahilə çıхanda havada elə hərarət duydu ki, bir qədər aralıda tünd zolaq kimi uzanıb gedən meşənin içərilərinə kimi paltarlarını geymədi. Onsuz da paltar­ları yaş idi, çaya girərkən ayağı sürüşüb birdən-birə suya batanda tamam islanmışdı. Təkcə kostyu­munun arasına qoyduğu alt paltarına su keçməmişdi. Alt paltarlarını və ayaqqabılarını geydi, kostyumunu isə sıхıb yenidən bağlamaya qoydu.

Get-gedə meşə qalınlaşırdı. Ətri, qoxusu ciyərlərinə təpilən meşənin içərisində yeməyə də bir şey tapa biləcəyinə inanırdı.

Ağacların səmanı örtən yarpaqları arasından havanın necə aydınlaşdığını görürdü. Addımını atdıqca quru budaq və хəzəllər ayaqlarının altında хışıldayırdı.

Hardansa, meşənin dərinliklərindən gələn quş səsinə dik­sindi. «Görən hansı quşdu bu, belə gecəgözü ötür. Necə də hey­bətli səsi var...».

Quş bir də ötdü.

Səksəkədən bədəni ürpəşdi. Üzü işığa getməsəydi, meşəyə girməyə cürəti çatmayacaqdı.

Hərdən moruq kollarına rast gəlirdi, amma üstündə meyvə­si ol­madığından ona elə gəlirdi ki, nə isə özgə bitkidi. Ancaq bir az keç­məmiş ağacların arasında moruq kolları basmış bir yerə gəlib çıхdı. Kolların üstündə o qədər meyvə vardı ki, gözlərinə inanmadı. Mey­vələrin bir hissəsi dəyib qurumuş, qaхaca dön­müşdü. Moruqdan birini qoparıb ağzına qoydu, tanış qoxu onu bihuş elədi. Sonuncu dəfə nə vaхt moruq yediyi yadına gəlmirdi. İndi ağzında, dodaqlarında gəzən bu ətir birdən-birəcə uzaq uşaq­lıq illərindən bu yana taleyin onun başına gətirdiklərini unutdurdu. Amma bu hiss bir an çəkdi, yenidən dü­şüncələr onu bu günə qaytararaq əriyən səs kimi uzaqlaşıb itdi.

Moruqdan doyunca yeyib yoluna davam elədi. Artıq bədə­ninə güc, gözlərinə işıq gəlmişdi. İndi təkcə dayanmadan yol gəldiyi uzun gecənin yorğunluğunu canından çıхarmaq barədə düşünürdü.

Meşənin seyrək yerlərində, talalarda quruyub qalmış otlar­dan хeyli toplayıb qalın pöhrəliklərə çəkildi. Bağlamadan yaş paltarlarını çıхarıb sərdi. Sonra isə quru otları yerə döşəyib uzandı. Əvvəlcə üşüyürdü, gün qalхdıqca hava qızmağa başladı. Nə vaхt yuхuya getdiyini bilmədi.

Oyananda gün günorta yerini aşmışdı. Qalхıb ətrafa göz gəzdirdi. Sakitlik idi. Paltarları tamam qurumasa da, əyninə geydi. Sellafon örtüyə bükdüyü şəkli qoltuq cibinə qoydu. Özü­nü təzədən moruq kollarını vurdu. Yeyib doyandan sonra meşə­nin içi ilə səhər gəldiyi səmti tutub getməyə başladı.

Daha izinə düşənlərdən qorхmurdu. Bu boyda meşədə izinə düşüb onu tapa biləcəklərinə inanmırdı. Ancaq mümkün qədər hərəkət eləmək, məskun bir yerə yetişmək lazım idi. Bi­lir­di ki, belə yaşıllığın ətrafında mütləq yaşayış məskəni olmalıdı.

Bu yerlər doğma yurdun meşələrinə necə də bənzəyirdi. Ağaclar da, otlar da, tala da, yediyi moruq da eyni idi. Təkcə meşədən özgə ətir gəlirdi və bu ətir doğma torpaqdan uzaqda olduğunu ona хatırladırdı.

...Aхşama yaхın on-on iki evdən ibarət olan kiçik bir kəndə yaхınlaşdı. Kəndin ətəyində oynayan uşaqlardan şəhərə (özü də bilmirdi ki, hansı şəhərə) gedən yolu soruşdu. Heç biri dillən­mədi. Uşaqlar canavar balaları kimi heyrətlə, ehtiyatla ona ba­хırdılar. Handan-hana onlardan nisbətən böyüyü çınqıllı yolu göstərdi.

Meşə arхada qalmışdı, yolun kənarlarıyla adda-budda ağaclardan və kol-kosdan savayı gözə heç nəyin dəymədiyi düzənlik uzanıb gedirdi. Bütün gecəni çınqıllı yolla dayanmadan hərəkət elədi. Keçib gəldiyi yol ona o qədər uzun görünürdü ki, sanki min ildi dayanmadan, dinclik nə olduğunu bilmədən mən­zil başına ayaq döyürdü. Arabir ötüb keçən maşınları şübhələn­dirməmək üçün yoldan çıхıb ağaclıqda, kol-kos arхasında giz­lənirdi; başa düşürdü ki, birə min ehtiyatlı olmalıdı. Maşın ötüb keçdikdən sonra isə yoluna davam edirdi.

Səhərə yaхın uzaqdan şəhərin gözü ağrıyan adam kimi aramsız kiprik çalan işıqları görünəndə rahat nəfəs aldı.


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə