Joan yerindən tərpənmədi:
– Bəs neyləyim?–deyə qəfildən hıçqırdı.
– Heç nə.
–Sənə zəng vururam... Üç dəfə, dörd dəfə... Cavab vermirsən. Cavab verəndə də
deyirsən ki, məni rahat burax... Bunu necə başa düşüm?
– Necə var, elə.
– Necə var, elə? Bu, nə deməkdir? Məgər biz avtomatıq ki, istəyəndə işə salıb,
istəməyəndə də dayandırsınlar? Gecə hər şey gözəl olur, məhəbbət aşıb-daşır,
sabah açılan kimi...
Ravik üzünə baxan kimi səsini kəsdi.
– Bilirdim, belə olacaq,–Ravik astadan dilləndi.–Bilirdim ki, sən bundan istifadə
etməyə çalışacaqsan. Belə şeylər sənə çox yaraşır. Onda bilirdin ki, axırıncı
dəfədir, gərək, bunu eləməyəydin! Onda özün gəldin və olanlar da ona görə oldu
ki, axırıncı dəfə idi... Yaxşı da oldu, ayrılıq gecəsində bir-birimizdən doyduq və
həmin gecə də xoş xatirəyə döndü... Ancaq sən başqa yol seçdin, alverçi kimi
ondan istifadə eləyib, alçaq niyyətini həyata keçirmək, bircə anın içində bircə dəfə
olan müqəddəs bir şeyi eybəcər eyş-işrətə çevirmək istədin. Görəndə ki, mən
yaxınlıq vermirəm, bu iyrənc hiyləyə əl atdın və indi deyilənləri təzədən çeynəmək
lazım gəlir. O sözləri ki, adam bir də deməyə utanır...
– Mən...
– Bilirdin,–Ravik ona aman vermədi.–Yenə yalan danışma! Sənin onda dediklərini
təkrar eləmək istəmirəm. Mən hələ elə şeyləri bacarmıram! İkimiz də bilirdik...
Dedin ki, bir də gəlməyəcəksən...
– Gəlmədim də.
Ravik diqqətlə onun üzünə baxdı. Yavaş-yavaş özünü ələ alırdı:
– Razıyam... Ancaq zəng elədin.
– Ona görə zəng elədim ki, qorxurdum.
– İlahi, həyasızlığın dərəcəsinə bax! Yaxşı, mən təslim!
Joan gülümsəməyə başladı:
– Mən də, Ravik! Görmürsən, yeganə məqsədim səni burada saxlamaqdır?
– Mənim də yeganə məqsədim getməkdir.
Joan hələ də gülümsəyirdi:
– Niyə?
Ravikə elə gəldi ki, daha taqəti qalmayıb. Joan, sadəcə olaraq, onu başa düşmək
istəmirdi. Niyəsini ona izah eləməyə başlasa, Allah bilir, nə vaxt, harada
qurtaracaqdı...
– Ona görə ki, bu iyrənc bir əxlaqsızlıqdır!–nəhayət, dilləndi.–Sən bunu başa
düşməzsən.
– Başa düşürəm,–deyə Joan astadan təkrar etdi.–Bəlkə də, elədir. Ancaq niyə bir
həftə bundan qabaq elə idi, indi belə?
– Onda da belə idi.
Joan dinməyib, xeyli onu süzdü, sonra:
– Məni maraqlandırmır, nə ad qoyursan, qoy,–dedi.
244
İndi də Ravik susurdu. Hiss edirdi ki, inandıra bilməyəcək.
– Ravik!–Joan ona yaxın gəldi.–Elədir! Onda dedim ki, axırıncıdır. Dedim ki, bir
də məni görməyəcəksən. Ancaq ona görə dedim ki, sən belə istəyirdin. Elə
olmayaçağını bilə-bilə dedim... Başa düşmürsən?–deyə Joan onun üzünə baxdı.
– Yox!–Ravik kobud cavab verdi.–Mən birçə bunu başa düşürəm, sən iki kişi ilə
birdən yatmaq istəyirsən!
Joanın heç tükü də tərpənmədi:
– Elə deyil...–nəhayət, dilləndi.–Ancaq, tutaq ki, lap elədir, bunun sənə nə dəxli?–
Ravik döyükə-döyükə qaldı. – Doğrudan, bunun sənə nə dəxli?–Joan bir də təkrar
elədi.–Mən səni sevirəm, bu, bəs deyil?
– Yox!
– Qısqanc olma, Ravik! Sənə heç yaraşmır... Əvvəllər də olmamısan.
– Bu cür olum?
– Yox... Sən heç bilmirsən, qısqanclıq nə olan şeydir.
– Əlbəttə, bilmərəm! Çünki sənin o cüvəllağın kimi artistlik eləmirəm.
Joan gülümsədi:
–Qısqanclıq əvvəlcə rəqibin nəfəs aldığı havadan başlayır, Ravik.
Ravik dinmədi. Joan indi qarşısında dayanıb, üzünə baxırdı. Baxır və susurdu.
Qəflətən hər şey – hava da, bu balaca dəhliz də, zəif işıq da Joanın özünə, gizli bir
həsrətə döndü. Elə bil, uca bir qüllənin başında dayanıb, gözlərin qarala-qarala
aşağı baxırsan və yer də, sanki, səni özünə tərəf çəkir...
Ravik hiss edirdi ki, nəsə onu çəkir. Ancaq bu tilsimə düşmək istəmirdi. Daha
getmək haqda da düşünmək istəmirdi, Getsəydi, həmin şey əl çəkməyib, onun
dalınca gələrdi. O isə istəmirdi, dalınca gələn olsun! Hər şeyin axırına yetmək,
aydınlaşdırmaq istəyirdi. Bu aydınlıq sabah üçün lazım idi...
– İçməyə bir şeyin var?–deyə soruşdu.
– Var. Nə istəyirsən? Kalvados?
– Varsa, konyak ver. Ancaq kalvados da olar, fərqi yoxdur.
Joan balaca dolaba tərəf getdi. Ravik onun arxasınca baxdı. Sən demə, o məchul
tilsim bu otağın havasında, gur işığında gizlənibmiş: adama: «gəl burada məskən
sal, kükrəyib şahə qalxmış qanın əbədi sakitlik tapacaq», – deyir. Ancaq inanma,
coşmuş hisslər yenə səni aldadır, bu əbədi sakitliyin ömrü bircə gecədir!
Qısqanclıq... Onun nə olduğunu bilmirdi? Kamala çatmamış məhəbbətləri azmı
görmüşdü? Qısqanclıq deyilən şey adama bütün dərdlərindən də çox əzab verən
köhnə bəla deyildimi?! Qısqanclıq deyilən şey iki sevəndən birinin qabaqca
öləcəyini bilən gündən başlamırmı?!
Joan kalvados gətirmədi. Əlində bir şüşə konyak tutmuşdu. «Yaxşı oldu,–deyə
Ravik ürəyindən keçirdi.–Bəzən o da həssas olmağı bacarır...» Qədəhi qoymaq
üçün şəkli bir az o tərəfə itələdi. Ancaq tez də əlinə götürüb baxdı. Yaranmış
psixoloji səddi aradan qaldırmağın ən asan yolu öz sələfinin şəklinə baxmaq idi...
– Qəribədir, – dedi, – nə pis yaddaşım var imiş. Sənin o cüvəllağını tamam başqa
cür təsəvvür edirdim.
Joan şüşəni stolun üstünə qoydu:
– Bu heç o deyil,–dedi.
– Belə de... Bu da ayrısı imiş...
245
– Hə, hamısı da onun ucbatından oldu.
Ravik konyakdan iri bir qurtum aldı:
– Bəs bilmirdin ki, köhnə məşuqun gələndə üzdəki kişi şəkillərini yığışdırmaq
lazımdır? Ümumiyyətlə, evi şəkillə doldurmaq lazım deyil. Zövqsüzlükdür...
– Üzdə deyildi, özü eşələyib tapdı. Şəkil də hamıda olan şeydir. Sən belə şeyləri
başa düşməzsən... Onu yalnız qadınlar bilər. İstəmirdim, o, bu şəkli görsün.
– Ona görə də davaya düşdün. Ondan asılılığın var?
– Yox, özüm iki illiyə müqavilə bağlamışam.
– Bunu da o düzəldib?
– Niyə düzəltməsin ki?–Joan, doğrudan da, heyrətləndi.–Bunun da bir mənası var?
– Yox... Ancaq elə adamlar var ki, bunu nankorluq hesab edir...
Joan çiyinlərini çəkdi. Bu çiyinləri görən kimi keçmiş xatirələr yenə baş qaldırdı.
Nə vaxtsa Joan yanında uzananda nəfəs aldıqca bu çiyinlər asta-asta, bir qaydada
qalxıb-düşürdü. Sanki, qızılı rəngə boyanmış səmada qızılı rəngə çalan bir dəstə
quş qanad çala-çala yoxa çıxdı. Doğrudanmı, bunlar uzaqda qalmışdı? Çoxmu
uzaqlarda idi? Danış, sən, ey şirin xatirələrin gözəgörünməyən hesabdarı, danış!
Doğrudanmı, o zəif işartılar çoxdan torpağa gömülüb? Yoxsa, bunlarmı
axırıncıdır? Yox, bunu heç kim deyə bilməz...
Pəncərələr taybatay açıq idi. Nəsə qara, qırçınlı parçaya oxşayan bir şey uça-uça
içəri girdi, özünü ora-bura vurdu, sonra lampanın çətirinə qonub, qanad çala-çala
caynaqlarını ilişdirdi və özünü onun üstünə sərdi. Al-qırmızı, göy, boz rənglərə
çalırdı və deyərdin, gecənin ipək çətirə sancılmış ordenidir.. Gördü ki, qaranlıqda
yol azmış kəpənəkdir. Məxmər qanadları asta-asta tərpənirdi və indi onunla üzbəüz
dayanmış qadın da nəfəs aldıqca sinəsi nazik paltarının altında eləcə titrəyirdi. Nə
vaxtsa kəpənəyi bir dəfə də belə görmüşdü. Nə vaxt? Yüz ilmi keçmişdi o
vaxtdan?
Luvr muzeyi... Nike... Yox, ondan da əvvəl görmüşdü. Lap qədimdə, toz-duman
içində itmiş qızılı rəngli ulu keçmişdə görüb... Onda min rəngə çalan daşlardan
tikilmiş uca mehrabların tüstüsü ərşə qalxmışdı... Vulkanların uğultusundan qulaq
tutulurdu, yer üzünə ehtirasdan, coşğunluqdan dumanlı bir pərdə çəkilmişdi...
Onda idrakın qayığı çox balaca idi, belə fırtınaya tab gətirə bilməzdi... Onda hər
yandan alov püskürürdü, əjdaha kimi ağzını açaraq, yer üzündəki bütün canlıları
udurdu... Və bir az sonra meduza zəmanənin qumlu sahilinə sərilib qalmış,
heroqlifə oxşayan insan ruhlarına baxıb rişxəndlə gülürdü...
Kəpənək tərpəndi, yeriyə-yeriyə çətirin altına girdi və qanadlarını isti elektrik
lampasına çırpmağa başladı, bənövşəyi toz qalxdı... Ravik onu götürüb, pəncərənin
qabağına gəldi, qaranlığın qoynuna atdı...
– Yenə qayıdacaq!–Joan dilləndi.
– Bəlkə də, qayıtmadı...
– Hər gecə gəlirlər... Parkdan uçub gəlirlər. Bir gələn, bir də gəlir... Keçən həftə
gələnlər sapsarı limon rəngində idilər. İndi də belələri...
– Elədir, bir gələn, bir də gəlir. Sonra da başqaları gəlir. Gah əvvəlkilər, gah da
sonrakılar...
Niyə belə danışırdı? Sanki, kimsə arxasında dayanıb onun əvəzinə danışırdı. Sanki,
lap uzaqlardan, son ümid qığılcımları işaran yerdən əks-səda gəlirdi. Nəyə ümid
Dostları ilə paylaş: |