Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
95
titulunun sahibi olurdular. Maraqlı bir məqam ondan ibarətdir ki, heç də bütün
oxuyan, çalan aşıqlar haqq aşığı mərtəbəsinə yüksəlmir, doğrudan da bu sənəti
mükəmməl bilən, bədahətən söz söyləmək, başına gələcək hadisələrdən hali olmaq,
qüdrəti ilə ola biləcək mənfi hadisələri dəf etmək və s. kəramətləri ilə seçilən
aşıqlar haqq aşığı adlanırdı. Bu aşıqlar sağlığında böyük nüfuz sahibi, el ağsaqqalı
olur, öldüktən sonra qəbri ziyarətgaha çevrilirdi.
Məsələn, Ağbaba-Çıldır aşıq mühitinin ustadı, piri sayılan Xəstə Hasanın qəbri
ziyarət edilir, yağış yağmayanda qəbrin üstündə xüsusi ayinlər icra olunur və ən
qəribəsi budur ki, bu ayinlərdən sonra mütləq yağış yağırdı. Yenə bu aşıq mühitinin
zirvəsi sayılan Aşıq Şenliyin qəbri ziyarətgah kimi yad edilir və evlərdə uğur
gətirəcəyinə, qəza-bəlanı sovacağına inanıldığı üçün qəbrdən torpaq götürülürdü.
Çıldırın Suxara kəndində Aşıq Şenliyin qəbrini ziyarət edərkən bu məlumatları
nəvəsi Aşıq Yılmaz Aşıq Şenlik oğlundan eşitmişdim. Bunun qarşısını almaq üçün
bələdiyyə qəbrin üzərini xüsusi örtük ilə bağlamaq məcburiyyətində qalmışdı.
Haqq aşığı mərtəbəsinə yüksəlmək üçün röya motivi də vacib şərtlərdən biridir.
Gənc aşıq və ya aşıqlığa namizəd olan gənc bir çeşmə başında, bir ağac altında,
kimsəsiz bir ərazidə yuxuya gedir, röyasında bir dərviş və ya pir əlindən buta alır.
Bu buta bəzən bir badə, bəzən isə bir alma və s. meyvələr olurdu. Dərviş suyu
içməyi və ya meyvəni yeməyi istəyirdi. Bu röyadan çox çətinliklə, bəzən bir, bəzən
üç gündən sonra ayılan aşıq bədahətən şeir deyib, saz çalırdı.
XIX əsrin ən böyük aşıq mühitlərindən biri də Çıldır-Ağbaba aşıq mühiti hesab
olunurdu. Çıldır aşıq mühitinin ustad sənətkarı Xəstə Hasandır. XIX əsrdə aşıq-saz
sənətinin qol-qanad açdığı Çıldırda Aşıq Nuru, Aşıq Şenlik, Aşıq Nəsib, Aşıq
İskəndər, Aşıq Süleyman, Çorru Məhəmməd, Aşıq Məhməd, Aşıq Balakişi və
onlarla digər şair-aşıqlar xalq arasında hörmət və nüfuz qazanmış, aşıq
poeziyasının inkişafına misilsiz xidmət göstərmişlər. Onların arasından Xəstə
Hasan ocağının yetirməsi Aşıq Şenliyin adını xüsusilə qeyd etmək lazımdır. XIX
əsr Çıldır-Ağbaba aşıq mühitinin zirvəsi olan Aşıq Şenlik dövrünün böyük aşıqlar
yetişdirən məktəbinin layiqli ustadıdır.
O dövrdə Ağbaba-Çıldr aşıq mühitində yaşayıb-yaradan aşıqlar arasında dini
inanc və fəlsəfə geniş yayılmışdı. Daha əvvəllər klassik ədəbiyyatda görünən Allah
sevgisi və eşqi onların yaradıcılığında sanki yenidən təzahür etmişdir. Aşıq Şenlik
Füzuli kimi ona iztirab verən bu eşqdən məmnundur və ondan ayrılmaq istəmir:
Mədət Allah, gönül quşu qəfəsdə,
Cihan şirin, candan ayırma məni.
Pərvanəyəm, eşq oduna yanaram,
Bu aşqı-suzandan ayırma məni.
...Şenliyəm, dər ərşə çıxdı amanım,
Daha səndən özgə yoxdu gümanım.
Sana sığınıram, qəni sübhanım,
Zərrəcə inamdan ayırma məni (1,181).
Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
96
Yaxud:
Rəhim qıl, əfəndim, eylə mərhəmət,
Mağrifət yazana bağışla məni.
Sərvəti ənbiya, fəxri kainat,
Sahibil ihsana bağışla məni.
...Şenlik, yadına sal həzrət Abbası,
İmam Hüseynin matəmi, yası,
İmam Mirzə Qızıl Kümbəz ağası,
Xaki Xorasana bağışla məni (1, 215-216).
Klassik aşıq poeziyasının ən gözəl nümunələrini yaradan Aşıq Şenlik bizə
nəsihət, dini didaktik mövzuda da bir-birindən dəyərli şeirlər miras qoymuşdur.
Vücudnamə, ustadnamə, qıfılbəndlərində onun təsəvvüf əhli olduğu görünür. Bu
mövzuda dərin biliyi və hazırlığı olduğu şeirlərindən məlum olur. Aşıq Şenliyin
qıfılbənddə dini mövzuda verdiyi suala bir nümunə gətirək:
Adəmdən əvvala fani dünyada,
Şəriət babında nazir kimiydi?
Müşgüldə qulunun dadına yetən,
Ol vadə Həzrəti Xızır kimiydi?
...Şenlik der, ol vədə yoxuydu ayət,
Nə zikirnən edərdilər ibadət?
Nə səbəbdən Haqqa yetdi şikayət,
Tərtibi biz üçün hazır kimiydi? (1, 183).
Yaşadığı coğrafiyanin qanlı-qadalı günlərini görmüş, rus işğalını yaşamış aşıq
bu bölgəyə sonralar gələn xristianlarla da mülayim əlaqələr içində olmağın
tərəfdarı olmuşdur. Bütün səmavi dinlərin bir olduğunu, Allahın tək olduğunu, dini
ayrı seçkiliyin insanlara arasında nifaq salmağa xidmət etmədiyini, əksinə bu dini
rəngarəngliyin Allahın sevgisinin, mərhəmətinin nişanəsi olduğunu bir şeirində dilə
gətiririr:
Cümləmizin nəsli birdi,
Həzrəti Adəm evladı.
Yetmiş iki yol göstərdi,
Göndərdi Zəbur, Tevratı.
...Şenlik der, alsalar xəbər,
Hər kəs öz dinini sevər.
Cümləmiz gündə min səfər,
Haqdan istəriz cənnəti (1, 173-175).
Bundan başqa klassik aşıq şeirində ənənəvi hal almış Qurani-Kərim əlifbasının
bütün hərflərinə tək-tək misralar halında tərif deyilməsi iə yaradılan əlifnamələr də
çox mükəmməl şəkildə Aşıq Şenlik yaradıcılığında əks olunmuşdur:
Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
97
“Əlif” – öz ismiydi, “be” – befadarın,
“Te”-yi tək bir hərfdə gördüm, İrəbbim.
“Se” – sahibim sənsən, yoxdur heş kimsəm,
“Cim”-dən bu cavabı sordum, İrəbbim.
... “Vav” – var mağfirətim affeylə bizi,
“He” – Haqqa Şenliyin budur niyazı,
“Lam əlif”lə “ya”-dır ən axır sözü,
Hıfzi imtahana girdim, İrəbbim. (1, 219).
Mədəniyyətlərin, dinlərin və təriqətlərin birləşdiyi Qafqazın qapısı adlanan
Qarsda dini bayramların, xüsusi günlərin böyük təmtəraqla qeyd edilməsi, bölgədə
bu dini adətlərə çox önəm verilməsi də bu şeirdən anlaşılır:
Bu günə deyərlər Qurban bayramı,
Hacılar murada yetdiyi gündü.
Səksən min ehtacı, doxsan min hacı.
Alıf Arafata getdiyi gündü.
...Şenlik der, peyğəmbər getdi Meraca,
Dürdən libas geyib yetişdi taca,
Qənimət gətirdi yerdə möhtaca,
Əli də Kahkahı tutduğu gündü (1, 227).
Bu nümunələrin sayını istənilən qədər uzatmaq mümkündür, çünki Aşıq Şenlik
yaradıcılığı başdan-başa nəsihət və təsəvvüfi biliklər üzərində qurulmuşdur. Yazı-
pozu savadının olmadığı təxmin edilən, bununla belə bu qədər səlis dini bilgilərə
sahib olan Aşıq Şenlik xalqın içindən çıxmış, dərviş əlindən badə içmiş haqq
aşığıdır. O, xalq hikmət və ənənəsinə söykənən çox böyük mütəfəkkir alim insan
və vergili şair olmuşdur. Yaradıcılığının çox hissəsinin itib-batdığı aşıq şeirlərinin
hamısını bədahətən söyləmişdir. Aşıq Şenlik haqqında bölgə insanının dilində
yaşayan, bu gün hələ də bir çoxu yazıya alınmamış onlarca rəvayət aşığa verilən
dəyər və sayqıdan xəbər verir.
XIX əsr aşıqları arasında Göyçə aşıq mühitinin fəaliyyəti xüsusilə
diqqətəlayiqdir. Ağ Aşıq, Aşıq Alı yetirmələri Aşıq Məhərrəm, Aşıq Musa, Mirzə
Bəylər, Aşıq Əziz və onlarla sənətkarlar yetişdirən Göyçə aşıq məktəbi Aşıq
Ələsgər poeziyası ilə ən yüksək zirvəyə yüksəlmişdir.
Aşıq Ələsgər bir çox dünya elmləri ilə yanaşı İslamı da dərindən bilirdi. Təkkə
və təriqət aşığı kimi “dədə” titulunu almış aşıq haqq aşığı kimi şöhrətli bir ad
qoymuşdur. Şeirlərində təsəvvüfi motivlərdən gen-bol istifadə edən aşıq öz
yaradıcılığında sufi ədəbiyyatın ən gözəl nümunələrini yaratmış, bu mövzuya
şeirlərində geniş yer vermişdir. Aşıq Ələsgər ustadnamələri didaktik mahiyyət
daşıyır, insanlara sayqı və sevgi çərçivəsində öyüd-nəsihət verir:
Dostları ilə paylaş: |