_______________ Milli Kitabxana _______________
58
O gündən ki, qələmlə kağız çatdı şərəfə,
435
Cahan açdı gözünü, sözü gördü ilk dəfə.
Söz olmasa... yerində dünya donardı, sözsüz,
Nə qədər söz dedilər, yenə əskilmədi söz.
Söz - canımızdır. Eşqin lüğətinə baxsana!
Biz sözük, gövdəmizsə yalnız xarabaxana!
Yalnız qələm gücünə düşüncələr saxlanır,
Misra söz quşlarının qanadına bağlanır.
Bu sonsuz aləmdə ki, həm təzədir, həm köhnə,
Tükü qırx yerdən bölən sözdən kəskin nə var, nə?
Düşüncənin əvvəli, rəqəmin, sayın sonu,
440
Təkcə sözdür, təkcə söz, yadında saxla bunu.
Tacidarlar özu də tac söyləmişlər sözə,
Vasiflər vəsf eyləmiş, durub sözlə göz-gözə.
Gah sözün bayrağını çəkərlər eldən-elə,
Gah qələmin yazdığı saçar dünyaya şölə.
Bayrağını ən uzaq ellərə sancan da söz,
Qələmilə ən yeni iqlimlər acan da söz.
Bomboş fikrə, xəyala təslim olan kəslərə,
İlham üz göstəribmi məgər barı bir kərə?
Biz ki gözlərimizi sözə dikmişik artıq,
445
Ölsək, sözlə ölərik, qalsaq, sözlə qalarıq.
Damarları donanlar sözdə tapar atəş, köz,
Bağrı yananlar üçün dirilik suyudur söz.
_______________ Milli Kitabxana _______________
59
Sözdür bərbad aləmin abad qalan guşəsi,
Bu fələk sürfəsinin ən dadlı azuqəsi!
Hər boyadan an söz, ömür - günsən, ömür - gün,
Dillə vəsfini vermək bəlkə də qeyri-mümkün.
Söz bayraq taxan yerdə hərf ilə dil müzəffər,
Dilin, nitqin qüdrəti olur sözlə müyəssər.
Söz tapa bilməsəydi candakı şah damarı,
450
Can kələfin ucunu - aləmi tapardımı?
Sözlə kəşf eləyiblər hər qaydanı, hər yönü,
Həm təbiət mülkünü, həm şəriət möhrünü.
Mədən söz və qızılı təklif edib sərrafa,
Sərraf tərəzisində söz qızıldan çox baha!
Təzə söz, köhnə altun... hansı hakim kəsilir?
Söz hara, qızıl hara? Bunu sözdoğan bilir!
Öz qüvvəsilə gedər söz qasidi... tövşüməz,
Söz qaldıran dağları qaldıra bilməz heç kəs.
Söz gümüşü yanında qara torpaqdı dirhəm,
455
Qızıl hansı itdir ki, onu sözə tay biləm?
Heç kəs əyləşə bilməz sözdən yuxarı qatda,
Dövlətimiz, mülkümüz yalnız sözdür həyatda.
Sözdən xəbərsiz qalır könüldən xəbərsizlər,
Sözün yozumu sözdən daha şux, daha dilbər.
Nə qədər ki cahan var, sözün coşsun qoy səsi,
Qoy sözlə tazələnsin Nizaminin nəfəsi.
_______________ Milli Kitabxana _______________
60
ÖLÇÜLÜ SÖZÜN ÖLÇÜSÜZ
SÖZDƏN ÜSTÜNLÜYÜ
Ölçülüb biçilməmiş dağınıq sözlər belə
Sözsə... zərgər yanında bənzər gövhərə, lələ.
Ölçülüb-biçilərsə incə fikir, incə söz,
460
Nə qədər gözəlləşər, olar ürəyincə söz.
Kim ki sozə söz qoşub tapar haqqın səsini,
Sözlə iki aləmin açar xəzinəsini.
Bu xəzinəni yalnız açar tapanlar açar,
Yalnız söz ərlərinin dilləridir bu açar.
Sözün tərəzisini quran ulu hökmdar,
Sözün aşiqlərini sözlə etdi bəxtiyar.
Ərşin bülbülləridir cahanda söz qoşanlar,
Məgər özgələrinə tay tutularmı onlar?
Düşüncə atəşilə pərişan olan zaman,
465
Mələklərlə gəzərlər, mənzilləri asiman.
Sözdoğanlar - nur sacan peyğəmbərin kolgəsi,
Ərzin işıq pərdəsi, haqqın yanar nəfəsi.
Mətanət meydanında kimlər tutdu gör səfi,
Əvvəlcə peyğəmbərlər, sonra şairlər səfi!
Şair ilə peyğəmbər - bir nigarın məhrəmi,
Peyğəmbərlə şair haqq, qalanlar haq görkəmi.
Şairin süfrəsində şirin xurmalar ki var,
Xurma deyil, bəlkə də ürək parçasıdırlar.
Ürəyin dişlərilə qoparılmış söz, fikir
470
Torpağın dimdiyilə cilalanmış incidir.
Hikmət qaynağı şeri hər gün alçaldıb bir az,
Sudan da ucuz etdi beş-on nəfər şeirbaz.
_______________ Milli Kitabxana _______________
61
Kimin söz pərdəsində ahəngi var, sehri var,
Özü yerdə olsa da, ruhu göylərdə yaşar.
Dizi üstə söz yazıb, ölkələri tutan kəs
Dünyada heç bir kəsin qapısında baş əyməz!
Dizinə dirsəklənib fikrə dalan sənətkar,
Sözlə iki cahanın dövlətini qazanar.
Əyilən məğrur başı ayağını salamlar,
475
Dirsəklənər dizinə, kamanlaşar sənətkar.
Öz kaman halqasını qırmaq istəyən şair,
Bükülüb açılınca, təb üstündə dikəlir!
Bükülmüş qamətilə sanki həlqə olanlar,
Fələyin qulağına bəzən min həlqə taxar.
Bu hoqqabaz fələyin qarşısına sənətkar,
Bircə hoqqa yerinə neçə daş-qaş çıxardar.
Söz köhləni qızarkən... sənətkarın ürəyi,
Dodağını öpməkçün yırtar köksü, köynəyi.
Şairin ləl dodağı o zaman ki, açılar,
480
Yeddi göyün, Günəşin yaxasını parçalar.
Şairin ilham adlı cəsur bir atası var,
Dünyaya oğul kimi ər misralar bağışlar.
Şair qozbel fələyi qul eyləyər özünə,
Qulluqdan azad olar, özü köçsə sözünə.
Şairin xoş nəfəsi cana məhrəm, qəlbə yar,
Dilsizlərə dil verər, susmazları susdurar.
Hər gözələ can verən incə söz memarıdır,
Sən şairə vurul ki, o söz bəstəkarıdır.
Dostları ilə paylaş: |