Mövzu Xalq pedaqogikası və etnopedaqogika Plan


Azərbaycan xalq pedaqogikasının tədqiqinə başlanılması



Yüklə 27,28 Kb.
səhifə2/3
tarix05.04.2023
ölçüsü27,28 Kb.
#104286
1   2   3
Az. etnop. 3

2. Azərbaycan xalq pedaqogikasının tədqiqinə başlanılması. Hər bir xalqın etik, estetik baxışları həm də onun pedaqogıkasıdır. Elmi pedaqogikanın yaranması xalq pedaqogikasını meydandan bir qədər uzaqlaşdırmış, o, cəmiyyət daxilində yaşasa da, məktəbə, rəsmi təlim-tərbiyə prosesınə daxil olmamışdır. Beləliklə də, çox zəngin bir xəzinə zamanın hüdudsuz genişliyində özbaşına buraxılmışdır. Bu, təkcə Azərbaycana deyil, elmi pedaqogika ilə işləyən bütün xalqların taleyinə aiddir. Sanki intibah, oyanma və dirçəliş dalğaları xalq pedaqogikasını cəmiyyət adlı dəryanın dibinə endirmiş və susdurmuşdu. XX əsrin II yarısında xalq pedaqogikası tədqiqat obyekti kimi aktuallaşdı. Azərbaycanda gənc tədqıqatçı Əliheydər Həşimov bu işin bünövrəsini qoydu. Həmin dövr keçmiş Sovetlər Birliyində xalq pedaqogikasının tədqıqınə başlanması dövrü idi. 50-ci illərin əvvəllərindən etibarən respublikanın mətbuat orqanlarında xalq pedaqogikası ilə bağlı məqalələr çap olunmağa başladı. Bu məqalələr gənc nəsli xalq ədəbiyyatını öyrənməyə, təlim-tərbiyə işi ilə məşğul olan hər kəsi problemlə bağlı maariflənməyə çağırırdı. Gənc tədqiqatçı Ə.Həşimovun «Xalq ədəbiyyatını öyrənin» («Azərbaycan gəncləri» qəzeti, 1956, 28 sentyabr), «Azərbaycan xalq nağıllarının və atalar sözlərinin təlim-tərbiyəvi əhəmiyyəti haqqında» («Azərbaycan məktəbi» jurnalı, 1956,№ 10), «Azərbaycan xalq nağılları və atalar sözlərinin tədrisində şagirdlərin əqli tərbiyəsi məsələləri haqqında» («Azərbaycan dili və ədəbiyyat tədrisi» jurnalı, 1957, № 1), «Kitabxana işçisi şifahi xalq 33 ədəbiyyatını oxucular arasında geniş surətdə təbliğ etməlidir» («Kitabxana işçisinə kömək», 1957) və s. məqalələri o dövrdə xalq pedaqogikasının təlim – tərbiyə işində mühüm əhəmiyyətini üzə çıxardı. Ə.Həşimov tədqiqatlarının nəticələrini qələmə alarkən yaşından və məşğuliyyətindən asılı olmayaraq çox geniş auditoriyanı-bütün xalqı nəzərdə tuturdu. O, eyni vaxtda bir neçə istiqamətdə fəaliyyət göstərmişdir:
a) xalqın pedaqoji fikir və mülahizələrini, təlim və tərbiyə konsepsiyasını tədqiq edib üzə çıxarmaq;
b) müasirlərini xalqın pedaqoji fikir dünyası ilə tanış etmək;
c) xalqın pedaqoji fikir və mülahizələrini şüurlarda yerləşdirmək;
d) böyüməkdə olan nəsli xalqın ən mütərəqqi ənənələri əsasında tərbiyə etmək üçün müəllimlərə kömək göstərmək; Az vaxtdan sonra o, problemlə bağlı ilk kitabını («Azər-baycan şifahi xalq ədəbiyyatında tərbiyəvi fikirlər», Uşaqgəncnəşr, 1958) nəşr etdirdi. Tədqiqat genişləndikcə monoqrafiya, kıtab və kitabçalar ərsəyə gəldi. Onların hər biri pedaqoji işlə məşğul olan şəxslər üçün gərəkli istinad mənbəyinə çevrildi. Araşdırmalar göstərir ki, mərhum professor tədqıqatlarına zərgər dəqiqliyi ilə yanaşmış, əsərini ünvanladığı audıtorıyanın ehtiyaclarını nəzərə almışdır. Məsələn, «Azərbaycan xalq pedaqogikasından mühazirələr» (Kirovabad, 1967) əsəri tələbələr üçün nəzərdə tutulmuşdur. Nəzərə alsaq ki, əsərin nəşr olunduğu vaxt ali məktəblərımizdə milli pedaqoji fikir axırıncı yerlərdə dayanırdı, onda müəllifin mövqeyini aydın dərk edərik. Əsərin giriş hissəsində oxuyuruq: «Kitabçanın həcmi imkan vermədiyinə görə, biz Azərbaycan xalq pedaqogikasında təlim-tərbiyənin bütün məsələləri üzrə irəli sürülmüş fıkirlərin deyil, yalnız əxlaqi tərbiyəyə aid olan fikir və ideyalar üzərində dayanmaqla kifayətlənir və ümüd edirik ki, əsərdəki məlumat pedaqogika kursunun bəzi məsələlərini yaxşı başa düşməkdə tələbələrimizə xeyli kömək göstərəcəkdir». Əsərdə əxlaqın kökləri, yaranma prosesi qısa və aydın şəkildə səciyyələndirilərək onun ibtidai icma quruluşundan, yön götürdüyü və həmin quruluş şəraitində adamların ailəyə, öz- özlərinə, başqalarına olan münasıbətlərindən, onların məişətindən, çətinliklərə qarşı birgə mübarızəsindən yaranan bir sıra rəftar qaydaları və adət-ənənələrin tədricən möhkəmlənib əxlaq normaları şəklini alması əsaslandırılır. Məlumdur ki, əxlaq yaranıb formalaşdığı dövrdən sinfi səciyyə daşımış, cəmiyyətdə hər təbəqənin öz əxlaqı olmuşdur. Bu səbəbdən də ziddiyyətlər, mənafe toqquşmaları həmişə baş vermişdir. Təbii ki, xalq böyüməkdə olan nəslə görk olsun deyə bütün bunları öz təfəkkür süzgəcindən keçirərək bədii söz vasitəsilə münasibət bildirmişdir. Onun yaratdığı müxtəlif janrlı bədii nümunələrdə, bir qayda olaraq, böyük çətinliklərdən sonra haqq nahaqqı üstələmiş, xeyir şər üzərində qələbə çalmışdır. Bu çox mütərəqqi ideya insani məziyyətlərə, yüksək əxlaqa aparan işıqlı yol və pedaqoji işdir. Təsadüfi deyildir ki, xalq yaradıcılığını pedaqoji yöndən araşdıran tədqiqatçılar öncə «Xalq pedaqogikası nəyə deyilir, onun mövzusu nədir?» sualına cavab verməyə çalışmışlar. Bütün cavablarda obyekt vahid olsa da, fıkirlər fərqlidir. K.Y.Namitkova görə, xalq pedaqogikası gənc nəslin tərbiyəsi haqqında zəhmətkeşlərin atalar sözü və məsəllərdə ifadə etdiyi fikirdir. M.S.Şirbayerə görə, həm folklorda, həm də xalqın ənənələrində əks olunmuş tərbıyəvi fikirlərin məcmusudur. V.F.Afanasyevə görə, qəhrəmanlıq eposunda irəli sürülmüş pedaqoji ideyaların cəmıdir. Q.N.Volkova görə, kütlələrin tərbiyə məsələləri üzrə istifadə etdiyi emprik biliklərin məcmusudur və s. Bu və digər tədqiqatları diqqətlə öyrənib təhlil edən Ə.Həşimovun fikri daha orijinal və ağlabatandır: «Xalq pedaqogikası sözün geniş mənasında tərbiyə məsələləri üzrə zəhmətkeş kütlələrin baxış, fikir, ideya, əməli təcrübə, qaydaqanun, adət və ənənələrinin məcmusudur. Onun mövzusu tərbiyədir. Tərbiyənin obyekti isə yaşından və cinsindən asılı olmayaraq şəxsiyyətdir, insandır.» (Bax. «Azəri xalq pedaqogikasının ümumi əsasları və xüsusiyyətləri haqqında», Kirovabad, 1968, səh.12) Verdiyi tərifə uyğun olaraq xalq pedaqogikasını elmi pedaqogikanın mənbələrindən biri kimi səciyyələndirən Ə.Həşimov adı çəkilən əsərində dostluq və qardaşlıq, vətənpərvərlik, mərdlik, əməksevərlik, düzlük, doğruçuluq, təvazökarlıq və s. bu kimi əxlaqi keyfiyyətlərə xalqın münasibətini araşdıraraq elmi pedaqogikanın tələblərinə uyğun ümumiləşdirmələr aparmışdır. Yeri gəldikcə şifahi ədəbiyyatdakı yüksək əxlaqi ideyların bədii ədəbiyyata təsirini də diqqət mərkəzində saxlamış, görkəmli şair, yazıçı və dramaturqlarımızın xalqın söz qaynaqlarından bəhrələndiyini qeyd etmişdir. Dastan və nağıllardakı atalar sözlərini, məsəlləri, konkret ünvanlı aşıq şerindəki fikirləri araşdırıb əxlaq tərbiyəsinin ayrı-ayrı komponentləri ilə əriş-arğac əlaqələndirən alim belə bir nəticə hasil edir ki, xalqa görə:
• nəcib əxlaqi sifətlərin tərbiyəsi işində ustadın, tərbiyəçinin rolu böyükdür;
• tərbiyəçi və ya ustad öz təhsili, bacarığı və insanlığı etibarilə tərbiyə edilənlərə nümunə olmalıdır;
• yaşlılarla yanaşı, təcrübəli və təhsilli cavanlar da tərbiyəçi ola bilərlər;
• tərbiyə olunan tərbiyə verənə hörmət etməli, onu dinləməli və əxz etdiyi fikirlərə müstəqil, fəal və şüurlu münasibət bəsləməyi bacarmalıdır;
• tərbiyə işində nümunədən, nəsihət və göstərişlərdən, əmək prosesindən, yoxlama və imtahanlardan istifadə edilməlidir;
• müsbət əxlaqi sifətlərin aşılanması üçün yeri gələndə qorxu və cəza da tətbiq edilə bilər;
• tərbiyədə həyati tələbatın və əməli fəaliyyətin də rolu böyükdür; insan öz üzərində müstəqil çalışmaq yolu ilə həqiqi həyat yoluna düşə bilər» və s.

Yüklə 27,28 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə