480
edirdilər. 1948-ci ildə A.Əzizibəyov və M.İ.Saryal başda olmaqla Ankarada
"Azərbaycan müdafiə cəmiyyəti", İstanbulda E.Odkan və M.Əmircan başda
olmaqla "Azəri dost eli yardımlaşma cəmiyyəti" təsis edilmişdi.(59) 1949-cu ilin
dekabr ayında Ankaradakı Sovet səfirliyi SSRİ Xarici İşlər Nazirliyinə göndərdiyi
hesabatda Türkiyədə müxtəlif pantürkist dərnəklərin fəaliyyətinin genişlənməsi
haqqında məlumat verirdi. Orada göstərilirdi: "Ankarada "Azərbaycan mədəniyyət
cəmiyyəti" fəaliyyət göstərir. Bu cəmiyyət sistematik olaraq Ankara xalq evində
antisovet mühazirələr təşkil edir. Azərbaycan müsavatçısı M.Ə.Rəsulzadə həmin
cəmiyyətin Ankara xalq evində təşkil etdiyi toplantıda "Azərbaycanın mədəniyyət
ənənəsi" mövzusunda mühazirə oxuyub. O qeyd edib ki, bütün çətinliklərə və
maneələrə baxmayaraq Sovet Azərbaycanında mübarizə və mədəniyyət ənənəsi
davam edir və hələ yaşayır. M.Ə.Rəsulzadə öz çıxışında Xalq Daxili İşlər
Nazirliyinin təqibləri, rus mədəniyyətini qəbul etməyənlərin kosmopolitizmdə
günahlandırılması və s. məsələlər üzərində dayanmışdı". Məlumatda deyilirdi ki,
1949-cu ilin may ayının 28-də M.Ə.Rəsulzadənin oxuduğu mühazirə bu
yaxınlarda kitabça halında nəşr olunub Ankaranın kitab mağazalarında satılır.
Daha sonra Sovet səfirliyi Moskvaya yazırdı ki, dekabr ayının 4-də həmin
cəmiyyət M.Ə.Rəsulzadənin "Müasir Azərbaycan ədəbiyyatı" mövzusunda
mühazirəsini təşkil etmişdir. M.Ə.Rəsulzadə öz mühazirəsində deyib ki, Sovet
totalitarizminə, milli haqqların və azadlıqların tapdalanmasına baxmayaraq müasir
Azərbaycan ədəbiyyatı millətçilik, azadlıq və müstəqillik ruhunda inkişaf edir
(60). Türkiyədəki SSRİ səfirliyi hazırladığı digər bir arayışda "Azərbaycan
mədəniyyət cəmiyyəti"nin 1949-cu ildə yaradıldığını və qısa vaxtda öz fəaliyyətini
genişləndirdiyini Moskvaya çatdırırdı (61).
40-cı illərin sonlarından başlayaraq Sovet rəhbərliyinin göstərişlərinə uyğun
olaraq Azərbaycanda türkçülüyə qarşı geniş kampaniya başlandı. Dövlət
təhlükəsizlik orqanları partiya, dövlət təsərrüfat idarələrində, maarif və
mədəniyyət müəssisələrində, yaradıcılıq birliklərində "pantürkist" ovuna çıxmışdı.
Azərbaycan xalqının qədim ədəbi abidəsi olan "Kitabi-Dədə Qorqud"a qarşı əsl
müharibə elan olunmuşdu. Moskvadan gələn "tövsiyəyə" əsasən bu qədim
dastanın Azərbaycana, azərbaycanlıların isə türklüyə aid olmaması barədə "nəzəri
əsaslandırmalar" geniş xarakter almağa başlamışdı. Bir vaxtlar bu dastanı dərindən
təhlil edən və türk xalqlarının eyni kökə malik olduqlarını araşdıran alimlər Sovet
təhlükəsizlik orqanlarının ağır təqiblərinə məruz qalırdılar (62).
Azərbaycanda "pantürkist" axtarışı 40-cı illərin axırlarında o qədər geniş və
sistemli xarakter almağa başlamışdı ki, Dövlət Təhlükəsizliyi Nazirliyi Türkiyədə
qohumları olan və Türkiyəyə rəğbət bəsləyən adamların siyahılarını hazırlamışdı.
Məsələn, belə siyahıların birində 28 ada-
481
mın adı var idi. Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti M.Əliyev,
şair R.Rza, O.Sarıvəlli, M.Rahim, Z.Xəlil, məşhur pedaqoq C.Cəbrayılbəyli,
ADU-nun dosenti M.Təhmasib və müəllimi İ.Əfəndiyev, kinomatoqrafiya
sənayesi naziri B.Seyidzadə, Nazirlər Soveti sədrinin müavini M.H.Seyidov,
Dövlət Plan Komitəsi sədrinin müavini M.Allahverdiyev, Mərkəzi Komitənin
təlimatçısı S.Rəşidov, Filarmoniyanın direktoru Ş.Bədəlbəyli və digərləri
"pantürkistlərin siyahısına düşmüşdülər. Gizli şəkildə hazırlanan siyahıda hər
kəsin qarşısında ona veriləcək cəza da göstərilmişdi. Lakin həmin adamların
Türkiyəyə rəğbət bəslədiklərinə görə deyil, digər "uydurma" ittihamlarla
cəzalandırılması tövsiyə edilir, bəzilərinin üzərində isə çekist nəzarətinin
gücləndirilməsi təklif edilirdi (63).
Dövlət Təhlükəsizlik Nazirliyinin Azərbaycanda əhalinin Türkiyəyə
münasibəti ilə bağlı topladığı gizli materiallar sovet repressiyalarının və təqiblərin
adamların içində olan türkçülüyü axıra qədər məhv edə bilmədiyini göstərir. Bu
məlumatlarda göstərilirdi ki, Azərbaycan SSR EA-nın kiçik elmi işçisi
M.Əfəndizadə Ankaranın türk və islam xalqlarını birləşdirmək ideyasına müsbət
yanaşır. Ucar şəhərində olan orta məktəb müəllimi K.Şahmaliyev bildirirdi ki,
dünyada türk ordusu kimi qəhrəman ordu yoxdur, biz azərbaycanlılar ruslara
satılmışıq, türkləri müdafiə etmək əvəzinə onlara qarşı mübarizə aparırıq. Ağstafa
rayonunun Poylu kənd müəllimi söhbətlərin birində demişdi ki, Sovet İttifaqı
Türkiyəyə hücum edəcəyi təqdirdə biz azərbaycanlılar türklərə qarşı
vuruşmayacağıq. Göyçay şəhərindən din xadimi Ş.Vəliyev öz yaxın adamları ilə
söhbətdə qeyd etmişdi ki, Türkiyənin prezidenti İ.İnönü çox böyük qayğı göstərir
ki, Zaqafqaziyada yaşayan müsəlmanlar kommunizmdən azad olsunlar. "Daşkəsən
kobalt" mədəninin maşinisti Ə.Vəliyevin fikri daha maraqlı idi. O, iş yoldaşları ilə
söhbətdə bildirmişdi ki, Ermənistanda yaşayan azərbaycanlıları ona görə
köçürtdülər ki, Türkiyədə yaşayanlarla eyni millət olduqlarından onlara
inanmırdılar. Türklər həmişə Ermənistanda yaşayan biz azərbaycanlıları
daşnaklardan müdafiə ediblər. Türklər olmasaydı, ermənilər bütün
azərbaycanlıları məhv edərdilər. Türkiyə olmadan müsəlmanlar yaşaya bilməzlər.
Türkiyə hökuməti müsəlmanlardan təşkil olunur və onlar müsəlman xalqlarının
rifahı barədə düşünürlər (64). Dövlət təhlükəsizliyi naziri S.Yemelyanovun
hazırladığı digər bir arayışda Bakıda yaşayan mühəndis İ.Heydərovun sözləri belə
təqdim edilirdi: "Heç şübhə yoxdur ki, bizim müsəlman ziyalılarının rəğbəti indi
Türkiyənin tərəfindədir. Bizim ziyalılar SSRİ-nin Türkiyəyə münasibətdə yeritdiyi
qeyri-dost siyasəti müdafiə etmirlər. Təhlükəsizlik orqanlarının izlədiyi evdar
qadın Zinyət Tahirova öz söhbətlərində demişdi ki, Türkiyə bizim xilaskarımızdır.
Azərbaycan xalqı türklərə hörmətlə yanaşır. Bakı şəhərində 5 N-li sənətkarlıq
məktəbinin müəllimi