____________________Milli Kitabxana_____________________
313
Partaları sürüyüb həyətə tökdülər. Sonradan məktəbin həndəvərindəki
həyətlərə doluşdular. Heç kimdən heç nə soruşmadan ot tayalarına yaxınlaşdılar,
qucaqlayıb məktəbə doğru gətirdilər. Sinif otaqlarının döşəməsinə tökdülər.
Özləri üçün yatmağa rahat yer düzəltdilər. İri, buz kimi qar dənələri səpələməyə
başladı. Bir azdan isə bu qar dənələri lopa-lopa oldu, yer ağardı.
Yoldaş Fətullayev kənd şura sədri Mustafa kişi ilə birlikdə başının dəstəsi ilə
at belində gəldilər. Yoldaş Fətullayev komandirləri də götürüb sinif otaqlarını,
əsgərlərin yatacağı yerləri, ot döşənmiş döşəmələri şəxsən özü yoxladı və razı
qaldı. Sonra üzünü Mustafa kişiyə çevirdi:
- Yoldaş sədr, bu otaqlar azlıq edəcək. Kənddə boş otaqlar varmı?
- Yoxdur, yoldaş Fətullayev.
Fətullayev tərs-tərs onun üzünə baxdı.
- Yoxdur - tap, evləri boşaltdır.
Mustafa kişi onun zəhmli baxışlarından və sərtliyindən titrəsə də, dilləndi:
- Bu qışın soyuğunda evləri necə boşaldım, arvad-uşağı necə çölə atim?
- Deyəsən, başın bədəninə ağırlıq edir?!
Mustafa kişi həyətdə qaynaşan əsgərlərə, yoldaş Fətullayevin sərt üzünə
baxıb, gödəkcəsinin içində büzüşdü. Fətullayev isə sözünə davam etdi:
- Rusiyadan ölkələr basa-basa gələn bu adamları çöldə qoyacayıq?
Mustafa kişi harasa getdi və bir azdan kəndin evlərindən ağlaşan arvad-uşaq
səsi gəldi.
2
Çapıq Əmrah ilin çox vaxtını binələrdə, yaylaqlarda, qonşu obalarda
qohumlarının, özünə yaxın saydığı tanış-bilişlərin evində qalardı. O, qaçaq
deyildi. Amma qaçaqvari bir həyat keçirirdi. Həmişə səksəkədə idi. Gözə çox
görünməz, mərəkəyə çox çıxmazdı. Öz evinə havalar soyuqlaşanda, qış girəndə
xəlvəti gələr, bir neçə gün qalardı. İndi də elə etmişdi. İki gün bundan əvvəl
evinə gəlmişdi.
____________________Milli Kitabxana_____________________
314
Evinə gələn kimi buxarını, dəmir sobanı möhkəm qalatmış, pəncərənin
taxtalarını qapatmış, otaq boyu baş-başa uzanmış üstü gəbəli taxta döşəkçə,
mütəkkə, yastıq saldıraraq çəkmələrini soyunub rahatca uzanmışdı. O istəyirdi
ki, soyuq qış havasında sümükləri isinsin, bədəni qızışsın, heç olmazsa, bir-iki
gün rahat yatıb dincini alsın. Amma səksəkəli həyat tərzinin təsiri ilə bir-iki saat
mürgülədikdən sonra, qarmaqarışıq fikirlər, ötən günlərin olub keçənləri ona
rahatlıq vermirdi. Tez-tez o üz-bu üzə çevrilir, gözünü tavana zilləyir, saatlarla
tavana tamaşa edirdi. Onun fikri, xəyalı çözələndikcə çözələnir, ötən günlərə -
Gəncəyə gedib çıxırdı...
... Xudadat bəy adəti üzrə işə başlamazdan əvvəl arxa otağa keçib paltarını
dəyişdi, asılqandan asılmış ağ xalatını əyninə geyindi, fenandoskopunu əlinə alıb
diqqətlə baxdı, istilik ölçəni, cərrahiyyə bıçaqlarını nəzərdən keçirdi və sonradan
hər şeyi səliqə-sahmanla yerinə düzdü. Camaat ona Gəncə general-
qubernatorluğunu təklif edəndə uzun müddət razı olmamış: : "Mən həkiməm", -
demişdi. Lakin atası Ələkbər bəy işə qarışandan sonra razılıq verməli olmuşdu.
Xudadat bəy hər gün xəstəxanaya baş çəkər, sonra idarəyə gələrdi. Bu gün də elə
etmişdi.
Üst-başını sahmana salıb iş otağına keçdi. Yazı masasının arxasında oturdu.
Qapı açıldı, növbətçi zabit içəri keçib səhər poçtunu Xudadat bəyə verdi.
Qubernator məktubları vərəqlədi və əlinə keçən ilk teleqramı oxudu: "Rusiyaya
qayıdan soldatlar özləri ilə bərabər silahlarını da aparırlar. Əgər sülh üzrə
onlardan silahı almaq olmazsa, o zaman Zaqafqaziya milli ordusu cəbhədə
silahsız qalacaqdır. Bu cəhətdən soldat, fəhlə mərkəzi şurası qət etdi ki, milli və
qeyri şuralara məlum etsinlər ki, evlərinə qayıdan soldatlardan silahları almaqdan
ötrü lazımi tədbir görülsün. Bu xüsusda hər dəfə məzkur Şuraya məlumat
versinlər".
Sədr: "Jordaniya".
Xudadat bəyin alnı qırışdı, teleqramı o üz-bu üzə çevirib xeyli baxdı.
Kəşfiyyat ona məlumat vermişdi ki, Türkiyə cəbhəsindən: Kars və Ərdəhandan
vətənə yola düşən rus hərbi eşelonları Gürcüstana daxil olmuşdur. Gürcü
hökuməti onlan Tiflisə yaxın buraxmamaq və ətraf stansiyalarda tərk-silah etmək
istəyirdi. Bir neçə gün idi ki, bu hərbi eşelonlar Qardaban-Qarayazı
stansiyalarında dayanıb yol gözləyirdilər. "Bu gürcülər də ilanı Seyid Əhməd əli
ilə tutmaq istəyirlər. Həmin eşelonları tərk-silah etmək, həm də dava-qalmaqalı
başqa ye-
____________________Milli Kitabxana_____________________
315
rə salmağa çalışırlar. Çalışırlar ki, bu hadisə Azərbaycanda baş versin və
sonradan dünyaya səs salsınlar ki, bu millət mədəniyyətdən uzaqdır və orda
quldurlar hökmranlıq edir". Amma yeni yaranan dövlətə ordu və silah lazım idi.
Xudadat bəy general-qubernator seçiləndən sonra bu haqda tez-tez düşünürdü.
Oktyabr inqilabından sonra Rus imperiyası dağıldı. Müstəmləkələr
istiqlaliyyət əldə etdilər, öz dövlətlərini yaratdılar. O cümlədən Azərbaycanda da
Demokratik Azərbaycan Cümhuriyyəti yaradıldı. İndi əsas məqsəd bu dövləti
əldə saxlamaq idi. Bunun üçün əsas şərtlərdən biri Azərbaycanın ordusunu
yaratmaqdır. Qəribə bir vəziyyət əmalə gəlmişdi. Çar Rusiyası müsəlmanlardan
əsgər aparmırdı. Azərbaycanlılardan ibarət hərbi təlim keçmiş nizam-intizamlı
ordu yox idi. Ancaq rus ordusunda xidmət etmiş çox görkəmli, qabiliyyətli
generallarımız, komandirlərimiz mövcud idi. Xudadat bəy dərk edirdi ki, mütləq
hərbi səfərbərlik elan etmək və yaxşı ordu yaratmaq lazımdır. Ordunu ordu
halına salmaq üçün onu silahlandırmaq lazım idi. İndi belə fürsət ələ düşmüşdü:
cəbhədən geri qayıdan qoşunları tərk-silah etmək, həm də davasız-şavasız.
Zəngi basdı. Növbətçi zabit içəri girdi. Xudadat bəy ona göstəriş verdi:
- Əmrahı tez mənim yanıma göndər.
Bir neçə dəqiqədən sonra Əmrah iş otağında fikirli-fikirli gəzişən Xudadat
bəyin önündə dayandı.
- Aslan bəy Səfikürdskini, Rüstəmbəyli Şəfi bəy ilə Adıgözəl İmamverdi bəyi
bura çağır. Sonra uşaqlardan göndər qaçaqların yanına. Qaçaq Qənbər, Xallı
Heydər, Topal Həsənli Cabbar, Tatoğlu Hasanı tapıb mənim adımdan xəbər
versinlər ki, öz adamlarını yığıb təcili Şəmkir vağzalına yola düşsünlər. Ətraf
kəndlərdəki adamları da yığsınlar. Dəmiryolunun alt və üst tərəfini kəssinlər və
bizi gözləsinlər.
Çapıq Əmrah dərhal həyətə düşdü və bir dəstə atlı ilə qaçaqların dalınca
getdi. Bundan sonra Xudadat bəy məsələni açdı:
- Ağalar, rus eşelonları Türkiyə cəbhəsindən gəlirlər, onları tərksilah etmək
lazımdır. Şəfi bəy ilə İmamverdi bəy, siz təcili gedin Yevlağa, adamlarımıza
xəbər verin, qoyun hazır dayansınlar. Əgər eşelonlar Gəncəni keçə bilsələr,
Bakıya doğru getməyə qoymasınlar. Mümkün qədər bu işləri sakitliklə, qansız
eləmek lazımdır. Di sizə yaxşı yol. Biz isə, Aslan bəy, səninlə birlikdə Şəmkirə
yola düşməliyik.
Dostları ilə paylaş: |