58
dünyagörüşünə, dəyərlər sisteminə, həyat üslubuna öz təsirini
göstərirdi.
Burada ölümə münasibət də özünəməxsus xarakter
daşıyırdı: ölüm Allaha qovuşmaq imkanıdır; ölüm nə qədər tez
baş versə, bir o qədər insan az günah işlədəcəkdir və s.
Digər tərəfdən, orta əsrlər təfəkküründə bütöv götürülən
insan təfəkküründən də bəhs edilirdi. Hər bir insan şəxsiyyət
olaraq, Allaha bənzər yaradılıbsa, deməli, bu dünyada da insan
ləyaqəti özünü həmin formada təsdiqləyə bilər. Tədricən feodal
münasibətləri şəraitində fərd-kollektiv münasibətləri formalaşır
ki, burada başlıca etik məqsəd ədalətliliyin abstrakt prinsipinə
riayət olunması idi.
Bəs İntibah dövründə cəmiyyət – fərd münasibətləri
necə qurulurdu? Burada sosial struktur əvvəlki dövrlərdə
olduğu kimi, statik, yəni nisbətən sabit xarakter daşısa da,
sosial mobillik elementləri də tədricən artırdı. Nəticədə əmək
bölgüsü dərinləşir, ənənəvi normalar və dəyərlər daha yeniləri
ilə əvəz olunurdu. Burada insan haqqında olan təsəvvürlər
əvvəlki dövrlərə nisbətdə tam dəyişmişdi. İnsanın təbiəti,
mahiyyəti, yaşamağın mənası kimi suallara bəzən tam başqa
cavab alınırdı.
İnsan şüuruna yeni, daha mütərəqqi ideyalar tətbiq
edilirdi: dünyanın gözəlliyi və harmoniyası, insanın ləyaqəti,
hər bir ayrılıqda götürülmüş fərdin yüksək qiymətə layiq olması
haqqında ideyalar. Belə ideyaları neoplatonizmin davamçısı
olan Fiçino və rasionalist aristotelçiliyi təmsil edən Pomponatsi
insan təbiəti, kainatda onun yeri haqqında yazaraq, onun
Yaradan ilə mistik şəkildə qovuşması və idealı əvəzinə bu
dünyada gündəlik fəaliyyətlə məşğul olmasına üstünlük
verilməsi fikrini irəli sürmüşlər.
Pomponatsi hesab edirdi ki, insan həyatının məqsədi
yaxşılıq etməkdir. Hər bir insan buna asanlıqla nail ola bilər.
Burada ruhun ölməzliyi ideyası yersizdir, çünki artıq bu gün,
59
bu həyatda insan öz əməllərinin qiymətini ala bilər. İnsan ali
varlıq olaraq şəxsi ləyaqətə malikdir.
Piko Della Mirandola “İnsan ləyaqəti barəsində
nitq”ində yazır ki, insan universal insani imkanlarla yanaşı həm
də seçim azadlığına malikdir: ya heyvan səviyyəsinə enə bilər,
ya da ilahi zirvəyə yüksələ bilər. Mirandola Yaradanın insana
müraciətini belə qələmə alıb: “Mən səni Kainat mərkəzində ona
görə yerləşdirmişəm ki, burada mənim yaradıcılığımda hər bir
şeyi müşahidə edə biləsən. Mən səni nə Yer, nə Səma varlığı
kimi yaratdım; sən eyni zamanda həm ölməz, həm də
ölümlüsən. Mən səni özümə bənzər yaratdım; bir memar olaraq
sən öz “Mən”ini yaratmış olursan”.
Beləliklə, İntibah dövründə insan azad iradəyə, istədiyi
sahədə özünü tam ifadə etmək imkanına malik yaradıcı bir
varlıq kimi düşünülür. Digər tərəfdən, unutmaq olmaz ki,
Reformasiya və Kontrreformasiya dalğasında insan təbiətinin
qüsurlu və günahkar olması barəsində fikirlər də irəli sürülürdü
(M.Monten). Qeyd olunurdu ki, əxlaqi dəyərlər sırasında ən ali
yerdə xeyirxahlıq durur. “Virtu” anlayışı ilə ifadə olunan bu
əxlaqi dəyər iradə və ağlın birləşməsi nəticəsində formalaşaraq
insanı xoşbəxtliyə doğru aparır. Əxlaqi normanı, onun
mükəmməl ifadəsini real həyatda, fəal mövqedə həyata
keçirmək nəzərdə tutulmuşdu. Şərəf, ləyaqət, tarixdə iz qoymaq
kimi məqsədlərə cəlb olunan insan artıq başa düşürdü ki, axirət
günündə yox, indiki, real həyatda uğur qazanmaq mümkündür.
İnsan təkrarsız fərd, özünəməxsus bir varlıq olaraq
qiymətləndirilir. Tədqiqatçıların qeyd etdiyi kimi, fəal həyat
mövqeyi insandan dəqiqliyi, müdrikliyi, uzaqgörənliyi, bir
sözlə, daima özünə nəzarəti tələb edirdi. Tərəziyə həzzalma və
əzablar qoyulur, burada hədsiz subyektivlik dağıdıcı
eqosentizmlə əvəz olunur və əksinə, keçid mərhələsini yaşayan
Renessans cəmiyyəti üzvləri qeyri-müəyyənliklə, ənənələrin
dağılması ilə üzləşdilər
1
. Fərdi seçim etmək imkanı həm də
1
Барг М. А. Эпохи и идеи: Становление историзма. — М.: Мысль, 1987
60
müəyyən riski nəzərdə tutur. “Homo faber” (insanın taleyi öz
əlindədir) sayılan insan məcburən alın yazısı haqqında düşünür,
gözlənilməz hadisələri həyəcanla gözləyirdi. Teleoloji
mahiyyət kəsb edən bu anlayış bəzən ilahi ruh, bəzən də
təsadüf kimi qiymətləndirilir, insan üçün isə qaçılmaz bir
qismət kimi nəzərdə tutulurdu.
Naturalizm (latınca “natura” təbiət deməkdir) bir sıra
əxlaqi cərəyanlarda tətbiq edilən metodoloji prinsipdir. Bu
prinsip vasitəsilə əxlaqi dəyərlər əsaslandırılır. Söhbət ondan
gedir ki, əxlaqi tələblər insan varlığının ictimai şəraiti ilə yox,
müəyyən təbii başlanğıc (təbiətin qanunları, insanın
biopsixoloji xüsusiyyətləri) ilə əlaqələndirilirdi. Mənəviyyatın
tələblərini hələ qədim dövrdə naturalistcəsinə şərh edirdilər.
Bəzi filosoflar mənəvi tələbləri insanın həzz almaq,
əziyyətlərdən qaçmaq kimi təbii tələbləri ilə bağlayaraq hesab
edirdilər ki, insan özü üçün yaşamalıdır (epikürçülük).
Digərləri, əksinə, düşünürdülər ki, mənəviyyat bu dünyanın
ləzzətindən uzaqlaşmaq deməkdir və insan həmin ehtiraslardan
uzaqlaşaraq dünya “təbiətinə” uyğun yaşamalıdır (stoisizm).
Sonradan birinci mövqe hedonizm və evdomonizm təlimlərində
öz davamını tapdı, ikincisi isə anadangəlmə əxlaqi hisslər
nəzəriyyəsidir.
Əxlaqın naturalist anlamı intibah dövründə C.Bruno,
B.Telezionun əsərlərində, “ağıllı eqoizm” nəzəriyyələrində,
sonradan utilitarizmdə öz ifadəsini tapmışdır. Təkamülçülk
etikası öz mövqeyini naturalizm prinsipi əsasında qurur. Onu
da qeyd etmək lazımdır ki, əxlaq əslində tarixi-ictimai xarakter
daşıyır. Şübhəsiz, insan təbiətinin xüsusiyyətləri insan şüuruna,
davranışına təsir göstərir, burada təbii qanunların rolu
danılmazdır. Bununla belə sosial amili də nəzərə almamaq
olmaz.
Dostları ilə paylaş: |