1
İnformasiya nevrozu
Şahin Böyükağa oğlu Əlibəyli
Information neurosis
Shahin Boyukaga oglu Alibeyli
Информационный невроз
Шахин Боюкага оглы Алибейли
«Hətta doğru, gerçək olan informasiyanın özü belə potensial
dezinformasiyadır».
Amerikan siyasi yazıçısı, esseist, şair, ontologist və tarixçi Piter Lamborn Uilson
(Peter Lamborn Wilson), yaxud Hakim Bey (Hakim Bey)
* * *
«İnformasiya, nə materiya, nə də enerji deyil, informasiya elə informasiyadır».
Amerikan alimi, görkəmli riyaziyyatçı və filosof, kibernetikanın və süni intellekt
nəzəriyyəsinin banisi Norbert Viner (1894–1964)
«İnformasiya» anlayışı
Təqdim edilmə formasından asılı olaraq kommunikasiya prosesində maddi aləm
faktlarının inikası kimi insan və yaxud xüsusi qurğular tərəfindən qəbul edilən (qavranılan)
bilik, məlumat və xəbərlərə informasiya (informatio) deyilir.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri
doktoru, professor Əliheydər Abbas oğlu Orucovun rəhbərliyi və ümumi redaktəsi ilə
hazırlanmış «Azərbaycan dilinin izahlı lüğəti»ndə oxuyuruq: «İnformasiya – 1)
məlumatlar məcmusu; 2) informasiya anlayışlarından biri » [1, səh. 550, sağ sütun].
«İnformasiya»
sözünün
latın
mənşəli
olduğu
birmənalı
olaraq
dəqiqləşdirilmişdir. Lakin terminin həm «informatio», həm də «informare» sözündən
götürülə bilməsi mümkündür. Latınca informatio – aydınlaşdırılma, başa salınma, izah
edilmə, izahetmə, şərhetmə, nəyinsə barəsində anlayışın olması, təsəvvürə gətirilmə
deməkdir, «informare» sözünə gəldikdə onun «bildirmək», «xəbər vermək», «xəbərdar
etmək», «məlumat vermək», «məlumatlandırmaq» anlamını özündə ehtiva etdiyi göstərilir
[9, səh. 141].
«İnformasiya» anlayışı hələ antik filosoflar tərəfindən nəzərdən keçirilmişdir.
Qəsdən, bilə-bilə genişləndirilən yalan informasiya, yaxud informasiya vasitəsilə
manipulyasiya prosesinin özü dezinformasiya (dezinformatio) adlanır.
Müxtəlif kriterilər üzrə informasiyaları növlərə ayırmaq olar.
İnformasion qarşılıqlı təsirin obyektinə görə onun aşağıdakı növləri ayırd edilir:
1) insan – insan; 2) insan – avtomat; 3) avtomat – avtomat; 4) bitki və heyvan aləmindəki
2
siqnallarla mübadilə; 5) əlamətlərin hüceyrədən hüceyrəyə ötürülməsi; 6) əlamətlərin
orqanizmdən orqanizmə ötürülməsi.
İnformasiya bir canlıdan digər canlıya (bir bitkidən digər bitkiyə, bir heyvandan
digər heyvana, bir fərddən digər fərdə, bir hüceyrədən digər hüceyrəyə) istənilən vasitə (dil,
texnika, genetik kod) vasitəsilə ötürülən məlumatdır.
Qavranılma üsuluna görə informasiyaların beş növü vardır: 1) vizual (görmə
orqanı tərəfindən qəbul edilən); 2) auditiv (eşitmə orqanı tərəfindən qəbul edilən); 3) taktil
(toxunma reseptorları tərəfindən qəbul edilən); 4) olfaktor (qoxu orqanı tərəfindən qəbul
edilən); 5) qustativ (dad orqanı tərəfindən qəbul edilən).
Təyinatına görə şəxsi və kütləvi, ümumi və xüsusi, gizli və aşkar, əhəmiyyətinə
(aldığı qiymətə) görə aktual və adi, mötəbər və qeyri-mötəbər, aydın və qaranlıq, tam və
natamam, faydalı və zərərli, doğruluğuna görə həqiqi və yalançı informasiyalar olur.
Bundan başqa, tədqiq edildiyi elm sahəsinə uyğun olaraq informasiyalar bir-
birindən fərqlənir. Məsələn, daxili və beynəlxalq həyatın aktual yenilikləri haqqında olan
informasiyalarla genetik informasiya bir-birindən fərqli olub, kifayət qədər aralı bilik
sahələrində işlənir.
İnformasiya nəzəriyyəsi
Kibernetikanın bir bölməsi informasiya nəzəriyyəsi adlanır. İnformasiya
nəzəriyyəsi informasiyanın saxlanması, dəyişdirilməsi və ötürülməsini öyrənən
nəzəriyyədir. Həmin nəzəriyyə informasiyanın miqdari xarakteristikalarını, onun
kodlaşdırılmasını, ötürülmə kanallarını və həmin kanalların buraxıcılıq qabiliyyətini
nəzərdən keçirən və müəyyən edən nəzəriyyədir.
«İnformasiya nəzəriyyəsi» termini «informasiyanın ötürülməsi nəzəriyyəsi»
istilahının sinonimi kimi işlədilir [2, səh. 479, sağ sütun].
İnformasiya nəzəriyyəsi riyaziyyat, fizika və kibernetikanın nailiyyətlərini
özündə birləşdirir, ehtimal nəzəriyyəsi, riyazi statistika, qraf nəzəriyyəsi və başqa riyazi
sahələrin üsullarından istifadə edir. Həmin nəzəriyyənin əsas, başlıca anlayışı
informasiyadır. İnformasiya ötürülməli, emal edilməli və saxlanmalı olan məlumatlar kimi
nəzərdən keçirilir.
İnformasiya nəzəriyyəsi informasiya miqdarını onun məzmunundan asılı
olmayaraq müəyyən edə bilir. Çünki informasiya miqdarı hadisələrin sayından asılı olsa
da, ötürülən faktdakı naməlumluğun, yaxud qeyri-müəyyənliyin ləğvi ilə ölçülür.
İnformasiya nəzəriyyəsində «qeyri-müəyyənlik» məlumatın konkret təbiətini deyil, baş
verməsi ehtimalını ifadə etdiyindən onu kəmiyyətcə ölçmək olur.
İnformasiyanın elmi cəhətdən başa düşülməsi bir çox hallarda məlumatların
miqdari aspektini götürərək onların məzmunlu (mənalı) tərəfindən fərqlənir.
İnformasiyanın miqdarı xəbərdə barəsində danışılan hadisənin ehtimal dərəcəsinə tərs
mütənasib olan bir kəmiyyət kimi təyin edilir. İnformasiya miqdarı bir təsadüfi obyektə,
məsələn, hadisəyə, kəmiyyətə və sairəyə nəzərən digər obyektdəki informasiya miqdarının
nəzəri ölçüsüdür.
3
İnformasiyanın elmi cəhətdən başa düşülməsi dünyanın maddi vəhdətinin yeni
bir aspektini aşkara çıxarır ki, nəticədə əvvəllər tamamilə müxtəlif proseslər olmuş çoxlu
sayda hadisəyə, xüsusən texniki rabitə kanalları boyunca xəbərlərin ötürülməsinə, sinir
sisteminin fəaliyyətinə (üzərinə düşən funksiyalarını yerinə yetirməsinə), hesablama
maşınlarının işinə, bir-birindən fərqli idarəetmə proseslərinə və sairəyə vahid nöqteyi-
nəzərdən yanaşmağa imkan verir.
«İnformasiya» anlayışında iki aspekt fərqləndirmək lazım gəlir. Birincisi,
informasiya sistemin təşkili üçün bir ölçü (əndazə), yaxud hədd (hüdud, dərəcə) kimi çıxış
edur. İnformasiya üçün riyazi ifadə əks işarə ilə götürülmüş entropiya üçün ifadənin
eynidir. Sistemin entropiyası onun nizamsızlıq (qaydasızlıq) dərəcəsini ifadə etdiyi kimi,
informasiya da onun təşkilinə bir ölçü (hədd) verir. Anlaşılmış (dərk edilmiş) informasiya
sistemin daxili malik olduqlarını, öz-özlüyündə olan prosesləri təşkil edir və «struktur
informasiyası» adlandırıla bilər. İkincisi, həmişə iki prosesin münasibətilə əlaqədar olan
informasiyanı struktur informasiyasından fərqləndirmək lazımdır.
İnformasiya nəzəriyyəsi məhz nisbi informasiya üzərində işini qurur. Nisbi
informasiya inikasla sıx əlaqədə olur. Əgər bir predmetdə digər predmetin təsirini əks
etdirən dəyişikliklər baş verirsə, onda birinci predmetə ikinci predmet haqqında
informasiyanın daşıyıcısı kimi baxılır. Kibernetik sistemlərdə bir predmetdə digər
predmetin təsirindən törəyən dəyişikliklər sadəcə birincinin bəzi xarakteristikalarından
olmayıb, eyni zamanda ikinci predmet haqqında informasiyanın daşıyıcısı kimi kibernetik
sistemin funksiyasını yerinə yetirməsinin amillərinə çevrilir. Prekibernetik sistemlərdə
(cansız təbiətin idarəetmə ilə əlaqədar olmayan sistemlərində) olan informasiya potensial
informasiya adlanır. Kibernetik sistemlərdə nisbi informasiya potensial informasiyadan
aktual informasiyaya çevrilir. Bunu belə ifadə etmək olar ki, prekibernetik sistemlərdə
passiv inikas kibernetik sistemlərdə aktiv inikas olur. Bu nöqteyi-nəzərdən insan beyini
xarici aləmdən daxil olan nisbi aktual informasiyanı özündə saxlayan və sonra yenidən
emala məruz qoyan (üzərində incədən-incəyə işləyən) müstəsna dərəcədə mürəkkəb
kibernetik sistemdən ibarətdir. Beyinin xarici aləmi başa düşmək və əks etdirmək xassəsi
informasiyaların ötürülməsi və yenidən emal edilməsi (işlənməsi) ilə əlaqədar olan
proseslərin inkişafında bir həlqə kimi dayanır (göz qabağına gəlir).
İnformasiya nəzəriyyəsinin üsulları biologiya, xüsusən neyrofiziologiya, təbabət,
fizika, kimya, psixologiya, pedaqogika, məntiq, estetika, iqtisadiyyat, dilçilik və digər
sahələrdə geniş tətbiq edilir. İnformasiya nəzəriyyəsi istənilən mürəkkəb sistemin inkişafını
və fəaliyyətini izah edən universal nəzəriyyə olub, «informasiya psixologiyası» və
«informasiya didaktikası» kimi yeni elm sahələrinin nailiyyətlərindən yararlanan, onlardan
çox istifadə edən pedaqogikada geniş tətbiq edilir. İnformasiya nəzəriyyəsi təkcə pedaqoji
prosesin öyrənilməsi və təkmilləşdirilməsi aləti olmayıb, eyni zamanda tədqiqat obyektidir.
İnformasiya nəzəriyyəsi bir tədqiqat obyekti kimi «hesablama texnikasının və
informatikanın əsasları» adlı tədris fənni tərəfindən təqdim edilir. Burada «informatika»
termini dar (utilitar) mənada istifadə edilir və ikincili elmi-texniki informasiyanın təşkilini,
həmçinin elektron-hesablama maşınlarının köməyilə onun emalının avtomatlaşdırılması
üsullarını öyrənən əməli elmi fənni bildirir.
4
«İnformasiya patologiyaları» və «informasiya təbabəti»
Müasir dünya və bəşər sivilizasiyasının inkişafı üçün təkcə komfort səviyyəsinin
yüksəlməsi və tibb sahəsi daxil olmaqla texnologiyanın misilsiz təkmilləşməsi deyil, eyni
zamanda əvvəllər insana məlum olmayan yeni problemlərin üzə çıxması xarakterikdir.
Həyat şəraiti və onun ritmi çox sürətlə dəyişir. Hətta XX əsrin axırlarında yaşamış insanla
indiki insan arasında kardinal fərq nəzərə çarpır. Belə olan təqdirdə çox uzaq zamanlarda
həyat sürmüş insanla XX əsr insanının arasındakı fərqin böyüklüyü haqqında danışmağa
dəyməz, onların artıq müqayisəyəgəlməzliyini təsəvvür etmək heç bir çətinlik törətmir.
Cəmiyyətin inkişaf tarixi nöqteyi-nəzərindən bir yüzillik çox cüzi bir zaman
kəsiyi sayılır. Ancaq reallıqda son bir əsr ərzində insan cəmiyyətində köklü dəyişikliklər
baş vermişdir. Həyat ritmində çox sürətli dəyişikliklərin getməsi vacib nüansın meydana
gəlməsinə səbəb olmuşdur. Elmi-texniki tərəqqi müasir insanın stolunun üstünə kompüter
gətirməklə, qadınları paltar və qab-qacaq yumaqdan, xalçanın tozunu çırpmaqdan və başqa
işlərdən azad etməklə bərabər, bəşəriyyətin sağlamlığını ciddi təhlükə qarşısında
qoymuşdur. Yüksək sürətlə idarə edilməyə və kifayət qədər komfort şəraitə malik olan
gözəl görünüşlü avtomobil uzaq məsafəni qısa zaman ərzinə qət etməyə imkan verməklə
yanaşı, insanı piyada gəzməkdən məhrum etmişdir. İstənilən yerdə mobil telefon vasitəsilə
lap ucqar kənddə yaşayanla əlaqə yaratmaq mümkün olduqdan sonra qohum-əqrəba
arasında gediş-gəliş əhəmiyyətli dərəcədə azalmışdır. Bir vaxtlar gəlinlərin ər evinə cehiz
kimi apardıqları nehrə, güyüm, sandıq və digər lazımi əşyaların yerini indi noutbuk,
şirəçəkən maşın, xeyli aralıdan idarə olunan digər məişət ləvazimatları tutmuş, ancaq
hipodinamiya, kommunikabelliyin zəifləməsi kimi arzuolunmaz halları da bəxş etmişdir.
Yeni problemlərlə üzbəüz qalan, çətinliklərlə toqquşan müasir insanın sağlamlığı
əhəmiyyətli dərəcədə pozulmuşdur, çünki orqanizm belə sürətli dəyişikliklərə sadəcə
olaraq hazır deyildi. Əvvəllər soyuqdəymə və digər naxoşluqlar zoğal çayı içib özünü
yaxşıca tərlətməklə qısa zaman ərzində keçib gedirdisə, hazırda immuniteti zəifləmiş
insanın bir neçə dəfə öskürməsindən sonra son dərəcə güclü antibiotiklərin, iltihab əleyhinə
vasitələrin və digər dərman preparatlarının işlədilməsi lazım gəlir. Şübhəsiz ki, müasir
insan beyninin qəbul etdiyi və arzuladığı informasiyaya münasibətdə də sıçrayışlı
dəyişiklik getmiş, nəticədə əsəb sistemi «laxlamışdır». Təsadüfi deyildir ki, müasir dövr
üçün xarakterik pozğunluqların bir qrupu məhz «informasiya patologiyaları» adı altında
birləşdirilir. Yeni formalaşmış istilah başqa sözlə «informasiya xəstəlikləri» adını daşıyır.
Tibb mütəxəssislərini, xüsusən psixiatr və nevroloqları baş beyinə daxil olan
informasiyalar daha çox maraqlandırır.
Son illərdə orqanizm və informasiya arasındakı bağlılıq çox dərindən araşdırılır.
Hətta «informasiya təbabəti» deyilən ayrıca bir sahə yaranmışdır.
Tibb və fiziologiyada informasiya nəzəriyyəsinin müxtəlif variantları
Tibb və fiziologiyada informasiya nəzəriyyəsinin aşağıdakı üç variantına tez-tez
müraciət edilir: 1) Xananaşvilinin informasiya nəzəriyyəsi; 2) Simonovun emosiyaların
5
informasiya-tələbat nəzəriyyəsi; 3) Svyadoşun psixoterapiyanın və nevrozların informasiya
nəzəriyyəsi.
Xananaşvilinin informasiya nəzəriyyəsi
Nevrozogenezin öyrənilməsinin psixoloji platformasında informasiyanın qəbul
edilməsi və başa düşülməsi prosesini və nevrotik pozuntuların meydana çıxmasında onun
rolunu bir-birindən fərqli şəkildə qiymətləndirən iki istiqaməti qeyd etmək olar. Onlardan
birincisini informasiyanın miqdari (kəmiyyət), ikincisi isə qeyri-miqdari (keyfiyyət)
göstəricilərini nəzərə çarpdıran istiqamət kimi ifadə etmək mümkündür. Birinci istiqamətə
nevrozun əsasında dayanan «informasiya triadası» haqqında M. M. Xananaşvilinin irəli
sürdüyü təklif və müddəanı aid etmək olar.
Şəkil 1. Mixail Mixayloviç Xananaşvili (1928)
İnformasion nevroz elə nevrotik haldır ki, onun inkişafının əsas şərtləri bir triada
halında cəmləşir. Odur ki, buna informasiya triadası deyilir.
«İnformasiya triadası» nevrozun əsasında dayanır və aşağıdakıları özündə
birləşdirir: 1) yüksək qiymətə (dəyərə) malik olan, qərar qəbul edilməsilə başa çatan,
individin intellektual imkanları üçün həddindən artıq hesab edilən böyük həcmdə
informasiyanın emal edilməsi (işlənilməsi) və mənimsənilməsi (qavranılması) zərurəti; 2)
beyinin belə bir konkret iş (informasiyanın emal edilməsi) üçün ayrılmış zamanın
əhəmiyyətli dərəcədə və daim (xronik) çatışmazlığının hiss olunması; 3) motivasiyanın
yüksək səviyyədə olması (əqli işin motivasiyasının artıq olduğu səviyyəyə yetişməsi), yəni
individ tərəfindən bu və yaxud digər informasiyanın əhəmiyyətinin qədərindən artıq
qiymətləndirilməsi.
Beləliklə, informasion nevroz ali sinir fəaliyyəti patologiyasının bir forması
olub, böyük həcmdə informasiyanın emal edilməsi və mənimsənilməsi zərurəti, bu iş üçün
ayrılmış vaxtın daim çatışmazlığının hiss olunması və motivasiyanın yüksək səviyyəyə
yetişməsi kimi faktorların arzu edilməyən şəkildə bir yerdə təsir etdiyi, onların qeyri-
6
əlverişli qovuşduğu, yəni informasiyanın mühüm mənasının olduğu, ona böyük əhəmiyyət
verildiyi bir şəraitdə beyinin uzunmüddətli işləməsi nəticəsində meydana gəlir.
«İnformasiya triadası» ilk dəfə gürcü psixofizioloqu, tibb elmləri doktoru,
professor 1984-cü ildə M. M. Xananaşvili və K. Hext tərəfindən işlənib hazırlanmışdır.
Mixail Mixayloviç Xananaşvilinin nöqteyi-nəzərincə, «informasiya triadası»
olduqda qanunauyğun surətdə nevroz və müxtəlif psixosomatik pozğunluqlar meydana
gəlir.
Xəstəliyin inkişafına ali sinir fəaliyyətinin individual (fərdi) xüsusiyyətləri,
genetik təmayüllülük (meyllilik), orqanizmin astenizasiyası, interkurrent somatik
xəstəliklərin olması kimi ikincili faktorların təsir etməsinə mühüm əhəmiyyət verilir. M.
M. Xananaşvili tərəfindən informasion nevrozların hər hansı ölçüdə spesifik klinik
mənzərəsi ayırd edilməmiş, onun ayrıca bir pozuntu olaraq səciyyəvi təzahürləri
göstərilməmişdir. Ehtimal edilir ki, onun klinik təzahürləri nevrasteniya zamanı müşahidə
olunan əlamətlərə çox oxşayır. Buna görə informasion nevrozlar konsepsiyasına
nevrozların patogenezinin halqalarından biri kimi baxılması daha doğru və qanunauyğun
olardı. Həqiqətən informasion nevrozlar konsepsiyasının ali sinir fəaliyyəti haqqında təlim
və informasiya nəzəriyyəsi mövqeyindən nevroz probleminin nəzərdən keçirilməsi zamanı
ayırd edilmiş bir halqa kimi dəyərləndirilməsi fikri olduqca maraqlı yanaşmadır.
Simonovun emosiyaların informasiya-tələbat nəzəriyyəsi
Koqnivistik sıraya məşhur rus psixofizioloqu, biofizik və psixoloqu, akademik,
tibb elmləri doktoru, professor Pavel Vasilyeviç Simonovun 1964-cü ildə irəli sürdüyü
emosiyaların informasiya-tələbat nəzəriyyəsi da aid edilə bilər [1, səh. 275].
Simonovun emosiyaların informasiya-tələbat nəzəriyyəsi elmi ədəbiyyatda
aşağıdakı adlarla təqdim olunur:
– emosiyaların informasiya nəzəriyyəsi;
– emosiyaların informasiya-tələbat nəzəriyyəsi;
– Simonovun emosiyaların informasiya konsepsiyası;
– Simonovun emosiyaların informasiya nəzəriyyəsi;
– Simonovun informasiya nəzəriyyəsi.
Emosiyaların meydana gəlməsi orqanizmin informasiya ehtiyatının real
situasiyaya adekvatlığı ilə əlaqədar olaraq nəzərdən keçirilir (baxılır). Emosiyaların
meydana gəlməsi informasiyanın çatışmazlığının kompensasiya edilməsinin bir üsuludur.
Məsələn, heyvan və yaxud insan əvvəlki təcrübəsi üzrə ona naməlum olan və həyatı üçün
təhlükə doğura bilən (təhdid edən) xarici mühit qıcıqlandırıcılarına qarşı preventiv reaksiya
verən zaman müdafiə dominantı emosiyaları meydana gəlir. Emosiyaların mənfi xarakterli
olması praqmatik informasiyanın çatışmazlığının nəticəsidir. İnformasiyanın artıb
çoxalması müsbət boyanmış emosiyaların əmələ gəlməsinə gətirib çıxarır. Emosiyaların
meydana gəlməsi xarici mühitdən daxil olan afferent siqnallar və proqnozlaşdırılan
situasiya arasında uyğunluğun (uzlaşmanın) nəticəsi kimi nəzərdən keçirilir. Əgər
situasiyanın tələb etdiyi informasiyaların həcmi hazırda olan, real informasiyaların
7
həcminə uyğun gəlirsə, aydın ifadəli bir emosiya meydana gəlmir, davranış öyrənilmiş
(«əzbərlənmiş»), avtomatlaşdırılmış xarakter daşıyır [1, səh. 275].
P. V. Simonovun fikrincə, nevroz «bilməmə xəstəliyi», «xəbərsizlik xəstəliyi»
hesab olunur. M. M. Xananaşvilinin təsəvvürlərinin ziddinə olaraq nevroz informasiyanın
yoxluğunun və yaxud onun az, yarıtmaz miqdarda olmasının patogenetik əhəmiyyət kəsb
etməsinə dair mövqeyi əks etdirir. Konfliktli situasiyada insanın başına nələr gələ
biləcəyindən, ondan ətrafdakıların gözləntilərindən və başqa şeylərdən bixəbər olması öz
ifadəsini tapır.
Şəkil 2. Pavel Vasilyeviç Simonov (1926–2002)
P. V. Simonov emosiyaların meydana çıxması və xarakterinə təsir edən
faktorların məcmusunu qısa simvolik formada təqdim etməyə cəhd göstərmiş, bunun üçün
bir düstur təklif etmişdir. Simonova görə emosiyaların meydana çıxması alqoritmini belə
təsəvvür etmək olar:
E = f [P(İt – İs)]
Burada E – emosiya, onun qüvvə və keyfiyyəti, dərəcə və işarəsi, f – funksiya, P
– tələbatın gücü (aktual tələbatın ölçüsü və spesifikası); İt – proqnostik cəhətdən verilən
(mövcud) aktual tələbatın təmin edilməsi üzrə fəaliyyətin təşkili üçün zəruri olan vasitələr
haqqında informasiya; İn – individdə mövcud olan vasitələr haqqında informasiya, İs –
göstərilən zaman anında individdə real mövcud olan, onun sərəncamında hazır dayanan və
məqsədyönlü davranışın təşkili üçün istifadə edilə bilən vasitələr haqqında informasiya, (İt
– İs) – anadangəlmə xüsusiyyətləri hesabına individin sağ ikən həyatı ərzində qazandığı
təcrübə əsasında verilən tələbatı təmin etməsi ehtimalının (mümkünlüyünün)
qiymətləndirilməsidir.
8
P. V. Simonov tərəfindən təklif edilmiş düsturu çox vaxt aşağıdakı kimi yazırlar:
E = P (İt – İs)
Simonovun emosiya nəzəriyyəsinə görə, əgər aktual tələbatın təmin edilməsi
üçün zəruri olan infoirmasiya cari anda insanın sərəncamında olan vasitələr haqqında
mövcud olan informasiyadan çox, yəni İt ˃ İs (İs ˂ İt) olarsa, onda mənfi emosiya özünü
büruzə verir. Bunu başqa sözlə belə ifadə etmək olar ki, praqmatik informasiyanın
çatışmazlığına əsaslanan (İt göstəricisi İs-yə nisbətən böyük olan) zaman mənfi xarakterli
emosiyalar, məsələn, nifrət, qorxu, qəzəb və sairə törəyir. Alınan informasiya artıq mövcud
olan proqnozla müqayisədə tələbatın təmin edilməsi ehtimalını artıran zaman, yəni İs ˃ İt
(İt ˂ İs) olarkən, onda sevinc və maraq kimi müsbət emosiyalar yaranır.
Svyadoşun psixoterapiyanın və nevrozların informasiya nəzəriyyəsi
Sadəcə Brum kimi tanınmış yəhudi mənşəli sovet və rus psixiatrı, psixoterapevt
və seksoloqu, tibb elmləri doktoru, professor Abram Moiseyeviç Svyadoş 1982-ci ildə
yazmışdır ki, nevrozların psixogen etiologiyası qıcıqlandırıcının siqnal rolunun,
informasion əhəmiyyətinin təsirindən ibarətdir.
Şəkil 3. Abram Moiseyeviç Svyadoş (1914–1997)
Svyadoşun psixoterapiyanın və nevrozların informasiya nəzəriyyəsi –
psixoterapiyanın effektivliyində və nevrozların əmələ gəlməsində informasiyaların mühüm
rol oynadığını iddia edən nəzəriyyədir. Psixoterapiyanın və nevrozların informasiya
nəzəriyyəsi ilk dəfə A. M. Svyadoş tərəfindən 1960-cı ildə işlənib hazırlanmış, 1964-cü
ildə yenidən baxılmış, 1967-ci ildə bir daha əlavələr edilmiş, nəhayət, 1969-cu ildə
təkmilləşdirilərək bitkin hala salınmışdır. A. M. Svyadoşun 1967-ci ildə «Psixoterapiya və
9
informasiya» [5], «Psixoterapiya və kauzal psixoterapiiya» [6], 1969-cu ildə
«Psixogeniyaların etiologiyasına dair informasion yanaşma» [7], «Psixoterapiyanın
informasion aspektləri haqqında» [8] adlı məqalələri tədqiqatçılar tərəfindən rəğbətlə
qarşılanmışdır.
Psixoterapiyanın və nevrozların informasiya nəzəriyyəsində psixogeniyalar
qıcıqlandırıcılar kimi nəzərdən keçirilir. Belə qıcıqlandırıcıların təsiri fiziki parametrlərlə
deyil, informasiya rolu, siqnal əhəmiyyəti ilə müəyyən olunur. Nəzəriyyəyə görə, nevroz
informasiyadan törəyən xəstəlikdir. Belə bir yanaşma nevrozların mahiyyətinin başa
düşülməsinin etioloji prinsipinə əsaslanmışdır. Psixoterapiya tək bir pasiyentə və yaxud
eyni vaxtda xəstələr qrupuna ünvanlana bilən informasiyalarla müalicə kimi nəzərdən
keçirilir. İnformasiyanın təsiri bilavasitə (dərhal özünü göstərən) və yaxud bilvasitə
(zamana görə hələlik kənara qoyulan) ola bilər. İnformasiya təkcə nitq yolu ilə deyil, eyni
zamanda psixoterapevtin nitqini müşayiət edən intonasiya, mimika, jest və digər
keyfiyyətləri vasitəsilə ötürülə bilər. Həkimin xəstəyə emosional təsiri məhz
informasiyalarla müəyyən olunur. İnformasiyanın işə salınması xarakterinə, yenidən emal
edilməsinə və yaxud təsir imkanlarına müvafiq olaraq psixoterapiyanın bir-birindən fərqli
olan növləri ayırd edilir.
«İnformasiya nevrozu» termininin definitiv-sinonimik səciyyəsi
Elmi-texniki tərəqqi neçə illər arzuladığımız bir inkişafdır. Normal düşüncəli
heç bir insan belə tərəqqinin əleyhinə çıxmaq istəməz. Ancaq texniki tərəqqinin
imkanlarından sui-istifadə edilməsi, xüsusən radioelektrotexnika sahəsində misli-bərabəri
olmayan nailiyyətlər qazanılmasından sonra bir çox vacib hərəkətlərin təxirə salınması
artıq hər kəsdə narahatlıq yaradır. Hər yerdə kompüterizasiyanın sürətlə yayıldığı, geniş
vüsət tapdığı müasir zəmanədə insan sanki özünü izolyasiya vəziyyətinə salır, təcrid edilir.
Burada urbanizasiyanın nəhəng rol oynadığı göz qabağındadır. Həyət ünsiyyəti sistemi
yoxa çıxır, çoxumuz qonşuluqda kimlərin yaşadığını və onların adlarını bilmirik. İnsanlar
müəyyən səbəblərlə əlaqədar olaraq öz qohumlarına gec-gec baş çəkirlər. Dost və tanışlar
bir-birlərinin evlərinə nadir hallarda gəlirlər. İndiki insanların çoxu sanki işi düşəndən-
düşənə qohumunu, dost və tanışını yadına salır. Toya dəvət ediləcək adamların siyahısı
tərtib edilərkən, təcili pul lazım olarkən qohumun, dost və tanışın yada düşdüyünü heç kəs
dana bilməz. Əlbəttə, söhbət toya qohum, dost və tanışların dəvət edilməsinin, yaxud dara
düşəndə məhz onlara üz tutmağın, pənah aparmağın qəbahət kimi qələmə verilməsindən
getmir, bunları söyləməkdə güdülən başlıca məqsəd insanlar arasında ünsiyyətin kəskin
şəkildə azalmasından, əlaqələrin zəifləməsindən, münasibətlərin soyumasından doğan
narahatlığı qabartmaqdır.
Həqiqətən bəşər övladı XXI əsrdəki qədər az kommunikabel olmayıb. İnsan
cəmiyyətində sanki «robotlaşma» prosesi gedir. İndi virtual aləm insanları real həyatdan
çox uzaqlaşdırır. İnsanlar arasındakı ünsiyyətin azalması yaxşı olmayan bir haldır.
İnsanların müəyyən kateqoriyası havada daha az olur, hərəkət etməkdən qalır,
təbiətin qoynuna çıxa bilmir. Belə hal gündən-günə genişlənməkdə davam edir. Lakin
insan başqa şəxslərlə ünsiyyətdə olmadan keçinə, rahatlıq tapa bilmir. İnsan özündə
10
topladığı informasiyanı haradasa kimləsə bölüşməli, başqalarına ötürməli, onlardan yeni
xəbər almalı, öz aralarında məlumatlarını mübadilə etməli və yeniləməlidir. Emosional
təzyiq gec-tez azaldılmasını tələb edir, boşalmasını istəyir. Hər kəsə aydın olan «kiməsə
ürəyini boşaltmaq», «kimləsə bölüşmək», «dərdləşmək» getdikcə daha çox zərurətə
çevrilir. İnsan yaşa dolduqca bunları daha çox istəyir.
İnformasiya xəstəlikləri arasında «informasiya nevrozu» özünəməxsus yer tutur.
İnformasiyaların həddən ziyadə olması, yaxud yetərincə olmaması nəticəsində yaranan
nevroza informasiya nevrozu (neurosis informationis) deyilir. Belə hal başqa sözlə
«informasion nevroz» da adlanır.
«İnformasion nevroz» termini ilk dəfə gürcü psixofizioloqu, tibb elmləri
doktoru, professor Mixail Mixayloviç Xananaşvili tərəfindən 1974-cü ildə təklif edilmişdir.
Onun şərəfinə olaraq «Xananaşvilinin informasion nevrozu» adlı bir eponimik termin də
işlənir [3, səh. 307].
İnformasiya nevrozunun növləri
İnformasiya nevrozu iki növ olur: produktiv və defisitar.
İndividin müalicə olunmaq baxımından tədbir görüb-görməməsindən asılı
olaraq informasiya nevrozu iki formada olur: 1) vaxtında müalicəsinə başlanılmış
informasiya nevrozu; 2) vaxtında müalicə edilməmiş, başlı-başına buraxılmış informasiya
nevrozu.
İnformasiya nevrozunun üç mərhələsi ayırd edilir: yüngül; orta ağırlıqda və ağır.
Produktiv informasiya nevrozu
Həqiqətən informasiyaların həcmi çox artmış, hədsiz böyümüşdür. Şübhəsiz ki,
baş beyinə yüklənən informasiyanın həcminin böyüməsi, məişətdəki dəyişikliklərin sürətlə
getməsi müasir insanın həyatını çətinləşdirmişdir.
Tez reaksiya verilməsini, məsuliyyətli qərar qəbul olunmasını tələb edən
informasiyaların artıqlığının təsiri altında meydana gələn nevroza produktiv informasiya
nevrozu deyilir. Latınca produco – əmələ gətirirəm, istehsal edirəm, yaradıram deməkdir.
Produktiv informasiya nevrozunu başqa sözlə «hyperinformasiya nevrozu» da
adlandırmaq olar. Yunanca hyper – nəyinsə yüksək həddə qalxmasını, normadan çox
olmasını bildirən mürəkkəb sözlərin tərkib hissəsidir, hərfi mənada «artıq», «çox», «üst»,
«yüksək» deməkdir.
Hyperinformasiya nevrozu bir çox peşə adamları üçün xarakterik haldır.
«Aviadispetçerlərin nevrozu», «iri sənaye müəssisələri rəhbərlərinin nevrozu» və başqaları
bu qəbildəndir.
Ancaq son illərin tədqiqatları «aviadispetçerlərin nevrozu» ətrafındakı baxışların
dəyişməsinə gətirib çıxarmışdır. Uzun illər ərzində nevroz intellektual yüklənmə və həyat
tempinin (sürətinin) böyük olması ilə bağlı olan informasiya xəstəliyi hesab edilmişdir.
Bununla əlaqədar olaraq kənd yerlərində yaşayan insanlarda (kəndlilərdə) nevrozla
xəstələnmənin daha aşağı tezlikdə rast gəlinməsi onların həyat tərzinin nisbətən xeyli sakit
11
keçməsilə izah edilmişdir. Lakin aviadispetçerlər arasında aparılmış tədqiqatlar belə bir
fərziyyəni rədd etmiş, onun doğru olmadığını sübuta yetirmişdir. Araşdırmalardan sonra
məlum olmuşdur ki, aviadispetçerlərin daim diqqətli olmağı, tez analiz etməyi və reaksiya
verməyi tələb edən gərgin iş görmələrinə baxmayaraq onlar digər ixtisaslar üzrə çalışan
adamlardan heç də nevrozla çox xəstələnmirlər. Aviadispetçerlərin nevrozla
xəstələnməsinin səbəbləri arasında iş prosesində həddən ziyadə yorulma deyil, əsasən ailə
nizamsızlığı (qarışıqlığı) və rəhbərliklə konflikt göstərilir.
İnformasiya nevrozu XXI əsrin xəstəliyidir, təzahürünə görə «incə» olan bir
patologiyadır, insanın immun çatışmazlığı virusu infeksiyası və digər təhdidedici yoluxucu
xəstəliklərlə bir sırada dayanmasa da, ancaq müasir cəmiyyətin nümayəndələri üçün heç də
onlardan az təhlükəli deyildir.
İnformasiya nevrozu müasir insanın həyat ritminin dəyişikliklərilə əlaqədar olan
psixoloji pozğunluqlara aiddir.
Uşaq və yaxud yeniyetmənin gücü çatmayan tapşırıqlarla yüklənməsi
dövrümüzdə tez-tez rast gəlinən bir anomaliyadır. Belə bir anomaliyanın çox vaxt
valideynlərin hər ikisinin ali təhsilli olduğu ailələrdə qeydə alınması ancaq təəssüf doğura
bilər.
Şəkil 4. Ağabəy Həşimbəy oğlu Sultanov
(1936–2007)
Hazırda ailələrin çoxunda bir, yaxud iki uşaq olur. Ailədə cəmi bir uşaq olduqda
vəziyyət xüsusən qəlizləşir. Çünki bir tərəfdən hiperqayğı özünü büruzə verməyə başlayır,
digər tərəfdən uşağa yüngül olmayan yük hazırlanır. Cəmi bir uşağı olan valideynlərin
böyük əksəriyyəti canfəşanlıq göstərirlər. Mərhum psixiatrımız professor Ağabəy
Həşimbəy oğlu Sultanov
1992-ci ildə «Psixiatriya üzrə mühazirələr» kitabında qeyd edir
ki, belə valideynlərin fikrincə, ailədə tək böyüdülən uşaq xüsusən sevilib-seçilən olmalıdır.
Uşaq təzə yeriməyə başlayar-başlamaz artıq onu aramsız idmanla məşğul olmağa vadar
edirlər. Bunun davamı kimi uşaq balet məktəbinə göndərilir. Balaca doğma dilimizdə hələ
indi-indi iki kəlmə danışan kimi onu əcnəbi dili öyrənməyə məcbur edirlər. Qonşuluqdakı
uşağın musiqi məktəbində oxumasından xəbər tutulanda ondan geri qalmamaq üçün
12
yubanmadan tədbir görülür. Çox keçmədən uşaq musiqi məktəbinə yollanır. Bütün
bunlarla bərabər, uşaq təhsil aldığı orta məktəbin ağır proqramını mənimsəməli, test
tapşırıqlarını yerinə yetirməli, əlavə məşğələlərə getməlidir. Uşaq müəyyən təmayüllü
məktəbdə oxuduqda, onun yükü daha da çoxalır. Beləcə uşaq deyək ki, fizika-riyaziyyat
təmayüllü məktəbdə oxuya-ozuya üzgüçülüyə (hovuzda üzür), rəssamlıq məktəbinə (şəkil
çəkir), əcnəbi dil kursuna (xarici dili öyrənir) gedir. Uşaq 12–13 yaşına çatanda vunderkind
olmaq əvəzinə valideynlərilə birlikdə həkim-psixiatrın qapısını döyür, onun qəbuluna
yazılır. Deməli, uşaq gücü çatmayan yükü daşıya bilməmiş, sinirləri dözməyərək
«sınmışdır» [10, səh. 7–8].
Uşağın informasiya ilə həddən ziyadə yüklənməsi öz sözünü deyir. Həqiqətən
uşaqlar arasında nevrozların çoxalmasında informasiyalarla yüklənmənin mühüm rolu
vardır.
Hazırda baba və nənələr 3–4 yaşlı nəvələri ilə söhbət edəndə azqala bayılırlar.
Çünki az yaşı olmasına baxmayaraq uşaq artıq çox şey bilir, dünyada baş verənlərdən
xəbərdar olur, abris (çevrə, kontur) və Ay üstündə hərəkət etmək üçün nəzərdə tutulmuş
özüyeriyən platforma haqqında danışa bilir [10, səh. 8].
Hətta intim mövzuda uşaqların əldə etdiyi informasiyanın həcmi misli
görünməmiş dərəcədə artmışdır. Belə bir lətifə çox danışılır. Ana hələ balaca olan uşağınin
düzgün cinsi tərbiyə almasına və intim gigiyena qaydalarını vaxtında mənimsəməsinə nail
olmaq məqsədilə seks haqqında ehtiyatla danışmaq istəyir. Ancaq bir qədər keçdikdən
sonra ana bir çox yeni şeyləri uşağından öyrəndiyini və bunları sınaqdan keçirmək üçün
səbirsizliklə alışıb-yandığını bildirir.
İnformasiya ilə yüklənməkdən qaçma hazırda çox olur. İnformasiya nevroz
zamanı müşahidə edilən dromomaniyaya yüklənmə dromomaniyası deyilir.
Şəkil 5. Vladimir Kukk
Məşhur Estoniya həkim-psixiatrı, praktik psixoloqu və ictimai xadimi Vladimir
Kukk tərəfindən təqdim edilmiş bir nümunəyə nəzər yetirək: Özü layiqli mövqe tutmağı
bacarmamış bir artist ana doqquz yaşlı qızı Maşanı məşhur aktrisa görmək istəyir. Atası isə
yatır və yuxuda qızının gimnastika üzrə Olimpiya çempionu olduğunu görür. Beləcə
13
qızcığazın gün rejiminin qabaqcadan cızılmış cədvəlində onun bir dəqiqə belə boş vaxtı
qalmır. Məktəbdə yalnız «beş üstəgəl» (sovet dönəmindəki «qırmızı beş»in analoqu) ilə
oxunması tələbi qoyulur. «Bizi biabır eləmə, ata-ananın ali təhsili var» deyilməklə uşağın
yalnız əla qiymət alması gözlənilir. Valideynlərinin hər ikisi ali təhsilli olan uşağın «beş
üstəgəl»dən savayı bir qiymət almağa sadəcə «haqqı yox idi». Qız hər gün məktəbdən
sonra bədii gimnastika üzrə üçsaatlıq məşqə gedir. Teatr dərnəyi musiqi və rəqs dərslərilə
növbələnir (gələcəyin aktrisasında ritm duyğusu və plastika olmalıdır). Bundan başqa,
fransız dilinin çox dərindən, mükəmməl öyrənilməsi tələbi qoyulur. Evə qonaq gələndə
valideynləri qızcığazın nailiyyətlərindən ağızdolusu danışır, onu tərifləyirlər. Gələcək
ulduzun doyunca yatmağa vaxtı qalmırdı. Maşanın yaşadığı binada və yaxud onun
həyətində rəfiqəsi ilə əylənməkdən söhbət gedə bilməzdi – qızda belə bir anlayış
ümumiyyətlə, formalaşmamışdı. Rəfiqəsi olmayan uşaq bunu heç duya da bilməzdi.
Ancaq hər şeyin həddi olmalıdır. İfrata varma həyatın heç bir sahəsində uğur gətirmir.
Günlərin birində qızcığaz musiqi məktəbinin yerinə vağzalı seçir. Yalnız iki gündən sonra
bələdiyyə polisinin əməkdaşları uşağı tapıb ailəsinə təhvil verirlər [4].
Belə bir şeyin mümkünlüyü istisna edilmir ki, xəstəlik təkcə informasiyanın
miqdarı ilə deyil, eyni zamanda onun keyfiyyəti və nə dərəcədə küylə dolması ilə
əlaqədardır. Belə küyə informasion küy, yaxud informasiya küyü deyilir. Bir çox hallarda
informasiya küyü produktiv (məhsuldar) əqli işə çox qüvvətli çətinlik, əngəl törədir. Son
illərdə alınan informasiyanın davranış pozğunluqları, xüsusən aqressiya ilə əlaqəsi
haqqında dəlillər üzə çıxmışdır.
Produktiv informasiya nevrozunda informasiya sahəsinin gözlənildiyindən
dəfələrlə artıq doyması ucbatından psixikanın həddən ziyadə yorulması yer tutur. Beyin
yüklənmənin öhdəsindən gələ bilmir, «cavabını tapmamış suallar, həll edilməmiş
məsələlər» insanın əhvali-ruhiyyəsində labüd olaraq əksini tapır.
Müxtəlif informasiya xəstəlikləri mövcuddur, lakin informasiya nevrozu aydın
büruzə olunan simptomları ilə onlardan dərhal seçilir. İnformasiya nevrozunun bir pozuntu
olaraq başlıca simptomları aşağıdakılardan ibarətdir: 1) dissomniya (yuxunun pozulması),
xüsusən insana əzab verən asomniya (yuxusuzluq), həmçinin qeyri-müəyyən, anlaşılmaz,
həyəcanlı süjetsiz qorxulu yuxular görülməsi (gecə yuxusu insanın itirdiyi güc-qüvvəsini
bərpa etməyə imkan vermir, buna görə səhər yuxudan oyanan insan özünü son dərəcə
yorğun və əzgin hiss edir); 2) yaddaşın qeyri-müntəzəmliyi və fasiləli olması; 3) sefalgiya
(baş ağrısı).
Söz yox ki, sefalgiya bütün hallarda nəzərə çarpmaya bilər, amma onun tez-tez
müşahidə olunması artıq xəbərdarlıqedici siqnallardan biridir.
İlk baxışda adama elə gəlir ki, informasiya ilə həddən ziyadə yüklənmə belə
nəticələrə səbəb olmaq üçün ciddi problem deyildir (fasiləsiz işləyən insanın həm fiziki,
həm də zehni cəhətdən yorulması tamamilə təbii bir qanunauyğunluqdur). Lakin əldən
salan, üzücü təsir bağışlayan həyat tərzi həqiqətən sağlamlığı zədələyə, onu «içəridən
yeyə» bilər. İnformasiya nevrozu kimi xəstəliklərə etinasız yanaşmaq, onlara barmaqarası
baxmaq, yüngülbeyinlik göstərmək mövcud vəziyyəti qəlizləşdirir.
Qeyd edilən pozuntuların nəticəsi kimi meydana çıxan simptomlar orqanların
çox müxtəlif sistemlərinin işini əhəmiyyətli dərəcədə poza bilər. İlk növbədə endokrin
14
sisteminin işində kənarlanma yaranması, metabolizmin pozulması nəzərə çarpır. Sinir
hüceyrələri əziyyət çəkir. Yuxu problemləri labüd surətdə əmək qabiliyyətinə mənfi təsir
edir, onu pisləşdirir.
İnformasiya nevrozu proqressivləşməyə qabil olan bir xəstəlikdir. Əlbəttə,
həkimin (psixiatr, nevroloq) konsultasiyası və təyin etdiyi müalicə kursu situasiyanı təshih
etməyə imkan verə bilir, lakin insanın öz orqanizmini bu vəziyyətə gətirib çıxarmaması,
bunun üçün ağılla hərəkət etməsi daha yaxşı olardı.
Yuxu problemləri xüsusən təhlükəli hesab edilir, çünki bu proses zamanı
orqanizm yükdən azad olmaq əvəzinə sanki yenidən yüklənir. Yaxşı yatmayan insanın
sinir sistemi yeni produktiv dövrü qarşılamağa köklənən bir vəziyyət alır, bütün orqan
sistemləri isə digər iş tempinə keçir. Əgər yuxu ritmi pozularsa, müəyyən qapalı dövranın
formalaşmasına gətirib çıxarır ki, bu zaman psixi pozğunluq simptomu olan asomniya
(yuxusuzluq) səbəbindən orqanizm özünün sağlamlıq halında təzahür edən problemin
öhdəsindən gəlmək üçün müstəqil hərəkət etmək iqtidarını itirir. Belə bir imkanın
olmaması öz növbəsində xəstənin vəziyyətini yalnız pisləşdirə, kənarlanmanı dərinləşdirə
bilər.
Təəssüf ki, çox yorulma ucbatından təzahür edən psixoloji pozğunluqlar müasir
insan tərəfindən hələ də hədsiz yüngül fikirlərlə, düşüncəsizliklə qarşılanır. İndinin özünə
qədər tibb nəsə bir monumental-elmi sahə ilə assosiasiya olunur, düzgün həyat rejimi
seçilməklə və psixoterapiya tətbiq edilməklə müalicə olunan xəstəliklər ciddi surətdə
qarşılanmır, belə şeylər gerçəkdən sayılmır. Halbuki informasiya nevrozuna laqeyd
münasibət bəslənilməsi çox böyük səhvdir. Nevrozun həmin forması insanın bütün sinir
sinir sisteminə məhvedici təsir edir, əmək qabiliyyətini zəiflədir, normal həyat ritmini
əhəmiyyətli dərəcədə pozur. Bununla belə, həkim-psixoterapevtin qəbuluna yazılmaq və
öz həyat ritmini heç olmasa hissəvi şəkildə dəyişdirmək artıq ciddi bir proqress (irəliləyiş)
sayılır.
Produktiv informasiya nevrozunun üç mərhələsi ayırd edilir: yüngül; orta
ağırlıqda və ağır.
Yüngül mərhələdə pozğunluq individin öz vaxtının reorqanizasiyası (yenidən
təşkili) yolu ilə müalicə olunur. Şəxsin özünü informasiya axınından təcrid etməsi, bir
müddət televizor, radio, telefon, mətbuat, kitab və əlbəttə, ümumdünya şəbəkəsindən
(kompüterdən), həmçinin başqa şeylərdən aralı durması, heç olmasa bir həftəlik
məzuniyyət götürməsi, bütün yükünün istiqamətini zehni sahədən fiziki cəbhəyə doğru
dəyişdirməsi, piyada gəzintilərini intensivləşdirməklə və idman zallarına tez-tez getməklə
bunları etməsi lazım gəlir. Bir çoxlarına yoqa və meditativ Şərq praktikası çox yaxşı
kömək edir [11].
İnformasiya nevrozunun müalicəsiz buraxılmış forması zamanı şəxsin öz həyat
tərzini dəyişdirməsi üçün daha uzun zaman – təxminən bir ay və bəzən bir qədər artıq
müddət tələb edilir. Belə hallarda individin özünü yalnız informasiya axınından sadəcə
təcrid etməsi qənaətbəxş nəticə almağa imkan vermir, onun daha ucqar guşəyə çəkilməsi,
təbiətə yaxın olan bir yerə getməsi lazım gəlir. Adətən həmin müddət ərzində sağlam yuxu
bərpa olunur, ümumi əhvali-ruhiyyə düzəlir, şəxs özünü yaxşı hiss edir, baş ağrısı tamam
dayanır, sinir sistemi normal vəziyyətə qayıdır.
15
Gələcəkdə xoşagəlməz psixi (ruhi) dəyişikliklərdən və sinir (əsəb)
pozğunluqlarından özünü qorumaqdan ötrü təkcə həyat tərzinin korreksiya edilməsi deyil,
eyni zamanda onunla birlikdə düzgün qidalanma rejiminin seçilməsi lazım gəlir. B qrupu
və C vitaminlərilə zəngin olan qida məhsullarının qəbulu sinir sitemini möhkəmləndirməyə
və immuniteti gücləndirməyə kömək edir. Normal həyat ritminin saxlanılmasının və
vaxtında tamdəyərli istirahətin təşkilinin çox vacib olduğu heç bir vəchlə unudulmamalıdır
[11].
Defisitar informasiya nevrozu
İnformasiyaya olan tələbatın təmin olunmamasının nəticəsi kimi meydana çıxan
və bəzi şəxslərdə, xüsusən izolyasiya şəraitində olanlarda daha çox təzahür edən nevroza
defisitar informasiya nevrozu deyilir. Latınca deficit – bəs etmir, çatışmır, kifayət etmir,
yetmir, deməkdir. Defisitar informasiya nevrozunu başqa sözlə «hypoinformasiya
nevrozu» da adlandırmaq olar. Yunanca hypo – nəyinsə aşağı həddə düşməsini, normadan
az olmasını bildirən mürəkkəb sözlərin tərkib hissəsidir, hərfi mənada «alçaq», «alt»,
«aşağı», «az», deməkdir.
Hypoinformasiya nevrozu bir sıra insanlar üçün səciyyəvi haldır. «Dustaqların
nevrozu» (həbsxanaya salınmış şəxslərdə müşahidə olunan nevroz), «tənhaların nevrozu»
və başqaları bu qəbildəndir.
Tənhalıq xüsusən nəzəri cəlb edir. Tənhalıq bir çox mənbələrdə hətta «Kruzo
fenomeni» adı altında məlumdur. Məşhur ingilis yazıçısı və publisisti Daniel Defonun
(Daniel Defoe) 1719-cu ildə qələmə aldığı «Robinzon Kruzo» («Robinson Crusoe») adlı
əsərində kimsənin yaşamadığı bir adada uzun müddət tənha ömür sürmüş Robinzon
Kruzonun şərəfinə olaraq belə adlandırılmışdır. Təsadüfi deyildir ki, tənhalıq romanın baş
qəhrəmanı Robinzon Kruzonun halının təsvirilə müqayisə edilir.
Biblioqrafiya
I. Azərbaycan dilində
1. Azərbaycan dilinin izahlı lüğəti [Mətn] / Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Əliheydər Abbas oğlu
Orucovun rəhbərliyi və ümumi redaktəsi ilə. Tərtibçilər: Əliheydər Abbas oğlu Orucov,
Bəhruz Teymur oğlu Abdullayev, Nərgiz Rəsul qızı Rəhimzadə. Nəşrə hazırlayanı,
təkmilləşdirəni və redaktoru: Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,
filologiya elmləri doktoru, professor Ağamusa Ağası oğlu Axundov. Dörd cilddə, II cild,
Bakı, «Şərq–Qərb» nəşriyyatı, 2006, 792 səh.
2. Azərbaycan Sovet Ensiklopediyası [Mətn]. On cilddə, Bakı, Azərbaycan
Sovet Ensiklopediyasının baş redaksiyası, IV cild, 1980
II. Rus dilində
16
3. Блейхер Вадим Моисеевич. Эпонимические термины в психиатрии,
психотерапии и медицинской психологии. Словарь [Текст]. Киев, издательство
«Вища школа», 1984, 448 стр.
4. Кукк Владимир. Дромомания – страсть к бродяжничеству
[Электронный ресурс] http://www.medpulse.ru (4 декабря 2012 года)
5. Свядощ Абрам Моисеевич. Психотерапия и информация [Текст] //
Вопросы психиатрии, психотерапии, сексологии (Тезисы докладов конференции
психоневрологов Карагандинской области), Караганда, 1967, стр. 103–104
6. Свядощ Абрам Моисеевич. Психотерапия и каузальная психотерапия
[Текст] // Вопросы психиатрии, психотерапии, сексологии (Тезисы докладов
конференции психоневрологов Карагандинской области), Караганда, 1967, стр.
104–106
7. Свядощ Абрам Моисеевич. Информационный подход к этиологии
психогений [Текст] // «Неврозы и их лечение» (материалы конференции
посвящѐнной
50-летнего
юбилея
клинического
психоневрологического
объединения имени Ивана Петровича Павлова), Ленинград, 1969, стр. 206–209
8. Свядощ Абрам Моисеевич. Об информационных аспектах
психотерапии [Текст] // Материалы 5-го Всесоюзного съезда невропатологов и
психиатров, Москва, 1969, стр. 314–317
9. Смирнов Виктор Михайлович, Судаков Константин Викторович.
Словарь-справочник по физиологии [Текст]. Научное издание. Москва, общество с
ограниченной ответственностью «Медицинское информационное агентство», 2010,
504 стр.
10. Султанов Агабек Ашумбек оглы. Лекции по психиатрии [Текст]. Баку,
Азербайджанское государственное издательско-полиграфическое объединение
«Азернешр», 1992, 120 стр.
11. Что такое информационный невроз [Электронный ресурс]
http://www.medbooking.com
Dostları ilə paylaş: |