Termit və termit əsaslı yandırıcı maddələr – dəmir oksidi və alüminium oksidinin qarışığından ibarətdir. Bu qarışığa oksidləşdirici və əlaqələndirici (birləşdirici) maddələr əlavə olunur. Onlar yandıqda temperatur 3000°C-yə qədər qalxır. Bu temperaturda metallar əriyir, beton və kərpic çatlayır, dağılır. Bu maddələr yandıqda alov yaranmır, ona görə termitə 40-50% toz şəkilli maqnezium və oksigenlə zəngin başqa birləşmələr qatılır.
Ağ fosfor – ağ yarımşəffaf bərk mumabənzər maddədədir, havada oksigenlə birləşərək öz-özünə alışır. Yanma temperaturu 900-1000°C olur. Yandıqda ağ zəhərləyici tüstü buraxır. Fosfordan napalm və pirogel yandırıcı maddələrini alışdırmaq üçün istifadə olunur. Plastik fosfor ağ fosfordan və plastik sintetik kauçuk kütləsindən ibarətdir, tətbiq edildikdə şaquli səthlərə yapışır və onları yandırır. Plastik fosfordan bombalar, mərmilər və başqa yandırıcı döyüş sursatları hazırlanır.
Müasir yandırıcı silahlara:
- napalm bombalar;
- aviasiya yandırıcı bombaları;
- aviasiya yandırıcı kassetləri;
- aviasiya kasset quğuları;
- artilleriya yandırıcı döyüş sursatı;
- odsaçanlar;
- reaktiv yandırıcı qumbaraatanlar;
- yandırıcı fuqas daxildir.
Kiçik kalibrli aviasiya yandırıcı bombaları kasset şəklində istifadə olunur və bunlar birdəfəlik istifadə üçün nəzərdə tutulur. Adətən, onlar termitlə doldurulur və çəkisi kiçik olduğu üçün ayrı-ayrı yanma ocaqları əmələ gətirir. Aviasiya yandırıcı kassetləri daha böyük yanğınlar törətmək üçün istifadə olunur. Bu kassetlərdə 50-dən 600-800-dək kiçik kalibrli yandırıcı bombalar yerləşdirilir və bunların tətbiqi zamanı çox geniş ərazilər zədələnir. Aviasiya kasset qurğuları eyni məqsədlə istifadə olunur və aviasiya bombalarından fərqli olaraq təkrar istifadə oluna bilir.
Artilleriya yandırıcı döyüş sursatı termit, napalm, fosfor tərkiblidir, partladıqda ətrafa yayılan bu yandırıcı maddələr 30-60 m² sahədə yangınlar törədir. Termit seqmentlərinin yanma müddəti 15-30 saniyədir.
Odsaçan silahlar piyada döyüş dəstələri üçün effektiv yandırıcı silahdır. Bu zaman yandırıci maddələr qarışığı yüksək təzyiqlə ətrafa alov saçır.
Yandırıcı silahların termiki təsiri nəticəsində insanlarda yanıqlar əmələ gəlir. Yanğınlar zamanı əmələ gələn qaynar hava, tüstü, karbon qazı və başqa yanma məhsulları insanlar üçün təhlükəlidir. Yandırıcı silahlardan qorunmaq üçün ən etibarlı vasitə sığınacaqdır. Yandırıci maddələr fərdi mühafizə vasitələrinin və geyimin üzərinə düşərsə dərhal onları atmaq, çox kiçik yandırıcı maddə dəri və ya paltar üzərinə düşdükdə dərhal paltarın biləyi, ətəyi, torpaq, qum və s. ilə söndürmək olar. Qaçmaq olmaz, bu zaman alov daha da güclənə bilər. İnsanın üzərinə böyük miqdarda yandırıcı maddə düşdükdə onun üzərinə gödəkçə, örtük və s. atmaq lazımdır. Yaxında su mənbəyi olarsa paltarı soyunmadan suya girmək lazimdir. Napalmı söndürmək üçün yanğınsöndürən balondan istifadə etmək olmaz.
Dostları ilə paylaş: |