M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 363,25 Kb.
səhifə38/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   34   35   36   37   38   39   40   41   ...   91
Muhazire fəlsəfə

Ontoloji funksiya. Materialist dialektikanın bu funksiyası öz ifadəsini onun təbiət və cəmiyyətin hərəkəti və inkişafının ən ümumi qanunları haqqında elm olmasında tapır. Dialektikanın qanunları xarici aləmin inkişafının obyektiv, həqiqi qanunları olduğundan fəlsəfi elm kimi dialektika hər şeydən əvvəl təbiət və cəmiyyət haqqında elmlərin nailiyyətlərinə istinad edərək təbiətdə və cəmiyyətdə baş verən hadisələrin dialektik xarakterini tədqiq etməlidir.

  • Məntiqi funksiya. Materialist dialektikanın bu funksiyası onun həm də təfəkkür haqqında elm olması ilə səciyyələnir. İdrak prosesində bütün elmlər öz anlayış və kateqoriyalarını işləyib hazırlamaqda məntiqi təfəkkürün formalarından istifadə etsələr də, bunların heç biri tədqiqatın məntiqini öyrənməklə məşğul olmur. Bu vəzifəni yalnız məntiq olmaqla dialektika yerinə yetirir.

  • Qnoseoloji funksiya. Materialist dialektikanın bu funksiyası öz ifadəsini onun idrak haqqında təlim olmasında tapır. Məlumdur ki, bütün elmlər xarici aləmi dərk etmək vasitəsidir, lakin heç bir xüsusi elm idrak prosesinin qanunauyğunluqlarını və formalarını öyrənməklə məşğul olmur. Bununla yalnız materialist dialektika məşğul olur.

  • Dünyagörüşü funksiyası. Materialist dialektikanın predmetindən belə nəticə çıxır ki, o həm də dünyagörüşü funksiyasını yerinə yetirir. Bu funksiya öz ifadəsini insanın təbiətə, cəmiyyətə və özünə münasibəti haqqında dialektik materialist təlimdə tapır.

  • Metodoloji funksiya. Bu funksiyanın mahiyyəti bundan ibarətdir ki, materialist dialektika nəinki inkişaf nəzəriyyəsi, həm də elmi idrakın və praktiki fəaliyyətin ən ümumi metodudur. O, insana təbiətin və sosial gerçəkliyin dərk olunması və dəyişdirilməsi üçün ümumi yanaşma üsulu, qayda və metod verir, onu ümumi metodoloji prinsiplərlə silahlandırır.

  • Qabaqgörənlik funksiyası. İnkişaf haqqında dərin məzmunlu və hərtərəfli təlim olan dialektika keçmişi və indini izah etməklə yanaşı, insana gələcəyi əvvəlcədən görmək imkanı verir. Elmi qabaqgörənliyin nəzəri və metodoloji əsasını təşkil edən materialist dialektika adamlara sosial-siyasi hadisələrin inkişaf ehtimalını düzgün qiymətləndirmək, inkişaf meylini müəyyənləşdirmək, dərin intuisiya, zəngin təfəkkür və böyük həyat təcrübəsi əsasında hadisələri qabaqlamaq və gələcəyin modelini yaratmaq imkanı verir.

    Dialektikanın yuxarıda qeyd etdiyimiz prinsiplərdən ikisi predmet və hadisələrin ən ümumi əlaqəsi və inkişaf prinsipləri xüsusi əhəmiyyətə malik olduğundan onlar üzərində ayrıca dayanmaq lazımdır.
    Obyektiv aləmin mühüm xassələrindən birini predmet və hadisələrin ən ümumi əlaqəsi təşkil edir. Dialektika belə hesab edir ki, dünya bütöv bir tamdır və onu təşkil edən bütün predmet və hadisələr ümumi qarşılıqlı əlaqədədir. İlk baxışda təcrid olunmuş kimi görünən predmet və hadisələr arasında çox müxtəlif əlaqələr vardır. Bəs əlaqə nədir?
    Əlaqə obyektlər arasında mövcud olan şərtlənmədir ki, onu bilmək predmet və hadisələrin yalnız keçmiş və indiki halını deyil, həm də gələcək halını müəyyən etməyə imkan verir. “Əlaqə” anlayışı həcmcə “hərəkət” və “inkişaf” anlayışlarından daha geniş olub, yalnız dəyişikliyi və prosesləri deyil, ümumiyyətlə, hadisələrin hər cür şərtlənməsini və asılılığını ifadə edir.
    Elmdə əlaqənin iki növü: aktual (dinamik) və genetik növləri fərqləndirilir.
    Aktual əlaqə baxılan anda obyektlər və orqanların ünsürləri arasında qarşılıqlı təsirdir. Aktual əlaqə dinamik əlaqə olub hökmən müəyyən qüvvə vasitəsi ilə həyata keçirilir. Məsələn, cismlərin cazibəsi, qarşılıqlı təsiri aktual əlaqədir.
    Genetik əlaqə isə bilavasitə qarşılıqlı təsirdə olmayan bir cinsli obyektlərin və eyni bir prosesin müxtəlif hallarının ümumi cəhətlərini ehtiva edən əlaqədir. Məsələn, Uralda bitən şam ağacı ilə Şimali Qafqazda bitən şam ağaclarının ümumi cəhətləri onların genetik əlaqəsini əks etdirir.
    Real əlaqələri mürəkkəblik dərəcəsinə, xarakterinə, dərinliyinə, ümumilik dərəcəsinə və s. görə qruplaşdırmaq olar. Dialektika bütün əlaqələri deyil, yalnız maddi və mənəvi aləmin bütün sahələrində təzahür edən ən ümumi əlaqələri öyrənir. Bu əlaqələr sırasında müstəqil və dolayı, daxili və xarici, mühüm və qeyri-mühüm, zəruri və təsadüfi, səbəbiyyət və s. əlaqələri göstərmək olar.
    İki və daha çox predmet bir-birilə bilavasitə əlaqədədirsə bunlar arasındakı əlaqə müstəqimdir. Məsələn, orqanizm onun yaşadığı təbii mühitlə bilavasitə əlaqədədir. Predmetləri hər hansı aralıq vasitələrilə bağlayan əlaqə dolayı (vasitəli) xarakter daşıyır. Məsələn, insan əmək fəaliyyəti prosesində təbiətlə bilavasitə deyil, müəyyən əmək alətləri vasitəsilə əlaqəyə girir. Daxili əlaqə predmetin, hadisənin cəhətləri, ünsürlərinin əlaqələridir. Xarici əlaqə isə predmet və hadisənin onu əhatə edən başqa predmet və hadisələrlə əlaqəsidir. Məsələn, növ daxilində orqanizmlərin əlaqələri daxili, müəyyən növün başqa növlərlə əlaqəsi isə xarici əlaqədir.
    Öz əhəmiyyəti cəhətdən də əlaqələr müxtəlifdir. Bəzi əlaqələr müəyyən prosesin inkişafında mühüm, başqaları isə az əhəmiyyətli rol oynayır. Müəyyən hadisə üçün vacib olub onun simasını, daxili təbiətini müəyyən edən əlaqələr mühüm, yerdə qalan müəyyənedici olmayan əlaqələr isə qeyri-mühümdür. Məsələn, bitkilərin Günəş ilə əlaqəsi mühüm xarakter daşıyır, çünki Günəş enerjisi olmadan onlar yaşaya bilməz. Bitkilərin başqa səma cismləri ilə əlaqəsi isə qeyri-mühümdür.
    Göründüyü kimi, elmin və ictimai praktikanın inkişafı gedişində əlaqələrin müxtəlif növləri müəyyən edilmiş və onları ifadə etmək üçün müvafiq anlayışlar - qarşılıqlı təsir, səbəbiyyət, zərurət və təsadüf, məzmun və forma, mahiyyət və təzahür, imkan və gerçəklik və s. kimi anlayışlar işlənib hazırlanmalıdır.
    Yuxarıda qeyd etdiyimiz kimi, cisim və hadisələrin əlaqə formalarından biri genetik, yəni inkişaf əlaqəsidir ki, bu da əksliklərin mübarizəsi vasitəsilə köhnənin aradan qalxması və yeninin meydana gəlməsini əks etdirir. Buna görə də inkişaf prinsipi dialektikanın başlıca prinsiplərindən biridir. Dialektika inkişafın obyektiv aləmin predmet və hadisələrinin qarşılıqlı əlaqəsi ilə üzvi surətdə bağlı olduğunu göstərir. Obyektiv aləmdə qarşılıqlı təsir sayəsində heç bir şey dəyişməz qalmır, hər şey dəyişir, bir haldan başqa hala keçir. Onlardan bəziləri sadədən mürəkkəbə keçidi ifadə edir və buna görə yüksələn xətt üzrə baş verən dəyişikliyi mütərəqqi hərəkəti təşkil edir. Bir qism dəyişikliklər isə obyektiv aləmin mürəkkəb maddi obyektlərinin sadələşməsinə və ya dağılmasına səbəb olur və buna görə də tənəzzül hərəkətini təşkil edir. Buradan aydındır ki, hərəkət və inkişaf nə qədər yaxın olsalar da, onları eyniləşdirmək olmaz. Hərəkət dedikdə hər cür dəyişiklik nəzərdə tutulduğu halda, inkişaf yalnız yüksələn xətt üzrə baş verən hərəkətdir.
    Dialektikaya görə, inkişaf obyektiv qanunauyğunluq olub, həm təbiətdə, həm cəmiyyətdə, həm də təfəkkürdə baş verir.
    Deyilənlər göstərir ki, dialektikanın ən mühüm cəhətlərindən biri dünyanın fasiləsiz və qanunauyğun inkişafını qəbul etməkdir.
    Ümumiyyətlə dialektika dedikdə elə bir təfəkkür üsulu və nəzəriyyə başa düşülür ki, o dünyadakı obyektləri qarşılıqlı əlaqədə, ziddiyyətlilikdə və inkişafda götürür. Dialektika bütöv bir sistemdir, onun tərkibinə prinsiplər ilə yanaşı qanunlar və kateqoriyalar da daxildir. Bu üç tərəfin hər biri bir-biri ilə sıx əlaqəlidir.



    Yüklə 363,25 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   34   35   36   37   38   39   40   41   ...   91




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə