18
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VIII nömrə
Çünki başqa analoji cinayətlərdən fərqli olaraq belə əməllərə görə əlavə cəzanın verilməsi barədəki
sanksiya imperativ xarakter daşıyır.
Maraqlı burasındadır ki, cinayət qanunvericiliyində eyni nəticəyə səbəb olan əməllərin qəsdən,
yaxud ehtiyatsızlıq üzündən törədilməsinin təqsirkara təyin olunan cəzaya təsir etməməsi kimi
anlaşılmaz normalar yalnız zərərçəkmişin sağlamlığına az ağır dərəcəli zərər dəyməsi hallarına
aiddir. Zərərçəkmişə daha ağır xəsarət yetirilməsi hallarında isə əməlin qəsdən və ya ehtiyatsızlıq
üzündən törədilməsindən asılı olaraq qanunvericilikdə biri ‐ digərindən xeyli dərəcədə fərqlənən
cəzalar nəzərdə tutulur. Məsələn, zərərçəkmişə ehtiyatsızlıq üzündən ağır xəsarət yetirilməsi 6
ayadək müddətə (CM‐nin 131.2‐ci maddəsi), eyni əməllərin qəsdən törədilməsi hallarında isə 3 ildən
8 ilədək müddətə (CM‐nin 126.1.2‐ci maddəsi) azadlıqdan məhrumetmə cəzasına səbəb olur. Yaxud,
ehtiyatsızlıqdan adam öldürməyə görə CM‐nin 124‐cü maddəsi ilə ən çoxu 3 ilədək müddətə
azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğu halda, qəsdən adam öldürməyə görə CM‐nin
120.1‐ci maddəsi ilə 14 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Ehtiyatsızlıqdan törədilən əməllər üçün eyni nəticəli qəsdən törədilən əməllə müqaisədə xeyli
dərəcədə yüngül cəza nəzərdə tutulması bu misallarda qabarıq şəkildə öz əksini tapır.
Eyni nəticəli əməlin qəsdən, yaxud ehtiyatsızlıq üzündən törədilməsinə görə fərqli cəzalar müəyyən
edilməli olması barədə cinayət qanunvericiliyi ilə müəyyən edilən prinsiplər yol‐nəqliyyat hadisələri
ilə bağlı sağlamlığa az ağır zərər vurulması hallarında nədənsə öz əhəmiyyətini itirir. Yəni
ehtiyatsızlıqdan törədilən başqa əməllərə nisbətən yol‐nəqliyyat hadisələri ilə bağlı cinayət əməlləri
üçün qanunla daha ağır məsuliyyət müəyyən edilmişdir.
CM‐nin Xüsusi Hissəsinin maddələri nəzərdən keçirilərkən məlum olur ki, Məcəllənin 12 maddəsində
(131.1, 222.1, 225.1, 262.1, 263.1, 263‐1.1, 265.1, 266.1, 267.1, 268.1, 350.1, 351.1‐ci maddələr)
ehtiyatsızlıqdan zərərçəkmişin sağlamlığına az ağır zərər dəyməsi ilə əlaqədar məsuliyyətdən bəhs
edilir. Bu maddələrin də 8‐i (262.1, 263.1, 263‐1.1, 265.1, 266.1, 267.1, 268.1, 351.1‐ci maddələr)
yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması üstündə məsuliyyətlə
əlaqədardır.
Yuxarıda qeyd edildiyi kimi, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması
ilə bağlı əməllər də ehtiyatsızlıqdan törədilən əməllər kateqoriyasına aid edilsə də cinayət
qanunvericiliyində həmin əməllərə görə ehtiyatsızlıqdan törədilən başqa əməllərlə müqaisədə
kəskin sürətdə fərqlənən daha ağır cəzalar müəyyən edilmişdir. Bunun bariz nümunəsini CM‐nin
131.1 və 263‐1.1‐ci maddələrinin müqayisə edərkən görmək olar.
Bu məsələ uzun illər ərzində hüquq nəzəriyyəçiləri və qanunu tətbiq edən istintaq‐məhkəmə
orqanlarının işçiləri arasında müzakirə və mübahisə predmeti olsa da eyni nəticəli əməl üçün
müxtəlif maddələrdə ağırlığına görə biri digərindən bəzən 5 dəfə ağır olan cəza nəzərdə tutulmasına
ağlabatan izahat alınmamışdır. Yalnız belə bir məlum həqiqət vurğulanır ki, yol‐nəqliyyat
hadisələrinin sayı ildən‐ilə artır. Hesab edilir ki, yol‐nəqliyyat hadisələrinin baş verməsinin qarşısını
almaq, heç olmazsa onların sayını azaltmaq məqsədilə dövlət belə vasitələrə əl atmalı olur.
Məhkəmə statistikası göstərir ki, doğurdan da hər il məhkəmələrdə CM‐nin 263.1 və 261‐1.1‐ci
maddələri ilə baxılan işlər ümumi baxılan işlərin sayı ilə müqayisədə kifayət qədər böyük xüsusi
çəkiyə malikdir. Ölümlə, yaxud zərərçəkmişin sağlamlığına müxtəlif dərəcəli zərər vurma ilə
nəticələnən yol‐nəqliyyat hadisələrinin sayı ildən‐ilə azalmaq əvəzinə artır.
Bizim fikrimizcə, hər hansı kateqoriyadan olan cinayət əməllərinin sayının artması, yaxud azalması
CMnin 49cu maddələri ilə müəyyən edilən məsuliyyət, ədalət və humanizm prinsiplərinə təsir
etməməlidir. Haqqında söhbət açdığımız məsələyə münasibətdə bu o deməkdir ki, zərərçəkmişin
səhhətinə hansı alət və vasitə ilə yetirilməsindən asılı olmayaraq eyni nəticə üçün kəskin fərqli
cəzalar müəyyən edilməsi təqdir olunmamalıdır. Həm də eyni nəticəli əməlin qəsdən, yaxud
ehtiyatsızlıqdan törədilməsi hallarında qəsdən törədilən əməl üçün qanunla mütləq daha ağır cəza
nəzərdə tutulması prinsipinə əməl edilməlidir. Çünki qeyd olunanlar cinayət qanunvericiliyinin
təməl prinsiplərindəndir və bu prinsipin pozulması arzu olunmaz nəticələrə gətirib çıxara bilər.
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VIII nömrə
19
Ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma ilə nəticələnən əməllərə görə cəzaların
sərtləşdirilməsinin bu növ hadisələrin aradan qaldırılması, yaxud sayının azaldılmasına xidmət
etməsi barədəki fikirlərlərlə də razılaşmaq olmaz. Belə ki, əvvəla, statistika göstərir ki, son illərdə
Respublikamızda yol‐nəqliyyat qəzaları zamanı zərərçəkmişin sağlamlığına az ağır zərər vurması
halları üçün cinayət məsuliyyəti ağırlaşdırılsa da, bu hal həmin növ hadisələrin kökünün kəsilməsinə,
yaxud sayının azaldılmasına yol açmamışdır. Tarixi təcrübə göstərir ki, bu üsulla yol‐nəqliyyat
hadisələrinin sayının azaldılması mümkün də deyildir. Çünki bu faktdır ki, ölkədə həm əhali, həm
də nəqliyyat vasitələrinin sayı ildən‐ilə artır. Belə vəziyyətdə indi cinayət hadisəsi kimi
qiymətləndirilən yol‐nəqliyyat hadisələrsiz çətin ki, keçinək. Fikrimizcə texnika əsrində, avtomobil
əsrində cəzanı ağırlaşdırmaq yolu ilə belə hadisələrin sayının azalmasına nail olmaq mümkün
deyildir. Yolnəqliyyat hadisələrinin sayının azaldılması üçün görünür başqa üsullardan, məsələn
yol‐nəqliyyat strukturlarının təkmilləşdirilməsi və optimallaşdırılması, sürücülərin və piyadaların
maarifləndirilməsi və bunlara bənzər üsullardan istifadə etmək daha çox fayda verərdi.
Ehtiyatsızlıqdan zərərəkmişin sağlamlığına az ağır zərər vurulmasına görə cəza müəyyən edilməsi
ilə bağlı bir məqama da diqqəti cəlb etmək istəyirik. 2000‐ci ildən qüvvədə olan Cinayət Məcəlləsi
əvvəlki cinayət qanunvericiliyi ilə (1960‐cı Cinayət Məcəlləsi) müqayisə edilərkən məlum olur ki,
hazırki cinayət qanunvericiliyi ilə bir cox cinayət əməllərinə görə cəzalar yüngülləşdirildiyi halda
ehtiyatsızlıqdan zərərçəkmişin sağlamlığına az ağır zərər vurulması cinayətləri üçün cəza
ağırlaşdırılmışdır. Belə ki, əvvəlki cinayət qanunvericiliyində ehtiyatsızlıqdan bədənə az ağır xəsarət
yetirməyə görə ən çoxu 6 ayadək müddətə islah işləri cəzası nəzərdə tutulduğu halda, hazırki Cinayət
Məcəlləsi ilə bu əməl üçün 6 ayadək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir.
Nəhayət, ehtiyatsızlıqdan zərərçəkmişin sağlamlığına zərər vurma ilə əlaqədar qanundakı bir qüsura
da diqqət yetirməliyik. CM‐nin hərbi cinayətlər əleyhinə olan fəslinin 350.1‐ci maddəsində silahla,
hərbi sursatla ... davranış qaydalarının pozma ilə əlaqədar zərərçəkmişin sağlamlığına zərər vurma
üstündə məsuliyyətdən danışılır.
Məlumdur ki, sağlamlığa vurulan zərər ağırlıq dərəcəsindən asılı olaraq fərqləndirilir (Yüngül, az
ağır, ağır). Həmin maddənin mətnində əməl nəticəsində sağlamlığa vurulan zərərin dərəcəsi
göstərilməmişdir. Belə çıxır ki, maddədə göstərilən əməl nəticəsində zərərçəkmişin sağlamlığına
nəinki az ağır, və ya ağır, hətta yüngül dərəcəli zərər dəyməsi hallarında da təqsirkar cinayət
məsuliyyətinə alına bilər. Halbuki, ehtiyatsızlıqdan zərərçəkmişin sağlamlığına yüngül zərər dəyməsi
heç bir halda cinayət məsuliyyəti yarada bilməz.
AR CM‐nin 350‐ci maddəsinin dispozisiyaları RF CM‐nin 349‐cu maddəsinin dispozisiyalarının
hərfbəhərf tərcüməsidir. Hər iki maddə nəzərdən keçirilərkən aydın oldu ki, burada sadəcə olaraq
tərcümə zamanı səhvə yol verilmişdir. Yəni tərcümə zamanı CM‐nin 350.1‐ci maddəsinin
dispozisiyasındakı "ağır" sözü ya çıxarılmış, ya da unudulmuşdur. RF CM‐də zərərçəkmişin həmin
əməllərə görə yalnız ağır xəsarət alması cinayət məsuliyyəti yaradır. Qanundakı bu qüsurun tezliklə
aradan qaldırılmaması hərbi qulluqçuların əsassız cinayət məsuliyyətinə alınmasına səbəb ola bilər.
Bura qədər qeyd etdiklərimiz zərərçəkmişin sağlamlığına ehtiyatsızlıqdan az ağır zərər vurma
cinayətlərinə görə cəza müəyyən edən normaların anlaşılmazlığı, bir sıra hallarda isə hətta
məntiqsizliyi ilə əlaqədar idi. Məsələ burasındadır ki, təsnifatına görə böyük ictimai təhlükə
törətməyən cinayətlər üçün cinayət qanunvericiliyində müəyyən edilən humanist normalar da
istintaq‐məhkəmə təcrübəsində ehtiyatsızlıqdan zərərçəkmişin sağlamlığına az ağır zərərvurma
hallarında tətbiq edilmir, əslində həmin normaların mövcudluğuna etinasızlıq göstərilir.
Belə ki, AR CM‐nin 73‐cü maddəsinə əsasən ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs
zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan
qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər.
Qanunun bu norması nəinki ehtiyatsızlıqdan, hətta qəsdən törədilən cinayət hadisələrinə də aiddir.
73‐cü maddənin tətbiq edilməsi üçün əsas amil törədilən cinayət hadisəsinin qanunla böyük ictimai
təhlükə törətməyən cinayətlər sırasına aid edilməsi, yəni konkrekt cinayət hadisəsi üçün qanunda
2 ildən çox olmayan müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmasıdır.