97
Təcrübə və nəzəri tədqiqatlar (C.Vayner) bazarın regional inteqrasiya
yolu ilə genişləndirilməsinin üzv-ölkələrdə istehsalın miqyasında
əhəmiyyətli dərəcədə qənaət əldə etməyə imkan verdiyini göstərir. Bu
zaman inteqrasiya birliyinə daxil olan ölkələr eyni çeşiddə məhsul
buraxırlarsa, onlar rəqabətin güclənməsi nəticəsində istehsalın səmərə-
liliyinin artmasından əlavə fayda əldə edirlər. Belə şəraitdə səmərəliliyi
aşağı olan istehsallar ixtisar olunaraq, nisbi üstünlüklərə malik olan, rəqabət
qabiliyyətlilər
genişləndirilir.
Ticarət
münasibətlərində
azadlığın
genişlənməsinin bu elementi ticarətin yaradılması adlanır.
İnteqrasiya birliklərinin yaradılması onun inkişafının müəyyən
mərhələlərində (gömrük ittifaqı) üçüncü ölkələrin istehsalçılarının eyni
malları daha ucuz qiymətlə satışa çıxara bildiklərinə görə əks effekt də
doğura bilər. İnteqrasiya proseslərinin proteksionizm meyilləri ticarətdə
kənarlaşmalar adını almışdır. Bu, ticarətin üçüncü ölkələrdən birliyin üzvü
olan ölkələrə yönəldilməsinə aiddir. Əgər mənfi təsir (ticarətdə
kənarlaşmaların effekti) kəmiyyətinə görə müsbət təsirdən (
ticarətin
yaradılması effektindən) yüksək olarsa, inteqrasiya birliyinə daxil olan
ölkələrin rifahı pisləşə bilər.
Belə hesab edilir ki, tarifləri və məhdudiyyətləri əvvəlcədən yüksək
olan ölkələr üçün regional iqtisadi birliyin yaradılması, adətən, ticarətin
genişlənməsinə səbəb olur. Üçüncü ölkələrlə ticarətdə tariflərin və digər
məhdudiyyətlərin aşağı səviyyədə olması ticarətdə kənarlaşmalar effektinin
də zəifləməsinə və inteqrasiyanın daha faydalı olmasına gətirib çıxarır.
Birliyə istehsal xərcləri aşağı olan ölkələr də daxildirsə, ticarətdə
kənarlaşmalar prosesi baş vermir. Ümumilikdə isə, inteqrasiya birliyi
daxilində qarşılıqlı münasibətlərin konkret formaları iştirakçı ölkələrin
təsərrüfatlarının inkişaf səviyyəsindən asılıdır. Bu ölkələrin xüsusiyyətləri
birləşdirici proseslərin formalarına və hərəkətverici qüvvələrinə müvafiq
təsir göstərir.
__________________________________________________
Regional iqtisadi inteqrasiyanın tipləri və formaları
İqtisadi inteqrasiyanın inkişafı bir neçə tipdə və formada baş verir.
Regional iqtisadi inteqrasiyanın iki tipi fərqləndirilir: (1) dövlətlərarası
iqtisadi inteqrasiya və (2) mikro səviyyədə, yaxud XBKQ nəticəsində
inteqrasiya. Dövlətlərarası inteqrasiya birlikləri üstünlük təşkil edir.
Dövlətlərarası inteqrasiya birlikləri qarşılıqlı ticarətdə maneələri
aradan qaldırmaq məqsədi ilə yaradılan azad ticarət zonaları; yuxarıda
göstərilən məqsəddən əlavə, daxili bazarı üçüncü ölkələrin rəqabətindən
qorumaq üçün gömrük və vergi tədbirlərinin həyata keçirilməsini nəzərdə
tutan gömrük ittifaqları formalarında təzahür olunur. Sonradan inteqrasiya
prosesi öz inkişafında malların, xidmətlərin və kapitalların sərbəst hərəkət
98
etdiyi
ümumi bazar, ticarət şərtlərinin, kapitalın və işçi qüvvəsinin
hərəkətinin hüquqi və iqtisadi-texniki şərtlərinin eyniləşdirilməsini nəzərdə
tutan vahid bazar və nəhayət, valyuta və iqtisadi ittifaqlarının yaradılması
formasını alır. Vahid bazar əsasən mübadilə sahəsini tənzimləyirsə, iqtisadi
ittifaqın yaradılması təsərrüfatın bütün sahələrinin fəaliyyətinin
eyniləşdirilməsini,
ona üzv olan ölkələrin iqtisadi siyasətinin
əlaqələndirilməsini və ümumi qanunvericiliyin yaradılmasını nəzərdə tutur.
Bu, yerinə yetirilməsi hamı üçün mütləq olan qərarlar qəbul edə bilən
dövlətlərüstü orqanların yaradılmasını və dövlətlərin müvafiq funksiyaları
yerinə yetirməkdən imtinasını ehtimal edir.
Dünya təsərrüfatında regional inteqrasiya qruplarının yaradılması
prosesi sürətlənmişdir. 1970-ci illərdə dünyada müxtəlif tipli 20 inteqrasiya
birliyi mövcud idisə, 2000-ci illərin əvvəlində onların sayı 30-dan çox
olmuşdur. Ümumilikdə isə 200-dən artıq müxtəlif növ regional birlik
mövcuddur. Onların əksəriyyəti inkişafın ən aşağı mərhələsində: milli
iqtisadi siyasətlərin uzlaşdırılmasını, yaxud eyniləşdirilməsini nəzərdə
tutmayan preferensiya ticarət sazişləri, azad ticarət zonaları şəklindədir.
İnteqrasiya prosesləri birləşən ölkələr arasında iqtisadi və siyasi
suverenliyin məhdudlaşdırılmasının hüdudları məsələləri üzrə kəskin
ziddiyyətlər yaradır və bu, ilk növbədə, kapitalın hakim qruplaşmalarının
daxili bazarda mövqelərinə görə narahatçılığını ifadə edir.
İnkişaf etmiş ölkələrdə inteqrasiya prosesləri ən çox Avropada (Avropa
İttifaqı) və Şimali Amerikada (NAFTA) inkişaf etmişdir. Dövlətlərarası
təsərrüfat birliyi kimi daha irəli gedən Aİ-də inteqrasiya prosesləri makroiqtisadi
sahəni və struktur yenidənqurma vasitələrini əhatə edir.
Şimali Amerikada inteqrasiya prosesləri
Şimali Amerikada baş verən inteqrasiya prosesləri Avropa
modelindən fərqlənir. Burada XBKQ-nin təsiri altında mikro-səviyyədə
regional kompleksin, yaxud inteqrasiyanın yaradılması və inkişafı üçün ilkin
şərtlər çoxdan mövcud idi. Bunlara ABŞ-Kanada sərhədindən kapitalın və
işçi qüvvəsinin sərbəst hərəkət rejimini, valyutaların qeyri-məhdud
dönərliyini aid etmək olar. Mövcud hal regional iqtisadi inteqrasiyanın bir
çox məsələlərini onların müqavilə-hüquq rəsmiləşdirilməsi aparılmadan həll
etməyə imkan verirdi. Qarşılıqlı əmtəə dövriyyəsinin gömrük reqlamenti
azad ticarət zonası şərtlərindən xeyli uzaq olsa da, əməyin regiondaxili
bölgüsü üçün kifayət qədər geniş məkan açırdı. ABŞ ilə Kanada arasında
azad ticarət zonasının yaradılması haqqında saziş 1988-ci ildə bağlanmışdır.
1992-ci ildə ABŞ, Kanada və Meksika 15 il ərzində (2007-ci ilədək) üç ölkə
arasında yalnız malların və kapitalların sərbəst hərəkət etməsini nəzərdə
tutan Şimali Amerika azad ticarət zonasının yaradılması haqqında müqavilə
imzaladılar.