– Eybi yoxdur, onun pulundan qalanı götürərsiniz. Frankı aparmaq qadağan deyil.
– Elədir. Ancaq orada satsaydım, uzun müddət dolana bilərdim. Görünür, Qogeni
də qurban verəsi olacağam...–Rozenfeld spirt lampasının ora-burasına baxdı.–İndi
bu üçü qalıb. Gərək, onlarla dolanam. İş tapmağa ümidim yoxdur, elə möcüzə indi
haradadır?! Hələ üçü qalıb! Hərəsi ömrümdən bir parça özü ilə aparır...– O, indi
çamadanın yanında yazıq-yazıq dayanmışdı.–Vyanada beş il yaşadım. Çox bahalıq
deyildi, birtəhər başımı girləyirdim... Ancaq yenə də iki Renuara və Deqanın bir
pastelinə başa gəldi. Praqada isə bir sisle və beş rəsm əsəri yedim: ikisi Deqanın,
biri Renuarın qrafikası, ikisi də Delakruanın sepiyaları idi... Heç kəs rəsm əsərinə
pul vermək istəmirdi... Bunlar Amerikada mənim həyatımı bir il uzadardı.
Görürsünüzmü, indi üçcə şəklim qalıb...– Onun səsində dərin bir hüzn vardı. –
Dünən dörd idi... Bu viza mənə ən azı iki il ömür bahasına başa gəldi! Bəlkə də, üç
il...
– Ancaq elə adamlar da var ki, dolanmağa heç şəkilləri də yoxdur.
Rozenfeld sümüyü çıxmış çiyinlərini çəkdi:
– Bu, təsəlli deyil...
Ravik etiraz etdi:
– Xeyr, doğrudan, elədir...
– Gərək, bu üç şəkillə müharibəni başa vuram. Müharibə də çox çəkəcək... Ravik
dinmədi.
– Bunu kor yapalaq deyir,–Rozenfeld əlavə etdi.–Ancaq özü də Amerikanın
kənarda qalacağına inanmır.
– Bəs onda hara getmək istəyir? Daha yer qalmadı ki!
– Özü də dəqiq bilmir. Könlündən Haiti keçir. Zənci respublikasının müharibəyə
qoşulacağına inanmır.–Rozenfeld tamamilə ciddiləşmişdi.–Ya da Hondurasa.
Cənubi Amerikada kiçicik bir respublikadır. San Salvador... Bəlkə də Yeni
Zellandiyaya getdi...
– Yeni Zellandiyaya? Ora çox uzaq deyil?
– Uzaqdır?–Rozenfeld qüssəli-qüssəli gülümsədi.–Baxır haradan...
XXVII
Dəniz... Dəhşətli uğultusu ilə qulaqları batıran dəniz... Tükürpərdici həyəcan
siqnalları... Siqnal verə-verə sulara qərq olan gəmi... Gecə... Ayıldıqca yavaş-yavaş
doğmalaşan otaq, pəncərənin kölgəsi... Siqnallar kəsilmək bilmir... Telefon imiş!
Ravik dəstəyi qaldırdı:
– Bəli...
– Ravik!
– Nə olub? Danışan kimdir?
– Mənəm... Tanımadın?
– İndi tanıdım. Nə olub?
– Bura gəl, Ravik! Tez ol! Yubanma!
– Nə olub!
–Tez ol, Ravik! Başıma iş gəlib...
241
–Nə iş?
–Başıma iş gəlib... Qorxuram... Gəl! Tez gəl! Kömək elə, Ravik! Gəl!
Dəstəkdən şıqqıltı eşidildi. Ravik gözlədi. Qırıq-qırıq zənglər eşidildi. Joan dəstəyi
asmışdı. O da dəstəyi yerinə qoyub, gözlərini alaqaranlıq gecəyə zillədi. İçdiyi
dərmanın təsiri hələ də qalmış, o, tamam ayılmamışdı. Əvvəlcə elə bilmişdi ki,
Haakedir. Ancaq pəncərəni görəndə bildi ki, «Prins de Qall» mehmanxanası deyil,
«İnternasional»dadır. Demək, Haake ola bilməzdi. Saata baxdı. Beşə iyirmi dəqiqə
işləmişdi. Birdən sıçrayıb qalxdı. Haakeyə rast gələndə Joan nəsə demişdi:
təhlükə... qorxu... Əgər... Hər şey ola bilərdi! Belə səfehlikləri azmı görmüşdü?
Tələsik lazım olan şeyləri yığışdırdı, geyindi.
Elə birinci tində taksi düşdü. Sürücünün yanında balaca bir it də vardı və onun
çiynində elə oturmuşdu ki, deyərdin, boynuna xəz yaxalıq taxıb. Maşın
silkələndikcə, o yırğalanırdı və bu da Ravikin əsəblərinə toxunurdu, az qalırdı ki,
onu götürüb oturacağın üstünə tullasın. Ancaq Parisin taksi sürücülərinə yaxşı
bələd idi...
Maşın bürkülü iyul gecəsində uğuldayırdı. Haradansa həzin-həzin pıçıldaşan
yarpaqların ətri gəldi. Haradasa cökə çiçək açdı, kölgə saldı... Yasəmən rəngli
səmanın qoynunda ulduzlar sayrışır, onların arası ilə bir təyyarə uçur, onun da
yaşıl, qırmızı xəbərdarlıq işığı göz vurur... Sanki, nəhəng bir böcək işıldaquşların
arasına düşüb! Kimsəsiz küçələr, uğuldayan boşluq, mahnı oxuyan iki sərxoş,
hansı zirzəmidənsə gələn akkordeon səsi... Və qəfil bir qorxu... Az qala, nəfəsi
tutulurdu. Sanki, daxilində nəsə onu didir, «tez ol, tez ol!» deyirdi. Bəlkə də, artıq
gec idi...
Bu da ev! Mürgü döyən qaranlıq... Lift sürünə-sürünə gəlir... Elə bil, işıldayan
ilbizdir, asta-asta sürünür... Ravik artıq ikinci mərtəbəyədək pilləkənlərin yarısını
çıxmışdı, ançaq nə fikirləşdisə, geri qayıtdı. Nə qədər yavaş getsə də, lift ondan tez
çatardı...
Bu da Parisin oyuncaq liftləri! Təkadamlıq kameraya oxşayır, cırıldayır,
guruldayır, üstüaçıq, yanı açıq, təkcə ayağının altında bir parça dəmir... Lampanın
biri də yanmır, xətlər birləşəndə gözərir, o biri isə... Bu da axırıncı mərtəbə! Tor
qapını açıb çıxdı, zəngi basdı...
Qapını Joan açdı. Ravik diqqətlə onu süzdü: qan ləkəsi yox idi, rəngi də özündə...
Heç nə yox idi...
– Nə olub? Haradadır?–deyə soruşdu.
– Nə yaxşı gəldin, Ravik!
– Haradadır? Neyləmisən?
Joan geri çəkildi, Ravik içəri girdi, otağa göz gəzdirdi: heç kəs yox idi.
– Hardadır? Yataq otağında?
– Kim?–Joan təəccübləndi.
– Yataq otağında adam var? Kim var orada?
– Heç kim. Niyə soruşursan? – Ravik diqqətlə onun üzünə baxdı. – Burada ayrısı
olsa, səni çağırardım?
Ravik gözlərini hələ də ondan çəkməmişdi. Heç nə olmamışdı, sağ-salamatca
dayanıb gülümsəyirdi.
– Bu, nə oyundur?
242
Joan təbəssümlə:
– Ravik!–dedi.
Elə bil, başına bir qazan qaynar su töküldü: Joan elə bilirdi ki, o qısqanır və bundan
ləzzət alırdı! İçində alətlər olan balaca əl çantası birdən-birə elə ağırlaşdı ki! Sanki,
pudluq daş idi... Onu stullardan birinin üstünə qoydu:
– Sən lap ifritə imişsən!–dedi.
– Nə? Nə dedin?
– İfritəsən!–Ravik təkrar elədi.–Mən də eşşəyəm ki, sənə inandım!
Çantanı götürüb qapıya tərəf döndü. Joan o dəqiqə onun qabağını kəsdi:
– Neyləyirsən? Getmə! Məni tək qoyma! Tək qalsam, neyləyərəm?!
– Yalançısan! Miskin bir yalançı! Yalan danış, eybi yoxdur, ancaq bu cür ucuz
yalan adamı iyrəndirir... Belə zarafat olmaz!
Joan darta-darta onu qapıdan araladı:
– Bir yan-yörənə bax! Görmürsən, nəsə olub?! Görmürsən, necə özündən
çıxıbmış? Qorxuram, yenə qayıdar. Sən onu tanımırsan...
Stullardan biri yanı üstə çevrilmişdi. Yerdə bir lampa və şüşə qırıqları vardı.
– Otaqda gəzəndə ayaqqabı gey ki, şüşə qırığı batmasın! Bu da sənə yeganə
məsləhətim...
Şüşə qırıqlarının arasında bir şəkil vardı. Ravik ayağı ilə qırıqları bir tərəfə eləyib,
şəkli götürdü.
– Bu da sənin...– şəkli stolun üstünə atdı, – daha məndə işin olmasın!
Joan onunla üzbəüz dayanıb üzünə baxırdı. Rəngi dəyişmişdi.
– Ravik,–deyə astadan, yazıq-yazıq dilləndi.–Eybi yoxdur, mənə nə ad qoyursan
qoy. Çox yalan danışmışam... Çünki, iz özünüz belə istəyirsiniz!–Şəkli əli ilə
itələdi. Şəkil stolun üstü ilə sürüşə-sürüşə elə dayandı ki, Ravik oradakı adamı
gördü. Ancaq Joanla «Kloş djOr»da gördüyü kişi deyildi.–Hamı elə istəyir,–deyə
Joan nifrətlə sözünə davam etdi.–Yalan danışma! Yalan danışma! Həmişə düz
danış! Düzünü deyəndə də dözə bilmirlər! Heç biri dözmür! Ancaq səni çox
aldatmamışam... Səni yox... Səni aldatmaq istəmirdim...
– Yaxşı,–deyə Ravik onun sözünü kəsdi.–Bunu indi saf-çürük eləmək lazım deyil...
Birdən-birə nədənsə ürəyi şan-şan oldu... Nəsə onu kövrəltdi... Özünə acığı tutdu.
Ona kövrəlmək olmazdı!
– Düz sözümdür, sənə yalan danışmağa ehtiyac yox idi,– deyə Joan imdad diləyən
baxışlarla onu süzdü.
– Joan...
– İndi də aldatmıram. Hamısı yalan deyil, Ravik! Ona görə zəng vurub çağırdım ki,
qorxurdum. Yaxşı ki, onu birtəhər qapıdan bayıra sala bildim, o dəqiqə də cəftəni
vurdum. Ağlıma gələn ilk fikir bu oldu... Pis eləmişəm?
– Mən gələndə çox sakit idin, qorxduğun heç bilinmirdi.
– Çünki getmişdi. Çünki bilirdim, sən, gəlib, kömək duracaqsan.
– Yaxşı, deməli, hər şey qaydasındadır, mən də gedə bilərəm...
– Qayıdacaq! Gedə-gedə qışqırdı ki, qayıdacaq. İndi haradasa oturub içir.
Bilirəm... Sərxoş olan kimi qayıdacaq. O, sənin kimi deyil, içə bilmir...
243
–Bəsdir!–Ravik onun sözünü kəsdi.–Qurtar, getsin, boş şeydir. Qapın da
möhkəmdir... Bir də elə şey eləmə!
Dostları ilə paylaş: |