Mövzu 1 Psixologiyaya giriş Plan: Psixi proseslər. Psixi hadisələrin quruluşu



Yüklə 181,46 Kb.
səhifə25/52
tarix29.11.2023
ölçüsü181,46 Kb.
#143155
1   ...   21   22   23   24   25   26   27   28   ...   52
Mühazirə Psixologiya

Qeyri-verbal ünsiyyət. İnsanlar heç də həmişə ünsiyyət prosesində verbal kommunikasiya vasitələrindən istifadə etməklə kifayətlənmirlər. Çox vaxt onlar verbal yolla çatdırdıqları məlumatları gücləndirmək və ya daha səmərəli təsir göstərmək üçün sözsüz, nitqdən kənar vasitələrdən də istifadə edirlər. İnsanlar özlərinin hisslərini, fikir və arzularını çatdırmaq üçün söz tapa bilmir və ya onun barəsində danışmaq istəmirlər. Bu zaman informasiya mübadiləsi sözsüz, sözlərin köməyi olmadan həyata keçir. Belə ünsiyyət qeyri-verbal vasitələrin köməyi ilə baş verir. Bu cür qeyri-verbal kommunikasiya vasitələrinə müxtəlif simvolları, mimikanı, pantomimikanı, müxtəlif jestləri, hərəkətləri, səsin tembrini, intonasiyanı, gülməyi və s. aid etmək olar. Bu mənada qeyri – verbal ünsiyyət vasitəsi rolunu müxtəlif amillər oynaya bilər. Onlardan bəzilərini qısaca nəzərdən keçirək.
Təsadüfi deyildir ki, beynəlxalq əlaqələrin inkişafı müxtəlif dillərə malik olan insanların ünsiyyətində, informasiya mübadiləsində çətinliklər yaradır. Bu cür çətinliyi aradan qaldırmaq üçün müxtəlif ölkələrdən olan insanların başa düşə biləcəyi simvollardan istifadə edilir. Bu məqsədlə o qədər də çətin olmayan görmə simvolları dünya miqyasında geniş yayılmışdır. Bu cür simvollara aeroportlarda, avtotraslarda daha çox rast gəlmək olur. Həmin simvolların köməyi ilə insanlar dayanacaqlar, yeməkxanalar, yanacaq və təmir yerləri və s. barədə məlumat əldə edirlər.
Qeyri – verbal ünsiyyət vasitəsi kimi geniş yayılmış vasitələrə üzün və bədənin ifadəli hərəkətlərini xüsusilə qeyd etmək lazım gəlir. Üzün ifadəli hərəkətlərindən (mimikadan), jestlərdən istifadə etməklə insanlar bir – birinə razılıq və narazılıqlarını, sevinc və kədərlərini və s. məlumatları çatdıra bilirlər. Lakin heç də jest və mimikalar həmişə vahid şəkildə, eyni cür başa düşülmür və şərh olunmur. Müxtəlif mədəniyyət və sosial inkişaf pilləsinə malik olan insanlar bunları müxtəlif şəkildə dərk edirlər. Məsələn, başımızı yuxarıdan aşağıya hərəkət etdirdikdə razılıq, təsdiq, yanlara hərəkət etdirdikdə narazılıq, inkar kimi başa düşülür, şərh olunur. Əksər xalqlarda başın həmin hərəkətləri məhz bu cür də şərh olunur. Lakin bolqarlarda bu tamamilə əksinə başa düşülür.
Bununla belə psixoloqlar aşkara çıxarmışlar ki, çox vaxt bədənin, üzün ifadəli hərəkətləri, qeyri-verbal yolla çatdırılan məlumatlar həmsöhbətə verbal yoldan daha güclü təsir göstərir. Məsələn, insan sevincdən doğan göz yaşları ilə dostlarını inandırmağa çalışsa ki, «Məndə hər şey yaxşıdır!» onlar onun sözünə deyil, daha çox göz yaşına inanacaqlar. İnsanların müxtəlif birliyində, o cümlədən dərs zamanı qeyri-verbal ünsiyyət vasitəsi kimi müxtəlif intonasiyadan, bir anlığa danışığı dayandırmaqdan, öskürməkdən və s. istifadə edilir. Məsələn, mühazirə zamanı tələbələrin müəyyən hərəkətlərinə narazılığını bildirmək üçün müəllimin səs tonunu yüksəltməsi, alçaltması, bir anlığa danışığını dayandırması, öskürməsi tələbələrin sakitləşməsinə, müəllimin nə demək istədiyini başa düşmələrinə səbəb olur.
İnsanın geyimi, paltarı da onu əhatə edənlərə onun əhvalı, hissləri, nə demək istəməsi, ədası barədə məlumat verir. İnsanlar onları əhatə edən adamlara öz mənasibətlərini təkcə geyimləri, ədaları ilə deyil, həmin adamlarla ünsiyyət zamanı hansı distansiyanı, məsafəni tutmalarına əsasən də çatdıra bilirlər. Bu yolla bir növ qeyri-verbal şəkildə ətrafdakılara öz münasibət tərzlərini çatdırırlar. Bu baxımdan mütəxəssislər şəxsiyyətlərarası ünsiyyətdə aşağıdakı dörd zonanın mümkünlüyünü qeyd edirlər.
Birincisi, intim ünsiyyət zonası (yarım metrdən bilavasitə bədənlə təmasa qədər olan məsafə). Adətən bu məsafədə valideynlər övladları, olduqca yaxın dostlar, sevgililər ünsiyyət saxlayırlar. Adətən, az tanıdığın bir adam sənə bu zonada yaxınlaşdıqda özünü narahat hiss edirsən. Başqasına sənin bu cür yaxınlaşmağın həmin adamda sənin ona yaxın münasibət bəsləməyin barədə fikir doğurur. Psixoloji eksperimentlər göstərmişdir ki, xoşbəxt ər-arvad məhz bu məsafədə ünsiyyət zamanı özlərini rahat hiss edirlər. Əksinə, bir-biri ilə yola getməyənlər bu məsafədən uzaq dayanırlar.
İkincisi, şəxsi ünsiyyət zonası (0,5 metrdən 1,5 metrə qədər olan məsafə). Müxtəlif mədəniyyət, mədəni inkişaf səviyyəsində bu zonanın sərhəddi müxtəlif olur. Adətən, bu məsafədə bir-biri ilə yaxşı, yaxın tanış olan adamlar ünsiyyət saxlayırlar. Bu məsafə adamların bir-birinə toxunmalarına, əl vermələrinə, əllə çiyninə vurmalarına imkan verir. Mütəxəssislərin qeyd etdiyi kimi, adamların əksəriyyəti bu zonanı özlərinin şəxsi məkanı hesab edir və yad adamlarla bu zonada ünsiyyətə meylli olmurlar. Təsəvvür edin ki, mikroavtobusda oturmusunuz. Dayanacaqda yeni bir sərnişin maşına minərək bütün yerlər boş olduğu halda sizin yanınızda oturur. Bu zaman siz istər-istəməz özünüzü narahat hiss edirsiniz. Yəqin ki, siz belə halların şahidi olmusunuz ki, adamların sıx olduğu yerdə, məsələn, liftdə, metro vaqonunda, avtobusda insanlar bir-biri ilə vizüal təmasdan qaçır, pəncərədən baxmağa, gözlərini vaqondakı reklam şəkillərə zilləməyə cəhd göstərirlər. Bu cür davranış tərzi şəxsi məsafə sərhəddini gözləmək cəhdindən irəli gəlir.
Üçüncüsü, formal ünsiyyət zonası (1,5 metrdən 3 metrə qədər olan məsafə). Adətən bu məsafəni işgüzar adamlarla ünsiyyət, eləcə də təsadüfi, az əhəmiyyətli söhbət zamanı gözləyirlər.
Dördüncüsü, ümumi ünsiyyət zonası (3 metrdən uzaq məsafə). Bu məsafədə birinci və ikinci ünsiyyət zonalarındakı davranışı həyata keçirmək mümkün deyildir və yersizdir. Hətta bu məsafədə işgüzar ünsiyyət də həyata keçirilə bilməz. Bu məsafədə sadəcə olaraq, məsələn, mühazirəni dinləyirsən və deyə bilirsən ki, ümumi ünsiyyət sitüasiyasına düşmüsən.

Yüklə 181,46 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə