22
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Azərbaycan Dövlətçilik Tarixinin Inkişaf Mərhələləri: Azərbaycan Xalq
Cümhuriyyətinə Gedən Yol
Dos.Dr. Mübariz Zahid oğlu Ağalarlı
Azərbaycan Dövlət Pedaqoji Universiteti
mubariz.aqalar@gmail.com
XÜLASƏ
Qədim tarixə və dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının dövlətçilik tarixi çox zəngindir.
Qədim dövrlərdən başlayan bu dövlətçilik ənənələri tarixin müxtəlif mərhələlərində inkişaf etmiş, formalaşmış və
dünya tarixində olduqca əhəmiyyətli iz buraxmışdır.
Təəssüflər olsun ki, müvcud dünya tarix elmində Azərbaycan dövlətçilik tarixinə münasibət birmənalı
deyildir və daha çox subyektiv xarakter daşıyır. XX əsrdə daha çox siyasi və ideoloji sifarişlər əsasında formalaşan
dünya tarixçiliyi Azərbaycanın yerli dövlətçilik ənənələrini inkar etmiş, tarixi dövrün müxtəlif mərhələlərində
ardıcıl olaraq mövcud olan Azərbaycan dövlətçiliyinin yaranmasını müxtəlif qeyri-Azərbaycan mənşəli etnoslara,
gəlmə tayfa və sülalələrin adına bağlamışdır.
Dünya tarix elmində Azərbaycan türklərinin aborigen statusu inkar edilir, dövlətçilik tariximizin əsasını
təşkil edən tunc dövrü “Kür-Araz mədəniyyəti” haqqında danışılmır, XI əsrə qədər Azərbaycan ərazisində mövcud
olan dövlətlər qeyri-türk əhalisinin yaratdığı dövlətlər kimi təqdim olunur.
Orta əsr ərəb və farsdilli qaynaqların verdiyi məlumatlara əsaslanaraq deyə bilərik ki, erkən orta əsrlər
dövründə hüdudları “Şimalda Dərbənddən başlayarq, cənubda Həmədana qədər, şərqdə Xəzər dənizi və qərbdə
Ərzənruma qədər...” olan Azərbaycan məmləkətinin əhalisinin dili, dini, siyasi və fəlsəfi dünyagörüşü artıq
formalaşmış, Azərbaycan türklərinin yaratdığı böyük şəhərlər və siyasi və mədəniyyət mərkəzləri müsəlman
tarixçiləri və coğrafiyaçılarının əsərlərində heyranlıqla təsvir edilmişdir. Azərbaycan sivilizasiyası Sasani-fars və
ərəb mədəniyyəti ilə yüz illər boyunca rəqabət apararaq davam gətirmiş, hətta bu gəlmə mədəniyyətləri öz
mədəniyyəti içərisində əritmişdir.
Dünya tarix elmində Azərbaycanın orta əsrlər dövlətçilik tarixinə və bu tarixin ən parlaq dövrlərindən
biri olan Azərbaycan Səfəvilər dövlətinə də münasibət olduqca subyektiv xarakter daşıyır. Səfəvilərin şiə məzhəb
siyasəti qabardılaraq bu Qızılbaş-Türk dövləti İran dövlətçiliyinin təməl qaynağı hesab edilir. Səfəvilər
sülaləsinin Azərbaycan dövlətçilik tarixindəki əhəmiyyətli rolu inkar edilir, bu dövlət tariximizin sonrakı
mərhələlərində yaranan Azərbaycan dövlətlərinin deyil, müasir İran dövlətinin sələfi kimi təqdim olunur. Qeyd
edək ki. ərəbdilli qaynaqlarda dəfələrlə Azərbaycanın siyasi hüdudları və sərhədləri qeyd olunduğu halda bu
faktı “İran dövlətinə” şamil edə bilmirik. Adı əsatirlərdə, rəvayətlərdə, bədii əsərlərdə vurğulanan, rəsmi dövlət
kimi siyasi hüdudları haqqında heç bir məlumat olmayan, yalnız XX əsrin birinci yarısında siyasi səhnəyə çıxan
İran dövlətini Səfəvi dövlətinin siyasi varisi elan etmək iddiası elmi əsası olmayan bir yanaşmadır.
Dünya tarixçiliyində Azərbaycan dövlətçiliyinə münasibətdə mövcud olan bu qeyri-obyektiv yanaşma
sonrakı Əfşarlar və Qacarlar dövrü üçün də xarakterikdir.
Tarixi qaynaqların verdiyi məlumatları obyektiv şəkildə təhlil etsək, bu qənaətə gələ bilərik ki, siyasi
hüdudları ərəblər dövründən konkret olaraq göstərilən Azərbaycan məmləkətində yaranan bütün dövlətlər
sülaləvi mahiyyət daşıyan Azərbaycan dövlətləri olmuş və bu sülalələr bir-birini əvəz etmişdir.
XX əsrin əvvəllərində Yaxın və Orta Şərqdə baş verən milli dövlətləşmə prosesində Azərbaycan Xalq
Cümhuriyyəti özündən əvvəl gələn Azərbaycan dövlətlərinin siyasi varisi rolunda çıxış edərək bu mirasa sahib
çıxmışdır.
Həmin dövrdə Qacarlar dövlətində monarxiya üsul-idarəsinin mövcudluğu, hakimiyyət bürokratiyasında
baş verən etnik-siyasi proseslər, Böyük Dövlətlərin Qacarlar xanədanına siyasi həyatına müdaxiləsi, bu Türk
xanədanlığının Azərbaycan milli dövlətinə çevrilməsinə imkan vermədi. 1925-ci ildə Fars Pəhləvilərin hakimiyyəti
ələ keçirməsi ilə Qacarlar dövlətinin etnik-siyasi mahiyyəti tamamilə dəyişdi və bu dövlətin əsas etnosu olan
azərbaycan türkləri tamamilə siyasi idarəetmədən uzaqlaşdırıldı. Cənubi Azərbaycan isə Fars pəhləvilər
dövlətinin bir əyalətinə çevrildi. Azərbaycanda milli dövlət quruculuğu Qacarlar dövlətinin timsalında gerçəkləşə
bilməsə də, bu siyasi missiyanı, Rusiya imperiyasından qoparaq, Şimali Azərbaycan torpaqlarında öz
müstəqilliyini elan edən və tarixi Azərbaycan adını qoruyaraq bu ada rəsmi dövlət status verən Azərbaycan Xalq
Cümhuriyyəti öz üzərinə götürdü. Məhz bu baxımdan Azərbaycan Xalq Cümhuriyyəti, tarixən Azərbaycan
torpaqlarında yaranan və ardıcıl olaraq bir-birini əvəz edən Azərbaycan dövlətlərinin siyasi varisidir.
Açar sözlər: Azərbaycan dövlətçiliyi, tarixi inkişaf mərhələləri, tarxi-siyasi təhlil, AXC, siyasi varislik,
Dostları ilə paylaş: |