Moskva və Ümumrusiya Patriarxı Kirilin
arxipastırlara, pastırlara, dyakonlara, rahib və rahibələrə
və Rus Pravoslav Kilsəsinin bütün sadiq övladlarına
Pasxa müraciəti
Baxın, Allahın övladları adlandırılmaq
və olmaq üçün Ata bizə necə sevgi verib.
(1 İn. 3, 1)
Tanrının sevdiyi arxipastır həzrətləri, sadiq presviter və dyakonlar,
tanrısevər rahib və rahibələr, əziz bacı və qardaşlar!
İSA DİRİLDİ!
Mənim əzizlərim, bu sevincli və həyatverici sözlərlə sizin hamınızı
ürəkdən salamlayır və böyük xilasedici Pasxa bayramı münasibətilə təbrik
edirəm. Ümumdünya müəllimlərindən biri olan müqəddəs Qriqori
Boqoslovun dili ilə Kilsə bu müqəddəs günü bayramlar bayramı,
təntənələr təntənəsi adlandırır. Və dərin dini məna bundan ibarətdir, çünki
“Pasxa nəinki bütün insan və yer təntənələrindən, hətta Xristosun və
Xristos üçün keçirilən təntənələrdən üstündür, necə ki, günəş ulduzlardan
üstündür” (Söz 45, Müqəddəs Pasxaya). Bizim imanımızın mənası və dərin
mahiyyəti, dünyaya xristian müraciətinin özəyi və böyük gücü insan
nəslinin xilası tarixində ən mühüm hadisəyə çevrilmiş Rəbbimiz İsanın
şanlı Dirilməsindədir. Bu günlərdə bizim bütün xütbəmiz cəmi iki sözə
yerləşir. “İsa dirildi!” – Bunu dedikdən sonra daha nə deyə bilərəm? Hər
şey deyilib!” – Moskva mitropoliti müqəddəs Filaret deyirdi (Müqəddəs
Pasxa günündə Söz, 18 aprel 1826-cı il).
Adəmin günah işləməsindən sonra bəşəriyyətin tarixi – xeyrin şərlə
fasiləsiz mübarizəsidir. Yaradana itaətsizlik edərək, insanlar öz dünyasına
günahı, onunla birlikdə isə əzab və xəstəlikləri, yanma və ölümü
buraxdılar. Lakin ən başlıcası, günah insanları şəri yaratmayan və bütün
yalanlara yad olan Allahdan ayırdı. Heç bir mömin bu faciəvi bölünmənin,
bu nəhəng mənəvi uçurumun qarşısını ala bilmədi, belə ki, yalnız insan
qüvvəsi ilə bunu etmək mümkün deyil. Buna görə də, müqəddəs Qriqori
Boqoslovun dediyi kimi, “biz dirilmək üçün təcəssüm edən və öldürən
Tanrıya ehtiyac duyduq” (Söz 45, Müqəddəs Pasxaya).
Başqa sözlə desək, İsanın Dirilməsi əbədiyyətə yol açdı və bunun
sayəsində insani məhdudluğun qarşısı alınmış və Tanrıyla birləşmək
arzusu yerinə yetmişdir. Pasxa – Yaradanın insanlara sonsuz sevgisinin
təntənəsidir, “çünki Tanrı dünyanı elə sevmişdir ki, Ona iman gətirən hər
bir kəsin həlak olmaması, əbədi həyata malik olması üçün Özünün Yeganə
Oğlunu vermişdir” (İn. 3, 16).
Lakin ağrı və iztirablara məruz qalan, müharibə və münaqişələrdən
yorulan, qəzəb və nifrətlə dolu olan dünyada Pasxanı qeyd etmək nə
deməkdir? Bizim hər birimizin dünyadakı həyatının aşkar sonu ölüm
olduğu halda “ölümü ölümlə ayaqlamaqla və yaşayanlara qəbirlərdə həyat
verməklə” oxumaq nə deməkdir? Şübhəsiz ki, Pasxa Kainatda ölümün real
varlığını ləğv etmir, lakin Dirilən Rəbbimiz İsa indi insan ağrısına və həyat
faciəsinə qalib gəlir. O, bizə – öz şagirdlərinə və davamçılarına əbədi
həyata nail olacağımıza dair yenilməz ümid verir. Bundan belə ölüm bizlər
– xristianlar üçün daha ayrılıq deyil, Tanrı ilə ürəkaçan görüş və gözlənilən
birləşmədir.
İsa, ölənlərdən ilki olaraq (1 Kor. 15, 20), bizə günahın və ölümün
qarşısının alınmasının yeganə yolunu göstərdi. Bu sevgi yoludur. Və biz bu
sevgini bütün dünyaya təsdiq etməliyik. Və bunu ilk növbədə öz həyat
nümunəmizlə göstərməliyik. Çünki bizim aramızda sevgi olarsa, hər kəs
bizim Xilaskarın şagirdi olduğumuzu biləcək (İn. 13, 35).
Apostol Pavelin dediyinə görə kamilliklərin cəmi olan sevgi (Kol. 3,
14) – xristian ləyaqətlərindən ən yüksəyi və ən böyüyüdür. Əbədiyyətə
keçərkən, biz Tanrının Özünü görməyə layiq görüləndə, bizim imanımız
biliyə çevriləcək, xilasa ümidimiz isə Tanrının mərhəməti ilə həyata
keçəcək. lakin sevgi heç vaxt bitməyəcək (1 Kor. 13, 8) və heç bir zaman
dəyişməyəcək.
Müqəddəs İqnatinin (Braynçaninov) gözəl təbirincə desək,
xristianlığın mükəmməlliyi yaxınına kamil sevgidən ibarətdir (Asketik
təcrübələr. Yaxına sevgi haqqında). Bəs “Kamil sevgi” nə deməkdir? Bu,
yad insanlara, bədxahlara və hətta düşmənlərə qarşı olan sevgidir. Bu,
qurbanlıq sevgidir, bütün insani dərrakədən üstündür, belə ki, adi həyati
məntiqə sığmır. Ona yalnız Tanrının nemətini cəlb edən və bizə nifrətə
sevgi ilə, şərə xeyirlə cavab verməyə kömək edən mənəvi fədakarlıq
vasitəsilə nail olmaq olar.
Bizim xilasımız üçün dəhşətli təhqirlərə, çarmıx əzablarına və əzablı
ölümə dözən İsa bizə məhz belə sevgini göstərdi. Onun hər şeyə qalib
gələn və dolğun sevgisi ilə cəhənnəm darmadağın edildi və bütün
bəşəriyyət üçün cənnətin qapıları açıldı. Həyatımızda baş verən hər hansı
hadisə zamanı biz unutmamalıyıq ki, şər qüvvələri xəyalidir və o qədər də
böyük deyil, çünki yeganə mənbəyi Tanrı olan sevgi və xeyrin gücü ilə
müqayisə oluna bilməz. Unutmayaq ki, günaha və yalana qarşı ən yaxşı
cavab və ən təsirli vasitə – bizim səmimi və qəlbimizin dərinliyindən gələn
və ilk öncə - kilsədə ibadət zamanı etdiyimiz duadır, xüsusilə də -
Yevxaristiya ayinində Xilaskarın Özünün Cismi və Qanı ilə birləşmə.
Bu gün böyük Pasxa sevincini yaşayarkən və Qəbirdən qalxan
Həyat verən İsanı ehtiram və həyəcanla seyr edərkən, bu xilasedici xəbəri
yaxınlarımız və uzaqlarımızla bölüşək ki, onlar Tanrı sevgisinin tərifə
gəlməyən nurunu görsün və bizimlə birlikdə Ata, Oğul və Müqəddəs
Ruhun hörmətə layiq və gözəl adına dualar edib, tərif desinlər.
Qoy İsanın Dirilməsinin ağlasığmaz xilasedici nuru bizim həyat
yolumuzu daim işıqlandırsın və ovundursun və bizi Səmavi Padşahlığın
iştirakçısı və varisi etsin.
Sevinin, mənim əzizlərim, çünki
İSA MƏSİH HƏQİQƏTƏN DİRİLDİ!
MOSKVA VƏ ÜMUMRUSİYA PATRİARXI
Müqəddəs Pasxa
2016-cı il