484
Türkiyənin Şimali Atlantika paktına daxil olması məsələsi 1950-ci ilin may
ayının 14-də keçirilən parlament seçkilərinin başlıca təbliğat kampaniyasını təşkil
edirdi. Türkiyə may ayında çoxpartiyalı sistem üzrə keçirilən gərgin seçki
mübarizəsi dövrünü yaşadı. Sovet təhdidi və kommunist təhlükəsinin qarşısının
alınması bir-birinə qarşı mübarizə aparan Xalq respublikaçı və Demokrat
partiyasının seçki kampaniyasının aparıcı istiqamətini təşkil edirdi. Hakimiyyət
partiyası xalqı inandırmağa çalışırdı ki, Demokrat partiyasının qələbəsi Sovet
İttifaqı tərəfindən olan xarici təhlükə qarşısında Türkiyənin zəifləməsinə gətirib
çıxara bilər. Ankaradakı Sovet səfirliyi SSRİ Xarici İşlər Nazirliyinə göndərdiyi
məlumatda diqqətə çatdırırdı ki, Türkiyənin heç bir siyasi partiyası özünün
seçkiqabağı bəyannamələrində Sovet-Türk münasibətlərinin tənzim edilməsi
haqqında təklif irəli sürməyib. Demokratik partiya öz seçkiqabağı platformasında
qeyd edirdi ki, "Biz indi hər hansı partiyanın inamının ifadəçisi kimi deyil, bütün
xalqın ümumi inamının ifadəçisi kimi xarici siyasətin hər hansı yeni məsələsi
haqqında danışmağı zəruri bilirik. Biz inanırıq ki, İngiltərə və Fransa ilə ittifaqa,
Birləşmiş Ştatlarla sıx dostluğa və əməkdaşlığa söykənən sülhsevər xarici
siyasətimiz əvvəlki qaydada bu dostluğa sədaqətli qalacaq, demokratik düşərgə və
ümumi sülh üçün başlıca amil olacaqdır. Bütün dostlarımız və düşmənlərimiz
əmin ola bilərlər ki, bizim ölkəmizdə hakimiyyət dəyişikliyi ölkəmizin rifahı və
hətta ümumi sülh üçün mühüm şərt olan xarici siyasətimizdə heç bir dəyişikliyə
gətirib çıxarmayacaq". Səfirliyin məlumatında deyilirdi ki, xarici siyasətlə bağlı
buna bənzər mülahizələr Xalq respublikaçı partiyanın seçkiqabağı
bəyannaməsində irəli sürülürdü (71).
14 may seçkilərində DP 408 millət vəkili yeri əldə etməklə tarixi qələbə
qazandı. Hakim Xalq respublikaçı partiya isə cəmisi 69 deputat yeri ilə
kifayətlənməli oldu. May ayının 22-də işə başlayan Türkiyə Böyük Millət
Məclisinin doqquzuncu çağırışının birinci sessiyasında DP lideri C.Bayar ölkə
prezidenti, Refik Koraltan Məclis başqanı, Adnan Menderes isə Baş nazir
seçildilər. C.Bayar prezident seçildikdən sonra DP sədri vəzifəsindən istefa verdi.
Partiyaya A.Menderes rəhbərlik etməyə başladı. Bununla da Türkiyə tarixində
yeni bir dönəm, Bayar-Menderes dönəmi başladı ki, bu da on il, 1960-cı il may
ayının 27-nə qədər davam etdi.
Yeni hökumət təşkil edildikdən sonra A.Menderes parlamentdə geniş hökumət
proqramı ilə çıxış etdi. Proqram bütövlükdə geniş olsa da, orada xarici siyasət
məsələlərinə çox az yer verilmişdi. Bu da ilk növbədə yeni hökumətin İkinci
Dünya müharibəsindən sonra formalaşan xarici siyasət xəttini yeritmək arzusu ilə
bağlı idi. A.Menderes dedi: "Ənənəvi ingilis və fransız ittifaqına və Birləşmiş
Ştatlarla ən sıx dostluq və əməkdaşlığa dayanan, dostluqlarına daim sadiq qalan,
uzaq-yazın və böyük-kiçik
485
bütün millətlərin istiqlal və torpaq bütövlüyünə hər zaman hörmətlə yanaşan xarici
siyasətimizin sülhsevər mahiyyəti bütün dünyada məlumdur". Öz proqram
çıxışında Baş nazir Şərqi Aralıq dənizi rayonunun və Yaxın Şərqin təhlükəsizliyi
məsələlərinin möhkəmləndirilməsinin hökumətin diqqətində olacağını vurğuladı.
Türk silahlı qüvvələrinin ən yeni silahlarla və texniki vasitələrlə təchizatına
toxunan A.Menderes bildirdi ki, böyük dostumuz Birləşmiş Ştatların hərbi
sahədəki maddi və texniki yardımlarından daha geniş miqyasda və daha sürətlə
istifadə etməyə çalışacağıq. Sovet İttifaqına münasibətlə bağlı isə Baş nazirin
çıxışında heç nə deyilmirdi (72).
Yeni hökumətdə xarici işlər naziri vəzifəsini Fuat Köprülü tutdu. O, hələ may
ayının 17-də elan etdi ki, Türkiyənin xarici siyasətində heç bir dəyişiklik
olmayacaq. Seçkilər dövründə A.Lavrişevin və Ankaradakı Sovet bloku
ölkələrinin səfirlərinin məzuniyyət adı altında öz ölkələrinə çağırılması Türkiyənin
siyasi dairələrində müxtəlif fikirlər doğurmuşdu. Onlar bunu ilk növbədə
seçkilərin nəticələri ilə izah edirdilər.
14 may qələbəsindən bir gün sonra Türkiyədə Amerika iqtisadi missiyasının
rəhbəri Dorr DP qərargahına gələrək C.Bayarla geniş müzakirələr apardı. O
bildirdi ki, Türkiyədə hakimiyyət dəyişikliyi bu ölkəyə göstərilən yardıma heç bir
təsir göstərməyəcək və Amerika yardımı davam edəcəkdir. Missiyanın digər bir
nümayəndəsi Xoxştetter isə bəyan etdi ki, DP öz proqramında azad təşəbbüslərə
xüsusi əhəmiyyət verdiyi üçün Marşall planı üzrə yardım proqramını həyata
keçirməklə bağlı işləri daha da asanlaşdırır. 14 may seçkilərinin nəticələrinə
toxunaraq o qeyd etdi ki, indi artıq Türkiyədə demokratiya elə səviyyədə
möhkəmləndi ki, hətta bizim daimi düşmənimiz olan ruslar da Türkiyənin azad
ölkə olduğunu təsdiq edirlər. Keçmiş prezident İ.İnönüyə münasibətlə bağlı
Xoxştetter dedi ki, İ.İnönü öz məğlubiyyəti ilə böyük qələbə qazandı. O,
Türkiyənin yeni siyasi həyatında böyük rol oynayacaqdır. Bu gün Türkiyə üçün
İnönü İngiltərə üçün Çörçill deməkdir. Türkiyədə hakimiyyətə gələn DP hökuməti
xarici siyasət sahəsində əvvəlki ümumi kursu davam etdirməklə yanaşı öz
qarşısına iki mühüm vəzifə qoymuşdu: birincisi, Türkiyənin Atlantik paktına
qəbul olunmasına nail olmaq, ikincisi, türk iqtisadiyyatının vəziyyətini
yaxşılaşdırmaq üçün Amerika yardımının həcmini artırmağa çalışmaq (73).
1950-ci ilin may ayının sonlarında Marşall planı üzrə Amerika yardımı alan
ölkələrin xarici işlər nazirlərinin Paris konfransında iştirak edən Türkiyənin yeni
xarici işlər naziri F.Köprülü Aralıq dənizinin şərq hissəsinin təhlükəsizliyinin
möhkəmləndirilməsi ilə bağlı məsləhətləşmələr apardı. Onun fikrincə, nə qədər ki,
Şərqi Aralıq dənizi rayonunun təhlükəsizliyi sazişlərə dayanaraq təmin
olunmamışdır, tam təhlükəsizlikdən danışmaq olmaz. Türkiyə siyasi dairələri belə
hesab edirdilər ki, Türkiyənin dəmir pərdənin xaricində qalması qərbin
təhlükəsizliyini