139
Çünki bu pərdədə gizli sirr vardı.
Alimlər bu cürə edir rəvayət:
Aradan keçincə bir xeyli müddət,
Çürüyüb sarğılar töküldü yerə,
Yeddi rəng gövhərlər çıxdı zahirə.
Binalar xaricdən vermirdi ziyan,
Çünki suvaq vardı sarı palçıqdan.
Geyimi soyundu daxildən hasar,
Ölürdü oraya ayaq basanlar.
Ora yetişəndə hər yoldan ötən,
Hasarı içindən görmək istərkən,
Bir qapı axtardı, tapmadı ancaq,
Hasara dırmaşdı kəmənd ataraq.
O hasar daşları bir adam görcək,
Alırdı canını ahənrübatək.
Batmanı adamı öldürsə əgər,
Gör dağtək qalansa nələr törədər?
Deyirlər: qürurlu şahlardan biri
Əfsanə sayaraq belə sözləri,
Bir adam göndərmiş,
təcrübə etmiş,
Eşitdiyi sözlər sübuta yetmiş.
Binanı qurtarıb, sonra İskəndər
Dəryadan səhraya elədi səfər.
Altı ay yol getdi sonsuz çöllərdən,
Qoşun təngə gəldi axır səfərdən.
O, fil ayağıyla səhralar keçdi,
Nilin sahilinə gəlib yetişdi.
Çayın mənbəyini istədi görə,
Çıxan olmamışdı o yüksəklərə.
İskəndər çox iti bir hərəkətlə,
Böyük mətanətlə, böyük cürətlə
Dördnala çapırdı çayla yanaşı,
Aşırdı sel kimi o, dağı-daşı.
Dağları, çölləri keçərək getdi,
Nəhayət, dağ-dərə axıra yetdi.
Quru qumluqları keçib ötürdü,
Axırda yamyaşıl bir təpə gördü.