29
Yapışqan üsulundan fərqli olaraq, ştamp üsulu daha səmərəli sayılır. Bu üsulda
əl əməliyyatları çox az tətbiq edilir və əmək məhsuldarlığı əhəmiyyətli dərəcədə
yüksəlir.
Ştamp üsulu ilə hazırlanmış qaloşların monolitliyi, qabaq və altlıq rezinin qalın
olması, onların sürtünməyə qarşı davamlılığını təmin edir. Lakin başqa istehlak
xassələrinə görə onlar yapışqan üsulu ilə hazırlanmış qaloşlardan geri qalır. Rezin
qabaq və altlıq üçün eyni tərkibli qarışığın tətbiqi, həmçinin məmulatın divarının
qalın olması, qaloşun bərkliyinin və kütləsinin artmasına səbəb olur. Bu üsulla
hazırlanan ayaqqabıların altlığı yastı formalıdır. Pres-formadanəmələ gələn uzununa
tikiş qaloşun xarici görünüşünü pisləşdirir.
Bütün bu çatışmamazlıqlar rezin ayaqqabı istehsalında ştamp üsulunun
tətbiqini məhdudlaşdırır.
Formayasalma üsulu. Bu üsulla uzunboğaz çəkmələr, uşaq çəkmələri, qaloş,
botik, botinka və üzü parçadan olan tuflilər istehsal olunur.
Formayasalma üsulu ilə uzunboğaz çəkmələrin istehsalına 1957-ci ildə
“Krasnıy boqatır” zavodunda başlanmışdır. Hazırda istehsal olunan uzunboğaz
çəkmələrin yarıdan çoxu formayasalma üsulu ilə buraxılır. Bu ayaqqabıların xidmət
müddəti yapışqan üsulu ilə hazırlanmış ayaqqabılardan 1,5 dəfə çoxdur.
Formayasalma üsulu ilə ayaqqabıların istehsalı zamanı rezin üzlüklərin pres-
formalarda formaya salınması və vulkanizasiya əməliyyatları birlikdə aparılır.
Formayasalma ştamp üsulundan əsas fərqi də bundan ibarətdir. Əgər ştamp üsulunda
ayaqqabının üzü xam rezin qarışığından formaya salınırsa, formayasalma üsulu
zamanı isə bu əməliyyat hazır hissələr vasitəsilə həyata keçirilir.
Formayasalma üsulu daha səmərəli sayılır. Bu üsulla bir fəhlə iş günü ərzində
presdə 160 cüt uzunboğaz çəkmə istehsal edir.
Formayasalma üsulu ilə uzunboğaz çəkmələrin istehsalında bərk metal və
kombinəedilmiş elastik kameralı özəkli pres formalardan istifadə edilir.
30
Bərk metal özək işlədilən zaman uzunboğaz çəkmə əvvəlcədən hazırlanmış
hissələrdən yığılır. Bu hissələrə rəngli içlikli astarlıq corab, altlıq və çəkmənin
boğazını və qabaq hissəsini əmələ gətirən rezin və qabaq daxildir.
Astarlıq corab TDS-20 markalı xam pambıq parçadan üçvallı kalandrlarda
səthinə rezin qarışığı çəkilməklə hazırlanır. Bu məqsədlə rezin qarışığı valların
arasından keçərək (birinci valda 40-60º, ikinci valda 50-80º) 3-5 dəqiqə müddətində
qızdırılır. Bu zaman vallar arasından keçən rezin təbəqənin qalınlığı 6-8 mm olur.
Parçanın üzərinə rezin örtüyü çəkmək üçün işlədilən üçvallı kalandrın
temperaturu üst val üçün 70-90º, aralıq val üçün 60-90º və aşağı val üçün 60-80º olur.
Bütün çəkilmiş material rulon halında yığılır.
Rezin örtüklü parça biçilməzdən qabaq iri qazanlarda 140-150ºC temperaturda
55 dəqiqə müddətində vulkanizasiya əməliyyatından keçirilir.
Uzunboğaz çəkmələrin rezin hissələri, yəni qabaq rezini, altlıq və daban
müxtəlif tərkibli qarışıqlardan hazırlanır. Bu ona görə edilir ki, qalınlığı 2 mm-dən
(qabaq rezini) 19 mm-ə qədər olan üzlük rezinin bütün hissələri eyni dərəcədə
vulkanizasiya edilsin.
Rezin ayaqqabıların formaya salınması “Svit” vulkanizasiya preslərində
aparılır.
Bərk metal özəkli pres-formalarda uzunboğaz çəkmələrin istehsalı aşağıdakı
qaydada aparılır. Astarlıq corab bərk metal qəlibə (özəyə) geydirilir və onun ətrafına
rezin hissələr düzülür. Üzərinə uzunboğaz çəkmənin hissələri yığılmış özək pres-
formanın içərisinə daxil edilir. Bu zaman presləməni və qızmanın təsiri altında onun
formaya salınması və vulkanizasiyası baş verir. Presdən çıxarıldıqdan sonra uzun-
boğaz çəkmə bəzəndirilmə əməliyyatından keçirilir (boğazın kənarı kəsilir, tilişkələr
və artıq hissələr kənar edilir) sortlaşdırılır və qablaşdırılır.
Kombinəedilmiş özək metal oxdan və ona geydirilmiş elastik rezin kameradan
ibarətdir. Elastik rezin kamera uzunboğaz çəkmənin ölçüsündə olur. Uzunboğaz
çəkmə, astar rolunu yerinə yetirən trikotaj corab və içlikdən, eyni zamanda rezin
hissədən, yəni altlıq, daban, qunc və qabaqdan yığılır. Onların istehsalı zamanı elastik
31
kameralı kombinəedilmiş qəlibə astarlıq trikotaj corabı geydirilir və onun üstündən
qaloş rezin hissələr düzülür. Kombinəedilmiş özək ona yığılmış uzunboğaz çəkmə
hissələri ilə birlikdə pres-formaya yerləşdirilir. Bundan sonra elastik rezin kameraya
20-25 atm təzyiqi altında sıxılmış hava vurulur.
Bu təzyiq hesabına uzunboğaz çəkmə formaya salınır. Sıxılmış hava ayaqqabı-
nın divarına bərabər təzyiq göstərir. Bunun nəticəsində bərk metal özəkli pres-for-
maya nisbətən daha yüksək keyfiyyətli formalaşma baş verir. Formayasalma və vul-
kanizasiya əməliyyatı başa çatdıqdan sonra kameradan hava buraxılır. Kombinəedil-
miş elastik kameralı özək məmulat ilə birlikdə pres-formadan çıxarılır. Uzunboğaz
çəkmə soyuduqdan sonra özəkdən çıxarılır və bəzəndirilir, sortlara ayrılır və
qablaşdırılır.
Formayasalma üsulu ilə hazırlanan rezin ayaqqabılar davamlılığına görə
yapışqan üsulu ilə istehsal edilən ayaqqabılardan üstündür. Lakin bu üsulla alınan
uzunboğaz çəkmələr qalın divarlı olduğuna görə az elastik və kütləsinin yuxarı
olmasına görə fərqlənirlər. Buna görə də formayasalınma zamanı xam rezin sərfi
yüksək olur. Göstərilən nöqsanlar elastik kameralı kombinəedilmiş özəyin tətbiqi ilə
hazırlanan uzunboğaz çəkmələrdə nisbətən azdır. Uzunboğaz çəkmələrin istehsalı
zamanı rezin üzlüyün astarı ilə yüksək dərəcədə möhkəm birləşməsi, rezin sərfinin
azaldılması və az əmək tələb etməsi bu üsulun bərk metal özəkli formalaşmaya
nisbətən üstünlüyünü təyin edir. Buna görə də son vaxtlar elastik kameralı
kombinəedilmiş içliklər formalaşma üsulunun geniş tətbiqi nəticəsində bərk metal
özəkli formalaşma getdikcə daha çox sıxışdırılır.
Formalaşma üsulu ilə istehsal olunan rezin ayaqqabılar növündən asılı
olmayaraq laklanmış halda buraxılır. Bu da istehsal zamanı yüksək keyfiyyətli lak
örtüyünün alınmasının çətinliyi ilə izah edilir. Rezin vulkanizasiya əməliyyatından
keçdikdən sonra lak örtüyü ilə adgeziya qabiliyyətini itirir. Vulkanizasiyaya qədər
laklanma isə pis nəticə verir, çünki istehsal zamanı pres-formanın divarları
ayaqqabının səthindən lak örtüyünü silir.
Dostları ilə paylaş: |