46
Bütün istehlak xassələri kompleksini özündə cəmləşdirən əsas göstərici-
məhsulun keyfiyyətidir.
Məhsulun keyfiyyəti ilə birbaşa əlaqədar olan iqtisadi, texniki, təşkilati,
idarəetmə, nəzarət və s. məsələlərin izahına keçməzdən əvvəl, məhsulun özünü
xarakterizə edən bəzi kateqoriya, anlayış və terminlərlə ümumi-nəzəri baxımdan
diqqət yetirilməsi yaxşı olardı.
Aydındır ki, bizi əhatə edən həyatda sonsuz sayda müxtəlif formada,
quruluşda və məzmunda predmet və hadisələr mövcuddur. Onların da hamısının
həm bir-birinə uyğun, həm də fərqli cəhətləri vardır. Məsələn, metalın bir çox
növlərinin (qızılın, poladın, platinin və s.) olduğu hamıya yaxşı məlumdur.
Bunların hər biri metalın növü kimi həm ümumi cəhətləri, həm də bir-birindən
kəsgin fərqlənən xüsusiyyətlərə malikdir. Belə ki, onların atom çəkiləri, elektrik
keçirmə qabiliyyəti, istilik keçirmə xüsusiyyətləri, kövrəkliyi, sərtliyi, elastikliyi,
korroziyaya davamlılığı və s. xassələri müxtəlifdir. Başqa sözlə, onlar bir-birindən
həm fiziki, həm də kimyəvi xüsusiyyətlərinə görə kəsgin fərqlənirlər.
Bütün bunlar isə onların hər birinin ayrılıqda, yəni yalnız onların özlərinə
məxsus olan xassələrinin olması ilə izah olunur. Məhz bu baxımdan da predmet və
hadisələrin bütün xüsusiyyətləri və xassələrin məcmuna onların keyfiyyəti deyilir.
Tarixi mənbələrdən aydın olur ki, keyfiyyət anlayışı hələ bəşər cəmiyyətinin
yarandığı ilk anlardan başlayaraq daim amillərin diqqətini özünə cəlb etmişdir.
Belə ki, məşhur yunan filosofu Platon (e.ə. 427-347-ci illər) keyfiyyəti məhsulun
mükəmməllik dərəcəsi, Aristotel (e.ə. 385-322-ci illər) onu bir cismin müəyyən
xüsusiyyətlərinə görə, eyni növdən olan digər cisimlərin fərqlənməsi, klassik
alman fəlsəfəsinin nümayəndəsi Hegel (1770-1831-ci illər) keyfiyyəti predmetin
özü, onu təşkil edən cəhət, onsuz predmetin mövcud olması kimi
qiymətləndirmişlər.
Odur ki, məhsulun iqtisadi-sosial mahiyyətinə, məzmuna, məqsədinə və
vəzifələrinə bir qədər yaxından nəzər salaq.
Dostları ilə paylaş: