92
Hacıbəyli Üzeyir bəylə başlayan Azərbaycan musiqili səhnəsi böyük addımlarla
irəliləmişdir. Sovet İttifaqına daxil olan millətlər arasında Azərbaycan musiqisi
qabaqcıl bir yer tutmuşdur. Musiqi təhsili ümumiləşmişdir. Azərbaycanlılar öz
məmləkətlərinə «şer və musiqi yurdu» deməyi sevirlər. Elm, tarix, ədəbiyyat
tarixi və incəsənətə dair bəzi ittifaqlar və jurnallar təsis olunmuş, bəzi tədqiqatlar
və antologiyalar nəşr edilmişdir.
Lakin mədəniyyət sahəsində sayılan bu nailiyyətlər nə kəmiyyət, nə də
keyfiyyət baxımından Azərbaycanlıları təmin edəcək bir şəkildə deyildir.
Kəmiyyət baxımından: yerlilər əmindirlər ki, «neft respublikası» milli mədəniyyət
müəssisələrinə Moskvanın icazə verdiyindən daha çox sərf etmək imkanındadırlar.
Bu nöqtəni Xanbudaqovun tələblərində də gördük. Ali məktəblərin
türkcələşdirilməsindəki yubanma şiddətli bir etiraz doğurur. Bakı Universitetində,
məsələn, tam türkcələşdirmə yalnız müəyyən fakültələrdə həyata keçirilmişdir.
Türk dili hələ ki, özünə qarşı daha yaxşı rəftarı gözləməkdədir. Qonşu
respublikalarda konstitusiyaya əsasən rəsmi dil yalnız ermənicə və gürcücə olduğu
halda, Azərbaycanda türkcə ilə bərabər rusca da rəsmi dil səviyyəsindədir.
Keyfiyyətə gəlincə, məsələ daha mürəkkəbdir. Bu xüsusda biz hökumətin
milli respublikalara və xüsusilə Azərbaycanın da mənsub olduğu türk
respublikalarına qarşı qərəzli siyasətlə rastlaşırıq.
İşğal hökumətinin bu respublikalardakı ruslaşdırma siyasəti xüsusilə gözə
çarpmaqdadır. Bu siyasətin Azərbaycanda kədərli bir tarixi vardır. Bu məsələdə
sıralarını həqiqi Azərbaycan milliyyətçiliyinin sıraları ilə birləşdirən «milli
sapıntıçılıq»ın faciələrlə dolu taleyini canlandıran da bu tarixdir.
***
Azərbaycandakı rus-bolşevik hakimiyyətinin ruslaşdırma siyasəti iki
şəkildə təzahür edir: iqtisadiyyatda mərkəzləşdirmə, mədəniyyət sahəsində
ruslaşdırma.
Dostları ilə paylaş: