Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə72/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   68   69   70   71   72   73   74   75   ...   112

Koroğlu Çənlibeldə oturmuşdu. Bir də ilxıcı başı alovlu gəldi ki, bəs 

ilxı yoxdu. 

Koroğlunun ilxısı itsin gör nə olar?.. Dəli Koroğlu coşdu, gözləri 

oynamağa başladı. Bir dəli nərə çəkdi. Bütün Çənlibel titrədi. Dağlar, 

daşlar, mağaralar səs-səsə verdi. Bütün dəlilər tökülüb gəldilər. Aldı 

Koroğlu görək nə dedi: 

Hoydu dəlilərim, hoydu oğullar, 

Hardasa Düratım tapılsın gərək! 

Aman çəksin yağılarım əlimdən, 

Müxənnət obası çapılsın gərək! 

Durub mərd meydanda göstərrəm hünər, 

Qənimlər nərəmdən elərlər həzər. 

Qıraram, sağ-sola vuraram şeşpər

Qoşun qayalara səpilsin gərək! 

Qoç iyid yalıyar özü öz qanın, 

Koroğlu, hər yana işlər fərmanın, 

İndi bəy, paşanın, xotkarın, xanın 

Dərisinə saman təpilsin gərək! 

Dəlilərdən bir parası Koroğluya ürək verməyə, onu yoşutmağa 

başladılar ki, ay Koroğlu, çox fikir eləmə, atlar tapılar, itməz. Qorxudan 

kim sənin ilxına gözünün ucu ilə baxa bilər. Bir də ki, tapılmayanda 

da, qoy tapılmasın. Dünyada atmı yoxdu. Bəylərin, paşaların bütün 

atlarını gətirərik. Dürat itibsə, Qırat durur. Niyə bikef olursan? 

Dəlilər Koroğluya nə qədər ürək verdilərsə də, Koroğluya əsər 

eləmədi. Acığından dodaqlarını gəmirib bığlarını çeynəyirdi. 

Nigar xanım gördü Koroğlunun acığı soyuyan acıq deyil. Getdikcə 

şir kimi qızışır. Axırda qolunu boynuna doluyub dedi: 

– Ay Koroğlu, hirslənəndə özündən çıxarsan. Acıqlanıb dodağını 




gəmirməkdən nə çıxar? Atları tapmaq lazımdı. İndi tədbirin nədi onu 

de. Nigarın sözlərindən sonra Koroğlu deyəsən bir az yumşaldı. Onun 

cavabında görək nə dedi: 

İndi bir mərd dəli gərək, 

Tapsın mənim Düratımı. 

Alsın düşmanın əlindən, 

Minib gəlsin kür atımı. 

Kişnəyib meydanda gəzən, 

Hərdən sağa-sola süzən, 

Düşmanın başını üzən, 

Bir əsrəmiş nər atımı. 

Koroğluyam, yol güdərəm, 

Düşman bağrını didərəm, 

Atlanıb özüm gedərəm

Çəkin mənim Qıratımı! 

Koroğlu belə deyəndə Tanrıtanımaz irəli yeriyib dedi: 

– Qoç Koroğlu, izin ver atları axtarmağa mən gedim. 

Koroğlu Tanrıtanımaza izn verib dedi: 

– Tək getmə, dəlilərdən yanına al. 

Tanrıtanımaz beş dəliynən atlanıb ilxını axtarmağa getdi. Bütün 

Çənlibeli ayaqdan saldılar. Dağı, daşı bir-birinə vurdular. İlxıdan bir 

əsər tapmadılar ki, tapmadılar. Dünya Koroğlunun gözündə qaralırdı. 

Dəlilər hər nə qədər dəlil, nəsihət eləyirdilərsə, heç birisi qulağına 

girmirdi. Deyilən sözlərin heç birisini eşitmirdi. Nigar gördü yox, 

Koroğlu özünü, sözünü bilmir, dərd onu elə alıb ki, dünya gözündə 

deyil. Yenə də irəli yeriyib qolunu onun boynuna saldı. Koroğlu elə 

bildi ki, yuxudan ayıldı. Dönüb Nigara baxdı. Aldı görək nə dedi: 

Nigar, Düratın itməyi, 




Yandırır məni, yandırır. 

Əməyim zaya getməyi, 

Yandırır məni, yandırır. 

Alnımdakı qalın qatlar, 

Düşmən görsə bağrı çatlar, 

Candan əziz yaxşı atlar, 

Yandırır məni, yandırır. 

Sinəmin düyünü, dağı, 

Müxənnət meydan açmağı, 

Koroğluya sataşmağı 

Yandırır məni, yandırır. 

Koroğlu burada qalsın, sənə kimdən deyim, Qara xanın nökərlərindən. 

Elə ki, Qara xan ilxını tutdu, başladı hər gün özündən deməyə 

ki, əyər Koroğlu məndən qorxmasaydı, atların dalıncan gələrdi. Bunun 

bu hərəkəti nökərlərə acıq gəldi. Axırda nökərlərdən birisi bu qərara 

gəldi ki, gedib əhvalatı Koroğluya xəbər versin. Nökər gecəynən 

çarıxlarını bərkidib, ağacını əlinə alıb, düşdü yolun ağına. Az getdi, 

çox getdi gəlib Çənlibelə yetişdi. Əhvalatı Koroğluya danışdı. 

Koroğlu diqqətlə qulaq asdı. Elə ki, Qaraxanın nökəri bütün 

əhvalatı danışıb qurtardı, Koroğlu əmr elədi, onun qollarını bağlayıb 

üstünə də gözətçi qoydular ki, qaçmasın. 

Nökər mat-məhəttəl qalmışdı ki, onun əllərini niyə bağlayırlar. 

Tanrıtanımaz nökəri belə görəndə onun qulağına dedi: 

– Özünü itirmə. Bu dəli Koroğlunun xasiyyətidi. Ta o gedib gələnəcən 

sən burada qalacaqsan. Əyər sözlərin düz çıxdı, ürəyini sıxma, 

sənə elə bir əvəz verəcək ki, qiyamətəcən yadından çıxmayacaq. Yox 

əgər yalan oldu, onda tay özün bil gör nə olar. 

Koroğlu çoxdan idi səfərə çıxmamışdı. Qırat tövlədə yernən-göynən 




əlləşir, Misri qılınc hökm eləyirdi ki, qınını parçalasın. Koroğlu bir 

nərə çəkib sazı döşünə basdı, görək nə dedi: 

At belində mərd dəlilər, 

Ballıcaya səfərim var! 

Dava günü qurd dəlilər, 

Ballıcaya səfərim var! 

Hünər elər qoç oğlu qoç, 

Qorxar, keçməz yanınnan köç. 

Alın ələ Misri qılınc, 

Ballıcaya səfərim var! 

Hədyan sözə bəli deməm

Müxənnət malını yeməm, 

Qoy düşman bilsin mən kiməm, 

Ballıcaya səfərim var! 

Şeşpərim susayar qana, 

Düşmannarım gələr cana, 

Qan uddurram Qara xana, 

Ballıcaya səfərim var! 

Koroğluyam, budu sözüm, 

Müşkül işə necə dözüm, 

Heç qovğadan doymaz gözüm, 

Ballıcaya səfərim var! 

Koroğlu quş kimi tullanıb Qıratın belinə mindi. At bir dəfə fınxırıb, 

iki dal ayaqları üstə qalxıb, dəstənin qabağına düşdü. Dəstə Ballıcaya 

üz qoydu. Dağları, daşları düz elədilər. İldırım kimi at sürüb bir 

gecədə Ballıcaya çatdılar. Koroğlu dəliləri şəhərin kənarında qoyub, 

özü ilxıcı paltarı geyinib, altdan Misri qılınc bağladı. Şəhərə girdi. 

Gəzə-gəzə, dolana-dolana, axırda gəlib Qara xanın yanına yetişdi. 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə