Masalli folkloru 2



Yüklə 2,37 Mb.
səhifə35/57
tarix26.09.2017
ölçüsü2,37 Mb.
#1735
1   ...   31   32   33   34   35   36   37   38   ...   57

Söyləyicilər:


Gülsüm Muradova, doğum tarixi 1937, təhsili natamam orta, Xallıcalı kəndi

Mənsurə Abdullayeva, doğum tarixi 1933, təhsili yoxdur, Qızılağac kəndi

Rübabə Ələkbərova, doğum tarixi 1927, təhsili 7-illik, Qızılağac kəndi

Güləsər Dadaşova, doğum tarixi 1942, təhsili 7-illik, Musaküçə kəndi.

Muxtar Muxtarov, doğum tarixi 1944, təhsili ali, Həsənli kəndi

Molla Kərbəlayi Nüsrət Qızılağaclı, Qızılağac, dünən və bu gün, B., 2003.

İmran Nəzərov, doğum tarixi 1940, təhsili ali, Hişkədərə kəndi

Məhəmməd Abıyev, doğum taixi 1927, təhsili orta, Köhnə Alvadı kəndi

Rəxşəndə Məmmədova, doğum tarixi 1936, təhsili orta, Şərəfə kəndi

Əleydər Məlikov, doğum tarixi 1933, təhsilsiz. Hacıtəpə

Fizzə Hacıtəpə kəndi

Mədinə Həsənova, doğum tarixi 1941, təhsili 7-illik, Xırmandalı kəndi

Lətif Babayev, doğum tarixi 1957, təhsili orta ixtisas, Xırmandalı kəndi

Qənbər İmanov, doğum tarixi 1957, təhsili orta, Xırmandalı kəndi

Şirvan Əbilov, doğum tarixi 1932, təhsili ali, Mahmudavar kəndi

Dadaşova Raysə, doğum tarixi, təhsili orta, Boradigah kəndi

Nazilə Hüseynova, doğum tarixi 1959, təhsili ali, Həsənli kəndi

Bulqeyis Gözəlova, doğum tarixi 1947, təhsili orta, Xırman­dalı kəndi

Səmərrux Süleymanova, doğum tarixi 1924, təhsili orta ixtisas, Xırmandalı kəndi

Toplayıcılar:


Füzuli Bayat

Qurban Əliyev

Vüsalə Kərimova

9. MEMORATLAR



Mən nənəmnən yatmışdım, onun yanında qalırdım. Ge­cə balkonda yatardıq düz eyvanda. Mən yuxuda uçurdum elə bil ki, göydəyəm, uçuram. Nə bilim əməlli-başlı uçuram göy­də, hiss eləmirəm, a mən yatmışam axı, elə bil mən oyağam. Ancax mən göydəyəm, gedirəm elə bil yavaş-yavaş yerə eni­rəm, elə, bil başım harasa dəydi. Çox şeylər oldu. Həmin an ya­dıma gəlmir o şeylər, uşağ idim, 6-cı sinifdə oxuyurdum. Ba­şım harasa dəydi elə bil, ayıldım. Bir də gördüm yorğanı örtmüşəm, özüm də oturmuşam pilləkənin altında. Gecə saat 4-dü. Yəni elə şeylər mənə tez-tez rast gəlib.

Bi dəfə də yayın günüdür, mən məktəbə gedirdim. Bi­zim məktəb yolunda çay var, uzun bir çay. Burdan yolu gedib çıxır Xəzərə. O günü günün istisi idi. Mən tək idim. Mən tək olanda həmişə qorxurdum. Bismillah, bismillah deyərdim. Tək idim məktəbə gedirdim. Gördüm çayın qırağında bir qa­dın oturubdu. Tasnan palçıqlı suyu götürür çaydan, tökür ba­şı­­na, saçlarının hamısını töküb qabağına. İnanın ki, gördüm, arxaya necə qaçdım, özüm də bilmirəm.

Gördüm əmim oğlu gəlir, məktəbə gedir. Ona deyirəm ki, sən Allah, qurban olum, getmə, deyir, niyə, deyirəm, orda bir arvad oturub, çayın içində, o tasnan götürür palçığı tökür başına, çimir. Mən qorxdum, sən də getmə. O, qorxmadı dedi, sən qorxursan qayıt. Mən getmədim məktəbə. O çıxdı, getdi. So­ra bilmirəm ona nə oldu. Soradan mənə dedilər ki, nə yaxşı onun saçı qabağında olub. Sən onu görməmisən, yoxsa çox pis şeylər olardı.
* * *

Hətta o vaxtı qarabasmalar məndə çox olub. Hamı uza­nıb, mən də uzanardım kolidorun küncündə kravat vardı orda. Bir də görərdim ki, nəsə əcayib bir şey mənə baxır. Qışqı­rar­dım, bu əslində qarabasma idi və sora görərdim ki, kolidorda yeznəmiz asılıbdı, baxır mənə gülür. Yəni belə şeylər məndə tez-tez olardı.

Nənəmnən hüzürə getdik. Gecələr gedərdik oturmağa ki, nənəm qayıdanda tək olmasın. Görərdik ki, Qurana and ol­sun, qadın başıdır, yaylığını görərdim, bir də qadının sifətini.

Bu həyətdə biz toya hazırlaşırdıq. Dayım qızı bizdə idi. Dedi, mənlə gedək. Gecə saat 3-4 ə işləmiş toya hazırlıq ge­dir­di. Dedi, bizdə gedək istirahət edək, yəni evin börüynən ge­dəndə birdən o qışqırdı. Mən görürəm e, mən elə bilirəm ki, o görmür. Dedi ki, sən hara gedirsən, o kimdir ordan baxır sənə, bir qadın əməlli-başlı bir cavan gəlin qalıb orda, baxır mənə. Deyirəm ki, qorxma, mən öyrəşmişəm, mənə tez-tez belə şeylər rast gəlir. Yəni belə şeylər çox olur.
* * *

Bi dəfə də nənəmgilə gedəndə küçədə gördüm ki, bir şir gəlir üstümə. Hər pəncərədən baxanda görsənir onun pəncəsi. Necə nənəmgilə qaçdım bilmirəm. Qayıdanda yavaş-yavaş çı­xır elə bil üstümə. Şükür Allaha ki, yolumdan çəkildi.
* * *

Bi dəfə də məktəbə gedəndə qorxudan addımımı gözlü­yür­düm. Bismillah deyə-deyə çayı keçərdim. Məktəbə gələn­də müəllimə deyir nə olub sənə, o qədər həyatımda elə şeylər olubdu ki, həmişə bismillahnan hərəkət edirdim. Aşura gecə­sin­də axşam çağı idi. Pilləkəndən yuxarı çıxanda 3-4 pillə çıxmışdım ki, bir də gördüm bi kişi. Dalımca baxdım gördüm ki, heç kim yoxdu. Dedim Bismillahirəhmanirrəhim. Neçə ay hissiyyatım olmadı. Həkimləri gətirdilər Masallıdan, axırda mə­nə dedilər ki, nahaq yerə getmisən həkimə. Evimizdə hər şey görərdim yastığımın altında, qablarımın içində. Hər bir kəsin qoruyucusu var. Zərər vermir, onunla mülayim rəftar elə­mək lazımdı.

Yadımdadır, mən instutda oxuyurdum. Ali təhsil alır­dım. Mənim padruqamın, padruqaları onlar Moskvaya get­miş­dilər. Onların haqqında jurnallarda yazılar çıxdı, Moskva jurnalları yazdı. Dörd qız padruqa olublar. Bi yerdə otaqda qalıblar ki, biz bir yerdə qalaq. Səhər dururlar, bi dəfə görül­lər kosmetikaları yoxdu, bi dəfə görüllər ki, çantaları yoxdu. Bu dəfə görürlər ki, pulları səpiblər evə. Bi dəfə çıxıblar ge­dib­lər şəhərə gəzməyə, gəliblər görüblər ki, paltarlarını töküb­lər ortalığa. O qastinitsanın rəhbərinə şikayət ediblər ki, bu ne­cə işdi, biz otaqdan çıxırıq, gəlirik, görürük ki, belə şeylər baş verib. Deyir, belə şey baş verə bilməz. Qızlar öz arala­rında deyirlər ki, bəlkə otaqda elə bir şey var, gözə görünmür. Deyirrər oturmuşuq otağımızda, öz aramızda danışırıq. Ha­mam­da elə bil kimsə çimir, vannada kimsə çimir. Gedirlər gö­rürlər su açılıb, ancaq heç kim yoxdu. Deyirlər səhər-səhər dur­muşuq tapıçkalarımızı geyinək, gördük tapıçkalarımız yox­du. Deyir, gördük başımıza hər şey gəlir.

Dedik ki, sən kimsən, bəlkə otağın cinisən, padruqa­la­rı­­mız­dan biri ol, gəl pislik eləmə, gəl bizimlə bir ol, bizə yax­şı­lıq elə. Biz belə deyə-deyə onnan ünsiyyət yaratdıq və oturan yerdə deyirdik ki, kosmetika çantamı bura gətir, bir də görər­dik ki, kosmetika çantası gəlir. Amma heç nə görün­mür. Biz heç nə görmürük, ya da deyirdik ki, sən Allah, bizə mane ol­ma, get hamama çim, qoy biz işimizi görək. Görər­dik ki, ha­mam­da duş açıldı. Yəni o qədər öyrəşiblər bir-biri­nə, müdir­dən xahiş edirlər ki, biz bir ayda bu otaqda qalmaq istəyirik, biz hələ öz iş yerimizdən də icazə almışıq, biz belə get­mək is­tə­mirik, ona çox öyrəşmişik. Valideynləri imkan­lı­dır bunlara pul zad göndərir. Bir ayda Moskvada qalmaq is­tə­yirik deyirlər.

Deyir, bizim otaqdan çıxmağımız evə gəlməyimiz elə bil ki, ağlaşma idi. Biz istəmirdik ordan çıxıb evə gələk. Hə­mən otağın cininə öyrəşmişdik. İndi belə şeylər çoxdu.
* * *

Xalq inanırdı, məsələn, filankəsi cin tutub, vurğun vu­rub, nənəm rəhmətlik deyirdi, vurğun vuran ayılmaz.
* * *

Zahıydım, yatmışdım, mənim qaynanam da hüzürdə idi. Bir də gördüm ki, toydu, evə bir gəlin gətirillər. Ona dedilər, Allah xeyir versin. Buna dedilər, Allah xeyir versin. Bu səfəri məni tutdular. Məni göstərib dedilər bu da sənin kuklan. Gəli­nə dedilər, bu da sənin kuklan. Döşəndilər mənim üstümə cinlər. Cinlər töküldü mənim üstümə. Hay, bağrım çatdıyır. Bu cinlər məniynən nağayrır. Dedim, bismillah, bismillah, cin­lər dağılışdılar. Cinlər var idi onda. Yuxuda da görürdüm, aşkar­da da görürdüm.

Quleybanı çöldə olur. Həmid deyir mənim atım var idi. Bir də gördüm at tər suyun içində gəlir. Getdik gördük bir də­nə üstündə arvad gəlir. Saldığ onu dama, dedi, sizi and ve­ri­rəm Allaha, məni buraxın. Sizin nəsilivizə dəymərəm. Burax­dıq, deyir, qarğıyıb getdi.
* * *

Adamı öz adıynan çağıran o, qaraçuxadı. O qaraçuxa sə­hər tezdən görürsən ki, məni çağırır. Ayılıram Bismillah, heç kəs yoxdu. Hə, bu qaraçuxadı. Məni ayıldır ki, qalxıb işi­mə-gücümə gedim.
* * *

Bi dənə qız on beş yaşında ölüb. Yaxşıdı ki, onun qızıl dişləri olub. Aparıb basdırıblar. Gecə üç nəfər oğlan gəlib bu­nu qəbirdən çıxardıb dişlərin götürsünnər. Qız ayılıb. Dişlərin çıxardanda qız ayılıb. Oğlanın ikisi qaçıb, biri qalıb. Deyib, bacı qorxma-qorxma, sənin çığırtuva gəlmişəm. Bunu götü­rür, kəfənnən gətirir həmən qızın bacısıgilə. Bacısını gedir anasıgildən çağırırlar. Hüzürdən gəlir görür ki, bacısı kəfəndə. Nəyisə, aparıb pal-paltar geydirillər. Gedillər atasına-anasına deyirlər, olar da hüzürdən gəlib görürlər ki, qız sağdı. Bu sə­fəri maşınnan gələndə oğlan deyir ki, bunu mən qəbirdən çı­xartmışam, gətirmişəm. Həmin oğlana o qızı verillər. Qızın da iki dənə uşağı olur.
* * *

Bir xanım var idi, onun nənəsi zahı idi. Səhər dedilər ki, Mələksuna itib. Buranı gəzdilər, oranı gəzdilər, gedib girmiş­di mənim bibimin anbarı var üç dənə, onun bucağında büzü­lüb qalmışdı. Onun boynu qatlanmışdı, gəlmişdi arxaya. Onuy­nan da öldü. Cinlər aparmışdı onu.

Aparmasın deyə yanına bıçağ qoy, qapının dalına şiş qoy, nə cin gəlsin, nə şeytan.
* * *

Çoban var idi, nökər. Müharibə düşdü, o çıxdı getdi. Bu nökər gəldi bizə, qaynanam evdə yox idi. Dədəm də məniy­nən yatırdı. Bu nökər gəldi axşamçağı, evdə də heç kəs yox­du. Mən bunu saxladım. Gətirdim buna sütdü aş bişirdim. Da­nanı da gə­tirib bağlamışam balaca evə. Biz ortalığ evdə yatır­dığ, bu yat­dı balaca evdə dananın yanında. Dedi, gəlinbacı nə­nə­min goru, yanıram susunnan. Gətirdim buna çay verdim. Bir istə­kan çay iç­di. Səhər durdum ayağa, gedim dananı açım, apa­rım inəyi sa­ğım, gördüm bu ölüb. Tez qaçdım qırağa qorx­dum. Qaçdım Yağubu çağırdım. Dedim ay Yağub, Sadıx ölüb bizdə.

Dədəm də gedib evlərinə. Gəl, sən Allah, dananı aç ver mə­nə, inəyi sağım. Gəldi bu dananı açdı. İnəyi sağdım. Yenə dananı bağladı orda, çıxdı getdi. Keçə bilmirəm qorxuram, cavan vaxtı. Dədəm getdi, çağırdı bir-iki adam, gələn olmadı. Qar tökür e göydən. Gecə dədəm gəldi, yatdı, səhər dananı gə­tir­di bağladı, çıxdı getdi. Dörd günnən sora Əli, Mir Yusif, dədəm gəldilər. Bunu yudular, kəfənnədilər, dedi ki, biz bunu qəbiristannığa qədər apara bilməyəcəyik. Həyətində yer verir­sən, bunu basdırım. Dedim basdır. Apardılar həyətdə basdır­dı­lar çıxdılar getdilər. Mir Həsən Ağa gəldi qız, dedim, bəli, dedi o, ölünü harda basdırıblar. Dedim, Ağa, həyətdə. Dedi, gəl gedək, onun qəbrin mənə göstər, onun namazın qılım. Qıl­masam, mənim üçün günahdı. Getdi orda onun namazın qıldı. Gəldi, çıxdı getdi.

Mənim özümün babam var idi o vaxtı, Kəblə Həsən 125 yaşı var idi dunyadan köcəndə. O deerdi, bi də görərdim ki, sə­hər durub bi bacım var idi, deyərdi ay Kəblə Həsən, nə zi­bil­­di eee gətirib töküblər bura, həyətə, mənim ağacımın altına. Deer, deyərdim ki, bacı, kim gətirib töküb, bi gecə mən onu gü­dərəm, bilərəm. Elə deer, belə-belə səhər onu deer təmiz­zət­dirərdi, qızına-arvadına deyərdim, deer, gedün yığışdırun onu ordan, yığışdıraradılar. Belə-belə neçə dəfələrnən belə olur. Axır bi dəfə bu gedir görür yox, qonşuların işi döyül bu. Hə, gedir görür ki, bi dənə arvatdı bu. Tez yaxasına zadına san­­cağ zad sancır, onnan tutur bu arvadın yaxasınnan. Da bu qaca bilmir, cünki bının sancağı var yaxasında, cibində də pı­cax var. Bu qaca bilmir. O da tutur onu. Deer, belə-belə döş­də­ri var idi, sallanmışdı. Deer, sən əgər məəm 7 arxadan dö­nə­nimə toxunsan, səni bil neyniyə­cəm. O tabe olur ona, ta deer, işim yoxdu siznən. Hə, belə-belə.
* * *

Mələklər var, iki cürdü. İndi ba mən ozüm, tas üssə otur­muşam. Mənim əmim oğlu var idi, o ürək keçməliydi. İn­di sağ­diyeeeeeeee. Bi də gördün ki, dişdəri qıcıdı, balaca uşaq idi, yıxıldı.

Dedilər ki, filankəs cindardı, filankəs filandı, apar da uşa­ğı onun yanına. Dədəm getdi bi gun bi dənə cindar tapdı gətdi. O gəldi tas qurdu. Məəm də onda ağlım kəsirdi, uşağıy­dım. Gəldi suyu tökdü kasaya, mis cama. Tökdu qoydu. Mə­nim də başıma bi dənə qara şal atdılar. O bir dənə dua yazdı, verdi mənə, mən atdım o kasanın içinə. Hə baxdım-baxdım, indi o nə dua oxıyır, nə deer, neyneer, dedi ki, gördüm balaca-balaca, balaca-balaca belə başdarında şiş papaq gəlillər, nəəxxədədilər. Gəldilər bılar odun yığdılar ağajdarın altında. Kasanın icində görürəm ha bıları. Yığilar bi dənə zaddan ya­pışdılar, nə qədər elədilər gətirə bilmədilər. Bı mənnən so­ruş­du ki, nooldu? Dedim balaca-balaca şiş papağ başdarında, odun yığıblar bu hündürrügə. Dedi ki, denən ki, olara otu qa­lasınnar, tutsunnar gətirsinnər onu da atsınnar yanan otun ici­nə. O tabe oldu. Dedi, yox-yox buraxdım. Deməynən o tut­mu­şumuş bunu, uşağı. İndi axşamcağı su atiblar, nağayriblar, neyneeblər, bu uşağı tutub. O onu dedi ki, hə buraxdım, da işim yoxdu.

Otu söndürdülər. Onnan mını da bıraxdılar. O da bırax­dı. Day o günnən onu ürək keçmə tutmadı. Oğlan oldu belə yaxşı. Hə, yəni onu da görmuşəm mən.
* * *

Mən özüm ağır ocağın qızıyam, atam ağır ocağlıdır. Bi­zə anam uşağ olanda beləsinə yer salardı yatarduy. Yuxunun icində mən gördüm ki, qara papağlılar belə 3-4 nəfər kişi olar­dı durublar. Bılar istiyillər uşağların arasınnan məni çəkələr, qırağa aparalar. Mənim də bağrım çatdardı, qorxumnan girər­dim bu uşaqların arasında yatardım. Deyər­dim, qoyun ortada yatım ki, məni aparmasınnar. Neçə dəfə bılar məni at üssündə gəzdirərdilər, gətirərdilər. Uşağ idim də, 10-15 yaşında. At dö­şünə qoyardılar. Olar hamısı qaracuxalı, qara carşolu, pa­pağlı adamlar olardı. Olarnan gəzərdim deyərdilər qorxma. Ye­nə də məni gətirərdilər qoyardılar evimizə.

Yatardım səhər durardım ki, heç, elə bil yuxu görmü­şəm. Adi insannar idilər. Hamısı bizim qaracuxalarımız idi. On­ların da bi məskəni olurdu. Mən bunu gorürdüm evdə qız vaxtı. Gəlin köçənnən sora oların heç birini də görmədim. Ara­­la­rında arvad da var idi, kişi də. Mənnən söhbət eliyir­di­lər, hər şey danışırdılar. Mənnən sual cavab eliyirdilər.

O vaxt evimiz qəbrəstanlığa yaxın idi. Bi də görürdük uşağlar deyərdi ki, xəbərin oldu bu gecə sənin filankəsin gəl­mişdi eeeeeeee, gəlmişdi mən gördum. Elə bil uşağ göziynən görüb. Amma o gördüyü də rəhmətə getmiş adam olardı, elə bi­lər­düy ki, bu gəlib doğurdan da kəndə girəndə gorüblər onu.
* * *

Cini ki yaxaladın, istədiyin kimi işlədə bilərsən. Deyir­sən get meşədən odun gətir, su gətir, hamısını eləyir cin. O iy­nə ki, onun yaxasından rədd oldu, bir də görürsən ki, yerdəki şələ də yerdən yox oldu. İynə öz-özünə yox olmur. Başlayır o qədər yalvarır-yaxarır sənə, and verir, sən də məcbur olursan, azad edirsən də onu. Sora tərliyir, suyun içində olur.

İcarəyə yer götürmüşdüy Köşkənidə. Paxla əkirdüy, lər­gə, soğan, kartof, yerpənəy, badımcan əkürdüy. Kişi işdə­mir­di. Mən onnan savaşardım. O məni vururdu, başıma təpiy vu­rurdu, söyürdü. Mən ona sataşırdım, o mənə sataşmırdı. Əgər dinməseydün başıma fırlanırdı. Helə fırrana-fırrana getdi. Can verir, mən yatmamışam axı, mən baxıram. Dedi, yığışdır şey­lə­rini gedək. Didim, sən gedən yerə mən gidmirəm, sən gələn yerə, mən gəlmirəm. Boynun çöndərdi divara, onnan da getdi.

Atı buraxırdılar çölə, axşamçağı atın ölüsü gəlirdi. Tərin içində, belə-belə günnər keçir. Bi gün qır sürtüb atı göndə­rir­di­lər çölə. Axşamçağı görürlər həə, Al oturub atın üstündə gə­lir. Yalvarır ki, sən məni burax, sənin nəvön nəticün olaar, yed­di dönəninə dəymərik. Məni burax, qoy gedim. Burax­məy­nən buna heç zad dəyməzdi.

Bi dəfə qəynim arvadı həyətdə ayağlarını yuyurdu, mə­nə dedi ki, çaydan şəp-şup gəlir, onda mən bilmədim ki, dedi­yi ondan olubdu.
* * *

Bizdə Al diyirlər. Oların qolları, boyunnarı uzun olur. Erkəyi, dişisi olur. Mənim ögəy əmim oğlu, günlərin bir günü atın üstünə qır sürtür. Əmi oğlu bir az afris olur, Alı tutub, gö­türüb, gətirir evə. Onnan evlənir. Bu Al hamilə vəziyətində olur. Gedir meşədən odun daşıyır, evin işdərin görür. Al diyir, bu uşağıma dəyməyün, süpürgə vurmiyasuz.

Diyər, mən süzə əl vurmaram məni buraxun gedim. Hə­mən kişi gətirdi evinə səhəri iki-üç yemək aparmışdı. Onnan biri qaldı. Onlar təzə pişiriblər, yani diyillər ki, burda toydu, ba­labandı. Yani ki, toy eliyirəm. Halbuki, bular bilir ki, nədi bur­da əlin basır, onun huşuna elə gəlir.
* * *

Bi dəfə müharibə vaxtı biri gəldi, girdi çadıra. Hüzür də gedir. Özü də oturub maşında. Bi nəfər qəbirstannan keçəndə gö­rür ki, qəbirdən səs gəlir. Həmin dirilən qadını götürür gə­ti­rir. Bunu heç kimə bəyan eləmir. Hüzür öz yolunnan gedir.

Burda haqq-hesab var e, özbaşına döyül. Həmin adam bu arvadnan evlənir. Bu qadınnan soruşurlar ki, bu dilin niyə tikə-tikədi. Deyir, mənim dilim heç vaxt La İlahə İlləlah de­mə­yib. Soruşurlar sənin dabanın nə gündədi. Diyir, o qədər vu­rublar ki, naməhrəmlər görüb. Diyillər, hörüklərin nə gün­dədi, deyir ki, naməhrəmlər görüb. Həmən arvad ondan sora düz 30 il yaşadı.

Deyillər, məhəllədə biri olub. Bu cin tutur. Demək onun yaxasına iynə ki sancdun, nə işin var, gördürürsən. Nə deyir­sən, hamsın eliyir, o iynə ki düşdü, onda cin yox olur.
* * *

Mən özüm görmüşəm bi qızı. Müharibə vaxtı bu qız uşa­ğı ölüb, basdırıblar. Sora uşaxlar qəbirsannıxda oynuyur­du­lar, gəlib dedilər ki, qəbirdən səs gəlir. Hay düşdü, qırğın-qiyamat, getdilər eşdilər, gördulər qız kəfəndə dayanıb çığırır. Hə, onu çıxartdılar, gətirdilər. Qız yaşadı, biz orda olanda. Ama qızın gözündə bir az qıpığlığ vardı. Dedilər ki, sitir kafir yandırıb onu. Gözümnən görmüşəm, bala, mən.
* * *

Dörd gün bundan qabaq televizorun üstündən saat düş­dü. Sora aşağı evdə pərdəni ele bil kimsə tərpətdi. Durdum uşağı helə tapşırdım. Dedim, uşağı qoruyun. Həmin gün uşa­ğın gözü də çapıldı, ovucunun içidə yandı. O dalğa anamın dal­ğası idi, mənə qabaqcadan xəbər verirdi. Deyirəm də saat düş­dü, sora elə bil getdi pərdəni dalğalandırdı. O anamın ruhu idi.
* * *

Kətdə rəhmətdiy Ğafar kişi var idi, bıların babası olub. Hə, bı kişi gedir çölə, görur ki, camaat yığılıb toydı, aşığ səsi gəlir, zurna çalıllar, toy eliyillər. Bı da qoşulur bılara iştrak eliyir toyda. Bina deyillər ki, nə eliyirsən elə, bi dənə Bis­millah demə. Kişi deyir, hələ bi görüm neçün mənə bı sözi de­dilər. Elə bu Bismillahın adın tutanda, toyun o qızğın vax­tın­da, bi dənə qazana əl vırır beləncig, elə onnan da hamısı itil­lər, gözdən qeyb olullar. Bi dənə bı qazan qalır mının əlin­də. Həmin qazanı bı kəndə gətiriblər. Mən onı böyüglərimin ağzınnan eşidmişəm. Bax bılara cin-şəyədin deyirdilər.
* * *

Mən balnisədə olanda bi dənə kişi mənnən həmyoldaş oldı, bi otağda olurdüğ. Dedi ki, mən, pamadur sahəsi var idi, or­da qaravulçu idim. Bi gün getdim gördüm orda cinnər yı­ğın­cağ eliyillər, zurna-balaban çalıllar. Mənə demişdilər ki, ora gedmiyəsən.

Kecmişdə cəngəlliklər çox olduğunnan belə cinnər, şə­yə­dinnər bir əz çox olurdular. İndi avadanlığ var hər yerdə, işığ var, dəmirnən arası yoxdu bıların. Dəmiri ki gördi, qaçıb gedəllər.
* * *

Mən bi gecə yatmışdım evdə, evin qabağında bi dənə at bağlamışdug, xarman eliyirdüg. Bizim kişi qaldı gecə çəltik ustə, çəltiyi tövliyə götürmədilər, qaldi orda, mən gəldim əvə. Çox yatmışdım, az yatmışdım, gördüm bi dəstə at mının ya­nın­dadı. Dedim, atı açıb aparallar, yanıma da yaba qoy­muş­dum. Yabanı qoydum çiynimə, bı bi dəssə atı qabağıma sal­dım. Hora, hora, hora, hora, apardım İstilə (su bəndinə bizdə İstil deyillər). Gəldim haman gecə xəsdə düşdüm. Demə ki, bu­lar, bu atdar, cinnər imiş, at donuna giriblər. Bax, bala, bu­nu mən özum yaşamışam.
* * *

Qaraçuxanı hər kəs görməz. Bi kişi heylə deyir, vəziy­yə­tim pisdi, hələ bir gedim görüm bu qaraçuxam hardadı. Ge­dər görər ki, ədə, hamı qara, qara yatıblar burda. Yaxınnaşır ki, bılar kimdilər bırda, deyir, ədə, mən sənin qaraçuxanam daaaa. Deer, nəəə, mənim qaraçuxamsan, məni bu günə sal­mısan? Vırır, doyür onı, o da durur ayağa, onnan da hər işi dü­zəlir. Qaraçuxanın yatmağı pis şeydir, indi kiminkisə yatır, kiminkisə durur, ayağ ustə olur.
* * *

Bir axund olur, şəkk gətirir ki, nə cin, cinnəri kim deyir, yalan deyir. Belə olur ki, bu bir gün evdə yatır, bir də görür ki, bını çağırıllar. Bının da adı Şıxməhəmməd olur. Ay Şıx­məhəmməd, ay Şıxməhəmməd, bı durur çıxır qırağa. O yana baxır, bı yana baxır, görür heç kəs yoxdu. Ginə gəlir yatır, gi­nə bını çağırillar, ginə çıxır qırağa, görür heç kim yoxdu, deer, ay daaad, mən dedim, belə şey yoxdu, var imiş. Onda ina­nıb ki, dünyada cin var imiş.
* * *

Bizim babamız tutıb cini gətirib evə. O da oların evinə o xədər çilə daşıyıb ki, qoyublar bir dənə at üstünə də qır töküb­lər. O da yapışıb gəlib bura. Haman bularda işdiyib, çilə daşı­yıb, daşıyıb. Bir gün də bı çıxıb gedib. Səhəri görüblər həyətdə bi dənə də odun yoxdur. Belə də ki, gərək həyətə dü­şəndə Bismillah tutasan.

* * *

Deməli bir il mən qəbul imtahanında idik inistutda yet­miş beşinci il idi, məə demədilər. Deməli Məryəmgilin evinin dalında incillik var, ordan nənəmgilə gələndə onu arxadan vu­rarlar. Axşam çökən vaxt vurarlar bunu. Bunu bir ay bütün ban­­nitsalara apardılar, həkim-doktor heç kəs bunun dərdin bil­mədi. Ölməyinə bir gün qalmış özü başlıyar danışmağa. O vaxtdan da bir kəlmə danışmaz. Səkkizinci sinifdə oxuyurdu dana, sora o, ölməmişdən qabağ anama diyər gəl bura. Dili açı­­­lar, öz-özünə danışmağa. Deyir, anaya da nənə deyirik axı.

Diyir ki, nənə, məni incilin altında arxadan vurdular. Mən istiyirdim sizə diyəm dərdimi, mənə imkan vermirdilər si­zə diməyə. Məni heç yerə aparmıyın, mənim bir gün ömrüm var. Anamnan danışdı səhəri də rəhmətə getmişdi. Vurğun mə­­sə­ləsi hə var, olar var.
* * *

Əskərlikdən mən təzə gəlmişdim, o olmuşdu əskərlik­dən iki il qabağa. Mən əskərlikdən təzə gəlmişdim. Oranı mən həmişə keçəndə həyacannı keçirdim qorxmurdum. A deyir­dim, ay Allah, mənə də rast gələydi, mən görəydim o nə olan şeydi.

Bizimdə bi dənə it var hara gedərdim mənimlə gedərdi. Mə­ni elə o itə etibar eliyərdilər. Qardaş, it dalımca gələr xəbə­rim yox. Möhkəm qaçar darısqal yerdi dana. O mament o in­ci­lin altında görər qabağda adam var, düz tullandı başıma. Ba­şı­ma tullandı qardaş, bunu tutdum nətər yerə vurdum, öz iti­mi­zi. İt bağıra-bağıra, o yana, mən də bağıra-bağıra babamgilə.

Əgər o it mənim gözümə görünməsəydi, mən qorxar­dım. İmenni orda ha. Elə şeylər var, həqiqətən var. Olan şey­lərdi olar.
* * *

Qaraçuxa guya məleykədi. Bizim məleykələrimizdi. Mə­­səlçin, gedirsən salavat çəkdirirsən, deyirsən ki, mənim bala­larımın qaraçuxasına. Dirilik qaraçuxasına salavat çəkgi­nən. Ona salavat çəkillər. Qaraçuxa elə bil ki, sənün uruzuva, sənün işlərivün düz getməsinə, yaxşı olmasına köməy eliyir. Qaraçuxa həmişə sənnən olur. Qavağ çox deyirdilər qaraçuxa, indi məleykə deyirlər.
* * *

Vurğun var. Bizim arvadın bacısının qızı Saraydı də. Saranın ərin elə qoyun fermasında axşam elə yatdığı yerdə, uzan­mışmış, gecə, həə, orda belə kürəyinə vurmuşdular əlinin yeri də qalmışdı. Həə, elə onnan da öldü, sağalmadı, öldü.
* * *

İrəhmətlik Şabı, Allah rəhmət eləsin, Şabı dənə, bu Xey­rənisəgilin qardaşı, bu Əbülfəzin anası Xeyrə yoxdu, İm­ranın oglu, elə onun qardaşı dənə, adı Şabı idi, həə, elə onu da vurğun vurmuşdu. Həcitəpə qəbristanlığının yanında maşın xa­rab olur, düşür aşağı, dayısı da yanında imiş, görüb lapdan bunun kürəyinə şart, bi şillə vurdular. Qayıdıb deyib:

– Dayı məni niyə vurdun?

Deyib:

– Mən səni vurmadım ki.

Deyib:

– Niyə, mən əyildim, onda vurdun.

O mandrovkadı nədi, onun adın bilmirəm, indi təkəri bu­raxıb, nə olub, o əlində maşının yanında işdiyirmiş. Kürə­yi­nə belə vurmuşdular, elə onnan da öldü. Həkimə-zada apar­mışdılar, xeyri olmadı. Sapsağlam adam idi, bi qızı var idi, bi oğlu. İndi Maşallah, qız ərə gedib, oğlan da evlənib.
* * *

Anamın bibisi oğlu var idi, mən uşağkən o rəhmətə ge­dib, həkim idi özü də. Xəssə üssünə gedirmiş, sudan keçirmiş. Axşamın birində o sudan keçəndə onu vırma vırıb. Kürəyində iz var imiş. Cavan olub özü də, anam deyir onun kürəyində elə bil əl izi olub. Hələ o vaxt vurma vurmuşdu onu. Özü də vur­ma vuran sağalmır. Əlqərəz, gələr evə onnan da qızdırma aparar, onnan da rəhmətə gedər. Yəni toxunublar da ona hal arvaddarı. Olar gözə görünmür, amma insan şəklində olur. Bı adam özü deyirmiş ki, hiss elədim ki, su üssə məni kimsə kü­rəyimnən vurdu. Səsdər-zaddar da eşidib o anda, qulağına gəlib səsdər. Deyib ki, elə bil orda nəsə oynıyırdılar, gülür­dü­lər. Qarmaqarışığ səsdər gəlirdi.
* * *

Bi dəfə də anam deyərdi ki, bi təzə azad olmuş zahı qa­dın yatıbmış, görər ki, bir nəfər ordan əyilib, bacadan. Qadın da de­lavoy olub da, qoçağ qadın olub. Görər ki, bir nəfər əyilib or­dan baxır, nə qədər də təsbey kimi muncuğlar sallanır boy­nunnnan aşağı. Bı əl atar, tutar bu muncuğlardan. Tutanda səsə yoldaşı-zad gələr tökülüşəllər, kişi çıxar evin damına. Çı­xar görər ki, bı al arvadıdı. Tutar mını, saxlıyallar, arvad da baş­dı­yar yalvarmağa ki, məni buraxun. Balalarım-zadım var bəs....

Bını işdədib eliyirmişdər, sora bıraxallar mını, bı gedər. Am­ma tapşırıblar ki, gəlib bi dənə mənim kimsəmə toxun­mur­san ha bax. Onun muncuğlarını da saxlamışdılar, o qədər gözəl muncuğlar olub. O da and içib ki, bi də mən sizdərə dəymərəm. Həmin adam da buraxıb onu.
* * *

Bi dəfə də anam deyir ki, gördüm məni çağırıllar. O ar­xa evdə bir qapımız var, ordan deyəsən valla atamın səsi olub, kim olub, axır deyir çağırıblar məni. Balaca qardaşım təzə olub­muş, anam da durub gedib. Bını da nənəm görər. Tez ana­mın dalınca gedər, deyib nə işdi? Deyib, bəs ağamnan danışırdım, məni çağırmışdı. Demə, atam da Bakıda olub. Nə­nəm tez Bismillah deyib, salavat zad eliyib, deyib, bəs sənin qaraçuxondı, səni çağırıb. Onda mütləq salavat çəkilməlidi, ümu­miyətlə, qaraçuxaya həmişə salavat çöörillər ki, yatma­sın. Yoxsa adamın işdəri əyilər.
* * *

Qabağ eşidmişəm ki, birinin işi əyiləndə deyirdilər ki, qaraçuxası yatıb. Gedib ona dua oxutdururdular. Məsələn, mən bi dəfə uşağ vaxtı yuxuda gördüm ki, məktəb yoluynan gedirəm, dalımca bi bəlkə 10-20 dənə qara geyimli kişilər, hün­dür qara, əllərində belə çubuğları gəlillər arxamca. Ma­ma­ma dedim, dedi hər adama danışma, o yaxşı yuxudu da, sənin qaraçuxandı.

Hə, bax ona dua oxutdururdular ki, işdəri rəvan getsin.

* * *

Bir dəfə mən nənəmgildə qalmışdım, nə qədər nənəm dedi, qal da gecə, dedim, qala bilmərəm, gedəcəm. Gecə saat hardasa bir idi, gəldim evə. Gəldim, gördüm mamam yatıb, hamı yatıb da. Mən də yatdım. Onda qapı belə bağlı olmurdu axı. Açığ olurdu. Hə, mən gəldim belə girdim yerimə, da ma­m­amı oyatmadım da, yatdım. Atam onda İmişdidə işdiyirdi. Bir də elə bil məni kimsə çağırdı, qalx dedi, toyuqları tülki apardı. Qalxdım gördüm ki, bizim hində toyuğ olurdu, gör­düm hində vallahi bir boğan-boğandı, tülki girib, toyuğları apa­rır da. Helə mamamı oyatdım ki, ay mama, dur tülkü toyuğları apardı. Maman gəldi gördü iki dənə toyuğu belə par­çalamışdı, qalannarı sağdı. Dedim, mama, məni çağırdılar, dedilər ki, toyuğu tülki apardı, oyan. Mamam dedi, bax elə bı sənin qaraşuxandı.



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə