114
Təkid etdikdə ki, gəl məclisə, məyus bir tərzdə dedi: «Əlicabbar
əfəndi, bu üst-başla, bu libasda, bu qiyafətdə mən ora gələ bilərəmmi?! Dəvət
üçün çox sağ olun. Şeri oxuyarsız, elə o bəsdir».
Saç-saqqalı ağarmışdı. İldırım vurmuş, qol-budaqları vaxtsız qırılmış,
şaxələri sınmış, yarpaqları tökülmüş palıd ağacına oxşayırdı. Hərəkətləri ağır,
özü yorğun, üzüntülü bir görkəmi vardı... Amma gözlərindən hələ də zəka və
qürur yağırdı. Polad kimi sınmağa razı idi, əyilmək niyyətində deyildi».
Şerlərindən birində bir loxma çörək üçün heç kimə baş əyməməyi
məsləhət görürdü:
Kimsəyə qılmaz təməllüq haqpərəstan nan üçün,
Caki-ismat eyləməz alicənaban naç üçün,
Ab-neyabi-əfvani tökməz insan, nan üçün,
Tərk məslək eyləməz ərbab ürfan, nan üçün.
Əliməmməd Mustafayev nəql edirdi ki, iyirminci il may ayının ilk
günlərində «Çanax Qala» kafesində oturub, Hadi ilə bərabər qayğanaq yedik,
kofe içdik. Birlikdə çıxıb Nikolaysk küçəsinə tərəf gedəndə xalq ədliyyə
komissarı Əliheydər Qarayevə rast gəldik. Ayaq saxlayıb bizimlə görüşdü,
Hadidən hal-əhval xəbər aldı. Hadi: «Belə inqilabi kəbirdən sonra mən də hamı
kimi xoşbəxt, azad dünyaya qədəm qoymuşam, - dedi. – Ağakərim oğlu
Əliheydər, tarix bəşərdə baş vermiş bütün qovğa, məğlubiyyət və qələbələrdə
heç bir zaman, heç kəs şərabı qadağan etməmişdi. Siz bolşeviklər qadağan
etdiniz. Bəşəriyyəti bu bəladan da, bu faciədən də xilas edə bilsəniz, alqış sizə.
- Azca fikirləşib əlavə etdi. - Heç yerdə şərab tapılmır. Amma - əlini qoltuğuna
salıb araqla dolu balaca bir şüşə çıxartdı, - amma mən tapmışam. Mənzilə gedib
içəcəyəm, hər şeyi unudacağam. Mənzil dedikdə, güman etmə ki, sizin
burjuylardan müsadirə etdiyiniz təm-təraqlı kaşanalardandır. Xeyr! Quba
meydanında, karvansaranın bir küncündəki «qapıdan» zorla yanakı keçə
bildiyim kahadır».
Qarayevdən ayrıldıq. Məhəmməd Hadi nə fikirləşdisə, astadan şer
oxumağa başladı:
Ey ol vəqti görən məsud, unutma, bizləri yad et,
Bu yolda həsrət ilə can verən əhbabi tədad et,
Məzarım üzrə gəl, dur, qəmli-qəmli ağla, fəryad et.
Oxu bu şeri qəbrimdə ələttəkrar övrad et,
Dur, ey zindani-nisyanda yatan, azad olub aləm,
Sürurabad - hürriyyət gəlib, dilşad olub aləm.
115
Memarlıq abidələri. Bakının inkişafı ilə yanaşı şəhərdə teatr binaları,
kino salonları, əyləncə evləri də artırdı. Azərbaycanda ilk milli teatrın binasını
Hacı Zeynalabdin Tağıyev 1883-cü ildə tikdirir. Layihənin müəllifi memar
Koqnovitski idi. Qadınları teatra buraxmazdılar, kişilər başlarında papaq
oturardılar. Sonralar qadınlar üçün lojaların bir neçəsində cunayi pərdələr
çəkdilər ki, üzləri görünməsin; pərdə arxasından səhnəyə tamaşa edirdilər.
Bu binada ən fövqəladə tamaşa 1908-ci il yanvarın 25-də «Leyli və
Məcnun» operası olub. Üzeyir Hacıbəyovun bu əsəri təkcə Azərbaycanda yox,
bütün Şərqdə, bütün müsəlman aləmində ilk opera idi. Bu, mədəniyyət
tariximizə qızıl hərflərlə yazılmış şanlı, fərəhli bir səhifə idi.
«Leyli və Məcnun» tamaşasının rejissoru Hüseyn Ərəblinski,
Məcnunun rolunu məşhur sənətkər, xanəndə Hüseynqulu Sarabski ifa edirdi.
Müsəlman teatrı binasında erməni truppası da həftədə bir dəfə öz
dillərində tamaşa verirdi. Tağıyev özü icazə vermişdi və heç bir kirə haqqı
almırdı.
Opera teatrı üçün tikilən binanın tarixi çox maraqlıdır. 1910-cu ildə
Bakıya məşhur bir xanəndə qadın gəlir, səsinin ahəngi, özünün gözəlliyi,
qəşəngliyi ilə Bakı milyonçularının diqqətini cəlb edir, başlarını gicəllədir.
Milyonçu Mailov qardaşlarından böyüyü bu xanıma bərk vurulur, ona əlindən
gələn «hörməti» edir. Brilyant üzüklər, sırğalar, zərli-zibalı parçalar, libaslar,
boyunbağılar, bilərziklər, qolbaqlar bağışlayır.
Mailov qardaşları balıq-kürü taciri idilər. Kür qırağında vətəgə icarəyə
götürmüşdülər. Balıq-kürü hazırlayan sexləri vardı.
Professor S. M. Apresov deyirdi ki, müğənni xanıma vurulan Mailov
yekəpər, cüssəli bir kişi idi.
Xanəndə xanım gah Birja (Üzeyir Hacıbəyov) küçəsində, gah da ağac
və taxtadan tikilmiş «Sirk» binasında, gah da «Qış» klubunda konsert verirdi.
Böyük də müvəffəqiyyət qazanırdı. Qastrol başa çatanda xanəndə xanımın
şərəfinə «Kazino»da təntənəli vida ziyafəti düzəldirlər.
Söhbət zamanı xanımdan soruşurlar ki, «bizim şəhərə bir də nə vaxt
gələcəksiniz?»
Xanım başını bulayıb cavab verir ki, «yəqin ki, heç haçan. Çünki mən
sirk və kazino salonlarında oxumağa adət etməmişəm. Sizin bu gözəl, zəngin
Bakıda, səxavətli cəngavərlər yaşayan dövlətli şəhərdə münasib bir opera
binası yoxdur ki, müğənni istedadını, məharətini nümayiş etdirə bilsin»
Mailov xəbər alır: «Xanım, indi hara gedirsiz, nə qədər müddətə?»
Müğənni xanım Yaponiyaya qastrola getdiyini və bir ildən sonra
qayıdacağını bildirir.
Mailov deyir ki, bir ildən sonra bizim şəhərə gəlin, münasib bina hazır
olacaq və onu siz açacaqsınız.
Razılaşırlar.
116
Mailov opera binasını layihələşdirməyi arxitektor Bayeva tapşırır və
deyir ki, bu, Tiflisdəki opera binasına oxşamaqla yanaşı ondan daha gözəl,
daha üstün olmalıdır.
Hacı Zeynalabdin Tağıyev həmin əhvalatı eşidir və Mailova rast
gələndə, söhbət əsnasında teatr binasının tikilməsini xəbər alır. Mailov cavab
verir ki, memar Bayev Tiflisdəki opera teatrının çertyojları ilə tanış olub
qayıdıb, indi gecə-gündüz bizim layihə üzərində işləyir. Hacı Zeynalabdin
deyir ki, ağlım kəsmir, o boyda binanı bir ilə tikib başa çatdırmaq olsun! Mən
özüm bənna, sonra da podratçı olmuşam, çox da ev tikmişəm. Hər şeyi bilirəm.
Çətin işdi.
Mailov gülümsəyib deyir: «Hacı, gəl mərcləşək. Əgər bina bir ilə
hazır olmasa, mən onu başa çatdırıb verərəm sənə, olar səninki, xərci məndən.
Yox, əgər başa çatdırsam, çəkdiyim xərci sən ödəyərsən, bina qalar mənə».
Razılaşırlar. Mailov binanı bir il əvəzinə səkkiz aya tamamlatdırır.
Səs bayıra yayılmasın, içəridə qalsın deyə tavana başdan-başa ikiqat
qalın məxmər, onun üstündən də keçə döşəyiblər...
Mailov xanəndə xanıma teleqram vurur; o da Bakıya gəlir və operanın
açılışında iştirak edir və birinci mahnını oxuyur. Şəhərin varlı adamları, musiqi
və teatr ustaları açılışda iştirak edirlər. Xanəndə xanım ariyanı qurtaranda
başına pul yağır. Səhnə başdan-başa gül-çiçək içində idi.
Mailov xanıma çiçəklər və güllər şəklində pullardan - beş yüz
manatlıq, yüz manatlıq, əlli manatlıq və iyirmi beş manatlıqdan düzəldilmiş
böyük bir çələng göndərir. Bu barədə şəhərdə uzun-uzadı söhbət gedir.
«Cəmiyyəti-xeyriyyə» üçün «İsmailiyyə» binasının tikilməyinin də
maraqlı tarixi var.
Musa Nağıyevin oğlu Ağa İsmayıl vərəm azarına tutulmuşdu. Şəhərdə
məşhur bir həkim Bakı milyonçularının ailələrini müalicə edirdi. Ağa İsmayılı
müayinədən keçirəndən sonra həkim Musa Nağıyevə deyir ki, oğlanın halı çox
ağırdır, tez tədbir görülməsə, tələf ola bilər. Əlli min manata qədər xərci var.
Ağa İsmayılı özüm İsveçrəyə aparıb, bir il ərzində müalicə etdirib gətirrəm.
Musa Nağıyev deyir ki, on min manat verərəm. Söhbət bununla bitir. Ağa
İsmayılın halı doğrudan da gündən-günə ağırlaşır. Axırda Ağa Musa oğlunun
müalicəsi üçün əlli min manat verməyə razı olur. Həkim xəstəni yoxlayandan
sonra xəbər verir ki, iş-işdən keçib, indi heç onu yüz min manatla da xilas
etmək mümkün deyil.
Doktor Məhəmməd Rza Vəkilov xəstə oğlanı İsveçrəyə aparır,
müalicədən sonra halı yaxşılaşır. Lakin o, çox yaşamır.
Milyonçuların Novruz bayramı münasibətilə ziyafət məclislərinin
birində söhbət əsnasında Ağa Musanın oğlu Ağa İsmayılın cavan yaşında
vaxtsız vəfat etməsindən təəssüflə danışırlar. Ağa Musanın gözləri yaşarır.
Milyonçulardan biri bu məqamdan istifadə edib soruşur: «Ağa Musa, oğlun
Dostları ilə paylaş: |